Azərbaycan respublikasinin



Yüklə 1,75 Mb.
səhifə4/38
tarix21.04.2018
ölçüsü1,75 Mb.
#39759
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   38

Ərazİ aİdİyyətİ 33


Maddə 33. Ərazi aidiyyəti anlayışı

Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur.



Maddə 34. Mülki işlərə birinci instansiya üzrə baxan məhkəmələr 34

Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsi tərəfindən baxılır. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında işlərə isə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri və ya apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.35



Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi

35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

35.3. Qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.



Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət

36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.

36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

36.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 36

36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

36.6. Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.

36.7. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar, həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.

36.8. İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.37

36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

36.10. Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.

36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.

36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyәt istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 38



Maddə 37. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti

Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.



Maddə 38. Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti

Müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır.39



Maddə 39. Müstəsna aidiyyəti

39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.

39.2. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.

39.3. Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.



Maddə 40. Müqavilə aidiyyəti

40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

40.3. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun.

40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 40

Maddə 41. Əmr icraatı qaydasında baxılan iddianın aidiyyəti

Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir.



Maddə 42. Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət

Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.



Maddə 43. Biri biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti

43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 41

43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 42

Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi

44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:

44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə;

44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa;

44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 43

44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə;44

44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.

Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası

45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.

45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45

45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir.

45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir.

Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.

45.6. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər. 46

Fəsil 5


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə