Azərbaycan respublikasinin seçKİ MƏCƏLLƏSİ


SEÇİCİ (REFERENDUMDA İŞTİRAK ETMƏK HÜQUQU OLAN



Yüklə 1,55 Mb.
səhifə9/30
tarix21.02.2018
ölçüsü1,55 Mb.
#27380
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

SEÇİCİ (REFERENDUMDA İŞTİRAK ETMƏK HÜQUQU OLAN

VƏTƏNDAŞLARIN) SIYAHILARI


   Maddə 45. Vahid seçicilər (referendumda iştirak etmək hüququ olan vətəndaşların) siyahısı

45.1. Vahid seçicilər (referendumda iştirak etmək hüququ olan vətəndaşların (bundan sonra — seçici siyahısı) siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır.

45.2. Hər il seçicilər siyahısının dəqiqləşdirilməsi ilə bağlı məlumatları bu Məcəllənin 46.12-ci maddəsinə uyğun olaraq məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsi ilə Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

45.3. Vahid seçicilər siyahısı seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə aparılır və həmin siyahıya bu Məcəllənin 46.10-cu maddəsində göstərilən məlumatlar daxil edilir.

45.4. Vahid seçicilər siyahısına bu Məcəllənin 35.8-ci maddəsində göstərilən qaydada yaradılan məntəqə seçki komissiyalarının təsdiq etdikləri seçici siyahılarının məlumatları daxil edilmir. Həmin məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən onun müəyyən etdiyi qaydada təqdim edilir və seçicilərin müvəqqəti siyahısında cəmləşdirilir. Müvəqqəti seçici siyahıları vahid seçicilər siyahısına əlavə edilir.

   Maddə 46. Seçicilərin siyahılarının tərtib edilməsi

46.1. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər //çıxarılıb//. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu halda seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir. 

Səsvermə günü bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq səsvermə vəsiqəsi ilə səs verən seçicilərin səsvermə vəsiqəsi seçicilər siyahısına əlavə edilir. Səsvermə günü seçici siyahılarına heç bir əlavə və dəyişiklik edilə bilməz. //çıxarılıb//

46.2. Seçicilərin seçici siyahısına daxil olmalarını təsdiqləyən sənəd seçici vəsiqəsidir. Seçici vəsiqəsində seçicinin adı, soyadı, atasının adı, doğum tarixi, yaşayış ünvanı, siyahıya alındığı seçki dairəsinin adı və seçki məntəqəsinin nömrəsi və ünvanı göstərilir. Seçici vəsiqəsinin nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur və məntəqə seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçicilərə verilir (çatdırılır). Hər bir vətəndaşın sorğusuna əsasən müvafiq seçki komissiyası onun seçicilər siyahısına daxil olub-olmaması haqqında məlumat verməlidir.

46.3. Bu Məcəllənin 35.4-35.6-cı maddələrinə uyğun olaraq yaradılan seçki məntəqələrində qeydiyyata düşən seçicilərin, bu Məcəllənin 45.4-cü maddəsində göstərilən seçicilərin müvəqqəti siyahıları müvafiq seçki məntəqəsi səviyyəsində ayrıca tərtib edilir.

46.4. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Müvəqqəti seçici siyahılarına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

46.5. Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.

46.6. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

46.7. Seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumatlar əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

46.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin seçicilər haqqında verdiyi məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış müvafiq məntəqə seçki komissiyası tərəfindən təsdiq edilir.

46.9. Hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri istintaq təcridxanalarının və müvafiq cəzaçəkmə müəssisələrinin rəhbərləri //çıxarılıb// Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.

46.10. Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün — əlavə olaraq, doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın və mənzilin nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə — xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir.

46.11. Seçici siyahısı tərtib edilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər. Seçici siyahıları makina yazısı formasında hazırlanır, Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda isə əl yazısı formasında da tərtib edilə bilər.

46.12. Məntəqə üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, seçki komissiyasının möhürü ilə təsdiq edilir və hər il aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar tapdıqda, onlar düzəldilir və sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə tərtib edilir.

46.13. Bu Məcəllənin 35.5 və 35.6-cı maddələrinə uyğun olaraq yaradılmış seçki məntəqəsi üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.

46.14. Məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri bu Məcəllənin 45-ci maddəsinə uyğun olaraq yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırırlar.

46.15. Seçicilər haqqında məlumatları təqdim edən icra orqanının rəhbəri müvafiq məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

   Maddə 47. Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası

47.1. Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər.

47.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

47.3. Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, onların ailə üzvlərinin və hərbi hissələrin hüdudlarında yaşayan digər seçicilərin seçici siyahılarına daxil edilməsi üçün Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların, ya da hərbi hissələrin yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissəsinin ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox yaşama faktı əsas götürülür.

47.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzun müddətli xarici ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşaması faktı, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyətlərdə olması faktı əsas götürülür.

47.5. Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində olan seçicilər orada yaradılan seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər. Səsvermə günü adı çəkilən yerlərdə bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, belə seçicilər göstərilən müəssisələrin rəhbərlərinin məntəqə seçki komissiyasına təqdim etdikləri məlumatlar əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.

47.5-1. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.

47.6. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qəti imkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanalarının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda bu cür şəxslərin şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir.

47.7. Hərəkət edə bilməyən Azərbaycan Respublikası vətəndaşları yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.

47.8. Xarici dövlətlərdə olan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsinə gəldikdə xarici pasport və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

47.9. Seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

47.10. Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanılmasını təmin etməlidir. Seçici bilərəkdən birdən çox seçici siyahısına daxil edilibsə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb oluna bilər.

47.11. Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında, habelə bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq seçiciyə verilmiş səsvermə vəsiqəsi əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verildikdə isə vəsiqə onu vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq edilir.

   Maddə 48. Seçicilərin seçici siyahıları ilə tanış edilməsi

48.1. Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. //çıxarılıb// 

48.2. Azərbaycan Respublikasının seçki hüququ olan vətəndaşı seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə bilər. Seçicinin müraciəti ilə əlaqədar məntəqə seçki komissiyası müraciətetmə günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı yaxud müraciət etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir.

 

Doqquzuncu fəsil



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə