Azərbaycan Respublikasinin Qanunu Məlumat Toplularının Hüquqi Qorunması Haqqında



Yüklə 93,84 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü93,84 Kb.
#49071


 

 



 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

      

Məlumat toplularının hüquqi qorunması haqqında  

 

Bu Qanun formasından asılı olmayaraq məlumat toplularının yaradılması və istifadəsi 



ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir. 

                                                                   

 

I fəsil. 

ÜMUMİ MÜDDƏALAR  

 

Maddə 1. Əsas anlayışlar  



 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. məlumat toplusu - sistemli və ya metodik qaydada tərtib edilmiş və elektron, 

yaxud  digər  vasitələrlə  əldə  oluna  bilən  əsərlərin,  verilənlərin  və  digər  materialların 

təqdiminin obyektiv forması; 

1.0.2. məlumat toplularının hüquqi qorunması - məlumat toplularının quruluşunun 

müəlliflik hüququ və məzmununun xüsusi qorunma hüququ ilə bir-birindən asılı olmayan 

ikili qorunma forması; 

1.0.3. məlumat toplusunun uyğunlaşdırılması (adaptasiyası) - istifadəçinin konkret 

texniki  avadanlığında  və  ya  istifadə  etdiyi  proqrama  uyğun  işləməsini  təmin  etmək 

məqsədilə məlumat toplusunda dəyişikliklərin aparılması; 

1.0.4.  məlumat  toplusunun  yenidən  işlənməsi  (modifikasiyası)  -  məlumat 

toplusunun uyğunlaşdırılmasına aid olmayan digər dəyişikliklərin aparılması; 

1.0.5. məlumat toplusunun surətçıxarılması - məlumat toplusunun bir və ya daha çox 

nüsxədə  hər  hansı  maddi  daşıyıcıya  köçürülməsi,  o  cümlədən  kompyuterin  yaddaşına 

yazılması; 

1.0.6. məlumat toplusunun kütləvi nümayişi və ifası - məlumat toplusunun əhalinin 

qeyri-müəyyən dairəsinin qavramasını mümkün edən istənilən nümayiş və ifa formasında 

təqdim edilməsi

1.0.7.  məlumat  toplusunun  dərc  edilməsi  -  məlumat  toplusunun  kompyuterin 

yaddaşına  yazılması  və  çap  mətninin  buraxılması  da  daxil  olmaqla  nüsxələrin  sayının 

zəruri ehtiyacları ödəməsi şərti ilə əhalinin qeyri-müəyyən dairəsinə təqdim edilməsi; 

1.0.8. məlumat toplusunun kütləvi bildirişi (kütləyə çatdırmaq məqsədilə bildirişi) 

-  məlumat  toplusunun  naqil  və  ya  naqilsiz  rabitə  vasitələri  ilə  hər  hansı  üsulla  kütləvi 

bildirişi, o cümlədən elə tərzdə kütləyə çatdırılması ki, hər kəs öz seçiminə uyğun  olaraq 

istənilən yerdə və istənilən vaxtda bu toplunu əldə edə bilsin;  

1.0.9.  məlumat  toplusunun  yayılması  –  məlumat  toplusunun  orijinalının  və 

nüsxələrinin  satış  və  ya  mülkiyyət  hüququnun  başqa  yolla  verilməsi  ilə  kütləyə 

çatdırılması;  



 

1.0.10.  məlumat  toplusunun  istifadəsi  -  məlumat  toplusunun  surətçıxarılması,  dərc 



edilməsi,  kütləvi  nümayişi,  ifası  və  bildirişi,  yayılması,  o  cümlədən  onun  yenidən 

işlənməsi  (modifikasiyası)  və  mülki  dövriyyəyə  buraxılması  üzrə  digər  hərəkətlər.  Dərc 

edilmiş məlumat toplusu barədə kütləvi informasiya vasitələrində məlumat verilməsi onun 

istifadəsi sayılmır; 

1.0.11.  texniki  mühafizə  vasitələri  -  məlumat  toplusuna  daxilolmanı  nəzarətdə 

saxlayan, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, 

yaxud məhdudlaşdıran istənilən texniki qurğular və ya onların hissələri. 

 

Maddə 2. Məlumat toplularının hüquqi qorunması haqqında qanunvericilik 

 

2.1.  Məlumat  toplularının  hüquqi  qorunması  haqqında  Azərbaycan  Respublikasının 



qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu  Qanundan, 

«Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunundan,  digər  müvafiq  normativ  hüquqi  aktlardan  və  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

2.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr 

arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur. 

 

II fəsil  

MÜƏLLİFLİK HÜQUQU  

 

Maddə 3. Qorunma predmeti 

 

3.1.  Bu  Qanuna  əsasən,  məlumatların  seçilməsinə  və  düzülməsinə  görə  yaradıcılıq 



fəaliyyətinin nəticəsi olan məlumat topluları müəlliflik hüququ ilə qorunur və bu hüquq 

«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa 

uyğun olaraq tətbiq edilir. 

3.2. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun əsaslandığı və ya ona 

daxil olan materialların müəlliflik hüququnun obyekti olub-olmamasından asılı deyildir. 

3.3.  Müəlliflik  hüququ  ilə  qorunma  təyinatından  və  dəyərindən  asılı  olmayaraq, 

obyektiv formada olan açıqlanmış və açıqlanmamış məlumat toplularına şamil edilir. 

3.4. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması bu toplunun, onun hər hansı 

elementinin əsasının, o cümlədən interfeys və alqoritmin təşkilinin ideya və prinsiplərinə, 

həmçinin proqramlaşdırma dillərinə şamil edilmir. 

3.5.  Məlumat  toplusunun  müəlliflik  hüququ  ilə  qorunması  onun  məzmununa  aid 

edilmir,  materialların  seçilməsinə  və  düzülməsinə  görə  toplunun  quruluşu  qorunur  və 

məzmuna aid elementlər qorunduğu halda onlarla birgə tətbiq olunur. 

3.6.  Məlumat  toplusuna  müəlliflik  hüququ  onun  maddi  daşıyıcısına  olan  mülkiyyət 

hüququ ilə bağlı deyil və maddi daşıyıcıya olan hüquqların başqasına verilməsi bu topluya 

olan hər hansı hüquqların verilməsinə səbəb olmur. 

3.7. Məlumat toplusuna müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil 

surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. 

 

Maddə 4. Müəllif hüquqları  

 

4.1.  Yaradıcılıq  fəaliyyətinin  nəticəsi  olan  məlumat  toplusunu  yaratmış  fiziki  şəxs 



(şəxslər) onun müəllifi (müəllifləri) sayılır. İki və ya daha çox fiziki şəxsin birgə əməyi ilə 


 

yaradılan məlumat toplusuna müəlliflik hüququ (şərikli müəlliflik) həmin şəxslərə birlikdə 



məxsusdur. 

4.2.  Xidməti  vəzifəsini,  yaxud  işəgötürənin  xidməti  tapşırığını  yerinə  yetirərkən 

yaradılmış məlumat toplusuna müəlliflik hüququ xidməti məlumat toplusunun müəllifinə 

məxsusdur.  Xidməti  məlumat  toplusundan  istifadəyə  müstəsna  hüquq,  aralarındakı 

müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  müəllifin  əmək  münasibətlərində  olduğu 

şəxsə (işəgötürənə) məxsusdur. 

4.3. Müəlliflik hüququnun  obyekti olan məlumat  toplusuna  əmlak  hüquqlarının kimə 

məxsus  olmasından  asılı  olmayaraq  «Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında» 

Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilən  şəxsi  (qeyri-əmlak)  hüquqlar 

yalnız müəllifə məxsusdur. 

4.4.  Müəlliflik  hüququnun  obyekti  olan  məlumat  toplusunun  müəllifinin  və  ya  digər 

hüquq  sahibinin  müstəsna  istifadə  hüququ  aşağıdakıları  həyata  keçirməyi,  həyata 

keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir: 

4.4.1. məlumat toplusunun istənilən forma və üsulla tam və ya qismən surətçıxarılması; 

4.4.2.  məlumat  toplusunun  bir  dildən  başqa  dilə  tərcüməsi  də  daxil  olmaqla 

modifikasiyası; 

4.4.3.  məlumat  toplusunun  və  onun  nüsxələrinin  istənilən  formada  yayılması  və 

yaymaq məqsədilə idxalı (məlumat toplusunun nüsxələrinin mülki dövriyyəyə buraxılması 

ilə həmin nüsxələrə münasibətdə yaymaq hüququnun qüvvəsi bitir); 

4.4.4. məlumat toplusunun istənilən kütləvi nümayişi və ifası; 

4.4.5. məlumat toplusunun istənilən kütləvi bildirişi; 

4.4.6. məlumat toplusunun digər istifadəsi. 

4.5.  Müəlliflik hüququ  ilə  qorunan  məlumat  toplusunu qanuni  əsasda  əldə  edən  şəxs 

müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı 

ödəmədən aşağıdakıları həyata keçirə bilər: 

4.5.1.  məlumat  toplusunun  uyğunlaşdırılması  üçün  lazım  olan  qədər  dəyişikliklər 

etmək, həmçinin müəllif müqaviləsi ilə başqa hal nəzərdə tutulmayıbsa, onun təyinatına 

uyğun  şəkildə  işləməsi  ilə  bağlı  hər  hansı  bir  hərəkəti  etmək,  o  cümlədən  yazılma  və 

kompyuterin yaddaşında saxlamaq, aşkar səhvləri düzəltmək; 

4.5.2.  məlumat  toplusunun  itirilmiş,  məhv  edilmiş  və  ya  istifadəyə  yararsız  formaya 

düşmüş  nüsxəsinin  dəyişdirilməsi  və  arxivləşdirilməsi  üçün  nəzərdə  tutulan  ehtiyat 

nüsxəni  hazırlamaq  (ehtiyat  nüsxə  yalnız  bu  maddədə  nəzərdə  tutulan  məqsədlər  üçün 

istifadə oluna bilər, məlumat toplusuna sahiblik hüququna xitam verildiyi hallarda həmin 

nüsxə məhv edilməlidir). 

4.6. Məlumat toplularının qanuni istifadəçisi bu Qanunun 4.5-ci maddəsində göstərilən 

hərəkətləri  həyata  keçirərkən  normal  istifadəyə  zidd  olan  hərəkətlərə  və  ya  müəllifin, 

yaxud  müəlliflik  hüququnun  digər  sahiblərinin  qanuni  maraqlarına  əsassız  zərər 

vurulmasına yol verilmir. 

4.7.  Məlumat  toplusuna  münasibətdə  müəlliflik  hüququ  ilə  bağlı  digər  məsələlər,  o 

cümlədən  qeyri-elektron  toplulardan  şəxsi  məqsədlər  üçün  istifadə,  informasiya,  elmi, 

tədris,  məhkəmə  və  inzibati  məqsədlər  üçün  istifadə,  habelə  digər  istisna  və 

məhdudlaşdırma  halları  «Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında»  Azərbaycan 

Respublikasının Qanunu ilə tənzimlənir. 

 

 




 

Maddə 5. Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna əmlak 



                 hüquqlarının verilməsi, keçməsi və qorunma müddəti 

 

5.1.  Müəlliflik  hüququ  ilə  qorunan  məlumat  toplusuna  əmlak  hüquqları  müqavilə 



əsasında  digər  fiziki  və  hüquqi  şəxslərə  tam  və  ya  qismən  verilə,  həmçinin 

qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəlik üzrə keçə bilər. 

5.2.  Məlumat  toplusuna  hüquqların  müqavilə  üzrə  verildiyi  halda  həmin  müqavilədə 

verilən əmlak hüquqlarının həcmi, topludan istifadə üsulları, hüquqların verildiyi müddət 

və  ərazi,  qonorarın  həcmi  və  ödəniş  qaydaları  göstərilməlidir.  Hüquqların  verilməsi 

haqqında müqavilə yazılı şəkildə bağlanmalıdır. 

5.3.  Məlumat  toplusuna  müəlliflik  hüququ  toplunun  yaradılması  anından  yaranır, 

müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq  70 il 

müddətində qüvvədə qalır. 

5.4.  Şərikli  məlumat  toplusuna  müəlliflik  hüququ  müəlliflərin  bütün  həyatı  boyu  və 

şərik  müəlliflərin  axırıncısının  ölümündən  sonrakı  ilin  əvvəlindən  başlayaraq  70  il 

müddətində qüvvədə qalır. 

5.5. Anonim və ya təxəllüslə dərc edilmiş məlumat toplusuna müəlliflik hüququ həmin 

toplunun  qanuni  dərc  edildiyi  tarixdən  70  il  müddətində  qüvvədə  qalır.  Əgər  göstərilən 

müddətdə anonim və təxəllüslə dərc edilmiş toplunun müəllifi öz şəxsiyyətini açıqlayarsa 

və  ya  onun  şəxsiyyəti  sonradan  şübhə  doğurmazsa,  ona  bu  Qanunun  5.3-cü  maddəsinin 

müddəaları tətbiq edilir. 

5.6.  Məlumat  toplusunun  müəllifinin  şəxsi  (qeyri-əmlak)  hüquqlarının  qorunması 

müddətsizdir. 

 

III fəsil  



XÜSUSİ QORUNMA HÜQUQU  

 

Maddə 6. Qorunma predmeti  

 

6.1.  Hazırlanması,  məzmununun  yoxlanılması,  tərtib  edilməsi  kəmiyyət  və  (və  ya) 



keyfiyyətcə əhəmiyyətli sərmayə qoyuluşu tələb edən məlumat toplusunun istehsalçısının 

həmin  toplunun  tam  və  ya  əhəmiyyətli  hissəsinin  (kəmiyyət  və  ya  keyfiyyətcə) 

götürülməsinə və (və ya) təkrar istifadəsinə qarşı çıxmaq hüququ vardır. 

6.2.  Məlumat  toplusunun  istehsalçısına  bu  Qanunun  6.1-ci  maddəsinə  uyğun  olaraq 

verilən  qorunmanın  meyarı  kimi  maliyyə  vəsaitləri,  yaxud  vaxt  və  enerji  (resurs) 

məsrəfləri  şəklində  əhəmiyyətli  sərmayə  qoyuluşu  nəzərdə  tutulur.  Bu  zaman  toplunun 

yeniliyi və ya onun maddi dəyəri mütləq deyildir. 

6.3. Bu Qanunun 6.1-ci maddəsində göstərilən hüquq məlumat  toplusunun müəlliflik 

hüququ  və  ya  digər  hüquqlarla  qorunmasından  asılı  olmayaraq  tətbiq  edilir.  Həmin 

hüququn  tətbiqi  məlumat  toplusunun  məzmununun  müəlliflik  hüququ,  yaxud  digər 

hüquqlarla  qorunmasından  asılı  deyildir.  Bununla  yanaşı,  məlumat  toplusunun  bu 

Qanunun 6.1-ci maddəsində göstərilən hüquqla qorunması toplunun məzmununa aid olan 

hüquqları ləğv etmir. 

6.4. Məlumat toplusunun məzmununun əhəmiyyətli olmayan hissələrinin götürülməsi 

və  (və  ya)  dəfələrlə  təkrar  və  ardıcıl  istifadəsi  zamanı  məlumat  toplusundan  normal 

istifadəyə  zidd  olan  hərəkətlərə  və  ya  istehsalçının  qanuni  maraqlarına  əsassız  zərər 

vurulmasına yol verilmir. 



 

6.5.  Bu  Qanunun  6.1-ci  maddəsində  göstərilən  hüquq  qanunvericiliklə  müəyyən 



edilmiş qaydada keçə, tam və ya qismən verilə, yaxud lisenziya sazişi əsasında istifadəsinə 

icazə verilə bilər.     

 

Maddə 7. Məlumat toplusunun istehsalçısının hüquq və vəzifələri  

 

7.1. İstehsalçının bu Qanunun 6.1-ci maddəsi ilə müəyyən edilən məlumat toplusunun 



məzmununun  tam  və  ya  əhəmiyyətli  hissəsinin  götürülməsinə  qarşı  çıxmaq  hüququna 

həmin toplunun məzmununun digər şəxslər tərəfindən tam, yaxud əhəmiyyətli hissəsinin 

istənilən üsulla və formada başqa daşıyıcıya daimi və ya müvəqqəti köçürülməsinə icazə 

vermək, yaxud qadağa qoymaq hüququ daxildir. 

7.2. İstehsalçının bu Qanunun 6.1-ci maddəsi ilə müəyyən edilən məlumat toplusunun 

məzmununun tam və ya əhəmiyyətli hissəsinin təkrar istifadəsinə qarşı çıxmaq hüququna 

həmin  toplunun  məzmununun  tam  və  ya  əhəmiyyətli  hissəsinin  digər  şəxslər  tərəfindən 

hər  hansı  üsulla  kütləyə  çatdırılmasına,  o  cümlədən  nüsxələrin  yayılmasına,  kirayəyə 

verilməsinə, çap qurğusu ilə bilavasitə əlaqədə ötürülməsinə icazə vermək və ya qadağa 

qoymaq hüququ daxildir. 

7.3.  İstehsalçı  istənilən  formada  qeyri-müəyyən  şəxslər  dairəsinə  təqdim  olunmuş 

məlumat  toplusunun  məzmununun  (kəmiyyət  və  keyfiyyətcə)  əhəmiyyətli  olmayan 

hissələrinin hansı məqsədlə həyata keçirilməsindən asılı olmayaraq götürülməsinə və (və 

ya)  təkrar  istifadəsinə  bu  toplunun  qanuni  istifadəçisinə  qadağa  qoya  bilməz.  Qanuni 

istifadəçinin  məlumat  toplusunun  yalnız  bir  hissəsinin  götürülməsinə  və  (və  ya)  təkrar 

istifadəsinə icazə aldığı halda bu bənd ancaq həmin hissəyə aid edilir. 

7.4. Məlumat toplusunun nüsxəsinin hüquq sahibi tərəfindən və ya onun razılığı ilə ilk 

satışı təkrar alqı-satqıya nəzarət hüququnun xitamına səbəb olur. 

7.5.  Məlumat  toplusunun  ictimai  məqsədlər  üçün  istifadəyə  buraxılması  onun 

məzmununun tam və ya əhəmiyyətli hissəsinin götürülməsi və ya təkrar istifadəsi sayılmır.  

 

Maddə 8. Məlumat toplusunun qanuni istifadəçisinin vəzifələri  

 

8.1.  Qeyri-müəyyən  şəxslər  dairəsinə  istənilən  üsulla  təqdim  olunmuş  məlumat 



toplusunun qanuni istifadəçisi bu topludan normal istifadəyə zidd olan və ya istehsalçının 

qanuni maraqlarına əsassız zərər vuran hərəkətləri həyata keçirə bilməz. 

8.2.  Qeyri-müəyyən  şəxslər  dairəsinə  istənilən  üsulla  təqdim  olunmuş  məlumat 

toplusunun qanuni istifadəçisi bu topluya daxil olan əsərlərə müəlliflik hüququnun və ya 

xidmətlərə aid digər hüququn sahibinə zərər vura bilməz. 

 

Maddə 9. Xüsusi qorunma hüququndan istisnalar  

 

9.0.  Qeyri-müəyyən  şəxslər  dairəsinə  istənilən  üsulla  təqdim  olunmuş  məlumat 



toplusunun  qanuni  istifadəçisi  bu  toplunun  istehsalçısının  icazəsi  olmadan  aşağıdakı 

hallarda həmin  toplunun  məzmununun  əhəmiyyətli  hissəsini  götürə və  ya  təkrar istifadə 

edə bilər:  

9.0.1. məlumat toplusunun məzmunu hər hansı şəxs tərəfindən qeyri-elektron üsullarla 

istifadə məqsədi ilə götürüldükdə; 

9.0.2.  mənbəyi  göstərilmək  şərti  ilə  qeyri-kommersiya  məqsədi  üçün  lazım  olan 

həcmdə təhsil prosesində illüstrasiya və ya elmi–tədqiqat məqsədi ilə götürüldükdə; 



 

9.0.3.  ictimai  təhlükəsizlik  naminə  və  ya  inzibati  və  məhkəmə  icraatı  üçün 



götürüldükdə və (və ya) təkrar istifadə edildikdə. 

 

Maddə 10. Xüsusi qorunma hüququnun qüvvədə olma müddəti  

 

10.1. Bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan hüququn qüvvədə olma müddəti 



məlumat toplusunun hazırlanması anından qüvvəyə minir və hazırlandığı tarixdən sonrakı 

ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır. 

10.2.  Təqdim  edilmə  üsulundan  asılı  olmayaraq,  bu  Qanunun  10.1-ci  maddəsində 

göstərilən  müddətin  bitməsinə  qədər  qeyri-müəyyən  şəxslər  dairəsinə  təqdim  edilmiş 

məlumat  toplusunun  qorunma  müddəti  onun  qeyri-müəyyən  şəxslər  dairəsinə  ilk  dəfə 

təqdim  edildiyi  tarixdən  sonrakı  ilin  əvvəlindən  başlayaraq  15  il  müddətində  qüvvədə 

qalır. 

10.3.  Məlumat  toplusunun  məzmununda  (kəmiyyət  və  ya  keyfiyyətcə)  əhəmiyyətli 



sərmayə  qoyuluşunu  göstərən  istənilən  əhəmiyyətli  dəyişiklik,  o  cümlədən  əlavələrin, 

götürmələrin və  ya  ardıcıl  dəyişmələrin  cəmindən ibarət olan əhəmiyyətli dəyişiklik, bu 

topluya öz qorunma müddətinin müəyyən edilməsinə imkan verir.  

 

Maddə 11. Xüsusi qorunma hüququnun tətbiq sahəsi  

 

11.0.  Xüsusi  qorunma  hüququ  məlumat  toplusunun  aşağıdakı  istehsalçılarına  tətbiq 



edilir: 

11.0.1.  Azərbaycan  Respublikasının  vətəndaşlarına  və  Azərbaycan  Respublikasının 

ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə; 

11.0.2. Azərbaycan Respublikasının hüquqi şəxslərinə; 

11.0.3. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsasən xarici 

fiziki və hüquqi şəxslərə.  

 

IV fəsil 

MƏLUMAT TOPLULARININ QEYDİYYATI VƏ  

QEYRİ-QANUNİ İSTİFADƏSİ  

 

Maddə 12. Məlumat toplularının rəsmi qeydiyyatı  

 

12.1.  Müəlliflik  hüququnun  obyekti  olan  məlumat  toplusuna  müstəsna  müəlliflik 



hüquqlarının  sahibi  (sahibləri)  hüquqların  qüvvədə  olduğu  müddətdə  onu  «Müəlliflik 

hüququ  və  əlaqəli  hüquqlar  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 

olaraq  və  xüsusi  qorunma  hüququ  ilə  qorunan  məlumat  toplusunun  istehsalçısı 

(istehsalçıları)  isə  məlumat  toplusunu  (tərkibində  dövlət  sirrinə  aid  informasiyalar 

saxlayan  məlumat  toplusu  istisna  olmaqla)  müvafiq  icra  hakimiyyəti  orqanında  rəsmi 

qeydiyyatdan keçirə bilərlər. 

12.2.  Məlumat  toplusunu  rəsmi  qeydiyyatdan  keçirən  şəxsə  qeydiyyat  haqqında 

şəhadətnamə verilir. 

12.3. Məlumat toplularının rəsmi qeydiyyat qaydaları müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyənləşdirilir. 

12.4. Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən 

verilməsi haqqında müqavilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş 

qaydada, müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirilməlidir. 



 

12.5. Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun 



və məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi 

qeydiyyatına görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir. 

 

Maddə 13. Məlumat toplularından qeyri-qanuni istifadə  

 

13.1.  Bu  Qanunla  məlumat  toplularından  istifadə  üçün  müəyyən  edilmiş  tələblərin 



pozulması qeyri-qanuni istifadə sayılır. 

13.2.  Müəlliflik  hüququnun  obyekti  olan  məlumat  toplularına  müəllifin  və  ya  digər 

hüquq  sahibinin  və  xüsusi  qorunma  hüququ  ilə  qorunan  məlumat  toplularının 

istehsalçısının istifadə etdiyi texniki mühafizə vasitələrini dolayısı və ya birbaşa müdaxilə 

yolu ilə keçməklə məlumat toplularının əldə edilməsi də qeyri-qanuni istifadəyə daxildir. 

13.3. Məlumat toplularına münasibətdə aşağıdakılara yol verilmir: 

13.3.1. müəllifin və ya digər hüquq sahibinin və istehsalçının icazəsi olmadan müvafiq 

texniki mühafizə vasitələri ilə məlumat toplusundan istifadəyə qoyulmuş məhdudiyyətlərin 

aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə; 

13.3.2.  məlumat  toplusunun  istənilən  texniki  mühafizə  vasitəsinin  və  ya  onun 

hissələrinin  istehsalına,  yayılmasına,  kirayəyə  verilməsinə,  müvəqqəti  istifadəsinə, 

idxalına,  reklamına,  gəlir  götürmək  məqsədilə  istifadəsinə,  yaxud  texniki  mühafizə 

vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi 

müdafiəsinin təmin edilməməsinə yönəldilmiş xidmətlərə. 

13.4.  Məlumat  toplusu  haqqında  onun  nüsxələrində  yerləşdirilən  və  ya  kütləyə 

çatdırmaq məqsədilə bildirişi zamanı görünən və məlumat toplusunu, onun müəllifini və 

ya  digər  hüquq  sahibini,  yaxud  istifadə  şərtlərini  bildirən  informasiyanın,  həmçinin  bu 

informasiyanı saxlayan rəqəm və kodların müəllifin və ya digər hüquq sahibinin icazəsi 

olmadan dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilmir. 

13.5.  Müəllifdən  və  ya  digər  hüquq  sahibindən  icazəsiz  onların  haqqında  olan 

informasiya  ləğv  edilmiş  məlumat  toplusunun  surətçıxarılmasına,  yayımına,  yayım 

məqsədi ilə idxalına, kütləvi nümayişinə, ifasına, həmçinin kütləyə çatdırmaq məqsədilə 

bildirişinə yol verilmir. 

 

V fəsil 



MƏLUMAT TOPLULARINA HÜQUQLARIN MÜDAFİƏSİ  

 

Maddə 14. Pirat nüsxələr  

 

14.1.  Məlumat  toplusunun  hüquq  sahibinin  və  ya  istehsalçısının  razılığı  olmadan 



hazırlanan  (istehsal  edilən),  həmçinin  istehsalçının  istifadə  etdiyi  texniki  mühafizə 

vasitələrini  dolayısı  və  ya  birbaşa  müdaxilə  yolu  ilə  keçməklə  əldə  edilən  və  yayılan 

nüsxəsi  pirat  nüsxə  sayılır.  Gətirildiyi  ölkədə  heç  vaxt  qorunmayan,  yaxud  qorunma 

müddəti  keçmiş,  lakin  bu  Qanuna  müvafiq  olaraq  qorunan  məlumat  toplusunun  hüquq 

sahibinin  və  ya  istehsalçısının  icazəsi  olmadan  Azərbaycan  Respublikasına  idxal  edilən 

nüsxələri də pirat nüsxələr sayılır. 

14.2.  Məhkəmə  hüquqpozmaya  səbəb  olan  məlumat  toplularının  kompensasiya 

ödənilmədən  ticarət  şəbəkəsindən  çıxarılması,  onların  hazırlanmasında  (istehsalında) 

istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya 



 

məhv  edilməsi  barədə  qərar  çıxarmaq  hüququna  malikdir.  Belə  məsələlərə  baxılarkən 



üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. 

14.3.  Məlumat  toplularının  pirat  nüsxələri,  onların  hazırlanmasında  (istehsal 

edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya 

səbəb  olan  digər  vasitələr  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinə  və 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq müsadirə edilir. 

 

Maddə 15. Hüquqların müdafiəsinin mülki-hüquqi vasitələri  

 

15.1. Məlumat toplularının hüquq sahibləri və istehsalçıları öz hüquqlarının müdafiəsi 



üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edə bilərlər.  

15.2.  Məlumat  toplularına  hüquqların  pozulması  ilə  bağlı,  məhkəməyə  müraciət 

edilərkən  mülki-hüquqi  müdafiənin  ümumi  vasitələrindən  başqa,  iddiaçının  tələbi  ilə 

aşağıdakılar da tətbiq edilə bilər: 

15.2.1.  zərərin  ödənilməsi  əvəzinə  pozuntuya  yol  verən  şəxsdən  məlumat  toplusuna 

hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 

15.2.2. zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min 

manatadək məbləğdə kompensasiya ödənilməsi. 

15.3.  Hüquq  pozuntusu  faktı  sübut  edildiyi  halda  zərər  dəyib-dəyməməsindən  asılı 

olmayaraq hüquq sahibi və ya istehsalçı hüquq pozuntusuna yol verən şəxsdən məlumat 

toplusundan  qeyri-qanuni  istifadənin  hər  bir  halına  və  bütövlükdə  pozuntuya  görə 

kompensasiya ödəməsini tələb edə bilər.  

 

VI fəsil 

YEKUN MÜDDƏALAR  

 

Maddə 16. Dövlət ehtiyacları üçün müqavilə əsasında yaradılan məlumat   



                   toplularına hüquqlar  

 

16.1.  Dövlət  sifarişi  və  vəsaiti  əsasında  dövlətin  ehtiyacları  üçün  yaradılan  məlumat 



toplusuna əmlak hüquqları dövlətə məxsusdur. 

16.2. Dövlət ehtiyacları üçün dövlət vəsaiti hesabına yaradılan məlumat toplusu, əgər 

onun  yaradılmasına  dair  kontraktda  onun  dövlətə  məxsusluğu  göstərilməyibsə,  dövlət 

ehtiyacları  üçün  malların  istehsalı  və  podrat  işlərinin  görülməsi  hallarında  dövlət 

sifarişçisinin  tələbi  ilə  hüquq  sahibi  məlumat  toplusundan  istifadə  hüququnun  əvəzsiz 

verilməsi haqqında müqavilə bağlamalıdır. 

 

Maddə 17. Digər qorunma formalarına münasibət  

 

17.1. Bu Qanun məlumat toplusuna daxil edilmiş məlumatların, əsərlərin və ya digər 



elementlərin müəlliflik hüququ və əlaqəli hüquqlarla, yaxud digər hüquqlarla, o cümlədən 

sənaye  mülkiyyət  hüquqları  ilə  qorunmasını,  habelə  folklor  nümunələrinin,  maddi  və 

qeyri-maddi  irsin  qorunmasını,  haqsız  rəqabət,  kommersiya  sirri,  təhlükəsizlik,  dövlət 

sirrinə  dair  qanunlarla  müəyyən  edilmiş  qorunmanı,  şəxsi  və  ailə  həyatına  aid 

məlumatların  qorunmasını  və  şəxsiyyətə  hörmət  edilməsini,  dövlət  sənədlərindən 

istifadəyə icazəni və müqavilə hüququnu inkar etmir.  

17.2.  Bu  Qanunla  nəzərdə  tutulan  hüquqi  qorunma  məlumat  toplularının 

hazırlanmasında  və  ya  işlənməsində  istifadə  olunan  və  «Müəlliflik  hüququ  və  əlaqəli 




 

hüquqlar  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  qorunan  kompyuter 



proqramlarına şamil edilmir. 

 

 



Maddə 18. Qanunun zamana görə tətbiqi  

 

18.1.  Bu  Qanunla  nəzərdə  tutulan  müəlliflik  hüququna  aid  olan  qorunma 



qanunvericilikdə  məlumat  toplularının  müəlliflik  hüququ  ilə  qorunmasına  münasibətdə 

müəyyən edilən tələblərin təmin edilməsi şərti ilə bu Qanunun qüvvəyə mindiyi tarixədək 

yaradılan məlumat toplularına da aid edilir. 

18.2.  Bu  Qanunla  nəzərdə  tutulan  xüsusi  qorunma  bu  Qanunun  6-cı  maddəsinin 

tələblərinə cavab verən və hazırlanması (istehsalı) bu Qanunun qüvvəyə mindiyi tarixdən 

əvvəlki 15 il müddətində tamamlanmış məlumat toplularına da şamil edilir. 

18.3.  Bu  Qanunun  18.1  və  18.2-ci  maddələrində  nəzərdə  tutulan  qorunma  bu 

maddələrdə göstərilən tarixə qədər bağlanmış əqdləri və əldə edilmiş hüquqları ləğv etmir. 

18.4.  Hazırlanması  (istehsalı)  bu  Qanunun  qüvvəyə  mindiyi  tarixdən  əvvəlki  15  il 

müddətində tamamlanmış məlumat topluları üçün xüsusi qorunma həmin tarixdən sonrakı 

ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır. 

 

Maddə 19. Məlumat toplularından qeyri-qanuni istifadəyə görə məsuliyyət  

 

Bu  Qanunla  qorunan  məlumat  toplularının  qeyri-qanuni  istifadəsində  təqsirli  olan 



şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  mülki,  inzibati  və 

cinayət məsuliyyəti daşıyırlar. 

 

Maddə 20. Qanunun qüvvəyə minməsi  

 

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 



 

 

                                                     İlham Əliyev  



                                                 Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 14 sentyabr 2004-cü il. 

№ 755 – IIQ 

 

 “Azərbaycan” qəzetində dərc edilmişdir (11 noyabr 2004-cü il, №263) 

 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir 

(30 noyabr 2004-cü il, №11, maddə 885)  

 

20  oktyabr  2006-cı  il  tarixli  167-IIIQD nömrəli;  2  iyun  2008-ci  il 

tarixli 618-IIIQD nömrəli; 28 oktyabr 2008-ci il tarixli 708-IIIQD nömrəli; 

2009-cu il 4 dekabr tarixli, 929-IIIQD nömrəli; 2013-cü il 30 aprel tarixli 

639-IVQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə 

Document Outline

  • AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Məlumat toplularının hüquqi qorunması haqqında
    • I fəsil. ÜMUMİ MÜDDƏALAR
      • Maddə 1. Əsas anlayışlar
      • Maddə 2. Məlumat toplularının hüquqi qorunması haqqında qanunvericilik
    • II fəsil MÜƏLLİFLİK HÜQUQU
      • Maddə 3. Qorunma predmeti
      • Maddə 4. Müəllif hüquqları
      • Maddə 5. Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna əmlak hüquqlarının verilməsi, keçməsi və qorunma müddəti
    • III fəsil XÜSUSİ QORUNMA HÜQUQU
      • Maddə 6. Qorunma predmeti
      • Maddə 7. Məlumat toplusunun istehsalçısının hüquq və vəzifələri
      • Maddə 8. Məlumat toplusunun qanuni istifadəçisinin vəzifələri
      • Maddə 9. Xüsusi qorunma hüququndan istisnalar
      • Maddə 10. Xüsusi qorunma hüququnun qüvvədə olma müddəti
      • Maddə 11. Xüsusi qorunma hüququnun tətbiq sahəsi
    • IV fəsil MƏLUMAT TOPLULARININ QEYDİYYATI VƏ QEYRİ-QANUNİ İSTİFADƏSİ
      • Maddə 12. Məlumat toplularının rəsmi qeydiyyatı
      • Maddə 13. Məlumat toplularından qeyri-qanuni istifadə
    • V fəsil MƏLUMAT TOPLULARINA HÜQUQLARIN MÜDAFİƏSİ
    • VI fəsil YEKUN MÜDDƏALAR
      • Maddə 16. Dövlət ehtiyacları üçün müqavilə əsasında yaradılan məlumat toplularına hüquqlar
      • Maddə 17. Digər qorunma formalarına münasibət
      • Maddə 18. Qanunun zamana görə tətbiqi
      • Maddə 19. Məlumat toplularından qeyri-qanuni istifadəyə görə məsuliyyət
      • Maddə 20. Qanunun qüvvəyə minməsi

Yüklə 93,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə