Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 1,01 Mb.
səhifə4/13
tarix14.02.2018
ölçüsü1,01 Mb.
#26977
1   2   3   4   5   6   7   8   9   ...   13

Cəzaçəkmə müəssİsələrİndə rejİm


Maddə 74. Cəzaçəkmə müəssisələrində rejim və onun əsas tələbləri

74.1. Cəzaçəkmə müəssisələrində rejim qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası və çəkilməsi qaydasıdır. Rejim məhkumların mühafizəsini və təcrid olunmasını, onlara daim nəzarət edilməsini, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsini, onların hüquq və azadlıqlarının həyata keçirilməsini, işçi heyətinin və məhkumların şəxsi təhlükəsizliyini, müxtəlif kateqoriyalı məhkumların bir-birindən ayrı saxlanılmasını, cəzaçəkmə müəssisəsinin məhkəmə tərəfindən təyin edilmiş növündən asılı olaraq, müxtəlif saxlanılma şəraitini, cəzanın icrası şərtlərinin dəyişdirilməsini təmin edir.

74.2. Cəzaçəkmə müəssisələrində müdiriyyət tərəfindən cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında nəzərdə tutulmuş və məhkumlar üçün yerinə yetirilməsi məcburi olan gün bölgüsü müəyyən edilir.36

74.3. Cəzaçəkmə müəssisələrində məhkumlar müəyyən olunmuş eyni formalı paltar geyinirlər. Geyim forması cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

74.4. Cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır.

74.5. Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. 37

74.6. Bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır. 38

Maddə 75. Cəzaçəkmə müəssisələrində texniki nəzarət vasitələri

75.1. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlar tərəfindən cəzanın icrası yerindən qaçmanın və başqa cinayətlər törədilməsinin, cəzanın icrası qaydalarının pozulmasının qarşısını almaq, məhkumların davranışı haqqında məlumatlar əldə etmək üçün video və səsyazmadan, elektron və digər texniki vasitələrdən istifadə etmək hüququna malikdir.

75.2. Texniki nəzarət vasitələrinin tətbiq edilməsi, o cümlədən bu vasitələrin onların həyat və sağlamlıqları üçün təhlükə yaradacağı barədə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumları yazılı şəkildə xəbərdar edir.

75.3. Texniki nəzarət vasitələrindən istifadə qaydası normativ hüquqi aktlarla müəyyənləşdirilir.

75.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlara, onların üst-başına, əşya və geyimlərinə, həmçinin cəzaçəkmə müəssisəsinin ərazisindəki binalara baxış və onlarda axtarış keçirə bilər. Şəxsi axtarış məhkumlarla eyni cinsdən olan şəxs tərəfindən aparılır. Təxirəsalınmaz hallarda məhkumların yaşadığı binalarda gecə baxışı aparıla bilər.

75.5. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti bu müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş siyahı üzrə qadağan olunmuş əşya və sənədləri götürmək hüququna malikdir. 39

75.6. Baxış və axtarış tədbirlərinin keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

Maddə 76. Cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti

76.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyəti həyata keçirilir. Cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:

76.1.1. işçi heyətinin, məhkumların və başqa şəxslərin təhlükəsizliyini təmin etmək;

76.1.2. cəzanın icrası qaydalarının pozulması hallarını aşkar etmək, cəzaçəkmə müəssisələrində hazırlanan və törədilən cinayətlərin qarşısını almaq və onları açmaq;

76.1.3. cəzaçəkmə müəssisələrindən qaçmış, həmçinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən boyun qaçıran şəxsləri müəyyən edilmiş qaydada axtarmaq;

75.1.4. məhkumların törətdikləri digər cinayətlərin aşkar edilməsi və açılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərmək.

76.2. Cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətini cəzaçəkmə müəssisəsinin müdiriyyəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə aid edilmiş cinayət işlərinin təhqiqatı üzrə əməliyyat-axtarış fəaliyyətini cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birgə həyata keçirirlər.

76.3. Cəzaçəkmə müəssisəsində əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.



Maddə 77. Cəzaçəkmə müəssisələrində fövqəladə hallarda saxlanma şəraitinin xüsusiyyətləri

77.1. Cəzaçəkmə müəssisələrində müdiriyyətin, işçi heyətinin və ya məhkumların həyatı və sağlamlığı üçün təhlükə yaradan kütləvi iğtişaşlar, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən xüsusi saxlanma şəraiti tətbiq edilə bilər və ya məhkumlar eyni rejimli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.

77.2. Cəzaçəkmə müəssisələrində xüsusi saxlanma şəraitinin tətbiqi dövründə məhkumların bu Məcəllədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsi, istehsal, kommunal-məişət, mədəni-maarif, tibbi-sanitar və başqa xidmətlərin fəaliyyəti bu Məcəllənin 77.1-ci maddəsində göstərilən hallar aradan qaldırılanadək məhdudlaşdırıla bilər. Bu müddət ərzində məhkumlara görüş verilməsi dayandırılır və cəzaçəkmə müəssisəsinə buraxılış xüsusi qaydada həyata keçirilir.

77.3. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən cəzaçəkmə müəssisələrində xüsusi saxlanma şəraitinin tətbiqi Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə də həyata keçirilə bilər. Bu halda qəbul edilmiş qərarın təsdiqi üçün dərhal Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

77.4. Təxirəsalınmaz hallarda cəzaçəkmə müəssisələrinin müdiriyyəti bu Məcəllənin 77.2-ci maddəsində nəzərdə tutulan tədbirləri müstəqil həyata keçirir və bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Maddə 78. Cəzaçəkmə müəssisələrində təhlükəsizlik tədbirləri və onların tətbiqinin əsasları

78.1. Cəzaçəkmə müəssisələrinin işçi heyətinin qanuni tələblərinə tabe olmayan, onlara müqavimət göstərən, kütləvi iğtişaşlarda, insanların girov götürülməsində iştirak edən, vətəndaşlara hücum edən və ya digər ictimai təhlükəli hərəkətlər törədən məhkumlara, həmçinin məhkumların cəzaçəkmə müəssisəsindən qaçması və ya qaçanların tutulması zamanı göstərilən hüquqazidd hərəkətlərin, habelə bu məhkumların ətrafdakı insanlara və ya özlərinə ziyan vurmasının qarşısının alınması, hazırlanan və ya törədilən cinayətlərin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri (fiziki qüvvə, xüsusi vasitələr, xidməti itlər və odlu silah) tətbiq edilə bilər.

78.2. Cəzaçəkmə müəssisələrində qalmaqal salan məhkumlara qarşı əl qandalı, işçi heyətinə fiziki müqavimət göstərən və ya digər zorakılıq hərəkətləri edən, habelə mühafizə altından qaçan məhkumlara qarşı isə fiziki qüvvə, xüsusi vasitələr və xidməti itlər tətbiq edilə bilər.

78.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzaçəkmə müəssisələrinin işçi heyətinin və ya başqa şəxslərin həyatı üçün bilavasitə təhlükə törədən basqınlar, yaxud da qəsdən başqa hərəkətlər etdikdə, habelə mühafizə altından qaçdıqda, göstərilən hərəkətlərin qarşısını başqa tədbirlərlə almaq mümkün olmadıqda, müstəsna tədbir kimi odlu silah tətbiq edilməsinə yol verilir. Qadınlar və yetkinlik yaşına çatmayan şəxslər cəzaçəkmə müəssisəsindən qaçdıqda, onlara qarşı odlu silah tətbiq edilməsinə yol verilmir.

78.4. Odlu silah tətbiq edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

78.5. Cəzaçəkmə müəssisəsində təhlükəsizlik tədbirlərinin tətbiqi qaydası qanunvericiliklə müəyyən edilir.

XI fəsil


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə