Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 0,5 Mb.
səhifə6/7
tarix23.11.2017
ölçüsü0,5 Mb.
#11919
növüQaydalar
1   2   3   4   5   6   7

Yeddinci bölmə

 

Ailə qanunvericiliyinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətlərinə tətbiqi

 

Maddə 146. Azərbaycan Respublikası ərazisində nikahın bağlanması



 

146.1. Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

146.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir.

146.3. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 147. Diplomatik nümayəndəliklərdə və konsulluq idarələrində nikah bağlanması



 

147.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq bağlanır.

147.2. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

 

Maddə 148. Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın tanınması



 

148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

148.2. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

 

Maddə 149. Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması



 

Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması bu Məcəllənin 146 və 148-ci maddələrinə uyğun olaraq nikahın bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir.

 

Maddə 150. Nikahın pozulması



 

150.1. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

150.2. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

 

Maddə 151. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri



 

151.1. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşir, həmin ölkədə onların birgə yaşayış yeri olmadıqda, ər-arvad axırıncı dəfə hansı ölkənin ərazisində birgə yaşayıblarsa, həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmayan ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

151.2. Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, onların aliment tutulması barədə sazişdəki və ya nikah müqaviləsindəki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə bilərlər. Ər-arvad belə razılıq əldə etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə bu Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir.

 

Maddə 152. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması



 

152.1. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması üçün uşağın anadan olmağa görə və vətəndaşı sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir.

152.2. Azərbaycan Respublikasında atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə atalığın (analığın) müvafiq icra hakimiyyəti orqanında müəyyənləşdirilməsinə yol verilirsə, uşağın valideynləri Azərbaycan Respublikasında yaşamırlarsa və onlardan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, onların atalığı (analığı) müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluq idarəsinə müraciət etmək hüququ var.

 

Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri



 

Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər.

 

Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə üzvlərinin aliment vəzifələri



 

Ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq aliment alır.

 

Maddə 155. Övladlığa götürmə



 

155.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

155.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaq, övladlığa götürənin ölkəsinin (daimi yaşadığı ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa götürüldükdə, həmin ölkənin qanunvericiliyi ilə yanaşı, bu Məcəllənin 66.6-cı, 117-119-cu və 122—124-cü maddələrinə də əməl olunmalıdır.[43]

155.3. Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən övladlığa götürüldükdə, buna uşağın qanuni nümayəndəsinin və uşağın vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq zəruridir.

155.4. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa götürmə, övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq, həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır.

155.5. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycan Respublikasında etibarlı hesab edilir ki, buna Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın.[44]

 

Maddə 156. Xarici ölkələrin ailə hüquq normalarının məzmununun müəyyən edilməsi



 

156.1. Xarici ölkələrin ailə hüquq normaları tətbiq edilərkən məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhi tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir.

156.2. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədi ilə məhkəmə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan və sair orqanlar müvafiq icra hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər.[45]

156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək hüququna malikdirlər.

156.4. Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu Məcəllənin 156.1—156.3-cü maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

 

Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə məhdudiyyətlər



 

Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

 

 

Səkkizinci bölmə



 

Vətəndaşlıq vəziyyəti aktları

 

21-ci fəsil



Ümumi qaydalar

 

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması



 

158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.[46]

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

158.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər.[47]

 

Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar



 

159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.[48]

 

Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları



 

160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası



 

161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.[49]

161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

 

Maddə 162. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin bərpası



 

162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

162.2. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

 

Maddə 163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi



 

163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

 

Maddə 164. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması



 

164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır.

164.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.

164.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir.

164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir.

 

Maddə 165. Dövlət rüsumu



 

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət etmiş şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə dövlət rüsumunun ödənilmədiyi hallar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.[50]

 

22-ci fəsil

Doğumun qeydə alınması

 

Maddə 166. Doğumun qeydə alınması qaydası



 

166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır.

166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.[51]

166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür.

166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.[52]

 

Maddə 167. Doğum haqqında məlumatın verilməli olduğu müddət



 

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.[53]

 

Maddə 168. Doğum haqqında qeydiyyat



 

168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.[54]

168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır.

 

Maddə 169. Uşaq doğulanadək ölmüş atanın qeydiyyatı



 

Uşaq, onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs doğum haqqında qeydiyyata və şəhadətnaməyə bu şərtlə uşağın atası kimi yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.

 

Maddə 170. Nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olan uşağın doğulmasının qeydə alınması



 

Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır.

 

23-cü fəsil

Nikahın qeydə alınması

 

Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə



 

171.1. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir.

171.2. Nikaha daxil olmaq barədə ərizəyə, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə olunur.[55]

 

Maddə 172. Nikaha daxil olanların öz hüquq və vəzifələri ilə tanış edilməsi, nikahın qeyd gününün təyin olunması



 

172.1. Ərizəni qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməyə, bu şəxslərin bir-birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını yəqin etməyə, habelə gələcək ər-arvad və valideyn kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqla maneələrin gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur.

172.2. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq bu Məcəllənin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 ay tez olmayaraq təyin edilir. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olanlar nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlər.

 

Maddə 173. Nikahın qeyd edilməsinə maneələr olduğu haqqında ərizənin yoxlanması



 

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələr olduğu haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, ərizə verənə isə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Müəyyən edilmiş müddətdə əsaslı sübutlar təqdim olunmazsa, nikah haqqında qeydiyyat aparıla bilər.

 

Maddə 174. Nikahın qeydə alınması



 

Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır.[56]

 

Maddə 175. Nikah haqqında şəhadətnamənin verilməsi



 

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.

 

24-cü fəsil

Övladlığa götürmənİn qeydə alınması

 

Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası



 

176.1. Övladlığa götürmə barədə qeydiyyat övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanında aparılır.[57]

176.2. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməyə borcludurlar.[58]

 

Maddə 177. Övladlığa götürülənin doğulması haqqında akt yazılarına dəyişikliklər edilməsi



 

Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.

 

Maddə 178. Akt yazılarının ləğv edilməsi və övladlığa götürmə haqqında yazılarda qeydlər



 

178.1. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında yazılarda övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda övladlığa götürülənin doğulması haqqında qeydlərdə övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir.

178.2. Övladlığa götürmə uşağın valideynlərinin xahişi ilə ləğv edilmişsə, uşağın valideynləri, övladlığa götürmə müvafiq icra hakimiyyəti orqanının tələbi ilə ləğv edilmişsə, bu orqan övladlığa götürmə qeydini ləğv etmə haqqında məlumat verə bilər.

 

25-ci fəsil



Nİkahın pozulmasının qeydə alınması

 

Maddə 179. Nikahın pozulmasının qeydə alınma yeri



 

Ərizə əsasında nikahın pozulmasını ər-arvaddan və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.[59]

 

Maddə 180. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması



 

180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır.

180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.[60]

 

Maddə 181. Ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması



 

181.1. Qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar.

181.2. Nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır.

 

Maddə 182. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması



 

182.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə vermiş ər (arvad) həmin ərizəyə arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllılıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini, yaxud da arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı əlavə etməlidir.KMQ1

KMQ1182.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir.[61]

 

Maddə 183. Nikahın pozulması qeydə alınarkən ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi



 

Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır.

 

Maddə 184. Nikahın pozulması haqqında şəhadətnamə verilməsi



 

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamələr verilir.

 

Maddə 185. Nikahın pozulmasının qeydə alınması haqqında ərə (arvada) və nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi



 

Müvafiq icra hakimiyyəti orqanı ərin (arvadın) yaşayış yeri məlum olduqda ona, habelə nikahın qeydə alındığı yerdə müvafiq icra hakimiyyəti orqanına nikahın pozulmasının qeydə alınması haqqında məlumat verməyə borcludur.

 

26-cı fəsil


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə