AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL SİSTEMİ
Əhatə olunan məsələlər:
8.1. Təhsil haqqında anlayış.
8.2. Azərbaycanda təhsilin əsas məqsədi.
8.3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.
8.4. Təhsil sistemi anlayışı.
8.5. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər.
8.6. Təhsil və təhsilalmanın formaları.
8.7. Təhsil müəssisəsi.
8.8. Təhsilin pillələri və səviyyələri.
8.8.1. Məktəbəqədər təhsil.
8.8.2. Ümumi təhsil.
8.8.3. İlk peşə-ixtisas təhsili.
8.8.4. Orta ixtisas təhsili.
8.8.5. Ali təhsil.
8.8.6. Doktorantura.
8.8.7. Əlavə təhsil.
8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi.
8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri.
8.9.2. Təhsil prosesinin iştirakçıları.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri.
8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri.
8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq
və vəzifələri.
8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi.
8.1. Təhsil haqqında anlayış
Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir
neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində
durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam
etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.
Ə.X.Paşayev və F.A.Rüstəmov təhsili pedaqogika elminin predmeti kimi
qəbul edir və onun əsas xüsusiyyətlərini belə açıqlayırlar: 1) təhsil cəmiyyətin və
dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf
etdirmək, onu həyata hazırlamaq məqsədilə verilir; 2) təhsilin məzmunu müasir
standartlara uyğun olaraq müəyyənləşdirilir; 3) təhsilin məzmunu tədris mü-
əssisələrində və özünütəhsil yolu ilə mənimsənilir; 4) mənimsənilmənin səviyyəsi
qəbul edilmiş meyarlarla yoxlanılır və qiymətləndirilir; 5) təhsilalma prosesi
müəyyən olunmuş hüquqi sənədlərin verilməsi ilə başa çatır.
Bir qrup mütəxəssislər (A.S.Lanqe, P.A.Jiltsov, İ.P.Şerbov, İ.F.Xarlamov,
Y.K.Babanski) təhsil anlayışını bir qədər başqa cür təsəvvür edirlər. Onların
fikrincə, təhsil dedikdə, gənc nəslin müəyyən elmi və xüsusi biliklər sisteminə və
bununla əlaqədar olan bacarıq və vərdişlərə yiyələnməsi, onda elmi
dünyagörüşünün formalaşması və təfəkkürün, idrak qabiliyyətlərinin, yaradıcı qüv-
vələrin inkişafı prosesi və nəticəsi başa düşülür.
Azərbaycan
Respublikasının “Təhsil haqqında Qanunu”nda təhsil
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun
nəticəsi kimi təqdim olunur.
Məlumdur ki, yeni biliklərin əldə edilməsi təhsilin yox, elmin funksiyasına
aiddir. Təhsil isə artıq məlum olan bilikləri geniş kütlələrə və ya məqsəddən asılı
olaraq əhalinin müəyyən qrupuna çatdırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil
olunmuş geniş miqyaslı ictimai prosesdir.
XX əsrin böyük filosofu Bertran Rassel təhsil haqqında kitabında yazır: “Biz
insanların nəyi bilməli olduğunu nəzərə tutarkən aydın olur ki, bunları hamı
bilməlidir. Elə şeylər də vardır ki, bunları yalnız bəzi insanların bilməsi zəruridir,
digərlərinin isə bilməsinə ehtiyac yoxdur.” Daha sonra Rassel yazır ki, on dörd
yaşına qədər uşaqlara elə şeylər öyrədilməlidir ki, bunları hamı bilməlidir. Konkret
ixtisaslaşma ilə bağlı biliklər isə sonradan öyrədilməlidir. On dörd yaşına qədərki
təhsilin əsas məsələlərindən biri oğlanlarda və qızlarda və xüsusi həvəsin kəşf
olunması məqsədi daşımalıdır ki, onların harada olmasından asılı olmayaraq
gələcək illərdə bunu inkişaf etdirə bilsinlər. Bu səbəbdən hər bir kəs fənlərin yalnız
elementar başlanğıclarını öyrənməlidirlər
1
.
Akademik S.Xəlilov yazır: “Təhsilə yalnız milli və ya yalnız ümumbəşəri
hadisə kimi yanaşmaq olmaz. Təhsilin mahiyyətindən irəli gələn və bütün dövrlər
və ölkələr üçün qorunub saxlanan əsas prinsiplərlə yanaşı, konkret dövrün, konkret
ictimai situasiyanın və konkret milli gerçəkliyin, milli düşüncə tərzinin
xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Təhsil özü sosial institut olmaqla
yanaşı, həm də və daha çox dərəcədə ictimai şüurun inkişafını təmin etdiyi, onun
strukturunun özünəməxsusluğunu qoruyub saxladığı üçün ictimai həyatın və milli
məfkurənin ayrılmaz tərkib hissəsidir. Təhsil həm də milli ruhun inkişafını təmin
edən mühüm vasitələrdən biridir” .
Bütün dünya xalqlarının tarixi göstərir ki, istər hərbi, istər siyasi və ya iqtisadi
müstəvidə böhran keçirdikdən sonra yeni inkişaf potensialı əldə etmək, milli gücü
səfərbər etmək üçün ən mühüm vasitə insanların şüurunun yenidən yönəldilməsidir
ki, bu da ilk növbədə təhsil sistemindəki islahatlar vasitəsilə həyata keçirilir. 1807-
ci ildə, Almaniya Fransa istilası altında olanda alçaldılmış, təhqir olunmuş, ruhdan
düşmüş və biganəliyə qapılmış alman xalqını özünə qaytarmaq, ona inam və ruh
vermək üçün böyük alman filosofu İ.Fixte “Alman xalqına müraciət”lə çıxış
1
Bax: Bertrand Russel. On Education. London, Routledge, 1994, p.169.