Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli,
186 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Dövlət əhəmiyyətli təbii sərvətləri aid edilən heyvanlar aləmi obyektlərinin
növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilər heyvan növlərinin
sənədlərinin forması və siyahısı", "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə
Qaydaları", "Vəhşi heyvanlardan onların həyata fəaliyyətinin məhsullarını əldə
etmək məqsədi ilə istifadə edilməsi Qaydaları", "Zooloji kolleksiyaların yaradılması,
zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət,
habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara
göndərilməsi və aparılması Qaydaları" və "Ekoloji təhlükəsizlik normativləri və vəhşi
heyvanların əldə edilməsi limitləri" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 iyul 2000-ci il
№ 117
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək
məqsədi ilə istifadə edilməsi
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası
Qanununa və
«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 186
nömrəli Fərmanına əsasən hazırlanmışdır və vəhşi heyvanlardan onların həyat fəaliyyətinin
məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi qaydalarını müəyyən edir.
2. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə
istifadə edilməsinə yalnız heyvanları təbii mühitdən ayırmamaqla və məhv etməməklə və
onların yaşayış mühitini pisləşdirməməklə yol verilir.
3. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarına bal, mum, zəhər, hormonlar, propolis,
lələk və digər məhsullar aid edilir.
4. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarının əldə edilməsi
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin
razılığı ilə həyata keçirilir.
II. VƏHŞİ HEYVANLARDAN ONLARIN HƏYAT FƏALİYYƏTİ MƏHSULLARINI
ƏLDƏ ETMƏK MƏQSƏDİ İLƏ İSTİFADƏ EDİLMƏSİ
1. Vəhşi heyvanlardan onların həyat fəaliyyəti məhsullarını əldə etmək məqsədi ilə
istifadə edilməsi aşağıdakı hallarda qadağandır:
a) vəhşi heyvanların qış yuxusuna getdiyi dövrdə;
b) cütləşmə və çoxalma zamanı;
c) həyat fəaliyyəti məhsullarının bərpa müddəti başa çatmadıqda;
ç) bioloji xüsusiyyətlərini nəzərə alaraq vəhşi heyvanların yaşamasının təmin edilməsi
üçün tələb olunan həddi gözləmədən həyat fəaliyyəti məhsullarının yığılması (əldə
edilməsi);
d) həyat fəaliyyəti məhsullarının yığıldığı (toplandığı) obyektlərin dağıdılması və məhv
edilməsi.
2. Vəhşi heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına (əldə edilməsinə) razılıq
almaq üçün fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Ekologiya
və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə və ya onun yerli təşkilatlarına müvafiq ərizə
(məktub) təqdim edilməlidir.
Ərizədə aşağıdakılar əks olunmalıdır:
a) heyvanın növü və həyat fəaliyyəti məhsulu;
b) heyvanların həyat fəaliyyəti məhsulunun əldə edilməsi üsulu;
c) ərazi və müddəti;
ç) heyvanların həyat fəaliyyəti məhsulundan istifadənin məqsədi;
d) heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasını (əldə edilməsini) aparan şəxs
barədə məlumat. Məlumatda aşağıdakılar əks olunmalıdır:
a) hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;
b) fiziki şəxslər üçün — adı, atasının adı, soyadı və ünvanı.
3. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsində ərizə (məktub) qeydə alınmaqla qəbul edilir.
Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş və daxil edilməmiş, lakin
kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna növlərinin əldə edilməsinə icazə verilmir.
4. Ərizəyə (məktuba) qeydə alınma tarixindən başlayaraq 15 gün müddətində baxılır və
müvafiq cavab verilir.
5. Müvafiq elmi rəy zərurəti olduqda və bu barədə Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya
İnstitutuna müraciət edildiyi təqdirdə həmin məktubun (ərizənin) icra müddəti müvafiq
cavab alınan vaxta qədər uzadılır.
[4]
6. Vəhşi heyvanların bəzi həyat fəaliyyəti məhsullarının əldə edilməsi üçün
qanunvericiliklə digər tələblər müəyyən edildikdə, bu tələblər yerinə yetirildikdən sonra
göstərilən məhsulların əldə edilməsinə icazə verilir.
7. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin razılıq məktubu (heyvanların həyat fəaliyyəti məhsulunun növü, yığılma üsulu,
müddəti, ərazisi və miqdarı göstərilməklə) verildikdə və həmin məktub Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin yerli təşkilatlarında müəyyən olunmuş qaydada
qeydə alındıqdan sonra müraciət edən fiziki və hüquqi şəxslər müəyyən olunmuş
müddətlərdə heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasını (əldə edilməsini) təşkil
edə bilərlər. Əgər heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) meşə
fondu sahəsində aparılarsa, bu tədbiri həyata keçirən fiziki və hüquqi şəxslər «Azərbmeşə»
İstehsalat Birliyinin yerli təşkilatlarına məlumat verməlidirlər. Müəyyən olunmuş müddət
qurtardıqdan sonra 20 gün ərzində heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə
edilməsi) barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin yerli təşkilatlarına məlumat (heyvanların həyat fəaliyyəti məhsulunun yığılma
miqdarı və ərazisi barədə) təqdim edilməlidir.
8. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılması (əldə edilməsi) zamanı heyvanları
zədələməyən, onların yaşayış mühitinə zərər vurmayan və mənfi təsir göstərməyən
üsullardan istifadə olunmalıdır.
9. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılmasına (əldə edilməsinə) verilmiş
razılıqdan yalnız adı göstərilən fiziki və hüquqi şəxs istifadə edə bilər.
10. Heyvanların həyat fəaliyyəti məhsulunun yığılıb-yığılmamasından (əldə edilib-
edilməməsindən) asılı olmayaraq, göstərilən vaxt qurtardıqdan sonra verilmiş razılıq öz
qüvvəsini itirir.
11. Heyvanların həyat fəaliyyəti məhsullarının yığılması (əldə edilməsi) nəticəsində vəhşi
heyvanların yaşayış mühitinə və təbii bərpasına mənfi təsir göstərə bilən hallarda,
heyvanların sayı həmin ərazidə optimal miqdardan az olduqda və Azərbaycan Milli Elmlər
Akademiyasının Zoologiya İnstitutunun mənfi rəyi alındıqda fiziki və hüquqi şəxslərə
heyvanların həyat fəaliyyəti məhsullarının yığılmasına razılıq verilməyə bilər.
[5]