Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 296. Bilə-bilə yalan xəbərçilik etmə



Yüklə 0,87 Mb.
səhifə14/16
tarix21.04.2018
ölçüsü0,87 Mb.
#39766
1   ...   8   9   10   11   12   13   14   15   16

Maddə 296. Bilə-bilə yalan xəbərçilik etmə

296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—



    • üç yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

296.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—

    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə

297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə—

    • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.

2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Maddə 298. Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi

Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—



    • üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz iyirmi saatdan yüz səksən saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Maddə 299. İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma

299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

299.2. Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və ya tərcüməçini yanlış tərcümə etməyə məcbur etmə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə törədildikdə—

    • min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

299.3. Bu Məcəllənin 299.2-ci maddəsində nəzərdə tutulmuş əməllər həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

299.4. Bu Məcəllənin 299.1 və ya 299.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən və ya həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə—

    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 300. Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma

Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 301. Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma

301.1. Hakimlər, andlı iclasçılar, məhkəmə nəzarətçiləri, məhkəmə icraçıları, prokurorlar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—

    • bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 302. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma

302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

302.2. Eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 303. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər

303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

303.2. Məhkəmənin hökmünə əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icra olunmasından başqa cür yayınma—

    • min manatdan üç min manatadək miqdarda cərimə və ya beş yüz manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 304. Azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma

304.1. Cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçması—



    • iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

304.2. Eyni əməllər:

304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;

304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla törədildikdə—



    • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 305. Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma

Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması—



    • bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—



    • min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə

307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə —



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə—

    • iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə

308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —



    • min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar.

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—



    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 310. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə

Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)

311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması —



    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

3.11.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—


    • əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 311.3.3-cü maddəsində «külli miqdar» dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.

Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq)

312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi —



    • min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—

    • iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.

Maddə 312-1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)

312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması —



    • üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

312-1.2. Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin verilməsi —

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 313. Vəzifə saxtakarlığı

Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314. Səhlənkarlıq

314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—



    • beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə

Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etmə -



  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314-2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə

314-2.1. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə—



  • bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-2.2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə—

  • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-2.3. Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda —

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması

314-3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması—



  • bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-3.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-3.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə