Azərbaycan respublikasinin qanunu



Yüklə 127,66 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü127,66 Kb.
#6702


www.kitabxana.net

 

 

Milli Virtual Kitabxana 

 

Təqdimatında 

 

 

 

 

Mario Varqas Lyosa 

 

"Baba" 

 

 

(Hekayə) 

 

 



 

 

2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Peru yazıçısı Mario Varqas Lyosanın 



"Baba" hekayəsini oxuculara təqdim edirik. 

 

Hekayəni azərbaycancaya Nəriman Əbdülrəhmanlı çevirib. 



 

 

Budaq şaqqıldamağa, yaxud qurbağa quruldamağa, yaxud yaşıllığın içində itib-batan mətbəxdə 



şüşələr cingildəməyə bənd idi ki, qoca cəld müşahidə məntəqəsini əvəz eləyən yastı daşın 

üstündən sıçrayıb qalxır, həyəcan içində yarpaqların arasından baxırdı. Uşaq hələ də gəlib 

çıxmırdı. Amma tənəklərlə hörülmüş köşkə açılan qonaq otağının pəncərələri arxasından bayaq 

yandırılmış çilçırağın işığı görünürdü, tutqun kölgələr pərdəylə birlikdə asta-asta o tərəf-bu 

tərəfə yellənirdi. Qoca uşaqlıqdan pis görürdü, ona görə də qonaq otağında şam elədiklərini, 

yoxsa o hündür ağacların narahat kölgələr saldığını ayırd eləmək tamam faydasız idi. 

 

O öz yerinə qayıdıb gözləməyə başladı. Ötən axşam yağış yağmışdı, çiçəklər indiyəcən gözəl 



rütubətli qoxu yayırdı. Amma əvəzində mığmığa tüğyan eləyirdi, don Euloxio nə qədər əlini 

üzünün qabağında yelləsə də həşəratlardan canını qurtara bilmirdi: titrəyən buxağına, alnına, 

hətta sallaq göz qapaqlarına hər an gözəgörünməz xortumlar batırdı. Gündüz onun canına çökən 

qızdırmalı həyəcan indi ötüb keçmişdi, yorğunluq, anışdıra bilmədiyi bir qüssə gəlmişdi. Böyük, 

tutqun bağdan özünü pis hiss eləyirdi, qırsaqqız, təhqiramiz mənzərə əvvəlcədən əziyyət verirdi: 

aşbaz, yaxud qulluqçu - kimsə onu burda yaxalayır: «Gecənin bu vaxtı bağda neyləyirdiniz don 

Euloxio?» Elə həmin məqamda da oğlu gəlini ilə onun dəli olduğuna tamam-kamam inanmaq 

üçün gəlib çıxırlar. O, diksindi. Başını çevirib xrizantemlərin və tuberoz kollarının arasında 

göyərçinxanaya burulub gizli qapıya aparan cığırı gördü. Qoca üç dəfə yoxladığını xatırlayıb bir 

qədər sakitləşdi: alaqapının sürgüsü bağlanmayıb, hər hansı məqamda sezilmədən küçəyə çıxa 

bilər. 

 

«Bəs birdən o, keçib getmiş olsa?» - qoca fikirləşib yenə narahat oldu. Çünki onun daha vaxtı 



duymadığı, huşa getdiyi məqamlar olurdu. Bu, onun hamının çoxdan unutduğu alaqapıdan 

gizlicə bağa girməsindən bir neçə dəqiqə sonra olmuşdu. Həmişə əlində qeyri-iradi fırladığı kiçik 

bir şeyi əlindən salanda özünə gəldi. Həmin şey düşüb buduna dəydi. Yox, oğlan sezilmədən 

keçib gedə bilməzdi: onun addımları qocanı oyadardı, elə oğlan da babasını cığırın qırağında 

yatmış görüb, mütləq heyrətindən qışqırardı. 



 

2

 



Bu fikir onu cana gətirdi. Külək indi bəri əsmirdi, qoca get-gedə sərinə alışırdı, artıq o qədər də 

titrəmirdi. Gödəkcəsinin cibindəki, bu gün gündüz küncdəki balaca dükandan aldığı şamı 

yoxladı. Qoca hətta qaranlıqda ləzzətlə gülümsündü: satıcı qadının heyrətlənmiş üzünü xatırladı. 

O, dükanda özünü yekəxana aparırdı: qadın qarşısında bütün növ, bütün ölçülərdə şamları 

qoyduğu müddətdə metal ucluqlu uzun əsasını etinasız halda taqqıldada-taqqıldada var-gəl 

eləyirdi. «Bax, bunu» - deyib incikliyini bildirəcək cəld hərəkət elədi: Allah bilir nəylə məşğul 

olmaq lazım gəlir. Satıcı qadın şamı kağıza bükmək istəyirdi, amma imtina eləyib tələsik 

dükandan çıxdı. Gününün qalan hissəsini «Nasional» klubunda, heç vaxt olmadığı lomber oyunu 

otağında keçirdi. Bununla belə, hər ehtimala qarşı, narahat eləməsinlər deyə qapını içəridən 

bağladı, açarı da qapının üstündə qoydu. Sonra kreslonun qıpqırmızı məxmərinin üstünə çöküb 

heç vaxt ayrılmadığı çantasını açdı, ordan qiymətli bükülüsünü çıxardı. Əşya ağ ipəkdən gözəl 

şərfə bükülmüşdü. 

 

*** 


 

... Həmin axşam kül rəngli toranlıqda taksi tutub sürücüyə şəhərin ətrafında dövrə vurmağı 

tapşırdı; ləzzətli ilıq külək əsirdi, şəhərin kənarında səmanın qırmızımtıl-boz mənzərəsinə sirli 

bir görkəm verirdi. Maşın asfaltın üstüylə axıb gedirdi, qocanın iti gözlərisə - qocalmış, ordan-

burdan sallanmış sifətində diri qalan yeganə şeyi - şoseyə paralel uzanan kanal boyu dalğın-

dalğın sürüşüb keçirdi. Elə burda da onu gördü. 

 

- Saxlayın, - dedi. Amma sürücü eşitmədi. - Dayanın! Dayan! 



 

Maşın dayandı, sonrasa geri gedib çınqıl yığınına dirənəndə don Euloxio əmin oldu: bu, 

doğrudan da kəllə idi. Qoca kəlləni əlinə götürüb mehi də, toranlığı da unutdu. O, bu ətsiz-

qansız, burunsuz, gözsüz, dilsiz bərk, möhkəm, düşməncəsinə sarsılmaz kəlləyə artıb-çoxalan 

həyəcanla baxırdı. Kəllə balaca idi - don Euloxio fikirləşdi ki, uşaq kəlləsidi: tozlu, çirkli idi, 

şümal səthində dəmir pul böyüklüyündə, kənarları diş-diş ləçək qaralırdı. Qoca kəlləni elə bil 

əlcək kimi tutub barmaqlarıyla göz oyuqlarını ləzzətlə tədqiq eləyirdi. O, yumruğunu kəllənin 

içinə soxdu, sonrasa barmaqlarının birini burnundan, o birinisə ağzından çıxardı, bir növ uzun 

ikiləşmiş dil alındı; barmaqlarını tərpədib, bütün bunların canlı olduğunu xəyalında canlandırıb 

əylənirdi. 

 

*** 


 

Qoca kəlləni ipək şərfə büküb dolabın siyirməsindəki yekəqarın dəri çantasında gizlətdi, tapıntısı 

barədə kimsəyə bir söz demədi. Kəlləni tapdığının bütün sonrakı gününü qoca öz otağında 

keçirdi, əcdadlarının iri mebelləri arasında əsəbi halda var-gəl elədi. O, demək olar, başını yuxarı 

qaldırmırdı. Kənardan baxan elə bilərdi, bu adam xalçanın ortasındakı qanqırmızı sehirli naxışı 

vicdanla, hətta bir qədər qorxu ilə öyrənir. Əslində o, naxışları görmürdü. Əvvəlcə qocaya 

şübhələr əzab verirdi. Gözləyirdi ki, qəfildən ona gülərlər. Bu fikir əvvəlcə qocanı 

hiddətləndirdi, sonrasa elə kədərləndirdi ki, az qaldı ağlasın. Həmin məqamdan da abırsız plan 

artıq onun beynindən çıxmırdı. O planı yalnız bir dəfə unutdu: pəncərənin qabağında dayanıb 

başdan-başa dəlmə-deşik qaralan göyərçin damına baxanda, saysız-hesabsız qapıları olan bu 

taxta evciyin heç vaxt boş, sakit olmadığını, içərisində balaca boz, ağ varlıqların yaşadığını, 

onların dimdiklədiklərini, öz damlarının döşəməsini batırdıqlarını, qəfildənsə pırıldayıb 

ağacların, güllərin arasında uçduqlarını xatırlayanda yadından çıxardı. Quşların necə zəif, necə 

mehriban olduqları, ovcuna necə qonduqları barədə, həmişə onlardan ötrü bir ovuc buğda 

tapması haqda kədərlə düşünürdü. Barmaqlarını bir azca bərk yummağa bənd idi ki, gözlərini 

yumub titrəyirdilər. Sonra bu barədə düşünməkdən əl çəkdi. Şam yeməyinə çağırmaq üçün 

gələndə qoca artıq hər şeyi qət eləmişdi. Həmin gecə don Euloxio bərk yatdı. Oyanıb dərhal da 

 



 

3

yuxuda göyərçin damını doldurub zərif məxluqların arasında qarğaşa salan nəhəng qırmızı 



qarışqa ordusunu, özününsə elə yuxudaca pəncərəsindən binoklla baş verənlərə baxan gördüyünü 

unutdu. 


 

Əvvəlcə fikirləşdi ki, kəlləni təmizləmək çətin olmayacaq, amma səhv elədi. Çirk - daha 

doğrusu, ilk baxışdan çirkə oxşatdığı şey kəsif qoxusuna görə, güman ki, nəcis idi - sümüklərə 

çökmüşdü, peysərindəsə metal rənginə çalırdı. Ağ şərf get-gedə yeni-yeni yağlı boz ləkələrlə 

örtülürdü, çirk silinmirdi, don Euloxio da get-gedə daha da həyəcanlanırdı. Bir dəfə dözməyib 

acıqla kəlləni döşəməyə tulladı, kəllə xalçanın üstündə diyirləndi, qoca da hələ o 

dayanmamışdan peşman oldu. Döşəməyə atılıb uzaqlaşan kəllənin arxasınca iməklədi, onu 

götürüb ehtiyatla yuxarı qaldırdı. Bu zaman fikirləşdi ki, hər hansı bir yağla sınaqdan keçirmək 

lazımdı. Telefonla bir banka zeytun yağı sifariş elədi, onu gətirən uşağı qapının ağzında 

qarşıladı, otağa zillədiyi narahat baxışına qəti fikir verməyib bankanı əlindən qapdı. Don Euloxio 

həyəcandan titrəyə-titrəyə şərfi yağa batırıb əvvəlcə çox ehtiyatla, get-gedə daha sürətlə, səylə 

heydən düşənəcən sildi. Tezliklə vasitənin təsir elədiyini görüb sevindi: onun ayaqları altına toz 

yağışı, çirk zərrələri səpilməyə başladı. Qoca köynəyinin yaxalığını və gödəkcəsinin döşünü 

yağa batırdığını hiss eləmədi. İşini bitirib ayağa durdu, kəlləni başının üstünə qaldırıb təmiz, par-

par yanan, hərəkətsiz, almacıq sümüklərinin qabarıq səthində tər damcılarına oxşayan nöqtələr 

olan kəlləyə tamaşa elədi. 

 

*** 


 

O, təzədən öz xəzinəsini sevə-sevə bükdü, çantasına qoyub klubdan çıxdı. San-Martin 

meydanında tutduğu taksi don Euloxionu Orrantidəki evinin arxa tərəfinə apardı. Hava qaralırdı. 

O, küçənin rütubətli yarımqaranlığında alaqapının bağlı olmasından ehtiyatlanıb, həyəcanından 

heydən düşüb əlini alaqapıya uzatdı, hətta sevindiyindən atıldı: alaqapı cırıltıyla aralandı. 

 

Köşkdən səslər gəlirdi. Amma o öz yaşantılarına elə cummuşdu ki, hətta bir müddət öz dəlisov 



əməlinin məqsədini unutdu, həmin səsləri, şaqqıltıları lap gözlənilməz bir şey kimi qəbul elədi. 

Ona elə gəldi ürəyi ölən adama qoşulmuş oksigen kisəsi kimi şişir. Əyilmək istədi, amma daşa 

ilişib üzü üstə yerə yıxıldı. Alnında kəskin ağrı hiss elədi, ağzındaca rütubətli torpağın 

xoşagəlməz tamını duydu, amma heç ayağa durmağa da cəhd eləmədi - az qala küllüyə gömülüb 

ağır-ağır nəfər ala-ala, hərdənbir diksinə-diksinə eləcə yaxılıb qalmışdı. Bununla belə, yıxılanda 

kəllə tutan əlini qaldırmağa macal tapmışdı, indi onu torpaqdan yuxarıda birtəhər saxlayırdı. 

Kəllə təmiz qaldı. 

 

Onun sığınacağından köşkəcən iyirmi metr idi, don Euloxio da yalnız heç bir söz ayırd eləyə 



bilmədiyi qarışıq səs-küy eşidirdi. Çətinliklə ayağa qalxdı. Ətrafına baxıb, budaqları evin 

taxtapuşuna dirənən iri alma ağacının altındakı ağımtıl yaraşıqlı silueti seçdi, başa düşdü ki, bu, 

oğludu. Oğlunun yanında ona qısılmış bir qədər balaca və zərif fiqur vardı. Bu, gəlinidi. Don 

Euloxio tez-tez gözlərini qırpırdı, gözlərini silirdi, əzab içində yanındakı oğlanı görmək istəyirdi 

- amma əbəs yerə cəhd göstərirdi. Elə bu zaman da onun gülüşünü - qəfil, qarşısıalınmaz saf 

uşaq gülüşünü eşitdi. Oğlan bağla vəhşi heyvan balası kimi qaçırdı. Daha gözləmək olmazdı. 

Qoca gödəkcəsinin cibindən şamı çıxardı, ovcu ilə cığırın ortasına xırda budaqlar, torpaq yığını, 

balaca daşlar kürüdü, şamı tığın üstünə elə qoydu ki, cığırla gedən hər bir kəs mütləq onu 

görərdi. Sonra, Allah eləməsin, şam yıxılmasın deyə çox böyük ehtiyatla kəlləni ona keçirdi. 

Həddən artıq həyəcanlana-həyəcanlana elə əyildi ki, az qala kirpikləri yağ sürtülmüş kəlləyə 

toxunurdu, az qala sevindiyindən qışqıracaqdı - dəqiq hesablamışdı: şamın ucu kəllənin 

üstündəki deşikdən çıxıb elə bil tuberoz kimi qaranlıqda ağarırdı. Amma ona baxmağa vaxtı yox 

idi. Oğlanın atası səsini qaldırdı, qoca hələ sözləri ayır eləməsə də anladı ki, o, oğluna müraciət 

eləyir. Hər üçü bir-biri ilə danışırdı: atanın qalın səsi ucala-ucala guruldayırdı, qadın səsi 

ahəngdar tərzdə şırıldayırdı, aradabir uşağın cingiltili qışqırtısı eşidilirdi. Sonra qısa sükut çökdü, 

 



 

4

sükut uşağın qışqırtısı ilə partladı: «Amma yadında saxla, bu gün cəza axır ki, başa çatır. Sən 



dedin yeddi gün, yeddi gün də bu gün bitir». Bu sözlərdən sonra qoca tələsən addımların səsini 

eşitdi. 


 

Nədi o, cığırla qaçır? Həlledici an yetişdi. Don Euloxio həyəcandan boğulurdu, amma özünü ələ 

alıb fikirləşdiyini axıra çatdıra bildi. Birinci kibrit çöpü zəif göyümtül alovla yandı, dərhal da 

söndü. İkinci yaxşı yanırdı. Qoca barmaqlarının ucunu yandıra-yandıra, amma ağrı hiss 

eləmədən, artıq şam yanandan sonra kibrit çöpünü kəllənin yanında bir neçə saniyə də saxladı. 

O, niyyətinin baş tutacağına az qala şübhə eləyirdi, çünki hələ də özünü bir qədər başqa cür 

təsəvvürünə gətirirdi, amma bu zaman az qala düz ovcunda alışdı, elə bil kimsə quru budaqları 

tapdalayıbmış kimi, ucadan çatıldadı, bütün kəllə burnundan, ağzından, göz oyuqlarından alov 

buraxıb içəridən işıqlandı. «Başdan-başa bürüdü!» - vəcdə gəlmiş don Euloxio səsləndi. O, 

hərəkətsiz dayanmışdı, sehrli oda bürünmüş kəllədən heyrətə gəlib sınıq val kimi təkrar eləyirdi: 

«Bunun hamısı yağdı, yağdı». 

 

Elə bu vaxt da qışqırıq qopdu. Çoxlu ox sancılmış vəhşi heyvan bağırtısı. Qocanın yanında 



nəvəsi dayanmışdı. Oğlanın qolları yanına düşmüşdü, barmaqları əsə-əsə dartılırdı. O, ağappaq 

ağarmışdı, titrəyirdi, ağzı, gözləri geniş açılmışdı, boğazından özündən xəbərsiz qəribə xırıltılar 

qopurdu. «O məni gördü, gördü!» - don Euloxio qorxdu. Amma oğlana baxıb dərhal anladı ki, 

yox, görməyib - nəvəsi indi alovlanan başdan ayrı heç nə görmür. Oğlanın baxışları ona 

zillənmişdi, gözlərində dərin, ibtidai qorxu əks olunurdu. Bütün bunlar - parıltı, alovun parlaq 

işığında qışqırtı, bərk qorxu bürümüş qısa şalvarlı oğlan - eyni vaxtda baş verirdi. Qoca 

məmnuniyyətlə fikirləşməyə macal tapdı ki, reallıq bütün gözləntilərini ötüb keçdi, ona 

yaxınlaşdıqlarını eşitdi. Artıq səs-küy salmaqdan qorxmadan geri döndü, bir neçə sıçrayışda 

alovun şəfəqləndirdiyi qızılgül və xrizantem kollarını rəhmsizcəsinə ayaqlaya-ayaqlaya 

alaqapıyacan olan məsafəni belə, nəvəsinin bağırtısı kimi təəccüblü olmayan qadın qışqırtısı 

eşitdi. 

 

Don Euloxio dayanmadı, hətta başını çevirmədi. Küçədə sərin külək alnını soyutdu, seyrək 



saçlarını qabartdı, amma o, bunu sezmədi. O, lap yavaş-yavaş, aradabir çiynini bağın hasarına 

toxundura-toxundura, xoşbəxt halda gülümsəyə-gülümsəyə, hər addımda daha asan, daha rahat 

nəfəs ala-ala gedir, hey gedirdi. 

 

Tərcümə edəni: Nəriman Əbdülrəhmanlı, Mediaforum.az 



 

 

 



 

 

Məlumat 

 

 



 

Müasir Latın Amerikası ədəbiyyatının öncül novator yazıçılarından olan perulu nasir Mario 

Varqas Lyosa 28 mart 1936-cı ildə Arekipdə doğulub.  

 

Leonsio Prado hərbi məktəbində, daha sonra San-Markos paytaxt universitetində təhsil alıb.  



 

1958-ci ildə Madrid universitetinin təqaüdünü qazanaraq, uzun müddətə Avropa və Amerikaya 

gedib. Doqquz ildən sonra R.Qalyeqos adına beynəlxalq mükafata layiq görülən Varqas Lyosa 

yazıçının ictimai həyatla sıx bağlılığı mövzusunda məşhur nitqini söyləyib.  

 

 



 

5

Daha sonralar öz fikirlərini həyata keçirmək üçün Peruda 1990-cı ildə keçirilən prezident 



seçkilərində namizəd kimi iştirak edərək, məğlubiyyətə uğrayıb.  

 

Varqas Lyosanın 1963-cü ildə yazdığı ilk romanı "Şəhər və köpəklər" Limada onun kitablarının 



nümayişkaranə yandırılması ilə nəticələnən qalmaqala səbəb olub. Leonsio Prado hərbi 

məktəbinin "gerçək tarixçəsi"ndə əks etdirilən əcaib xüsusiyyətlər Perunun bütün hərbçi 

zümrəsini istehza hədəfinə çevirib. "Yaşıl ev" romanının əsas mövzuları olan zorakılıq və 

özgələşmə eyni vaxtda beş kəsişən süjet xəttilə inkişaf etdirilir.  

 

Yazıçı burada genişləndirilmiş montaj texnikasından, hadisələrin zaman və məkanının ani 



əvəzlənmələrindən, çox müxtəlif nöqtələrdən yanaşma üsulundan istifadə edir.  

 

"Küçüklər" hekayəsində" əsl kişi mühiti"nə düşən axta oğlanın başına gələnlər təsvir olunur. 



"Kilsədə söhbət" romanı M.Odrianın diktaturası zamanında Peru cəmiyyətinə xas olan 

naqislikləri ortaya çıxarır.  

 

"Palomino Moleronu kim öldürüb?" detektiv povestində gənc bir müğənninin qətli həqiqətin və 



ədalətin qarışıq sərhədlərinin aydınlaşdırılması üçün zəmin rolu oynayır.  

 

Varqas Lyosa "Kapitan Pantaleon və xeyirxah əməllər rotası", "Məhşər savaşı" və başqa 



romanların, eləcə də Floberin yaradıcılığı haqda tədqiqatın müəllifidir. 

 

 



 

(Tərcüməçidən) 

 

  

 



  

 

 



  

 

  



 

 

 



  

 

  



 

Mario VARQAS LYOSA 

 

 

 

(«Gənc yazıçıya məktublar»dan) 

 

 

 

KATOBLEPAS 

 

  



 


 

6

 



(Ruscadan Seyfəddin Hüseynli tərcümə edib) 

 

  



 

  

 



Əziz dostum! 

 

  



 

Son günlər öhdəmə düşən işlərin çoxluğu Sizə dərhal cavab yazmağıma mane oldu.  

 

Bununla belə, mən bütün bu zaman ərzində davamlı olaraq Sizin məktubunuz ətrafında 



düşünmüşəm.  

 

Özü də bunun yeganə səbəbi Sizdəki böyük həvəs, coşğunluq deyil. Mən də bu fikirdəyəm ki, 



hər cür ağlagəlməz bəlalardan qorunmaq üçün ədəbiyyatdan yaxşı müdafiə üsulu indiyədək 

tapılmayıb.  

 

Ancaq düşüncələrə dalmağımın bir səbəbi də budur ki, Sizin verdiyiniz "Romanlardakı 



əhvalatlar hardan yaranır", "Roman müəllifləri öz əsərləri üçün mövzuları necə tapırlar" kimi 

suallar mənim özümü indi də, yaradıcılıq yolumun başlanğıcında olduğu qədər, narahat 

etməkdədir.  

 

Halbuki artıq xeyli sayda əsərin müəllifiyəm. Mənim həmin suallara cavabım var.  



 

Amma mülahizələrimi həddindən artıq hərfi mənada qəbul etmək lazım deyil. Əks təqdirdə, 

onların mahiyyəti dəyişiləcək və fikirlərim saxta təsir bağışlayacaq. 

 

  



 

İstənilən əhvalatın kökündə onu qələmə alan insanın həyat təcrübəsi dayanır. Yəni həyat 

təcrübəsi təxəyyülün qida mənbəyidir.  

 

Lakin bu, heç də o demək deyil ki, guya roman bilavasitə müəllifin üstüörtülü tərcümeyi-halıdır. 



İstənilən bədii əsərdə onun müəllifi olan insanın fərdi təcrübəsilə sıx əlaqəli istinad nöqtəsi, saf 

bir toxum aşkarlamaq mümkündür.  

 

Cəsarət edib deyə bilərəm ki, bu qaydanın doğruluğu istisnasızdır və ona görə də ədəbiyyat 



aləmində "kimyəvi baxımdan" təmiz, xalis təxəyyül məhsulu olmur.  

 

Hər bir bədii uydurma müəllifin yaddaşında qərar tutan və onun yaradıcı zehnini hərəkətə gətirən 



faktlar, hadisələr, canlı insanlar üzərində fantaziya və ustalıq sayəsində ucaldılan abidədir.  

 

Bu zaman adi bir toxumdan bütöv bir dünya yaranır. Elə zəngin və rəngarəng bir dünya ki, bəzən 



onun daxilində təməl rolunu oynayan, xəyalla gerçəklik arasında gizli bağlılıq yaradan 

tərcümeyi-hal elementini sezmək çox çətin olur. Özümün çoxdankı, gənclik illərimə aid bir 

çıxışımda mən bu mexanizmi "tərsinə striptiz"ə bənzətmişdim.  

 

 




 

7

Müəyyən mənada, romanın yaranmasını camaatın gözü qarşısında paltarlarını əynindən çıxarıb, 



çılpaq bədənini nümayiş etdirən peşəkar striptizçinin işinə oxşatmaq mümkündür. Ancaq yazıçı 

bu hərəkəti tərsinə yerinə yetirir.  

 

O, roman üzərində işləyə-işləyə sanki əyninə yeni-yeni paltarlar taxır, təxəyyülü hesabına 



yaratdığı libaslarla özünün prosesin əvvəlindəki çılpaqlığını aradan qaldırır. 

 

  



 

İndisə roman mövzularından söz açaq. Mənə elə gəlir ki, mövzular yazıçının özündən qidalanır. 

Bu zaman o, Floberin "Müqəddəs Antoninin şeytana uyması" romanında müqəddəs Antoninin 

önündə peyda olan və Borxesin "Uydurulmuş varlıqlar haqqında kitab"ında yenidən görünən 

mifik heyvanı - Katoblepası xatırladır. Katoblepas, pəncəsindən başlamaqla, özü-özünü gəmirib 

yeyən bədheybət varlıqdır.  

 

Əlbəttə, bu dərəcədə hərfi mənada götürülməsə də, yazıçı da əhvalatlar qurmaq üçün material 



axtararkən özü-özünü "yeyir".  

 

Həm də bu işlə təkcə yaddaşın səxavətlə bəxş etdiyi materiala əsaslanaraq surətlər, ayrı-ayrı 



hadisəlar və mənzərələr yaratmaqdan ötrü məşğul olmur.  

 

Yox, o, yaddaşın rəflərində öz iradəsi üçün enerji mənbəyi də axtarıb tapır. Bunsuz roman 



yaratmaq kimi uzun və ağır bir prosesi başa çatdırmaq mümkün deyil. 

 

  



 

Romanlıq mövzular haqda mülahizələrimdə bir azca irəliyə getməyə cəsarət edərək deyim ki, 

müəllif mövzuları yox, onlar müəllifi seçirlər. Müəllif bu və ya digər mövzuları ona görə qələmə 

alır ki, ağlına məhz bunlar gəlir.  

 

Mövzu seçimində müəllifin sərbəstliyi çox nisbidir, hətta ola bilsin, heç yoxdur. Mənim fikrim 



belədir ki, müəllifə mövzuları həyat diktə edir. Başa düşürəm ki, bu söz olduqca gurultulu 

səslənir və buna görə üzr istəyirəm. 

 

  

 



Müəyyən həyat təcrübəsi şüurda və şüuraltında öz izlərini qoyur, sonradan yaşananlar onu təqib 

eləməyə başlayır və o da bunlardan yaxa qurtarmaq üçün müxtəlif əhvalatlar uydurmağa girişir.  

 

Həyat təcrübəsindən doğan hansı mövzuların hansı formada yazıçının diqqət mərkəzinə 



keçdiyinə dair misallar göstərməyə, yəqin ki, ehtiyac yoxdur. Xatiratdakı istənilən məqamı buna 

sübut kimi götürmək mümkündür.  

 

Məsələn, arxayınca demək olar ki, bax, bu əhvalat, bu surət, bu şərait, bu maraqlı olay məni 



rahat buraxmadı, özünə cəlb elədi, sanki ruhumun dərinliklərindən bir səda kimi qopdu və mən 

də o səsi susdurmaq üçün bütün bunları qələmə almalı oldum.  

 

Heç şübhəsiz, belə məqamda, ilk olaraq, adamın yadına Prust düşür. Əsl yazıçı - Katoblepas 



odur.  

 

Yaddaşının xarabalıqlarında bir arxeoloq kimi əlləşməklə "İtirilmiş vaxtın axtarışında"nı yaradan 



yazıçıdan daha artıq kim özünü çeynəyə və daha üstün nəticələr əldə edə bilib?  

 



 

8

 



Bu əsər müəllifin, onun ailəsinin, dostlarının, münasibətlərinin, zövqünün, məmnunluq və 

məyusluğunun, bütövlükdə insan ruhunun möhtəşəm bədii ifadəsidir. 

  

Bioqraflar Prustun romanındakı, zəngin təxəyyül arxasında gizlənən real hadisə və surətlərin 



dəqiq, gerçək siyahısını tərtib edə biliblər.  

 

Onlar bu sehrli əsərin müəllifin həyatına aid real materiallardan qurulduğunu olduqca inandırıcı 



bir tərzdə bizə göstərməyi bacarıblar. 

  

Hərçənd ki, bioqrafların üzə çıxardıqları bu "materiallar siyahısı" yenə də Prustun yaradıcılıq 



qüdrətinin göstəricisindən başqa bir şey deyil. O, özünü öyrənməklə, öz keçmişinə baş vurmaqla 

həyatının ən adi məqamları əsasında əsrarəngiz bir xalça toxuyub.  

 

Bu xalça, mahiyyət etibarilə, müəllifin subyektiv mövqedən müşahidə etdiyi, həyatın axarında 



özü-özünü izləmək üçün ikiləşən bir insan təbiətinin heyrətamiz əksidir. 

 

 



Qeyd etdiklərimizdən belə bir mühüm nəticə hasil olur ki, təxəyyül üçün çıxış nöqtəsi rolunu 

yazıçının yaşam təcrübəsi oynasa da, real həyat "ədəbi təyinat" məkanı deyil və ola da bilməz. 

Onlar arasında kifayət qədər böyük, hətta kosmik ölçülü məsafə var.  

 

Çünki keçid prosesində mövzu sözlə ifadə olunanda, təhkiyə formasını alanda tərcümeyi-haldan 



gələn məqamlar dəyişilir, yaddaşdan götürülən və ya uydurulan başqa materiallarla qarışaraq 

zənginləşir (bəzən bəsitləşə də bilər).  

 

Bu prosesin gedişində təxəyyül özünə müəyyən forma qazanır. Müəllifinin adını üstələməyən 



əsərlər yalnız bioqrafik material kimi əhəmiyyət daşıyır və yaradıcılıqda uğursuzluq sayılır.  

 

Bədiiləşmə prosesi yaddaşın müəllifə verdiyi materialın sözlə qurulan gerçək dünyaya, yəni 



romana çevrilməsidir. Forma isə təxəyyülün konkretləşməsinə imkan yaradır.  

 

Mənim ədəbi yaradıcılığa yanaşmamı düzgün saymaq olarsa (bir daha qeyd edirəm, buna əmin 



deyiləm), roman müəllifi bu məsələdə sərbəstdir və deməli, nəticəyə görə də tam məsuliyyət 

daşıyır.  

 

Əgər Siz bundan belə nəticəyə gəldinizsə ki, yazıçı bədii xəyallar qurarkən öz mövzuları üçün 



yox, onları ədəbi əsərə çevirməkdən ötrü gördüyü işlər üçün məsuliyyət daşıyır, üstəlik, 

əsərlərinin uğurlarına və uğursuzluğuna görə də birbaşa o cavabdehdir, bəli, düz anlamısınız. 

Mən məhz bu fikirdəyəm. 

 

Görəsən, yazıçının həyatındakı saysız-hesabsız faktlardan bəzilərinin (belələri çox azdır) 



yaradıcı təxəyyül üçün əhəmiyyətli olmasının, digərlərinin isə (onların sayı qat-qat artıqdır) onun 

zəkasında heç bir təsir oyatmadan ötüb keçməsinin səbəbi nədir? Bu suala dəqiq cavabım 

yoxdur.  

 

Ancaq bəlli bir mülahizəm var. Görünür, hadisəlar qurmaq üçün yazıçıya lazım olan personajlar, 



maraqlı əhvalatlar, konfliktlər bədii düşüncə ilə real həyatın gerçək dünyanın ayrıcında 

olanlardır.  

 

Bu da, əgər mənim əvvəlki məktubumdan xatirinizdədirsə, məhz yazıçılığa meyl oyadan, insanı 



ətraf aləmə qarşı üsyan qaldırmağa sövq edən əsas amildir. Fikrimi əsaslandırmaq üçün saysız 

 



 

9

misallardan XVIII əsrin, böyük də olmasa, heyrətamiz dərəcədə məhsuldar bir yazıçısı - fransalı 



Retif de la Bretonnun üzərində dayanmaq istərdim.  

 

Mən onu məhdud istedadına görə yox, gerçək dünyaya qarşı üsyankarlığın dəqiq nümunəsini 



təqdim etdiyinə görə fərqləndirirəm. Retif de la Bretonnun yazdığı çox sayda roman içərisində 

ən məşhuru avtobioqrafik məzmunlu "Müsyö Nikola"dır.  

 

XVIII əsrin Fransası burada sosioloji dəqiqliklə, bütün insan tipləri, düşüncələri, geyimləri, 



məşğuliyyətlərilə birgə verilib. Bu əsər, istər tarixçi və ya antropoloq, istərsə də etnoqraf və ya 

sosioloq olsun, bütün tədqiqtçılar üçün əsl xəzinədir.  

 

Onların hamısı Retifin yaratdığı bu mənbədən gen-bol bəhrələniblər. Lakin onun romanlarında 



əks olunan sosial və tarixi rellıqlar elə kəskin dəyişikliklərə məruz qalıb ki, onlar haqqında sırf 

təxəyyül kimi söz açmaq lazım gəlir.  

 

Real dünyaya çox bənzəyən geniş və zəngin bir aləmdə kişilər qadınlara çöhrəsinin gözəlliyinə, 



belinin incəliyinə, mənəvi saflığına görə vurulmurlar.  

 

Onları ilk növbədə qadın ayaqlarının zərifliyi və ya ayaqqabılarının qəşəng görünüşü cəlb edir. 



Retif de la Bretonn fetişist idi və buna görə də müasirləri arasında ekssentrik kimi tanınır, 

"qaydadan" kənara çıxdığı üçün gerçəkliyə münasibətdə "dissident" sayılırdı.  

 

Retifin yenidən yaratdığı aləmdə qadın gözəlliyinin əsas atributu və kişiləri ən çox valeh edən 



obyekt kimi incə ayaqların, həmçinin onlara xüsusi yaraşıq verən corabların, başmaqların diqqət 

mərkəzində dayanması tamamilə adi, normal haldır.  

 

Dünyalar arasındakı keçid prosesi az sayda yazıçıda bu cür dəqiqliklə, müəllifin şəxsiyyətinə, 



istəklərinə, meyllərinə, narazılıqlarına uyğun şəkildə özünü göstərir. Ancaq buna bənzər 

hərəkətləri, o dərəcədə şüurlu və aydın formada olmasa da, başqa müəlliflər də edirlər.  

 

Hər kəsin həyatında, Retifin fetişizminə oxşayan, insanı yaşadığı dünyadan fərqli bir aləm 



arzulamağa sövq edən hansısa məqamlar var. Fədakarcasına haqq-ədalət aramaq, ən intim, 

mazoxist və sadist ehtiyaclarını ödəmək, böyük bir eşq yaşamaq, sözlə yeni dünyalar qurmaq 

yazıçının ətraf aləmlə konfliktinin əsasında dayanır. 

 

  



 

Elə bilirəm ki, ədəbiyyata xas ən mürəkkəb keyfiyyət olan dürüstlük haqqında danışmağın vaxtı 

yetişib. Şübhə yoxdur ki, bədii təxəyyül mahiyyət etibarilə uydurmadır. İstənilən roman həqiqət 

kimi qələmə verilən yalandır, təqdim edildiyi kimi olmayan reallıqdır, bir növ gerçəkliyə 

bənzətmədir.  

 

Bu - inandırıcılıq dərəcəsi yazıçının çeşidli üsullardan, sirkdəki fokusçular kimi, nə dərəcədə 



uğurla istifadə etməsindən birbaşa asılı olan bir yaradıcılıq işidir. 

  

Beləliklə, baxaq görək, romana münasibətdə dürüstlükdən danışmağımızın yeri varmı? Axı, bu 



janrda qələmə alınan ən gerçək mətləb belə, istər-istəməz yalan, uydurma və ilğım səciyyəlidir!  

 

Hə, bundan danışmağın yeri var, ancaq məsələni başqa cür qoymaq lazımdır: o yazıçını dürüst və 



doğruçu adlandırmaq olar ki, taleyin hökmünə dəqiq və itaətlə əməl edərək, yalnız müəyyən bir 

qrup mövzunu qələmə alsın, şəxsi təcrübəsindən qaynaqlanmayan, şüuruna labüd bir şəkildə 

hakim kəsilməyən digər mövzulara yaxın durmasın.  

 



 

10

 



Başqa sözlə, yazıçının dürüstlüyü öz başındakı "cinlər"lə dil tapıb, gücü çatan qədər onlara 

xidmət etməsində təzahür tapır. 

 

  

 



Əgər müəllif onu daxildən tərpədən mövzuları qələmə almır, soyuq başla mövzu və süjetlər 

seçərək yazaraq, bu yolla asanlıqla uğur qazanacağını düşünürsə, belə yazıçı dürüst və gerçəkçi 

ola bilməz. Ümumiyyətlə, bir qayda olaraq, bu cür müəlliflər pis yazıçılar sayılmalıdır.  

 

Hərçənd ki, bəzən belələri də bestsellerlər siyahısında fəxri yerlər tuta bilirlər. Həmin siyahı isə, 



bildiyiniz kimi, dəyərsiz romanlarla doludur.  

 

Mənim nəzərimdə, əgər ruhunun dərinliyindəki kabuslar, yazıçıları üsyankar varlıqlara çevirən 



"cinlər" adamı coşdurmursa, onun reallığı yeni bir şəklə salan yaradıcı adam olması müşküldür.  

 

Öz "cinlər"indən qaçan, öz mövzularını kifayət qədər orijinal və cəlbedici saymayaraq, kənar 



mövzulara girişənlər dəhşətli dərəcədə yanılırlar. 

  

Ədəbiyyatda özü-özlüyündə yaxşı və ya pis mövzu yoxdur. İstənilən mövzu yaxşı da çıxa bilər, 



pis də.  

 

Bu isə, bir daha qeyd edirəm, mövzunun roman şəkli alarkən nəyə çevriləcəyindən, yəni üslub və 



strukturdan müstəsna dərəcədə asılıdır. Məhz hansısa mövzu üçün seçilən forma müəyyən bir 

əhvalata orijinal və ya çeynənmiş, dərin və ya səthi, mürəkkəb, yaxud bəsit xarakter verir.  

 

Forma hadisələrə və personajlara enerji, zəngin məna və dürüstlük gətirir, yaxud da elə onun 



ucbatından bəzən qəhrəmanlar cansız və karikaturanı xatırladan oyuncaqlara çevrilirlər.  

 

Mənim aləmimdə, bu, ədəbiyyatın istisna sevməyən azsaylı qaydalarından biridir. Özü-



özlüyündə mövzular roman üçün əvvəlcədən hansısa aqibət müəyyənləşdirmir.  

 

Yazıçının onları müəyyən qaydada düzdüyü sözlərlə gerçəyə çevirərkən necə davranacağından 



asılı olaraq, mövzular yaxşı və ya pis, cəlbedici və ya cansıxıcı alınır. 

 

 



Dostum, elə bilirəm ki, söhbətimizi artıq burada bitirə bilərik. 

 

 



Sizi bağrıma basıram. 

 

  



 

  

 



(Tərcümə ilk dəfə «Xəzər» jurnalında işıq üzü görüb) 

 

  



 

  

 



 

 



 

11

 



 

Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı? 

 

  



 

  

 



  

 

  



 

  

 



"İstənilən totalitar rejim daim ədəbiyyatı öz nəzarətində saxlamağa çalışır, ona etibar etmir, 

çünki ədəbiyyatda hakimiyyətin tənqidi ola bilər.  

 

Sonuncu fikir həqiqətdir. Özü də burada təkcə siyasi mənada tənqiddən yox, daha geniş anlamda 



tənqiddən söhbət gedir.  

 

Əsl sənət əsərləri hakimiyyətin təbliğat vasitələrinin insanlarla manipulyasiya etmək 



niyyətlərinin həyata keçməsini çətinləşdirir.  

 

Bu mənada ədəbiyyat və sənət azadlığa böyük dəstəkdir. Azadlıq isə hər növ sənətin 



məqsədidir".  

 

Məşhur Peru yazıçısı Mario Varqas Liosanın Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsi.  



 

- 1960-cı illərdə burda - bizdə belə bir ifadə yarandı: “Poet v Rossii bolşe çem poet”.  

 

Bəziləri bu sözlərə indi də inanırlar. Siz də həmişə bu qənaətdə olmusuz ki, yazıçı ictimai həyatla 



sıx bağlı olmalıdır.  

 

Hətta 1990-cı ildə prezident seçkilərində namizəd də olmusunuz. Hələ də o fikirdə qalırsınızmı 



ki, yazıçı siyasi debatlarda iştirak etməlidir?  

 

 



 

İyulun əvvəlində məşhur Peru yazıçısı, “Şəhər və itlər”, “Kilsədə söhbət”, “Pis qız” kimi 

romanların müəllifi Mario Varqas Liosa Moskvada olub.  

 

Liosa həm də vaxtilə məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin dostu olmağıyla 



tanınır.  

 

Amma sonradan araları siyasətə görə dəyib və 30 il küsülü qalıblar. 



 

74 yaşlı yazıçı Rusiyada mətbuatla ünsiyyətdən qaçsa da, “İzvestiya” qəzeti onu müsahibəyə razı 

sala bilib. 

 

- (gülür - İzv.) Əlbəttə ki mən ilk növbədə yazıçıyam, peşəkar siyasətçi deyiləm. Amma hesab 



edirəm ki, yazıçıların ictimai diskussiyalarda iştirakla bağlı mənəvi öhdəliyi var.  

 

 




 

12

Xüsusən də o ölkələrdə ki, orda işlər qaydasında deyil, (gülümsünür- İzv.) dünya ölkələrinin 



çoxunda vəziyyət bu cürdür. 

  

Məncə, yazıçılar cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməklə, öz şəxsi fikrini söyləməklə, 



tənqid olunası məsələləri tənqid etməklə bir növ özlərinə haqq qazandırır.  

 

Üstəlik də əgər siyasətin leksikonuna baxsanız, görərsiz ki, başdan-ayağa şablonlardan ibarətdir. 



Siyasətin dilinin orijinallığını və təzə-tərliyini qorumaq vacibdir.  

 

Yazıçıların bu işə köməyi dəyə bilər. Amma təkrar edirəm ki, mən siyasətçi deyiləm. Mənim 



Perunun siyasi həyatında iştirakım istisna hal idi. Bu o vaxt idi ki, demokratiya axsayırdı, mən də 

siyasətə buna görə qoşuldum.  

 

Demokratiyanı müdafiə etmək üçün. Amma bununla yanaşı mən özümü yazıçı sayıram. 



 

- Yaxşı, onda sualı belə qoyaq: siyasətə qoşulan yazıçının həyat tərzi necə olur?  

 

- Bu, yazıçının özündən asılıdır. Bəziləri bədii yaradıcılığı siyasi həyatda fəal iştirakla 



uzlaşdırmağı bacarır. Bəziləri isə cəmiyyət arasında az-az görünməyə çalışır.  

 

Amma onlara da hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, sən hətta siyasətə nifrət etsən də, 



gərək özünü hansısa formada siyasətdə sınayasan: ideya verəsən, sülh, müharibə, insan haqları, 

korrupsiya, mədəni həyat barədə ictimai debatlarda iştirak edəsən”.  

 

Yazıçıların öz sözünü deyə biləcəyi çox mövzular var.  



 

Mən düşünürəm ki, yazıçı kitabxanaya çəkilməməlidir, əksinə o, tarixi özü yaratmalıdır.  

 

Düzdür, ictimai-siyasi həyatla daimi əlaqədə ədəbiyyat və incəsənət üçün bir risq gizlənir.  



 

Ədəbiyyatı bir təbliğat vasitəsi kimi istifadə edə bilərlər. Bu isə pis şeydir. Amma digər tərəfdən, 

mənə elə gəlir ki, reallıqda baş verənlərlə əlaqədən məhrum olmuş ədəbiyyat şitləşir, səthiləşir.  

 

Ən yaxşı bədii əsərlər həmişə cəmiyyətdə baş verənlərə, cəmiyyətin əsas problemlərinə, 



insanların gözləntilərinə şahidlik edib.  

 

Ona görə də hesab edirəm ki, ədəbiyyat, sənət yalnız yazıçının təxəyyülü ilə deyil, ətraf aləmlə 



də sıx əlaqədə olmalıdır.  

 

- Başqa sözlə siz hesab edirsiniz ki, bədii əsər ətraf aləmdə nəyisə dəyişə bilər... 



 

- Hesab edirəm ki, sənətin real həyata böyük təsiri var. Sadəcə, problem ondadır ki, biz heç cür 

həmin təsiri ölçə bilmirik. Biz deyə bilmərik ki, “Hərb və sülh” romanı cəmiyyətə filan qədər 

təsir edib”.  

 

Bunu görmək, yaxud hiss etmək mümkün deyil. Amma mən tam əminəm ki, həmin dahiyanə 



əsəri oxumaqla özümün insanlar və dünya haqda təsəvvürlərimi təkmilləşdirmişəm.  

 

Ədəbiyyat insanı daha həssas edir – iztirablardan xoşbəxtliyə qədər. Bu səbəbdən mən doğrudan 



da inanıram ki, ədəbiyyatın, sənətin həyata çox böyük təsiri var.  

 

 



 


 

13

 



 

 

Mario Varqas Liosa 1985 



İstənilən totalitar rejim daim ədəbiyyatı öz nəzarətində saxlamağa çalışır, ona etibar etmir, çünki 

ədəbiyyatda hakimiyyətin tənqidi ola bilər.  

 

Sonuncu fikir həqiqətdir. Özü də burada təkcə siyasi mənada tənqiddən yox, daha geniş anlamda 



tənqiddən söhbət gedir.  

 

Əsl sənət əsərləri hakimiyyətin təbliğat vasitələrinin insanlarla manipulyasiya etmək 



niyyətlərinin həyata keçməsini çətinləşdirir.  

 

Bu mənada ədəbiyyat və sənət azadlığa böyük dəstəkdir. Azadlıq isə hər növ sənətin məqsədidir.  



 

Onun haqda ilk növbədə əyləncə növü kimi danışırlar, amma onun mənası daha genişdir.  

 

- Sizin ilk romanınız – “Şəhər və itlər” hərbi məktəbin həyatı haqdadır. İnsanlar öz övladlarını 



hərbi məktəbə qoyurlar ki, onlar kişilik məktəbi keşsinlər.  

 

Həmin romanınızı tonqal qalayıb yandırmışdılar.  



 

Deyə bilərsinizmi, kitabınız Perudakı o vaxtkı vəziyyətə necə təsir etmişdi?  

 

- Həmin təsirin nədən ibarət olduğunu deyə bilmərəm, amma kitabın yandırıldığı dəqiq 



məlumatdır (gülür – İzv.)  

 

Mənə elə gəlir ki, nəhayətdə kitab əlbəttə ki öz məqsədinə çatdı – insanlar demokratik 



cəmiyyətin quruluşu haqda düşünməli oldular Mən o kitabı çoxdan yazmışam.  

 

O vaxt cavan idim. (gülür – İzv.) Kitab 1960-cı illərin əvvəlində çap olunmuşdu.  



 

- Siz özünüz də hərbi məktəbdə oxumusunuz deyəsən. Kitabda öz şəxsi təcrübələrinizi qələmə 

almısınız?  

 

- Mən doğrudan da orada 1-2 il təhsil almışam. Həqiqətən də kitabın materialı ordan gəlir. 



Amma bu, avtobioqrafik əsər deyil.  

 

- Bir neçə ildir ki, Rusiyada peşəkar ordunun yaradılması, müqavilə əsasında hərbi xidmət 



ideyası müzakirə edilir. Bu ideya haqda nə düşünürsüz? 

 

- Əlbəttə, bu daha yaxşıdır. İndi bir çox ölkələr tədricən buna keçir. İdeya ondan ibarətdir ki, 



ümumiyyətlə orduda ixtisarlar getsin.  

 

Dünya, beynəlxalq müqavilələr – bunlar hamısı ordudakı əsgərlərin sayının azaldılmasına, 



qənaət olunan pulların təhsilə, səhiyyəyə, mədəniyyətə ayrılmasına yönəlib.  

 

Bu, bəşəriyyətə daha faydalı olardı.  



 

- Elə bir nümunə gətirə bilərsinizmi ki, həyatınızda baş verən hansısa hadisə əsərinizdə yer alıb? 

 

 



 

14

- Məsələn, bu yaxınlarda Rusiyada çap olunan “Dünyanın axırınının savaşı” kitabım. Vaxtilə 



oxuduğum braziliyalı yazar Euklides da Kunyanın “Sertan” kitabı məni çox mütəəssir etmişdi. 

  

Bu, roman deyil, 19-cu əsrin sonlarındakı Braziliyanın tarixi, sosiloji tədqiqidir. Kitab 



Braziliyanın şimal-şərqində baş vermiş məşhur üsyan haqdadır. Bu çox sirli bir üsyan idi, çünki 

onu Messiya hərəkatı təşkil etmişdi.  

 

O zaman Braziliyada monarxiya ağrısız taxtdan düşdü və yerində respublika quruldu. Amma 



respublikaçılar öz hakimiyyətlərini həmin bölgədə yalnız bir il sonra bərqərar edə bildilər.  

 

Məşhur ruhani, moizəçi Konseleyro kəndliləri respublika əleyhinə üsyana qaldırdı. O, kəndlilərə 



deyirdi ki, respublika İblis əməlidir, ilahi qanunlara, dinə-imana ziddir.  

 

Kəndlilər və kasıblar buna inanıb respublikaya qarşı qiyam qaldırdılar. Halbuki respublikanı 



quranlar çox maarifpərvər və zəkalı şəxslər idilər.  

 

Onlar Braziliyanın ən kasıb insanlarının onlara qarşı niyə üsyan etdiyini anlaya bilmirdilər.  



 

Onlar bunun mənasını anlamayanda yeni bir nəzəriyyə yaratdılar ki – bütün dünyada belədir, 

intellektuallar həmişə nəyisə anlamayanda yeni nəzəriyyə yaradırlar (gülür – İzv.) – qiyamçılar 

kasıblar deyillər.  

 

Buna görə də üsyanı yatırtmaq üçün bölgəyə ordu göndərdillər.  



 

Kəndlilərin üzərində dörd dəfə qoşun göndərildi. Respublikaçılar başa düşə bilmirdilər ki, 

silahsız kəndlilər peşəkar ordunu necə məğlub edirlər.  

 

Dördüncü yürüşdə həmin kitabın müəllifi da Kunya da iştirak edib. Ö özünə sual edib:  



 

Biz nə edirik? Bunlar ki kasıblardır. Və beləliklə o hadisələri təhlil etməyə başlayır və haqqında 

danışdığım kitabı yazır.  

 

Mən kitaba elə heyran olmuşdum ki, o hadisələr haqqında özüm də kitab yazmaq qərarına 



gəldim. Mənim kitabım təkcə üsyan haqda yox, həm də braziliyalı intellektuallar barədədir.  

 

O intellektuallar haqqında ki, nəzəriyyələr onların gözünü tutmuşdu və öz ölkələrində nə baş 



verdiyini anlaya bilmirdilər. “Dünyanın axırının savaşı”nı 3 ilə yazdım.  

 

- Sizin yaradıcılığınızda insest motivi Markesin “Yüz il tənhalıqda”sını xatırladır... 



 

 

 



 

 

Qabriel Qarsia Markes 



- Bu, Markesdəki kimi magik realizm deyil. Latın Amerikası ədəbiyyatında fantaziya çox 

mühümdür. Bu düzdür. Markes, Borxes, Kortasar.  

 

Mənim kitablarım isə fantaziya aləmindən daha çox real həyata yaxındır. Amma bəlkə də mənim 



öz yazılarım haqda təsəvvürüm yanlışdır.  

 

 




 

15

- Markesdən söz düşmüşkən... Deyirlər ki, siz 30 il Markeslə küsülü qalmısız. Buna Kuba 



inqilabına münasibətinizdəki fərqlilik səbəb olub.  

 

Deyilənə görə, siz hətta Meksikada film premyerasında dalaşmısınız da. Amma sonra 



barışmısınız. Bu doğrudurmu?  

 

- Bu barədə sizə heç nə deməyəcəyəm. Əgər gələcəkdə mənim və Markesin bioqrafları olacaqsa, 



bu, onlar üçün – üzərində baş sındırmalı materialı olacaq.  

 

Nə mən, nə də o, bu situasiyanı şərh etmirik. (gülür – İzv.) 



 

- Siyasi həyatda fəal olan bir yazıçı kimi dünyanın hazırkı iqtisadi böhrandan çıxmaq planları 

haqda nə düşünürsünüz? 

 

- İndi biz artıq ayrı bir dünyada yaşayırıq – qloballaşmış, sərhədlərdən məhrum dünyada. Bu, 



yeni situasiya yaradır. Mənim qənaətim budur ki, biz gələcəkdə əvvəlki ilə müqayisədə daha 

yaxşı dünyada yaşayacağıq.  

 

Hətta 60-70-ci illərlə müqayisə edəndə də. O zaman nüvə müharibəsi baş verə bilərdi.  



 

Qloballaşmaya görə indi kasıb ölkələr daha sürətlə inkişaf edə bilirlər. Buna görə də mən 

vəziyyətə daha çox nikbin baxıram, pessimist kimi yox.  

 

- Amma bu böhranı kapitalizmin böhranı da adlandırırlar. 



 

- Kapitalizm meydana gələndən böhranlarla üzləşib.  

 

Gəlin inanaq ki bu böhran bizə sistemin qüsurlarını aradan qaldırmağa imkan verəcək. Məsələn, 



kapitalizmin əsas problemini – korrupsiyanı, maliyyə sistemi üzərində nəzarətin çatışmamasını.  

 

Ümumilikdə, kapitalizm heç də pis işləməyən sistemdir. Alternativ utopik sistemləri yada salın, 



sosializm, kommunizm bunlar 19-cu əsrdə nə qədər bəlalara yol açıb. 

  

Onlar həyata keçmir, işləmir və fəlakətlərə, totalitar rejimlərin yaranmasına gətirib çıxarır.  



 

Əgər biz indiki sistemi daha açıq etsək, mətbuat azadlığı, hakimiyyətin tənqidi, siyasi 

partiyaların azadlığı, insan haqlarının reallaşmasını təmin etsək, bu, kapitalizmi müəyyən 

mənada təkmilləşdirər. 

  

Məncə alternativ sistem işləri yalnız korlaya bilər.  



 

(Müsahibə ixtisarla verilir)  



 

  

 



azadliq.org 

 

Yüklə 127,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə