Azərbaycan Respublikasının 2012-ci IL dövlət büdcəsinin icrası haqqında



Yüklə 52,5 Kb.
tarix20.09.2018
ölçüsü52,5 Kb.
#69294

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası
Hesablama Palatasının rəyi

Rəydə qeyd edilmişdir ki, hesabat ilində dünya iqtisadiyyatının inkişafında artım tempinin zəif olduğu və onun azalması üzrə yüksək risklərin və qeyri-müəyyənliklərin qaldığı bir şəraitdə ölkə iqtisadiyyatı öz dinamik inkişafını qoruya bilmiş, əksər iqtisadi göstəricilər üzrə yüksək səviyyəyə nail olunmuş, iqtisadiyyatın şaxələndirilməsi üzrə mühüm nəticələr əldə edilmiş, böyük həcmli infrastruktur və sosial proqramlar uğurla icra edilmişdir. Əvvəlki illərdə olduğu kimi hesabat ilində də əldə olunmuş nəticələr dünyanın nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanda iqtisadi durum müsbət qiymətləndirilmiş, habelə dövlət xərclərindən geniş şəkildə qaynaqlanan qeyri-neft iqtisadiyyatının artım tempinin növbəti ildə neft hasilatında proqnozlaşdırılan azalmanı artıqlaması ilə kompensasiya edəcəyi bildirilmişdir. Bundan başqa, görülmüş işlərin nəticəsi olaraq Dünya Bankının hesabatlarında biznesin aparılması vəziyyətinə görə Azərbaycan yüksək yerdə olmuş, Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri arasında 46-cı, MDB məkanında isə 1-ci yerdə olmuşdur.

Rəydə hesabat ilində ölkə iqtisadiyyatını xarakterizə edən makrogöstəricilərin təhlilinə, dövlət büdcəsinin gəlir və xərc parametrlərinin mövcud iqtisadi potensialın imkanları ilə uzlaşmasının, ayrı-ayrı dövlət tədbirlərinə, proqram və layihələrə ayrılmış vəsaitlərdən səmərəli istifadə edilməsinin araşdırılmasına, həmçinin dövlət büdcəsinin icrasını xarakterizə edən göstəricilərin həyata keçirilmiş maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri ilə əlaqələndirilməsinə xüsusi diqqət yetirilmişdir.

Rəydə hesabat ilində ümumi iqtisadi artım tempinin 2011-ci ilə nisbətən 2,1 faiz bəndi təşkil etməsi və əsasən qeyri-neft sektorunun daha sürətli inkişafı hesabına ÜDM istehsalı üzrə artımın 2,2% olması, ÜDM-in tərkibində qeyri-neft sektorunun xüsusi çəkisinin 2011-ci illə müqayisədə 4,4 faiz bəndi artaraq 52,7% təşkil etməsi, eyni zamanda, bu sektorda ÜDM-in artım tempinin ümumi ÜDM istehsalının artım tempini 7,5 faiz bəndi üstələməklə 9,7% təşkil etməsi, habelə qeyri-neft sənayesində 7,8% səviyyəsində artımın əldə olunması, ölkə iqtisadiyyatının şaxələndirilməsi və sənayeləşmə siyasətində prioritet məqsəd kimi qeyri-neft sənayesinin daha üstün inkişaf etdirilməsi Palata tərəfindən bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi kimi dəyərləndirilmişdir.

Qeyd olunmuşdur ki, hesabat ilində ölkəmizdə iqtisadi aktivliyin və sabitliyin davamlı olaraq qorunub saxlanılması dövlət büdcəsinin gəlir və xərc parametrlərinə müsbət təsir göstərmiş və onların 2011-ci illə müqayisədə artıq icra olunmasına münbit şərait yaratmışdır. Dövlət büdcəsinin gəlir və xərc parametrlərinin ÜDM-də xüsusi çəkilərinin hesabat ilində yüksək səviyyədə saxlanılması iqtisadiyyatın tənzimlənməsi proseslərində dövlətin iştirak imkanlarının artırılması barədə beynəlxalq maliyyə institutlarının çağırışlarına uyğundur ki, beynəlxalq təcrübədə yenidən bölgü funksiyasının gücləndirilməsi antiböhran tədbirlərinin əsas tərkib elementlərindən biri kimi qəbul edilir.

Rəydə dövlət büdcəsinin gəlirlərinin icrası üzrə qeyd edilmişdir ki, ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq hesabat dövründə büdcə-vergi siyasəti üzrə nəzərdə tutulmuş bir sıra tədbirlərin reallaşdırılması, o cümlədən ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi, büdcə gəlirlərinin yığım əmsalının artırılması, sadələşdirilmiş vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, nağdsız hesablaşmaların stimullaşdırılması üçün zəruri tədbirlərin görülməsi, vergilər üzrə borcların alınması qaydasının və vergi inzibatçılığının təkmilləşdirilməsi, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması üçün zəruri tədbirlərin görülməsi və dövlət rüsumu haqqında qanunvericiliyin təkmilləşdirilməsi təmin edilmişdir. 2012-ci il üzrə büdcə gəlirləri üzrə müəyyən edilmiş proqnoz 101,4% səviyyəsində yerinə yetirilmiş, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 2012-ci ildə 32,0% təşkil etməklə 2010-cu ilə nisbətən 5,1 faiz bəndi, 2011-ci ilə nisbətən isə 1,9 faiz bəndi artmışdır. Xüsusilə qeyd olunmuşdur ki, 2003-2012-ci illər ərzində dövlət büdcəsinin gəlirləri təxminən 15,0 dəfəyə yaxın artmışdır ki, bu da cəmi 20 illik müasir müstəqillik tarixinə malik olan dövlətin iqtisadiyyatının dayanıqlıq qabiliyyətinin əlaməti olmaqla yanaşı, yaxın perspektivdə daha böyük uğurlu iqtisadi dividentlərin əldə olunacağını vəd edir.

Büdcə xərclərinin icrası üzrə qeyd olunmuşdur ki, 2011-ci illə müqayisədə “Ümumi dövlət xidmətləri” bölməsi üzrə xərclərin icrası mütləq ifadədə az olsa da ötən dövr ərzində görülmüş tədbirlər nəticəsində iqtisadi fəallığın dövlət tərəfindən dəstəklənməsi, iqtisadi islahatların davam etdirilməsi, son illərdə büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və idarəetmə sisteminin səmərəliliyinin artırılması, habelə inzibati xərclərin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi iqtisadi inkişafa müsbət təsir göstərmiş, bu istiqamət üzrə xərclərin stabil icrası təmin edilmişdir.

Rəydə sosialyönümlü sahələrdə büdcə vəsaitlərindən istifadə üzrə qeyd olunmuşdur ki, hesabat ilində iqtisadiyyatın innovativ inkişafına nail olunması, maliyyə sabitliyi, dövlət büdcəsi üzrə xərclərin tərkibində sosial yönümlü xərclərə xüsusi önəmin verilməsi dövlətimiz tərəfindən qəbul olunmuş sosial proqramların, habelə elmin inkişafı ilə əlaqədar sərəncam və qərarların icra olunmasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn islahatların həyata keçirilməsinə, səhiyyənin, mədəniyyətin, idmanın və gənclər siyasətinin inkişafı istiqamətində əhəmiyyətli işlərin görülməsinə münbit şərait yaratmışdır. 2012-ci ildə də elmi-tədqiqat müəssisələrinin və digər əlaqəli qurumların elmi fəaliyyətinin təkmilləşdirməsi, elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yeniləşdirilməsi, pilot layihələrin maliyyələşdirilməsi ilə bağlı müvafiq məsələlərin həllinə nail olunmuş, kadr hazırlığı, habelə elmin inkişafı üzrə müxtəlif tədbirlər icra edilmişdir. Bundan əlavə, sosial müdafiə və sosial təminat üzrə əhalinin həssas qruplarının rifahının qorunması məqsədilə pensiya və müavinətlərin məbləğinin, ehtiyac meyarının artırılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və s. istiqamətlərdə kompleks tədbirlər həyata keçirilmişdir. Vurğulanmışdır ki, 2009-2012-ci illərdə sosial müdafiə və sosial təminat xərclərinin artım tempi bu dövrdə makroiqtisadi göstəricilərin artım tempinə müvafiq olmuş, bəzi hallarda onları üstələmişdir. 

İqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində büdcə vəsaitlərindən istifadə üzrə qeyd olunmuşdur ki, respublikada aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunması, bilavasitə iqtisadiyyatın real sektorunda və iqtisadi fəaliyyətin digər sahələrində əldə edilmiş irəliləyişlərlə sıx bağlı olmuşdur. Dövlət büdcəsində mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, ətraf mühitin mühafizəsi, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyətin digər sahələri üzrə xərclərin böyük həcmə malik olması dövlət büdcəsinin investisiya yönümlü olmasını xarakterizə edən və iqtisadi inkişafa təkan verən əsas amillərdən biri olmaqla iqtisadiyyatın real sektorunun dövlət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir. İqtisadiyyatın real sektoruna və iqtisadi fəaliyyətin ümumi sahələrinə 2012-ci ildə xərclənmiş vəsait 2011-ci ilin müvafiq göstəricisindən 2,3% çox olmuşdur. İqtisadi fəaliyyətlə bağlı xərclərin ÜDM-də xüsusi çəkisi 12,9%, dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi isə 40,0% təşkil etmişdir. Büdcə xərclərinin 40,0%-nin iqtisadi fəaliyyətlə bağlı sahələrə yönəldilməsi ölkəmizdə infrastruktur və sosial layihələrin reallaşdırılması, geniş miqyasda abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, böyük həcmdə tikinti və yenidənqurma işlərinin aparılmasına zəruri maliyyə təminatı yaratmışdır. 

Rəydə dövlət borcu və büdcə kəsirinin maliyyələşdirilməsi istiqaməti üzrə qeyd olunmuşdur ki, daxili və xarici dövlət borclanmalarının təsdiq edilmiş limitlərinə əməl edilmiş, bu sahədə icra faizləri əvvəlki ilin müvafiq göstəricilərinə uyğun olmuşdur. Xarici dövlət borclanması üzrə limitin səviyyəsinin tədricən enməsi dövlət borclanması zamanı son dövrlərdə daha çox daxili mənbələrə üstünlük verilməsi ilə, il ərzində daxili dövlət borcunun dinamikasının isə həm dövlət istiqrazları üzrə, həm də dövlət zəmanətilə verilmiş borc öhdəliklərinin və əvvəlki illərdə verilmiş zəmanətlər üzrə faktiki istifadənin həcmi ilə əlaqədar olduğu bildirilmişdir. Büdcə kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, xarici qrantlar və 2012-ci ilin 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı həyata keçirilmiş, dövlət büdcəsi kəsirinin 2012-ci ildə proqnoz göstəricilər üzrə dövlət büdcəsi gəlirlərinə nisbəti 3,7%, ÜDM-ə nisbəti 1,4%, faktiki göstəricilər üzrə isə müvafiq olaraq 0,3% və 0,8% olmuşdur.

Bütövlükdə aparılan araşdırmaların və analitik təhlillərin nəticələrini ümumiləşdirərək Hesablama Palatası belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim edilmişdir.

Hesablama Palatası tərəfindən Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsi tövsiyə olunmuşdur.



Rəy Hesablama Palatası Kollegiyasının 21 may 2013-cü il tarixli Q-68 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Yüklə 52,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə