Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


VI bölmə Cəza çəkməkdən azad etmə. Cəza çəkməkdən azad edİlən şəxslərə yardım göstərİlməsİ və onlara nəzarət edİlməsİ



Yüklə 1,01 Mb.
səhifə9/13
tarix14.02.2018
ölçüsü1,01 Mb.
#26977
1   ...   5   6   7   8   9   10   11   12   13

VI bölmə

Cəza çəkməkdən azad etmə. Cəza çəkməkdən azad edİlən şəxslərə yardım göstərİlməsİ və onlara nəzarət edİlməsİ


XIX fəsil

Cəza çəkməkdən azad etmə


Maddə 167. Cəza çəkməkdən azad etmənin əsasları

167.0. Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər:

167.0.1. cəza müddəti qurtardıqda;

167.0.2. hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verildikdə;

167.0.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;

167.0.4.cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;

167.0.5. amnistiya və ya əfvetmə aktına əsasən;

167.0.6. xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə.



Maddə 168. Cəza müddətinin qurtarması ilə əlaqədar cəza çəkməkdən azad etmə qaydaları

168.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə, həmçinin hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların müddəti cəza çəkmənin axırıncı günü bitir.125

168.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən-cəza müddətinin axırıncı gününün birinci yarısında azad edilirlər. Əgər cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtarırsa, məhkum həmin günlərdən əvvəlki gün azad edilir. Cəza müddəti aylarla hesablanarsa, bu müddət axırıncı ayın müvafiq günündə, əgər bu ayda müvafiq gün yoxdursa, həmin ayın axırıncı günü qurtarır. 126

168.3. Cəza çəkməkdən azad edilərkən məhkuma ona məxsus olan mallar və qiymətli əşyalar, şəxsi hesabında saxlanılan pul və şəxsi sənədlər, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, pensiya vəsiqəsi, həmçinin cəzadan azad olunması və əmək fəaliyyəti barəsində sənədlər verilir.

168.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad olunan məhkumun şəxsiyyət vəsiqəsi, əmək kitabçası və pensiya vəsiqəsi məhkumun şəxsi işində olmadıqda, cəzanı icra edən müəssisənin müdiriyyəti əvvəlcədən onların alınması üçün tədbirlər görür.127

168.5. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi müvafiq sənəd məhkəmədən daxil olduğu gün, sənəd iş günü qurtardıqdan sonra alındıqda isə, növbəti gün səhər həyata keçirilir.

168.6. İcra məmuru islah işləri növündə cəza müddətinin qurtardığı gün, məhkum həmin cəzadan başqa əsasla azad edildikdə isə müvafiq sənədi aldıqdan sonra, növbəti gündən gec olmayaraq, məhkumun işlədiyi yerin işəgötürəninə onun əmək haqqından tutulmaların dayandırılması barəsində məlumat verməlidir.

168.7. Hökmün ləğv olunması ilə əlaqədar azad edilən şəxsə, cəzanı icra edən müəssisə və ya orqan tərəfindən əmlak, əmək, yaşayış və digər itirilmiş hüquqların bərpası qaydası izah edilir. Bu halda azad etmə barədə sənəddə məhkumdan dövlət adından rəsmi üzr istənilir.



Maddə 169. Hərbi qulluqçuların cəza çəkməkdən azad edilməsi

Hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum olunmuş hərbi qulluqçular xəstəliyə görə hərbi xidmətə yararsız sayıldıqları hallarda cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilirlər. Cəzanın çəkilməmiş hissəsi məhkəmə tərəfindən daha yüngül cəza növü ilə əvəz edilə bilər.



Maddə 170. Məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması qaydaları

170.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər.

170.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir.

170.3. Amnistiyanın tətbiqi qaydaları amnistiya aktını qəbul etmiş orqan tərəfindən müəyyən edilir.

170.4. Əfv etməyə təqdim olunan məhkum barəsində cəzanı icra edən müəssisə və ya orqan müvafiq vəsatət verir.

170.5. Psixi və sair ağır xəstəliklə əlaqədar cəza çəkməkdən azad etmə barədə məhkəməyə məhkumun özü və ya onun qanuni nümayəndəsi ərizə, cəzanı icra edən müəssisə və ya orqan isə təqdimat verir. Təqdimatla birlikdə məhkəməyə tibbi-sosial komissiyasının rəyi və məhkumun şəxsi işi göndərilir. Təqdimatda məhkumun bütün cəzaçəkmə müddətində davranışı barədə məlumat olmalıdır.

170.6. İctimai işlər və ya islah işləri növündə cəza çəkən məhkum qadın onun hamiləlik və ya doğuşa görə işdən azad olunduğu andan cəzanın çəkilməsinin təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.128

170.7. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər.



Maddə 171. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi

171.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

171.2. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı altı ay sonra baxıla bilər.

Maddə 172. Hamilə və azyaşlı uşaqları olan məhkum, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində cəzanın çəkilməsinin təxirə salınması129

172.1. Cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərlərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq səkkiz yaşına çatanadək təxirə salına bilər.

172.2. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadınlara, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə cəzanın çəkilməsinin təxirə salınması tətbiq edilmir.130

172.3. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizəyə məhkumun xasiyyətnaməsi, məhkuma və onun uşağına yaşayış yeri verməklə zəruri yaşayış şəraiti yaradılması barədə qohumlarının yazılı razılığı, qadının hamiləliyi haqqında həkimin rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Məhkəmə məhkumun ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsini nəzərə alır.131

172.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkəmədən hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarı aldıqdan sonra onu azad edir. Məhkum azad edildiyi vaxtdan sonra on beş gün müddətində yaşayış yeri üzrə icra qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında ondan iltizam alınır. 132

172.5. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsindən azad edildikdən sonra yaşayış yerinə dövlət hesabına gedir.

172.6. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadının, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişinin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq, yaşayış yeri üzrə məhkəməyə və icra qurumuna azad etmə tarixi göstərilməklə, cəzanın icrasının təxirə salınması haqqında qərarın surəti göndərilir. 133

172.7. İcra məmuru hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadını, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata götürür və onun üzərində nəzarəti həyata keçirir.

172.8. İcra məmuru hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadını, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata aldıqdan sonra üç gün ərzində onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir.134

Maddə 173. Hamilə və ya azyaşlı uşaqları olan məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri135

173.1. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir, məhkumun yeri müəyyən olunmadıqda isə icra məmurunun qərarı ilə axtarış elan edilir və qərarın surəti müvafiq icra hakimiyyəti orqanına göndərilir.136

173.2. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsinin təxirə salınması dövründə uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıq edilir.137

173.3. Məhkum qadın xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda icra məmuru məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir. Təqdimata cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarın surəti əlavə olunur.138

173.4. Uşaq səkkiz yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir. Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır.139

Maddə 174. Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi vəziyyəti

Cəza çəkməkdən azad edilmiş şəxslər məhkumluğu olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

XX fəsil

Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlara yardım göstərilməsi və nəzarət edilməsi 140


Maddə 175. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası ilə əlaqədar cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri
175.1. Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir.141

175.2. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür.142

175.3. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar, altmış iki yaşına çatmış məhkum kişilər və əlli yeddi yaşına çatmış məhkum qadınlar öz ərizələri və cəzaçəkmə müəssisəsi müdiriyyətinin təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evinə göndərilirlər.

175.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.143



Maddə 176. Cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi

176.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün ərzaq məhsulları və gediş haqqı ilə təmin olunurlar.

176.2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyimi, ayaqqabısı və bunları əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul müavinəti də verilə bilər.

176.3. Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.

176.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad edilən və səhhətləri ilə əlaqədar digər şəxslərin qulluğuna ehtiyacı olan şəxslər, hamilə və ya səkkiz yaşına qədər uşağı olan məhkum qadınlar, həmçinin yetkinlik yaşına çatmayanlar azad edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti onların qohumlarını və ya digər şəxsləri xəbərdar edir.

176.5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş və bu Məcəllənin 176.4-cü maddəsində göstərilən şəxslər yaşayış yerinə qohumlarının, himayəçilərinin və ya digər şəxslərin, yaxud cəzaçəkmə müəssisəsinin işçilərinin müşayiəti ilə göndərilirlər.



Maddə 177. Cəza çəkməkdən azad edilmiş şəxslərin əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququ

Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmiş şəxslər qanunvericiliyə uyğun olaraq əmək və məişət şəraiti ilə təmin olunmaq və başqa növ sosial yardım almaq hüququna malikdirlər.144



Maddə 178. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət

178.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.145

178.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarın surəti şəxsin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq onun yaşayış yeri üzrə məhkəməyə və icra qurumuna göndərilir. Eyni zamanda cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şəxsdən azad edildiyi vaxtdan on beş gün müddətində yaşayış yeri üzrə icra qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında iltizam alınır.

178.3. İcra məmuru cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatını aparır, onların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.

178.4. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən şəxslər icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.

178.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir.

178.6. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.

178.7. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə