Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   2   3   4   5   6   7   8   9   ...   88

Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və 
humanizm prinsiplərinə əsaslanır. 
Maddə 5. 
Qanunçuluq_prinsipi'>Qanunçuluq prinsipi 
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və 
digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. 
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. 
Maddə 6. 
Qanun qarşısında bərabərlik prinsipi 
6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, 
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə 
mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. 
6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət 
məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət 
məsuliyyətindən azad edilə bilməz. 
Maddə 7. 
Təqsirə görə məsuliyyət prinsipi 
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun 
nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və 
cəzalandırıla bilər. 
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
Maddə 8.
 Ədalət prinsipi 
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli 
tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun 
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun 
olmalıdır. 
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 
Maddə 9. 
Humanizm prinsipi 
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. 
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər 
cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 
2-ci fəsil 
CİNAYƏT QANUNUNUN QÜVVƏSİ 
Maddə 10. 
Cinayət qanununun zamana görə qüvvəsi 


10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu 
əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə 
müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət 
məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 
10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun 
nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 
10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı 
aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür 
yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə 
minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə 
cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya 
ödənilməmiş şəxslərə şamil edilir. 
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza 
müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür 
ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 
Maddə 11. 
Cinayət  qanununun  Azərbaycan  Respublikası  ərazisində  törədilən 
cinayətlərə görə qüvvəsi 
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında 
cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam 
etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət 
sayılır. 
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan 
Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava 
məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində 
törədilmiş cinayət sayılır. 
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan 
Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının 
hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava 
gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. 
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus 
olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə 
əsasında cinayət məsuliyyətinə cəlb edilir. 
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik 
nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti 
haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. 
Maddə 12. 
Cinayət  qanununun  Azərbaycan  Respublikası  ərazisindən kənarda 
törədilən cinayətlərə görə qüvvəsi 
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi 
yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda 
törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan 
Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən 


cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, 
bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından 
kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının 
maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu 
cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət 
məsuliyyətinə cəlb edilə bilərlər. 
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, 
terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz 
quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya 
qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya 
təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər 
cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı 
olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında 
cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. 
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının 
hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə 
cəlb edilirlər. 
12.5. Bu Məcəllənin 12.1—12.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan 
Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici 
dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. 
Maddə 13. 
Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) 
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları 
xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu 
Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir. 
13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan 
Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayət məsuliyyətinə 
cəlb edilməsi yaxud təyin edilmiş cəzanın icrası üçün "Cinayət törətmiş şəxslərin verilməsi 
(ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan 
Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər. 
13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici 
dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət 
sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər. 
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş 
şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr 
tətbiq edilir. 
İKİNCİ BÖLMƏ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə