Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında



Yüklə 27,24 Kb.
tarix01.09.2018
ölçüsü27,24 Kb.
#66367
növüQaydalar

Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 350 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:



  1. “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 16 mart 2011-ci il



№ 43

 

 






Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 16 mart tarixli 43 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

 

Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması

 

Q A Y D A L A R I

 


  1. Ümumi müddəa

 

Bu Qaydalar “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (bundan sonra – təşkilat) filial və ya nümayəndəliklərinin (bundan sonra – filial və ya nümayəndəlik) dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması məsələlərini müəyyən edir.

 


  1. Danışıqların başlanması üçün ümumi tələblər

 

2.1. Filial və ya nümayəndəliyin Azərbaycan Respublikasında dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədi ilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə yazılı müraciət edir. Təşkilat tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.[i]

2.2. Müraciətdə təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri göstərilməli, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi əsaslandırılmalıdır.

2.3. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

2.3.1. filialın və ya nümayəndəliyin təsisçisi olan təşkilatın qeydiyyatını təsdiq edən sənədlər – dövlət (ticarət) reyestrindən çıxarışın (qeydiyyat şəhadətnaməsinin və s.), nizamnaməsinin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş surətləri;

2.3.2. təşkilat tərəfindən səlahiyyətli nümayəndənin adına verilmiş etibarnamənin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş surəti.

2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən sənədlərə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, qanunvericiliklə müəyyən edilmiş qaydada apostil verilməli və ya onlar leqallaşdırılmalıdırlar.

2.5. Tələb olunan sənədlər təqdim olunduqda, filial və ya nümayəndəliyin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanmasına dair münasibət bildirilməsi üçün aidiyyəti qurumlara sorğu göndərilir.

2.6. Toplanmış rəylərin nəticələri müsbət olduğu halda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən danışıqlara başlanılır.

 


  1. Danışıqların predmeti

 

3.1. Danışıqlar zamanı təşkilat barədə məlumat və onun Azərbaycan Respublikasında fəaliyyətinin məqsədləri, bu fəaliyyətin zəruriliyi və Azərbaycan cəmiyyətinə töhfəsi bir daha müzakirə edilməli və dəqiqləşdirilməlidir.

3.2. Danışıqlar prosesində təşkilatın Azərbaycan Respublikasının ərazisində gələcək fəaliyyəti aşağıdakılarla şərtləndirilməlidir:

3.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək;

3.2.2. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq;

3.2.3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq;

3.2.4. siyasi və dini təbliğatla məşğul olmamaq;

3.2.5. qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək.

3.3. Danışıqlar zamanı tərəflərin səlahiyyətlərinə aid olan və ya qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər.

3.4. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan təkliflər danışıqların predmeti ola bilməz.

3.5. Danışıqlar nəticəsində təşkilat tərəfindən bu Qaydaların 3.2-ci bəndində göstərilən şərtlər qəbul olunmadıqda, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verilərək danışıqların aparılması dayandırılır.

 


  1. Sazişin bağlanması

 

4.1. Danışıqların nəticəsi üzrə bu Qaydaların 3.2-ci bəndində göstərilən şərtlər təşkilat tərəfindən qəbul edildikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş bağlanılır. Sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.[ii]

4.2. Saziş bağlandıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçirilir.

 


  1. Yekun müddəa

 

Dövlət qeydiyyatına alınmış filial və ya nümayəndəlik bu Qaydaların 3.2-ci bəndində göstərilən şərtləri pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.



[i] 2 fevral 2015-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 fevral 2015-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 213) ilə “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nın 2.1-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[ii] 6 iyun 2014-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 739) ilə 4.1-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
Yüklə 27,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə