Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 0,97 Mb.
səhifə1/14
tarix26.09.2017
ölçüsü0,97 Mb.
#2172
  1   2   3   4   5   6   7   8   9   ...   14

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

(2012-ci il martın 16-dək edilmiş əlavə və dəyişikliklərlə)

(Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)

Ümumi hissə

Bölmə I. Cinayət qanunu

Birinci fəsil. Azərbaycan Respublikasının cinayət qanununun vəzifələri və prinsipləri

Maddə 1. Azərbaycan Respublikasının cinayət qanunu

1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.

1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.

1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.



Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri

2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

2.2. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.

Maddə 3. Cinayət məsuliyyətinin əsasları

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.



Maddə 4. Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri

Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.



Maddə 5. Qanunçuluq prinsipi

5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.

5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.

Maddə 6. Qanun qarşısında bərabərlik prinsipi

6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

6.2. Bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz. (57)

Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi

7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Maddə 8 . Ədalət prinsipi

8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Maddə 9. Humanizm prinsipi

9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.

9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.

İkinci fəsil. Cinayət qanununun qüvvəsi

Maddə 10. Cinayət qanununun zamana görə qüvvəsi

10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.

10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.

10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.

Maddə 11. Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə görə qüvvəsi

11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.

11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.

11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.

11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.

11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.



Maddə 12. Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi

12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.



12.1-1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.(64)

12.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. (64)

12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.

12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

12.5. Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. (3, 7, 25, 64)

Maddə 13. Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya)

13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.

13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün «Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.

13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.

13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir. (3, 10)

Bölmə II. Cinayət haqqında

Üçüncü fəsil. Cinayət anlayışı və cinayətlərin təsnifatı

Maddə 14. Cinayət anlayışı

14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.

14.2. Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.

Maddə 15. Cinayətlərin təsnifatı

15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

15.4. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

15.5. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. (3)



Maddə 16. Cinayətlərin təkrar törədilməsi

16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.

16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir.

16.3. Əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.



Maddə 17. Cinayətlərin məcmusu

17.1. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır.

17.2. Bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır.

17.3. Şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir.

17.4. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.

Maddə 18. Cinayətlərin residivi və onun növləri

18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır:

18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;

18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə.

18.3. Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır:

18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda;

18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə;

18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə.

18.4. Bu Məcəllənin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, habelə on səkkiz yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır.

18.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir.(3)

Dördüncü fəsil. Cinayət məsuliyyətinə cəlb edilməli olan şəxslər

Maddə 19. Cinayət məsuliyyətinin ümumi şərtləri

Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir.



Maddə 20. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi

20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.

20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.

20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin 20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir. (3, 11)

Maddə 21. Anlaqsızlıq

21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.



Maddə 22. Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət məsuliyyəti

22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.

22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.

Maddə 23. Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət

Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.



Beşinci fəsil. Təqsir

Maddə 24. Təqsirin formaları

24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır.

24.2. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.

Maddə 25. Cinayətin qəsdən törədilməsi

25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.

25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.

25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.



Maddə 26. Cinayətin ehtiyatsızlıqdan törədilməsi

26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.

26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.

26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.



Altıncı fəsil. Başa çatmayan cinayət

Maddə 27. Başa çatmış və başa çatmayan cinayət

27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur.

27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.

27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.



Maddə 28. Cinayətə hazırlıq

28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.

28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.

Maddə 29. Cinayət etməyə cəhd

Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.



Maddə 30. Cinayət törətməkdən könüllü imtina etmə

30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.

30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.

30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa, cinayət məsuliyyətinə cəlb olunmur.

30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə