Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında



Yüklə 2,3 Mb.
səhifə6/36
tarix14.02.2018
ölçüsü2,3 Mb.
#26913
1   2   3   4   5   6   7   8   9   ...   36

CƏZANIN TƏYİN EDİLMƏSİ


Maddə 58. Cəzanın təyin edilməsinin ümumi əsasları

58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir.

58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.



Maddə 59. Cəzanı yüngülləşdirən hallar

59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:

59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;

59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;

59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi;

59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;

59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;

59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;

59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;

59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

59.1.9. könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə;

59.1.10. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi.

59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.



Maddə 60. Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi

Bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 37



Maddə 61. Cəzanı ağırlaşdıran hallar

61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:

61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;

61.1.2. cinayətin ağır nəticələrə səbəb olması;

61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;

61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;

61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması;

61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi;

61.1.7. cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi;

61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsi;

61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsi;

61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;

61.1.11. cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi;

61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən istifadə etməklə törədilməsi;

61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi.

61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

Maddə 62. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi

62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

Maddə 63. Başa çatmayan cinayətə görə cəza təyin edilməsi

63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.

63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz.

63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.

Maddə 64. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi

64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.

64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.

Maddə 65. Residivə görə cəzanın təyin edilməsi

65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.

65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 38

65.3. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.



Maddə 66. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi

66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.

66.2. Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz.

66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz.

66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.

66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.



Maddə 67. Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi

67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

67.2. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.

67.3. Hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

67.5. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

67.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur.

Maddə 68. Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası

68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə:

68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü;

68.1.2. azadlığının məhdudlaşdırılmasının iki günü; 39

68.1.3. islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü;

68.1.4. ictimai işlərin səkkiz saatı bərabər tutulur.

68.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur.40



Maddə 69. Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması

69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır.41

69.2. Bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər.

69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.42

69.4. Məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir.

Maddə 70. Şərti məhkum etmə

70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.43

70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.

70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.

70.5. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.

70.6. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.

70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.



Maddə 71. Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması

71.1. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.

71.2. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.

71.3. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxara bilər.

71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir.

71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bu Məcəllənin 71.4-cü maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir.



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə