Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərİn əməyİ, İlk peşə-ixtisas təhsİlİ və peşə hazırlığı 62



Yüklə 1,01 Mb.
səhifə6/13
tarix14.02.2018
ölçüsü1,01 Mb.
#26977
1   2   3   4   5   6   7   8   9   ...   13

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərİn əməyİ, İlk peşə-ixtisas təhsİlİ və peşə hazırlığı 62


Maddə 95. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyə cəlb edilməsi

95.1. Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir. 63

95.2. Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, birinci və ikinci qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlara, hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə cəlb edilirlər. 64

95.3. Həbsxanada cəza çəkən məhkumların əməyi ancaq həbsxana ərazisində təşkil olunur.

95.4. Məhkumların əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və vəzifələrin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.

95.5. Məhkumların istehsalat fəaliyyəti cəzaçəkmə müəssisələrinin əsas vəzifəsinə, yəni məhkumların islah edilməsinə mane olmamalıdır.

95.6. Məhkumlara əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb olur.

Maddə 96. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əmək şəraiti

96.1. Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

96.2. Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işdən azad edilirlər.65

96.3. Məhkumların gördükləri işin xüsusiyyətini nəzərə alaraq, tərbiyə müəssisələri istisna olmaqla, iş vaxtının cəmləşdirilmiş uçotuna yol verilir. Uçot dövründə iş vaxtının müddəti qanunla müəyyən edilmiş gündəlik iş vaxtı müddətindən çox olmamalıdır.

96.4. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər.

96.5. Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məzuniyyətdən istifadə vaxtı cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər etmək qaydası bu Məcəllənin 89.4-cü maddəsi ilə müəyyən olunur.

96.6. Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə işdən azad edilirlər.

96.7. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara əmək qanunvericiliyində nəzərdə tutulmuş əlavə məzuniyyət verilə bilər.



Maddə 97. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin əməyinin ödənilməsi

97.1. Məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər.

97.2. İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əmək haqqının məbləği əməyin ödənilməsinin müəyyən olunmuş minimum miqdarından az olmamalıdır.

97.3. Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan asılı olaraq həyata keçirilir.

97.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 98. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin haqqı ödənilməyən işlərə cəlb edilməsi

98.1. Məhkumlar mühafizə qurğuları istisna olmaqla, cəzaçəkmə müəssisələrinin və onların ərazisinin abadlaşdırılması, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə haqqı ödənilmədən cəlb edilə bilərlər.

98.2. Bu Məcəllənin 98.1-ci maddəsində göstərilən işlərə məhkumlar, bir qayda olaraq növbə ilə işdən azad vaxtlarda cəlb edilirlər. Belə işlərin müddəti ay ərzində səkkiz saatdan çox ola bilməz.

98.3. Məhkumlar mühafizə qurğularının bərpasına yalnız təbii fəlakət, yaxud digər fövqəladə hallar nəticəsində bu qurğulara zərər vurulduqda və ya onlar dağıldıqda haqqı ödənilmədən cəlb edilə bilərlər.



Maddə 99. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından tutulmalar

99.1. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır.

99.2. Məhkumların əməkhaqqından gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və digər məcburi ödənişlər tutulur. İcra vərəqəsinə və başqa icra sənədlərinə görə tutulmalar qalan məbləğdən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məhkumun qazancının bütün məbləğindən hesablanır.66

99.3. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların şəxsi hesabına, bütün tutulmalı məbləğlərdən asılı olmayaraq onlara hesablanmış aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir. 67

99.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə bu Məcəlləyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara tutulmalı bütün məbləğlərdən asılı olmayaraq ümumi gəlirin ən azı altmış beş faizi verilir.

Maddə 100. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ilk peşə-ixtisas təhsili və peşə hazırlığı 68

100.1. Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həyata keçirilir.

100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, birinci və ikinci qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar ilk peşə-ixtisas təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər. 69

100.3. Tərbiyə müəssisələrində ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı məhkumların iş günü müddəti ərzində həyata keçirilir.

100.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ilk peşə-ixtisas təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.

100.5. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların ilk peşə-ixtisas təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

100.6. Məhkumların ilk peşə-ixtisas təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah edilməsi müəyyən edilərkən nəzərə alınır.

100.7. İlk peşə-ixtisas təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.



100.8. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər peşə təhsili və peşə hazırlığına cəlb olunmurlar. 70

XIII fəsil

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbİyə İşİ


Maddə 101. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin təşkili

101.1. Məhkumlarla tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edilməsinin, təhsil və mədəniyyət səviyyəsinin artırılmasının formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilir.

101.2. Tərbiyə tədbirlərində məhkumların iştirakı onların islah edilməsi müəyyənləşdirilərkən, habelə həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi zamanı nəzərə alınır.

101.3. Məhkumların məcburi olan tərbiyə tədbirlərində iştirakı cəzaçəkmə müəssisəsinin gün bölgüsündə nəzərdə tutula bilər.71

101.4. Məhkumlarla tərbiyə işi onların şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdikləri cinayətin səbəbləri nəzərə alınmaqla həyata keçirilir.

101.5. Məhkumlarla tərbiyə işinin təşkili üçün cəzaçəkmə müəssisələrində zəruri maddi-texniki baza yaradılır.



Maddə 102. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işinin əsas formaları

102.1. Məhkumların islah edilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrində əxlaqı, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirləri həyata keçirilir.

102.2. Məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, fərdi, qrup və kütləvi şəkildə saxlanma şərtləri nəzərə alınmaqla, fərqləndirilmiş qaydada aparılır.

102.3. Məhkumlarla tərbiyə işi aparılarkən kütləvi informasiya vasitələrindən, o cümlədən radio və televiziyadan, kinofilmlərə baxışdan istifadə edilir, kitabxanalar təşkil edilir.

102.4. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə bu məcəllənin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara televiziya verilişlərinə baxmağa icazə verilmir.72

Maddə 103. Cəzaçəkmə müəssisələrində məhkumların özfəaliyyət təşkilatları

103.1. Cəzaçəkmə müəssisələrində, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, digər məhkumların bu müəssisələrin müdiriyyətinin nəzarəti altında fəaliyyət göstərən özfəaliyyət təşkilatları yaradılır.

103.2. Özfəaliyyət təşkilatlarının fəaliyyətində məhkumların iştirakı həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

103.3. Özfəaliyyət təşkilatlarının əsas məqsədi aşağıdakılardır:

103.3.1. məhkumların islah edilməsinə, tərbiyəsinə, onların mənəvi və fiziki inkişafına köməklik göstərmək;

103.3.2. məhkumlarda müsbət vərdişləri inkişaf etdirmək və onların faydalı təşəbbüskarlığını həvəsləndirmək;

103.3.3. cəzaçəkmə müəssisəsində əməyin, məişət şəraitinin və asudə vaxtın səmərəli keçməsinin təşkili məsələlərinin həllində iştirak etmək;

103.3.4. məhkumlar arasında intizamı möhkəmləndirmək və onların bir-birinə qarşılıqlı müsbət münasibətlərini formalaşdırmaq;

103.3.5. məhkumlara və onların ailələrinə yardım göstərmək.

103.4. Özfəaliyyət təşkilatlarının üzvlərinə əlavə güzəştlər verilmir və onlar istehsalatda əsas işdən azad edilmirlər.

103.5. Məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 104. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili 73

104.1. Cəzaçəkmə müəssisələrində məhkumların ümumi orta təhsili həyata keçirilir. Yaşı qırxdan çox olan məhkumlar, birinci və ikinci qrup əlilliyi , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu olan məhkumlar ümumi orta təhsilə öz arzularına görə cəlb edilirlər. 74

104.2. Məhkumların ümumi orta təhsili həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

104.3. Əmək qanunvericiliyinə uyğun olaraq ümumi orta təhsil alan məhkumlar imtahan vermək üçün işdən azad edilirlər.

104.4. Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumi orta təhsil müəssisələrinin pedaqoji kollektivi tərbiyə işinin aparılmasında cəzaçəkmə müəssisələrinin müdiriyyətinə köməklik edir.

104.5. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

104.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi orta təhsilə cəlb olunmurlar. Onların öz-özünə təhsil alması üçün cəzanın icrası və çəkilməsi qaydasına və şərtlərinə zidd olmayan şərait yaradılır.

Maddə 105. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tətbiq edilən həvəsləndirmə tədbirləri

105.1. Nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:

105.1.1. təşəkkür elan etmək;

105.1.2. hədiyyə ilə mükafatlandırmaq;

105.1.3. dörd manatadək miqdarda pulla mükafatlandırmaq;75

105.1.4. əlavə sovqat, bağlama və ya banderol almağa icazə vermək;

105.1.5. əlavə telefon danışığına icazə vermək;

105.1.6. əlavə qısa müddətli və ya uzun müddətli görüşə icazə vermək;

105.1.7. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün on beş manatadək miqdarda əlavə pul xərcləməyə icazə vermək;76

105.1.8. verilmiş tənbehi vaxtından əvvəl götürmək;

105.1.9. saxlanılma şəraitini yaxşılaşdırmaq;

105.1.10. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan və cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkumları kamera tipli otaqlardan adi yaşayış binalarına keçirmək;

105.1.11. xüsusi rejimli cəzaçəkmə müəssisəsində və həbsxanada kameralarda saxlanılan məhkumlara bir ay ərzində bir saatadək əlavə gəzintiyə icazə vermək.77

105.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara istirahət və iş günü hesab edilməyən bayram günlərinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisindən kənarda keçirilməsinə icazə vermək kimi həvəsləndirmə tədbiri də tətbiq edilə bilər.

105.3. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla müsbət xarakterizə olunan məhkumlara onların ərizələrinə əsasən bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər həvəsləndirmə tədbirləri tətbiq edilə bilər.

105.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumların razılığı ilə onların əfv edilməsi haqqında vəsatət qaldırıla bilər.



Maddə 106. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə həvəsləndirmə tədbirlərinin tətbiqi qaydası

106.1. Məhkumlara həvəsləndirmə tədbirləri yazılı şəkildə verilir.

106.2. Verilmiş tənbehin həvəsləndirmə qaydasında vaxtından əvvəl götürülməsinə:

106.2.1. bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində göstərilən tənbehlərin verilməsi günündən ən azı üç aydan sonra;

106.2.2. bu Məcəllənin 107.1.3 və 107.1.4-cü maddələrində göstərilən tənbehlərin verilməsi günündən ən azı altı ay sonra yol verilir.

106.3. Tənbeh tədbiri kimi xüsusi rejimli cəzaçəkmə müəssisələrində adi yaşayış binalarından kamera tipli otaqlara keçirilmiş məhkumlara adi yaşayış binalarına keçirilmə növündə həvəsləndirmə tədbiri tənbeh verilməsi günündən ən azı bir il keçdikdən sonra yenidən tətbiq edilə bilər.



Maddə 107. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tətbiq edilən tənbeh tədbirləri

107.1. Cəzanın icrası qaydalarını pozan məhkumlara aşağıdakı tənbeh tədbirləri tətbiq edilə bilər:

107.1.1. xəbərdarlıq;

107.1.2. töhmət;

107.1.3. cəzaçəkmə müəssisələrində və həbsxanalarda saxlanılan kişi məhkumları on beş günədək, qadın məhkumları isə on günədək müddətə cərimə təcridxanasına keçirmək;

107.1.4. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları adi yaşayış binalarından kamera tipli otaqlara keçirmək.

107.2. Cəzanın icrası qaydaları qərəzli pozulduqda ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan kişi məhkumları bir aydan altı ay müddətinədək kamera tipli otaqlara, xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumları bir aydan altı ay müddətinədək birnəfərlik kameralara, həbsxanalarda saxlanılan məhkumları iki aydan altı ayadək müddətə ciddi saxlanma şəraitinə keçirmək növündə tənbeh tədbiri tətbiq edilə bilər. Bu tənbeh tədbirləri yalnız bu Məcəllənin 107.1.1—107.1.3-cü maddələrində nəzərdə tutulmuş tənbeh tədbirləri verilmiş məhkumlara tətbiq edilə bilər.

107.3. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın və ya üç ay ərzində istirahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilir.78

107.4. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara bu Məcəllənin 107.2-ci maddəsində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edilmir.

107.5. Cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər tənbeh tədbirləri tətbiq edilə bilər.

107.6. Həvəsləndirmə tədbiri qaydasında saxlanılma şəraiti yaxşılaşdırılmış məhkum barədə bu məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edildikdə yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edilir. 79

Maddə 108. Cəzanın icrası qaydalarının qərəzli pozulması

108.1. Cəzanın icrası qaydalarının qərəzli pozulması aşağıdakı hallar hesab olunur:

108.1.1. alkoqol və ya digər güclü təsir göstərən maddələri əldə etmək, saxlamaq və ya qəbul etmək; 80

108.1.2. narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; 81

108.1.3. xırda xuliqanlıq;

108.1.4. cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq;

108.1.5. xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək;

108.1.6. qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək;

108.1.7. il ərzində üç dəfədən çox tənbeh edilmək.

108.1-1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması, həmçinin aşağıdakı hallar hesab edilir:

108.1-1.1. məhkumun cəzaçəkmə müəssisəsini icazəsiz tərk etməsi;

108.1-1.2. məhkumun üzrsüz səbəbdən ayda iki dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması.82

108.2. Rejimin qərəzli pozulması məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi ilə eyni vaxtda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən edilir.

Maddə 109. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası

109.1. Tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri tətbiq edilir. Eyni zamanda törədilən bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir. 83

109.2. Tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda tənbeh tədbiri ləğv edilə bilər. Şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır. 84

109.3. Məhkumlar kamera tipli otaqlara və birnəfərlik kameralara bu tənbeh tədbirlərinin müddəti göstərilməklə keçirilirlər.

109.4. Kamera tipli otağa keçirilmiş məhkuma—kamera tipli otağa keçirilməkdən başqa, digər tənbeh tədbirləri tətbiq edilə bilər.

109.5. Tənbeh tədbiri verildiyi gündən bir il ərzində məhkuma yeni tənbeh tədbiri tətbiq edilməzsə o, tənbehi olmayan sayılır.



Maddə 110. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılması şərtləri

110.1. Cərimə təcridxanalarına keçirilmiş məhkumlara görüşlər, telefon danışıqları verilmir, ərzaq məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq qadağan edilir. Onların hər gün bir saatlıq gəzinti hüquqları vardır.

110.2. Tənbeh tədbiri qaydasında kamera tipli otaqlarda və ya birdəfəlik kameralarda saxlanılan məhkumlar aşağıdakı hüquqlara malikdirlər:

110.2.1. ərzaq məhsulları və ən zəruri malların əldə edilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş məbləğində pul xərcləmək;

110.2.2. bir bağlama, sovqat və ya banderol almaq;

110.2.3. hər gün bir saat gəzintidən istifadə etmək;

110.2.4. cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə bir qısa müddətli görüş almaq.

110.3. Kamera tipli otaqlarda və ya birnəfərlik kameralarda saxlanılan məhkumlar digər məhkumlardan ayrı işləyirlər.

110.4. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda özünə xəsarət yetirmə və özünü xəstəliyə vurma halları istisna olmaqla, müalicə müəssisələrinə və cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrinə keçirilmiş məhkumların burada saxlanılma vaxtı verilən tənbehin çəkilmə müddətinə hesablanır. 85

110.5. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların maddi-məişət təminatı həbsxanalarda ümumi saxlanma şəraitində olan məhkumlar üçün müəyyən edilmiş normalara uyğun müəyyən edilir.

110.6. Bir təqvim ili ərzində cərimə təcridxanasında saxlanma müddəti altmış gündən, kamera tipli otaqlarda və birnəfərlik kameralarda isə altı aydan çox ola bilməz.

Maddə 111. Müəyyən müddətə azadlıqdan məhrum etmə ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə həvəsləndirmə tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər

Bu Məcəllənin 105 və 107-ci maddələrində göstərilən həvəsləndirmə və tənbeh tədbirlərini məhkumlara cəzaçəkmə müəssisəsinin müdiriyyəti tətbiq edir.

XIV fəsil

Müxtəlİf növlü cəzaçəkmə müəssİsələrİndə cəzanın İcrası


Maddə 112. Ümumi rejimli cəzaçəkmə müəssisələri

112.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, həmçinin cəzaları müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş şəxslər cəza çəkirlər.

112.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş kişilər ilk dəfə ağır cinayətlərə görə məhkum olunmuş və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş kişilərdən ayrı saxlanılırlar.86

Maddə 113. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri 87

113.1. Ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərazisinin daxilində hərəkət edə bilərlər.

113.2. Ehtiyatsızlıqdan törədilmiş, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

113.2.1. adi yaşayış binalarında saxlanılırlar;

113.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;88

113.2.3. il ərzində qısa müddətli qırx səkkiz görüş və uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;89

113.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

113.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər edə bilərlər.

113.4. Ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuş və bu Məcəllənin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ciddi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslərin saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:90

113.4.1. adi yaşayış binalarında saxlanılırlar;

113.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx beş manatadək miqdarda pul xərcləyə bilərlər;91

113.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

113.5. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

113.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;92

113.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

113.5.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.



Maddə 114. Ciddi rejimli cəzaçəkmə müəssisələri

Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı, yəni əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər və cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş qadınlar cəza çəkirlər.



Maddə 115. Ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri 93

115.1. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq cəzaçəkmə müəssisəsi ərizəsinin daxilində hərəkət edə bilərlər.

115.2. Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

115.2.1. adi yaşayış binalarında saxlanılırlar:

115.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;94

115.2.3. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

115.2.4. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

115.3. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

115.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;95

115.3.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

115.3.3. il ərzində on iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

Maddə 116. Xüsusi rejimli cəzaçəkmə müəssisələri

116.1. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cinayətlərin xüsusi təhlükəli residivinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunmuş kişilər cəza çəkirlər.

116.2. Xüsusi rejimli cəzaçəkmə müəssisələrinə cəza çəkməyə göndərilmiş məhkumlar kamera tipli otaqlarda saxlanılırlar. Məhkumlar bu Məcəllənin 105.10-cu maddəsində nəzərdə tutulmuş qaydada kamera tipli otaqlardan adi yaşayış binalarına keçirilə bilərlər.

Maddə 117. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri 96

117.1. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

117.1.1. kamera tipli otaqlarda və ya adi yaşayış binalarında saxlanılırlar;

117.1.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda otuz beş manatadək miqdarda pul xərcləyə bilərlər;97

117.1.3. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

117.1.4. il ərzində səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

117.2. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

117.2.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;98

117.2.2. il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

117.2.3. il ərzində üç bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.



Maddə 118. Məntəqə tipli cəzaçəkmə müəssisələri

118.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.99

118.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar eyni şəraitdə saxlanılırlar.

118.3. Kişi və qadın məhkumlar eyni məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər. İştirakçılıqla cinayət törədən şəxslər bir qayda olaraq ayrılıqda cəza çəkirlər.



Maddə 119. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri 100

119.1. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar:

119.1.1. mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar;

119.1.2. müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar;

119.1.3. yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər;

119.1.4. məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər;

119.1.5. cəzaçəkmə müəssisəsində gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər;

119.1.6. məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

119.2. Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

119.3. Cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda, lakin Azərbaycan Respublikasının ərazisi hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Bu halda müəssisənin müdiriyyəti tərəfindən qəbul edilən qərarda hər bir məhkum üçün fərdi şəkildə tərtib olunan cəzaçəkmə müəssisəsindən çıxma və cəzaçəkmə müəssisəsinə qayıtma qrafiki müəyyən edilir.

119.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanılır. Yoxlama nəticəsində məhkumun üzrsüz səbəbdən işdən və ya təhsildən yayınması müəyyən olunarsa, bu Məcəllənin 119.3-cü maddəsində nəzərdə tutulmuş qərar ləğv edilir.101

Maddə 120. Həbsxanalar

120.1. Həbsxanalarda xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, cəza müddətini tam və ya onun bir hissəsini çəkməklə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər, həmçinin ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən bu Məcəllənin 70.4.3-cü maddəsinə uyğun olaraq həbsxanaya keçirilmiş məhkumlar saxlanılırlar.

120.2. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılmış şəxslər istisna olmaqla, həbsxanalarda saxlanılan digər məhkumlar üçün ümumi və ciddi saxlanma şəraiti müəyyən edilir.

120.3. Ümumi saxlanma şəraitində ilk dəfə həbsxanaya cəza çəkməyə göndərilmiş şəxslər və ciddi saxlanma şəraitindən keçirilmiş şəxslər saxlanılırlar.

120.4. Ciddi saxlanma şəraitində əvvəllər həbsxanada cəza çəkmiş şəxslər, cəzaçəkmə müəssisələrində törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya müəyyən edilmiş qaydada tənbeh tədbiri olaraq ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş şəxslər saxlanılırlar. Ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur.

120.5. Məhkum qadınlar, həmçinin birinci və ikinci qrup əlilliyi olan məhkumlar ciddi saxlanma şəraitinə keçirilə bilməzlər.

120.6. Cəzanın icrası qaydalarını pozmağa görə ümumi saxlanma şəraitindən ciddi saxlanma şəraitinə keçirilmiş məhkumlar təkrarən ümumi saxlanma şəraitinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada keçirilirlər.

Maddə 121. Həbsxanalarda cəzanın icrası şərtləri

121.1. Təsərrüfat və məişət xidməti işi üçün cəlb olunmuş şəxslər istisna olmaqla məhkumlar həbsxanada ümumi kameralarda saxlanılırlar. Zəruri hallarda məhkumlar həbsxana müdiriyyətinin əsaslandırılmış qərarı ilə birnəfərlik kameralarda saxlanıla bilərlər. 102

121.2. Həbsxanada məhkumlar kameralar üzrə bu Məcəllənin 72.1—72.3 və 72.5-ci maddələrinin tələblərinə əməl olunmaqla yerləşdirilirlər. Ümumi və ciddi saxlanma şəraitində saxlanılan şəxslər, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və təsərrüfat və məişət xidməti işi üçün həbsxanada saxlanılan məhkumlar bir-birindən təcrid olunmuş halda və ayrılıqda saxlanılırlar.

121.3. Həbsxanalarda ümumi saxlanma şəraitində məhkumlar:

121.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;103

121.3.2. il ərzində qısa müddətli dörd görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

121.3.3. il ərzində altı bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

121.3.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

121.4. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, həbsxanada çəkilməsi müəyyən olunmuş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

121.4.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;104

121.4.2. il ərzində uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

121.4.3. il ərzində altı bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

121.5. Həbsxanalarda ciddi saxlanma şəraitində məhkumlar:

121.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;105

121.5.2. altı ayda bir bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

121.5.3. altı ayda bir qısa müddətli görüş almaq hüququna malikdirlər;

121.5.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

Maddə 122. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılması şərtləri 106

122.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər həbsxanalarda ayrılıqda iki nəfərdən artıq olmamaq şərti ilə kameralarda saxlanılırlar. Bu məhkumlar:

122.1.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;107

122.1.2. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

122.1.3. il ərzində səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

122.1.4. hər gün bir saat gəzinti hüququna malikdirlər.

122.2. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən azı on il keçdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

122.2.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər;108

122.2.2. il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

122.2.3. il ərzində iki bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər;

122.2.4. il ərzində dörd dəfə telefonla danışmaq hüququna malikdirlər.109

122.3. Yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edildikdə, bu həvəsləndirmə tədbiri müvafiq qərarın qəbul olunduğu vaxtdan üç il keçdikdən sonra yenidən tətbiq edilə bilər.

XV fəsil

Yetkİnlİk yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsİnİn xüsusİyyətlərİ


Maddə 123. Yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələri

123.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan məhkumlar ümumi və möhkəm rejimli tərbiyə müəssisələrində cəza çəkirlər.

123.2. Ümumi rejimli tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.

123.3. Möhkəm rejimli tərbiyə müəssisələrində əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.



Maddə 124. Tərbiyə müəssisələrində cəzanın icrası şərtləri 110

124.1. Yetkinlik yaşına çatmayan məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq tərbiyə müəssisəsinin ərazisi daxilində hərəkət edə bilərlər.

124.2. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar:

124.2.1. adi yaşayış binalarında saxlanılırlar;

124.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda minimum əlli manatadək miqdarda pul xərcləyə bilərlər;111

124.2.3. il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna malikdirlər;

124.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

124.3. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda cəza müddətinin ən azı dörddə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.Bu halda məhkumlar əlavə olaraq:

124.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;112

124.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

124.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara valideynlərinin və ya himayəçilərinin müşayiəti ilə qısa müddətli səfər etməyə icazə verilə bilər.

124.4. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar:

124.4.1. adi yaşayış binalarında saxlanılırlar;

124.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;113

124.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

124.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

124.5. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda, cəza müddətinin azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

124.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün on beş manatadək miqdarda pul xərcləyə bilərlər;114

124.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər.
Maddə 124-1. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən həvəsləndirmə

tədbirləri 115
124-1.1. Tərbiyə müəssisələrində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara bu məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərindən əlavə tərbiyə müəssisəsi nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə bir dəfə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər.

124-1.2. Həvəsləndirmə tədbiri qaydasında tərbiyə müəssisəsinin nümayəndəsinin müşayiəti ilə müəssisəsinin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə verilmiş məhkumlara tədbir zamanı onlara məxsus mülki paltarlar verilir.

124-1.3. Tərbiyə müəssisəsindən kənara çıxma müddəti səkkiz saatdan çox olmamaq şərti ilə müəssisənin müdiriyyəti tərəfindən müəyyən edilir.

124-1.4. Məhkumların gecə vaxtı keçirilən idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakına yol verilmir.



Maddə 125. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən tənbeh tədbirləri

Cəzanın icrası qaydalarını pozan yetkinlik yaşına çatmayan məhkumlara bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərindən əlavə təhsili davam etdirmək şərtilə yeddi günədək müddətə intizam təcridxanasına keçirmək növündə tənbeh tədbiri də tətbiq edilə bilər.



Maddə 126. Məhkumların intizam təcridxanasında saxlanılması şərtləri

126.1. İntizam təcridxanalarına keçirilmiş məhkumlara uzun müddətli görüş, telefon danışıqları, ərzaq məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq, kinofilmlərə və televiziya verilişlərinə baxmaq, stolüstü oyunlardan istifadə etmək qadağan edilir. Onlar hər gün iki saat gəzinti hüququna malikdirlər.

126.2. İntizam təcridxanasında saxlanılan məhkumlara intizam təcridxanasına keçirilməkdən başqa digər tənbeh tədbirləri tətbiq edilə bilər.

126.3. Bir təqvim ili ərzində intizam təcridxanasında saxlanma müddəti otuz gündən çox ola bilməz.



Maddə 127. Tərbiyə müəssisələrində məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər

Yetkinlik yaşına çatmayan məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərini tərbiyə müəssisəsinin müdiriyyəti tətbiq edir.



Maddə 128. Yetkinlik yaşına çatmış məhkumların tərbiyə müəssisələrində saxlanılması

128.1. On səkkiz yaşına çatmış məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə müəssisələrinə keçirilirlər. Tərbiyə müəssisələrində məhkəmənin qərarına əsasən məhkumlar iyirmi yaşınadək saxlanıla bilərlər.

128.2. On səkkiz yaşı tamam olandan sonra tərbiyə müəssisələrində saxlanılan məhkumlara yetkinlik yaşına çatmayan məhkumlar üçün müəyyən edilmiş cəzanın icrası şərtləri, yemək normaları və maddi-məişət təminatı aid edilir. Bu məhkumların əmək şəraiti əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Maddə 129. Məhkumların tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi

On səkkiz yaşına çatmış və tərbiyə müəssisələrində saxlanılmış məhkumlar cəzanın icrası qaydalarını pozduqda tərbiyə müəssisəsinin müdiriyyətinin təqdimatı və məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilirlər.



Maddə 130. Tərbiyə müəssisələrində tədris-tərbiyə prosesinin təşkili

130.1. Tərbiyə müəssisələrində məhkumların islah edilməsi və müstəqil həyata hazırlanması məqsədilə onlarda qanuna itaətin həvəsləndirilməsinə, əməyə və təhsilə vicdanlı münasibətin formalaşmasına, onların mədəni səviyyəsinin artırılmasına yönəldilmiş vahid tədris-tərbiyə prosesi həyata keçirilir.

130.2. Məhkumların ümumi orta təhsili tərbiyə müəssisələrinin ümumtəhsil məktəblərində, k peşə-ixtisas təhsili ilə tərbiyə müəssisələrinin peşə məktəblərində və ya tərbiyə müəssisələrinin istehsalat sahələrində həyata keçirilir. 116

130.3. Tərbiyə müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə sağlamlıq imkanları məhdud məhkumların xüsusi təhsili qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilir. 117



Maddə 131. Tərbiyə müəssisələrinin işində ictimaiyyətin iştirakı

131.1. Tərbiyə müəssisəsinin müdiriyyətinə tədris-tərbiyə prosesinin təşkilində, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, məhkumların sosial müdafiəsinə dair məsələlərin həllində, cəza çəkməkdən azad olunanlara əmək və məişət şəraitinin yaradılmasında kömək göstərilməsi məqsədi ilə tərbiyə müəssisəsinin nəzdində dövlət müəssisə, idarə və ya təşkilatlarının, ictimai birliklərin, digər müəssisələrin nümayəndələrinin və fiziki şəxslərin iştirakı ilə himayəçilik şurası yaradılır. Himayəçilik şurasının işinin təşkili və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi aktla tənzimlənir.

131.2. Məhkumlara göstərilən tərbiyəvi təsirin səmərəliliyini artırmaq və tərbiyə müəssisəsinin müdiriyyətinə islah işində kömək etmək məqsədi ilə bu müəssisələrdə məhkumların valideynlərindən və ya digər yaxın qohumlarından ibarət valideynlər komitəsi yaradıla bilər. Valideynlər komitəsinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ-hüquqi aktla tənzimlənir.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə