Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


V fəsil. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası



Yüklə 0,55 Mb.
səhifə2/6
tarix17.11.2018
ölçüsü0,55 Mb.
#80970
1   2   3   4   5   6

V fəsil. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası

Maddə 28. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası

28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

28.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

28.3. Əgər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş şəxsə əlavə cəza kimi təyin edilmişsə və hökmü icra edən orqan həmin əlavə cəzanı icra etməmişsə, hökmün surətini məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

28.4. Cəzanın icrası müddətində məhkum müddətli həqiqi hərbi xidmətə çağırılarsa və ya hərbi xidmətə qəbul edilərsə, icra məmurunı hökmün surətini cəzanın icrası üçün müvafiq hərbi komissarlığa və ya məhkumun xidmət yerinə göndərir.

Maddə 29. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri

29.1. İşəgötürən hökmün surətini aldığı gündən sonra üç gün ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verir və məhkəmənin hökmünə uyğun olaraq məhkumun əmək kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir. Hökmü çıxarmış məhkəməyə bu barədə dərhal məlumat verilir.

29.2. İşəgötürən hökmə zidd olmadıqda məhkumun razılığı ilə ona başqa vəzifə və ya başqa fəaliyyət növü ilə məşğul olmaq imkanı yarada bilər.

29.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs əmək müqaviləsi bağlayarkən onun əmək kitabçasında müvafiq qeyd olmadıqda işəgötürən bu cəzanın icrasına nəzarət edən müvafiq icra məmurunın təqdimatı ilə məhkəmənin hökmünə uyğun olaraq həmin əmək kitabçasında onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir.

29.4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza çəkmiş, yaxud qanunla müəyyən edilmiş qaydada bu cəzadan azad edilmiş şəxsə onun xahişi ilə əmək kitabçası əvəzinə bu kitabçanın cəza haqqında qeyd yazılmış dublikatı verilir.

Maddə 30. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum olunmuş şəxslər əsas cəzanı çəkərkən, cəzanı icra edən müəssisə və ya orqan bu şəxsləri hökmdə qadağan edilmiş işlərə cəlb edə bilməz.



Maddə 31. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı məhkəmə icrasının vəzifələri

31.0. Məhkumun yaşadığı yerin icra məmuru:

31.0.1. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmünün tələblərinə məhkumun riayət etməsinə nəzarət edir;

31.0.2. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmündə nəzərdə tutulan tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır.



Maddə 32. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddətinin hesablanması

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza ictimai işlərə, islah işlərinə, habelə şərti məhkum etməyə əlavə cəza kimi təyin edildiyi hallarda, əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə cəza kimi təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.



Maddə 33. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icra edilməməsinin nəticələri

33.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs hökmdə görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud hökmlə ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda icra məmuru işəgötürənə məlumat verərək, məhkumun hökmlə qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir.

33.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkum cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, habelə vəzifəli şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanı qərəzli icra etmədikdə onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil. İctimai işlər növündə cəzanın icrası

Maddə 34. İctimai işlər növündə cəzanın icrası qaydası

34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.

34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar.

34.3. Icra məmuru məhkumların qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, məhkumların davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.



Maddə 35. İctimai işlər növündə cəzanın çəkilməsi və icrası şərtləri

35.1. Məhkumlər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır.

35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.



Maddə 36. İctimai işlər növündə cəzanın müddətinin hesablanması

36.1. İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır.

36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzürlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər.

Maddə 37. İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri

İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürən məhkumlar üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.



Maddə 38. İctimai işlər növündə cəza çəkən şəxslərin məsuliyyəti

38.1. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

38.2. Məhkum ictimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzanın azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

Maddə 39. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçırma

39.0. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar.

39.0.1. üzürsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar;

39.0.2. ayda iki dəfədən çox cəzanın icrası yerlərində əmək intizamını pozanlar;

39.0.3. cəzanı çəkməmək məqsədilə gizlənənlər.

VII fəsil. İslah işləri növündə cəzanın icrası

Maddə 40. İslah işləri növündə cəzanın icrası yeri

İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir.



Maddə 41. İslah işləri növündə cəzanın icrası qaydası

41.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər.

41.2. Hökm çıxarıldıqdan sonra ağır xəstəliyə düçar olmuş məhkumlar və ya onların qanuni nümayəndələri cəzanın bu növünü daha yüngül cəza növü ilə əvəz etmək haqqında məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Həmin müraciət məhkəmə tərəfindən həll edilənədək göstərilən şəxslər islah işlərini çəkməyə cəlb edilmirlər.

Maddə 42. İslah işləri növündə cəzanın icrasının təşkili

42.1. İslah işləri növündə cəza çəkən məhkumların islah edilməsi onların ictimai-faydalı əməkdə iştirakı əsasında həyata keçirilir. Cəzanın çəkildiyi yer üzrə işəgötürən məhkumun davranışına nəzarət edir və onunla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir.

42.2. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəza çəkmək üçün müəyyən edilmiş qaydaya riayət etməli, cəzanın bu növünü icra edən icra məmurunın çağırışına gəlməlidirlər. Üzürlü səbəblər olmadan bu tələbə əməl edilmədikdə, məhkum məcburi gətirilə bilər. Məcburi gətirilmə məhkəmənin qərarı ilə həyata keçirilir.

Maddə 43. İslah işləri növündə cəzanın icra edilməsi

43.1. İslah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir.

43.2. Icra məmuru islah işləri növündə cəzaya məhkum olunmuş şəxs barəsində hökmün surətini və göstərişi aldıqdan sonra üç gün müddətində hökmün surətini və müəyyən edilmiş formada bildirişi işəgötürənə göndərir. Məhkum əvvəlki iş yerindən getdikdə və heç yerdə işləmədikdə, icra məmuru məhkuma üç ay müddətində işə girməyi təklif edir və zəruri olduqda ona işə düzəlməkdə kömək edir. Göstərilən müddətdə məhkum üzürlü səbəblər olmadan işə girmədikdə, onun barəsində bu Məcəllədə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.

43.3. İşsiz məhkum özü işə düzəlməli və ya icra məmurunın iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz.



Maddə 44. İslah işləri növündə cəzanın icrası şərtləri

44.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur.

44.2. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir.

44.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.



Maddə 45. İslah işləri növündə cəzanın icrası müddətinin hesablanması

45.1. İslah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır.

45.2. Məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün bu Məcəllə ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir.

45.3. Məhkumun üzürlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq onun əmək haqqı saxlandığı vaxt cəzanın icrası müddətinə hesablanır. Tibbi sənədlərlə təsdiq edilmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi vaxt, habelə sosial məzuniyyətlərdə olma vaxtı bu müddətə daxil edilir.

45.4. Kənd təsərrüfatı müəssisələrində məhkumların işlədikləri günlərin ümumi sayı təsərrüfat üzrə işçilər üçün müəyyən edilmiş illik minimumdan və ya onun ayrı-ayrı dövrləri üzrə minimumdan aşağı olmadıqda, obyektiv səbəblərə görə onlara iş verilməyən vaxt da cəzanın çəkilməsi müddətinə hesablanır.

45.5. İslah işləri növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti islah işləri növündə cəzanın icrası müddətinə hesablanmır.



Maddə 46. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar

46.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır.

46.2. Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur.

46.3. Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır.

46.4. Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir.

46.5. Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır.

46.6. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv olunduqda və ya dəyişdirildikdə məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.

Maddə 47. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürənin vəzifələri

47.0. İslah işləri növündə cəzanın icrası yeri üzrə işəgötürən:

47.0.1. məhkəmə hökmünün məzmununu əmək kollektivinin nəzərinə çatdırır;

47.0.2. iş yeri üzrə məhkumların davranışına nəzarət edir və onlarla tərbiyə işinin aparılmasında icra məmuruna kömək edir;

47.0.3. məhkumların əmək intizamına riayət etməsinə nəzarət edir, onlara ixtisaslarının artırılmasında kömək edir;

47.0.4. məhkum barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi və məhkumun cəza çəkməkdən boyun qaçırması, başqa işə keçməsi və ya işdən azad olması haqqında əvvəlcədən icra məmuruna məlumat verir;

47.0.5. məhkumun qazancından dövlət nəfinə tutulmaları düzgün və vaxtında aparır və tutulmuş məbləğləri müəyyən edilmiş qaydada dövlət nəfinə keçirir;

47.0.6. islah işləri növündə cəzanın icrası üçün bu Məcəllədə nəzərdə tutulmuş şərtləri yerinə yetirir.



Maddə 48. İslah işləri növündə cəzanı icra edən icra məmurunın vəzifələri

48.0. İslah işləri növündə cəzanı icra edən icra məmuru:

48.0.1. islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərə zəruri hallarda işə düzəlməkdə köməklik göstərir;

48.0.2. məhkumların qazancından tutulmaların düzgün aparılmasına və cəzanın icrası üçün bu Məcəllədə müəyyən edilmiş şərtlərə işəgötürən tərəfindən riayət olunmasına nəzarət edir;

48.0.3. məhkumlarla tərbiyə işini aparır;

48.0.4. məhkumlar barəsində bu Məcəllədə nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;

48.0.5. məhkum olunmuş şəxslərin fərdi qeydiyyatını aparır;

48.0.6. yeri məlum olmayan məhkumların müəyyən olunmuş qaydada axtarışını təşkil edir.



Maddə 49. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində işəgötürənin tətbiq etdiyi mükafatlandırma və intizam tənbehi tədbirləri

İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mükafatlandırma və intizam tənbehi tədbirləri tətbiq edilir.



Maddə 50. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilən həvəsləndirmə tədbirləri

Nümunəvi davranışına görə məhkumə icra məmuru tərəfindən təşəkkür elan edilə və ya əvvəllər verilmiş tənbeh götürülə bilər.



Maddə 51. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilən tənbeh tədbirləri

51.1. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, icra məmuru məhkuma xəbərdarlıq və ya töhmət növündə tənbeh verə bilər.

51.2. Tənbeh verilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın aşkara çıxarıldığı gündən bir ay keçdikdən sonra məhkuma tənbeh verilə bilməz. Məhkum ona verilmiş tənbehdən yuxarı vəzifəli şəxsə şikayət edə bilər.

51.3. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı çəkməkdən boyun qaçırdıqda, icra məmuru onlara rəsmi xəbərdarlıq edir.

51.4. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər rəsmi xəbərdarlıqdan sonra cəzanı çəkməkdən qəsdən boyun qaçırdıqda, icra məmuru Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq islah işlərinin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında məhkəməyə təqdimat verir.

VIII fəsil. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası

Maddə 52. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası yeri

52.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər cəzanı bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən xüsusi müəssisələrdə çəkirlər.

52.2. Cəzaları azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz edilmiş məhkumlar cəzanı çəkmək üçün digər xüsusi müəssisələrə göndərilə bilərlər.

52.3. Azadlığın məhdudlaşdırılması növündə cəzanı icra edən xüsusi müəssisənin müdiriyyəti cəza çəkmək üçün göndərilən şəxslərin əmək və məişət təminatına köməklik göstərməlidirlər.



Maddə 53. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerlərinə göndərilməsi

53.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və ya cəzaları bu cəza növü ilə əvəz edilmiş şəxslər cəzanın icrası yerlərinə müstəqil gedirlər. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti və ya icra məmuru məhkəmənin hökm və ya qərardadına əsasən məhkuma cəzanın icrası yerinə getmək haqqında göstəriş təqdim edir. Göstərişi alan məhkum göstərişdə müəyyən edilən vaxtda cəzanın icrası yerinə gəlməlidir.

53.2. Məhkum cəzanın icrası yerinə getmək haqqında göstərişi almaqdan və ya cəzanın icrası yerinə getməkdən, habelə digər formada cəzanın çəkilməsindən boyun qaçırarsa, bu halda məhkum məhkəmənin qərarı ilə polis orqanları tərəfindən yeddi gün müddətinə tutulur.

53.3. Tutulduqdan sonra məhkum, müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunan şəxslər üçün müəyyən edilmiş qaydada cəzanın icrası yerinə göndərilir və onun cəza çəkməkdən qərəzli boyun qaçırması müəyyən edildikdə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verilir.

53.4. Xüsusi müəssisənin müdiriyyəti tərəfindən məhkum qeydiyyata alındıqdan sonra ona beş gün müddətədək ailəsi ilə görüşmək üçün icazə verilə bilər.

53.5. Ailəsi ilə görüşməyə icazə verilmiş məhkum müəyyən olunmuş vaxtda xüsusi müəssisəyə qayıtmadıqda məhkəmənin qərarı ilə polis orqanı tərəfindən tutulur.



Maddə 54. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin hesablanması

54.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun xüsusi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanır.

54.2. Hökm qanuni qüvvəyə minənədək məhkumun qətimkan tədbiri kimi həbsdə saxlandığı müddət həbsin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabərləşdirilməklə hesablanır.

54.3. Məhkumun bir gündən artıq üzürsüz səbəbdən xüsusi müəssisəyə gəlməməsi vaxtı cəza müddətinə hesablanmır.



Maddə 55. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası qaydası

55.1. Cəzanı icra edən orqanların təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanları xüsusi müəssisədə cəza çəkən məhkumların hərəkət edəcəyi ərazi sərhədini müəyyən edir.

55.2. Azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər nəzarət altında olur və onlar:

55.2.1. normativ hüquqi aktların tələblərini yerinə yetirməli;

55.2.2. müdiriyyətin icazəsi olmadan xüsusi müəssisənin ərazisini tərk etməməli;

55.2.3. onlar üçün nəzərdə tutulmuş yataqxananın kommunal-məişət xərclərini ödəməli və xüsusi müəssisənin müdiriyyətinin icazəsi olmadan oranı tərk etməməli;

55.2.4. xüsusi müəssisədə abadlaşdırma işlərində iş vaxtından əlavə, həftədə iki saatdan artıq olmayaraq növbə ilə ödənişsiz iştirak etməli;

55.2.5. müəyyən edilmiş nümunədə şəxsiyyəti təsdiq edən sənəd daşımalıdırlar.

55.3. Məhkumlar, onların saxlandığı yerlər və əşyaları yoxlanıla bilər.

55.4. Xüsusi müəssisədə Daxili İntizam Qaydaları ilə qadağan edilmiş əşya və malların məhkumlar tərəfindən alınmasına, saxlanılmasına və istifadəsinə yol verilmir. Belə əşya və mallar məhkumlarda aşkar olunarsa, onlar xüsusi müəssisənin müdiriyyətinin qərarı ilə götürülüb ya məhv edilir, ya da məhkumlar cəza çəkməkdən azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir.

55.5. Xüsusi müəssisənin Daxili İntizam Qaydalarını pozmayan ailəli məhkumlara xüsusi müəssisənin müdiriyyətinin qərarı ilə ailəsi ilə icarəyə götürülmüş və ya şəxsi yaşayış sahəsində yaşamağa icazə verilir. Belə məhkumların hər ay bir dəfədən dörd dəfəyə qədər xüsusi müəssisədə qeydiyyatdan keçməsi xüsusi müəssisənin müdiriyyətinin qərarı ilə müəyyən edilir.

55.6. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərə cəzanın icrası yeri üzrə inzibati ərazi vahidində yerləşən ali, orta ixtisas təhsil müəssisələrində qiyabi təhsil almağa icazə verilir.

55.7. Məhkumlara tibbi yardım xüsusi müəssisənin yerləşdiyi və ya bu əraziyə daha yaxın yerləşən səhiyyə müəssisələrində göstərilir. (3)

Maddə 56. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin əməyi

56.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər xüsusi müəssisənin yerləşdiyi inzibati ərazi vahidi hüdudlarında işləməlidirlər.

56.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin əməyi əmək qanunvericiliyi ilə tənzimlənir. (1, 3)

Maddə 57. Xüsusi müəssisənin müdiriyyətinin vəzifələri

57.1. Xüsusi müəssisənin müdiriyyəti:

57.1.1. məhkumların qeydiyyatını aparır;

57.1.2. cəzanın icrasının qayda və şərtlərini məhkumlara izah edir;

57.1.3. məhkumların məişət təminatını təşkil edir;

57.1.4. cəzanın icrasının qayda və şərtlərinə riayət edilməsinə nəzarət edir;

57.1.5. məhkumlarla tərbiyəvi iş aparır;

57.1.6. bu Məcəllə ilə müəyyən edilən həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;

57.1.7. məhkumun cəza çəkməkdən azad edilməsi ilə əlaqədar hazırlıq işi aparır.

57.2. Göstərilmiş vəzifələrin yerinə yetirilməsi qaydası bu Məcəllə, habelə digər normativ hüquqi aktlarla müəyyən edilir.



Maddə 58. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin işlədikləri yer üzrə işəgötürənin vəzifələri

58.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin işlədikləri yer üzrə işəgötürən məhkumların əməyini əmək qanunvericiliyinə uyğun təşkil edir və onların islah edilməsində iştirak edir.

58.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərin işlədikləri yer üzrə işəgötürən onları işdən azad etdikdə bu barədə xüsusi müəssisənin müdiriyyətinə məlumat verməlidir.

Maddə 59. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərlə tərbiyə işi

59.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərlə xüsusi müəssisənin müdiriyyəti, ictimaiyyət və məhkumların işlədiyi yer üzrə işəgötürən tərəfindən tərbiyə işi aparılır.

59.2. Məhkumların tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı həvəsləndirilir və onların islah edilməsi müəyyən olunarkən nəzərə alınır.

Maddə 60. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər barəsində tətbiq edilən həvəsləndirmə tədbirləri

60.0. Nümunəvi davranışa və əməyə vicdanlı münasibətə görə xüsusi müəssisənin müdiriyyəti azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edə bilər:

60.0.1. təşəkkür elan etmək;

60.0.2. verilmiş tənbehi vaxtından əvvəl götürmək;

60.0.3. iş günü hesab edilməyən bayram və istirahət günlərinin xüsusi müəssisənin ərazisinin sərhədlərindən kənarda keçirilməsinə icazə vermək;

60.0.4. iş yeri üzrə əsas məzuniyyəti xüsusi müəssisənin ərazisinin sərhədlərindən kənarda keçirilməsinə icazə vermək. (10)



Maddə 61. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər barəsində tətbiq edilən tənbeh tədbirləri

61.0. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası qaydalarını pozduqda, xüsusi müəssisənin müdiriyyəti onlar barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edə bilər:

61.0.1. xəbərdarlıq;

61.0.2. töhmət;

61.0.3. müəyyən olunmuş vaxtlarda yataqxanadan kənara çıxmağa bir ayadək müddətə qadağan qoymaq;

61.0.4. beş günədək müddətə intizam təcridxanasına salmaq.



Maddə 62. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətdiq edilməsi qaydaları

62.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər barəsində həvəsləndirmə və tənbeh tədbirləri yazılı şəkildə verilir.

62.2. Tənbeh tədbirləri tətbiq edilərkən, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və onun xəta törədənədək davranışı nəzərə alınır. Tənbeh məhkumun törətdiyi xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbiri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa, onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq müddətə tətbiq edilir. Tənbehin icrası bir qayda olaraq dərhal, müstəsna hallarda isə, onun tətbiq edildiyi gündən bir aydan gec olmayaraq həyata keçirilir. Eyni zamanda törədilmiş bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir.

62.3. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək hüququna xüsusi müəssisənin müdiriyyəti malikdir.



Maddə 63. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma

63.0. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma aşağıdakı hallar hesab olunur:

63.0.1. məhkumun üzürsüz səbəbdən müəssisəyə vaxtında gəlməməsi və ya qayıtmaması;

63.0.2. məhkumun xüsusi müəssisənin ərazisini icazəsiz tərk etməsi.



Maddə 64. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər üzərində nəzarət

64.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər üzərində nəzarət xüsusi müəssisənin müdiriyyəti tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlarla müəyyən edilir.

64.2. İctimai qaydanın pozulmasının qarşısının alınması məqsədi ilə barəsində tənbeh tədbirlərinin tətbiqi haqqında məsələnin həllinə qədər məhkum iyirmi dörd saatdan çox olmayan müddətə intizam təcridxanasına salına bilər.

III bölmə. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə