Azərbaycan respublikasinin su məCƏLLƏSİ


Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ



Yüklə 300,09 Kb.
səhifə4/9
tarix02.05.2018
ölçüsü300,09 Kb.
#40911
1   2   3   4   5   6   7   8   9

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ


V fəsil

Su obyektlərİndən İstİfadə


Maddə 30. Su obyektlərinin istifadəçiləri

Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər (bundan sonra — hüquqi şəxslər adlanacaq) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (bundan sonra — fiziki şəxslər adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər.

Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər.

Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir.



Maddə 31. Su obyektlərindən istifadə hüququ

Su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri üzərində aşağıdakı hüquqlara malik ola bilərlər:

su obyektlərindən uzunmüddətli istifadə;

su obyektlərindən qısamüddətli istifadə;

su obyektlərindən məhdud istifadə (su servitutları).

Su obyektlərinin istifadəçiləri su obyektlərindən istifadəni bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirirlər.

Su obyektləri istifadəçiləri su obyektlərindən istifadə hüququna bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda sərəncam verə bilərlər.

Su obyektlərinin icarəyə verilməsi icarə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Çayın məcrasının dəyişməsi və ya su obyektlərinin yerləşməsində digər dəyişikliklər, əgər bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, su obyektlərindən istifadə hüququnun dəyişməsinə və ya istifadə hüququna xitam verilməsinə səbəb olmur.

Maddə 32. Su obyektlərindən uzunmüddətli və qısamüddətli istifadə hüququ

Dövlət mülkiyyətində olan su obyektləri onların istifadə məqsədindən, ehtiyat potensialından və ekoloji vəziyyətindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Su obyektlərindən qısamüddətli istifadə hüququ üç ilə qədər, uzunmüddətli istifadə hüququ iyirmi beş ilə qədər müəyyən edilir.

Su obyektlərindən istifadə hüququnun müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.



Maddə 33. Su obyektlərindən məhdud istifadə hüququ (su servitutu)

Su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər.

Ümumi su servitutu formasında hər bir şəxs, əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, ümumi istifadədə olan su obyektindən və digər su obyektlərindən istifadə edə bilər.

Maraqlı şəxslər digər şəxslərin xüsusi istifadəsində olan su obyektlərindən xüsusi su servitutu formasında istifadə edə bilərlər. Xüsusi su servitutu məhkəmə qərarı əsasında da müəyyən edilə bilər.

Mülki qanunvericilikdə servitutlar haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.

Ümumi və xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən edilə bilər:

texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək;

mal-qaranı suvarmaq və su obyektindən keçirmək;

su obyektlərindən bərələr, qayıqlar və digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək.

Azərbaycan Respublikasının su qanunvericiliyində digər su servitutları da müəyyən edilə bilər.

Su servitutlarının həyata keçirilməsi üçün icazə tələb edilmir.5

Maddə 34. Su obyektlərindən istifadə hüququnun əldə edilməsi

Su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su obyektlərindən istifadənin icazə tələb edən növləri və icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.6

Su obyektləri istifadəçisi — fiziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi — hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir.

Su obyektlərindən istifadə hüququ bir şəxsdən başqasına bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadə məqsədlərini dəyişməmək şərti ilə keçə bilər.

Xüsusi mülkiyyətdə olan su obyektlərinə hüquqlar mülki qanunvericilikdə, torpaq qanunvericiliyində və bu Məcəllədə nəzərdə tutulmuş qaydada əldə edilir.

Maddə 35. Su obyektlərindən istifadə növləri

Su obyektləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

içməli su və məişət təchizatı;

müalicə, kurort və sağlamlaşdırma;

istirahət və idman;

sənaye, tikinti və energetika;

kənd təsərrüfatı;

meşə təsərrüfatı;

hidroenergetika;

nəqliyyat;

balıqçılıq;

ovçuluq;


tullantı suların axıdılması;

yanğından mühafizə və digər məqsədlər üçün.

Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün istifadəyə verilə bilər.

Maddə 36. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə

Ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər.

Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən təbiəti mühafizə və dövlət sanitariya nəzarətini həyata keçirən, balıq ehtiyatlarını mühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə olunması qaydalarına riayət olunmalıdır.

Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində çimərliklərin, qayıqlarla gəzintinin, balıq ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə şəhərin, rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər.

Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan, icarəyə və ayrıca istifadəyə verilmiş su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə edilməsinə razılıq mülkiyyətçilərin və su obyekti istifadəçilərinin müəyyən etdikləri şərtlərlə və ya müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə verilə bilər.

Ümumi istifadədə olan su obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq tutmaq üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ vardır.

Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər.

Ümumi istifadədə olan su obyektlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.



Maddə 37. Su obyektlərindən ayrıca istifadə

Ayrıca istifadədə olan su obyektləri məhdud şəxslər tərəfindən istifadə olunan su obyektləridir.

Dövlət mülkiyyətində olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müdafiə, energetika, nəqliyyat, habelə digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər. 7

Su obyektlərinin ayrıca istifadəyə verilməsi qərarında su obyektlərindən istifadənin məqsədi və əsas şərtləri göstərilir.

Su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır.

Ayrıca istifadəyə verilmiş su obyektləri müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ümumi məqsədlər üçün istifadəyə verilə və ya geri alına bilər.



Maddə 38. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.8

Maddə 39. Sudan istifadə limitləri

Sudan istifadə limitləri hər bir su obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən su ehtiyatlarının götürülməsinin və ya su obyektlərinə tullantı suların axıdılmasının yol verilən həcmidir.

Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 40. Su obyektlərinin istifadəyə verilməsi qaydaları

Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir.9

Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.

Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Maddə 41. Su obyektlərinin istifadəsinə antiinhisar tələblər

Su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnə bilən fəaliyyəti qanunla qadağan edilir.

Müvafiq icra hakimiyyəti orqanlarına sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri istifadəçilərinin fəaliyyəti üçün ayrı-seçkilik şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək qadağan edilir.

Sudan istifadə sahəsində inhisara gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının əsaslı şəkildə pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb olur.



Maddə 42. Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi

Su obyektlərindən və ya onların bir hissəsindən istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər.

Su obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

VI fəsil


Yüklə 300,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə