Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


On yeddinci fəsil. Müharibə cinayətləri



Yüklə 0,94 Mb.
səhifə5/14
tarix23.11.2017
ölçüsü0,94 Mb.
#11927
1   2   3   4   5   6   7   8   9   ...   14

On yeddinci fəsil. Müharibə cinayətləri

Maddə 114. Muzdluluq

114.1. Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə—



    • dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—

    • səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu fəsildə nəzərdə tutulmuş istər beynəlxalq, istərsə də daxili silahlı münaqişə zamanı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması ilə əlaqədar olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.

2. Muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.

Maddə 115. Müharibə qanunlarını və adətlərini pozma

115.1. Əsirləri, beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxsləri əsir götürmüş tərəfin silahlı qüvvələrində xidmət etməyə, habelə düşmən dövlətin vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur etmə—



    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə və ya onların üzərində tibbi, bioloji və başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz qoşunlarını və ya obyektləri hərbi əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi işlərə cəlb etmə və ya digər məqsədlər üçün qanuni yerləşdiyi yerlərdən məcburi köçürmə—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

115.3. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—

    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə—

    • on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır .

Maddə 116. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma

116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:

116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;

116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;

116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;

116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;

116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;

116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;

116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;

116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən, o cümlədən xüsusi mühafizə olunan tarixi, dini, təhsil, incəsənət, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;

116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması barədə sazişi pozma;

116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;

116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;

116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;

116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;

116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;

116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;

116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;

116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə;

116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə prosessual hüquqlardan məhrum etmə—



    • yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (3, 9, 43)

Maddə 117. Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə

117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—



    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

117.2. Döyüş bölgələrində heç kəsin saq buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərancam vermə—

    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Maddə 118. Hərbi soyğunçuluq

Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —



    • üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 119. Müdafiə olunan nişanlardan sui-istifadə

119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə—

    • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

119.2. Aq bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (9, 43)

Bölmə VIII. Şəxsiyyət əleyhinə olan cinayətlər

On səkkizinci fəsil. Həyat və sağlamlıq əleyhinə olan cinayətlər

Maddə 120. Qəsdən adam öldürmə

120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—



    • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

120.2. Qəsdən:

120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;

120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;

120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;

120.2.4. xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə;

120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;

120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;—

120.2.7. iki və ya daha çox şəxsi öldürmə;

120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;

120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;

120.2.10. təkrar adam öldürmə;

120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;

120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə—


    • on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur. (7)

Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi

Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—



    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə

122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—



    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə—

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə

123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—



    • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə—

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə

124.1. Ehtiyatsızlıqdan adam öldürmə—



    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—

    • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 125. Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—



    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma

126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126.2. Eyni əməllər:

126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;

126.2.3. xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;

126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə—



    • altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma

127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—



    • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

127.2. Eyni əməllər:

127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;

127.2.2. xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;

127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə;


    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(2)

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma

Sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—



    • üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (1, 3, 45, 61)

Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma

129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—



    • iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma—

    • iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma

130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—



    • bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma—

    • iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 131. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma

131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—



    • üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—

    • beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61)

Maddə 132. Döymə

Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə—



    • iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 133. İşgəncə vermə

133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—



    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

133.2. Eyni əməllər:

133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;

133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə—



    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə —

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə

Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—



    • iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 135. Evtanaziya

Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma—



    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 136. Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya

136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

136.2. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma—

    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—

    • min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 137. İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə

137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı—



    • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.2. Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 138. Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə

138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

138.2. Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—

    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

138.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma —

    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticə doğuran cərrahiyyə üsullarından istifadə etmə —

    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 6, 45)

Maddə 139. Zöhrəvi xəstəlikləri yayma

139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—



    • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə—

    • dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 140. İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma

140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma—



    • iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma—

    • beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

Maddə 141. Qanunsuz abort etmə

141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə—



    • iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır.

141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə—

    • üç yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

141.3. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda—

    • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

141.4. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 142. Xəstəyə kömək göstərməmə

142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma—



    • üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)

142.2. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

142.3. Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 143. Təhlükədə qoyma

Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—



    • üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45)

Maddə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə —

    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. (58, 61)

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə