Azərbaycan Respublikasının Ailə Məcəlləsi


Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu



Yüklə 435,25 Kb.
səhifə5/7
tarix21.04.2018
ölçüsü435,25 Kb.
#39765
1   2   3   4   5   6   7

Maddə 115. Valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu

115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

115.2. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə, uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur.

115.3. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə, 7 gün müddətində müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməyə borcludurlar.

115.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində göstərilmiş məlumatları aldıqdan sonra bir ay ərzində uşağın yerləşdirilməsini təmin edir, bu, mümkün olmadıqda isə həmin uşaq haqqında sənədləri bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş uçota alınmaq üçün göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

115.5. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir.

115.6. Valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçotunun aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

115.7. Bu Məcəllənin 115.2—115.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə görə, eləcə də uşağı ailə tərbiyəsinə verməməyə yönəldilmiş digər hərəkətlərə görə bu Məcəllənin 115.3-cü maddəsində göstərilmiş müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər. (5)



Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi

116.1. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə), bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər.

116.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər.

116.3. Uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır.

116.4. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu Məcəllənin 116.1-ci maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.

XIX fəsil. Övladlığa götürmə

Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar

117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.

117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.

117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

117.4. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

117.5. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.

117.6. Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.

117.7. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir. (5)

Maddə 118. Övladlığa götürmə qaydası

118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.

118.2. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

118.4. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.

118.5. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək yolverilməzdir.

118.6. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.

118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir.

118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (5)

Maddə 119. Övladlığa götürülən uşaqların və övladlığa götürməyi arzu edən şəxslərin uçotu

119.1. Övladlığa götürülən uşaqların uçotu bu Məcəllənin 115.5-ci maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.

119.2. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

119.3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.



Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər

120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:

120.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;

120.1.2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;

120.1.3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;

120.1.4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;

120.1.5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.

120.2. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

120.3. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Maddə 121. Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi

121.1. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.

121.2. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə bu Məcəllənin 121.1-ci maddəsində nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir.

Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı

122.1. Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər.

122.2. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər.

122.3. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər.

122.4. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü zaman məhkəməyə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir. Uşağın ögey ata (ögey ana) tərəfindən övladlığa götürüldüyü hallarda bu cür rəy tələb olunmur. (5)

Maddə 123. Valideynlərin razılığı olmadan övladlığa götürmə

123.1. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.

123.2. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların (himayəçilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin və uşaqların özlərinin razılığı

124.1. Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumların (himayəçilərin) yazılı razılığı olmalıdır.

124.2. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin yazılı razılığı lazımdır.

124.3. Tərbiyə, müalicə, ailənin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşən uşaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərləri yazılı razılıq verməlidirlər.

124.4. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu Məcəllənin 124.1—124.3-cü maddələrində göstərilən şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər.

124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir.

124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər.

Maddə 125. Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi

125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.

125.2. Övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin və ya arvadın soyadı verilir.

125.3. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər.

125.4. Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.

Maddə 126. Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi

126.1. Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər.

126.2. Övladlığa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər.

126.3. Övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir.



Maddə 127. Övladlığa götürənlərin övladlığa götürülənin valideynləri kimi yazılması

127.1. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər.

127.2. Bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı lazımdır.

127.3. Övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.



Maddə 128. Tərbiyəçi öldükdə övladlığa götürmənin təsdiqi

Tərbiyəçi öldükdə övladlığa götürmə faktı məhkəmə qaydasında müəyyən oluna bilər, yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun.



Maddə 129. Valideynlərin ölümünə görə pensiya və ya müavinət hüququnun saxlanması

Övladlığa götürülmə vaxtınadək ailə başçısını itirməyə görə pensiya, dövlət müavinəti almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar bu hüququ övladlığa götürüldükdən sonra da saxlayırlar.



Maddə 130. Övladlığa götürmənin gizli saxlanması

130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.

130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.



Maddə 131. Övladlığa götürmənin ləğv edilməsi

131.1. Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir.

131.2. Övladlığa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının və müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır.

131.3. Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir.

131.4. Məhkəmə övladlığa götürmənin ləğv olunması barədə qətnamə qüvvəyə mindikdən sonra 3 gün ərzində həmin qətnamədən çıxarışı övladlığa götürmənin dövlət qeydiyyatına alındığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. (5)

Maddə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları

132.1. Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:

132.1.1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;

132.1.2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

132.1.3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

132.1.4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

132.2. Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.

Maddə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar

Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.



Maddə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının hüquqi nəticələri

134.1. Övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

134.2. Övladlığa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.

134.3. Uşaq övladlığa bir nəfər tərəfindən götürüldükdə, əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər qadındırsa,—atanın arzusu ilə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.

134.4. Uşağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş valideynin atasının və ya anasının (uşağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər. Ölən valideynin qohumlarının övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu Məcəllənin 62-ci maddəsinə uyğun həyata keçirilir.

134.5. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində övladlığa götürülənin valideynlərindən biri və ya ölmüş valideynin qohumları ilə münasibətlərin saxlanması barədə qeyd olunur.

134.6. Bu Məcəllənin 128.1 və 128.2-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələr övladlığa götürən şəxslərin uşağın doğum haqqında akt qeydində onun valideynləri qismində yazılmasından asılı olmadan yaranır.

134.7. Məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

134.8. Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

134.9. Bu halda uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.

134.10. Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını da həll edir.

134.11. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər.

134.12. Məhkəmə uşağın mənafeyinə uyğun olaraq, bu Məcəllənin 76—78-ci maddələrində qeyd edilən vəsaitin keçmiş övladlığa götürəndən tutulub uşağa verilməsi haqqında qətnamə qəbul edə bilər.

134.13. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə qaytarılan uşaq bu Məcəllənin 114-116-cı maddələrinə uyğun olaraq yenidən uçota alınır və müəyyən olunmuş qaydada yerləşdirilir. (5)

Maddə 135. Övladlığa götürmənin ləğvinin yolverilməzliyi

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.



XX fəsil. Uşaqlar üzərində qəyyumluq və himayə

Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar

136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədi ilə müəyyən olunur.

136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.

136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.



Maddə 137. Uşaqların qəyyumu (himayəçisi)

137.1. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər.

137.2. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır.

137.3. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin 120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər.



Maddə 138. Tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlar üzərində qəyyumluq (himayə) təyin edilməsi

138.1. Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir.

138.2. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır.

138.3. Qəyyumluq və himayə orqanları uşağın bu Məcəllənin 138.1-ci maddəsində göstərilən müəssisələrdə saxlanmasına, tərbiyə və təhsilinə daimi nəzarət edir.

138.4. Bu Məcəllənin 138.1-ci maddəsində göstərilən müəssisələrin məzunlarının hüquqlarının qorunması qəyyumluq və himayə orqanına həvalə edilir.

Maddə 139. Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları

139.0. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar aşağıdakı hüquqlara malikdirlər:

139.0.1. qəyyumun (himayəçinin) ailəsində tərbiyə almaq, onlardan qayğı almaq, qəyyum (himayəçi) ilə birlikdə yaşamaq;

139.0.2. onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan ləyaqətinə hörmət edilməsi üçün şəraitlə təmin olunmaq;

139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq;

139.0.4. yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq;

139.0.5. bu Məcəllənin 51-ci maddəsinə uyğun qəyyumun (himayəçinin) sui-istifadə hərəkətlərindən müdafiə olunmaq;

139.0.6. bu Məcəllənin 50-ci və 52-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək.



Yüklə 435,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə