Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 87. Zərər çəkmiş şəxs



Yüklə 1,91 Mb.
səhifə6/36
tarix13.11.2017
ölçüsü1,91 Mb.
#10309
1   2   3   4   5   6   7   8   9   ...   36

Maddə 87. Zərər çəkmiş şəxs

87.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.

87.2. Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər.

87.3. Cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir.

87.4. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

87.5. Zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir.

87.6. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

87.6.1. ittihamın mahiyyətini bilmək;

87.6.2. ifadə vermək;

87.6.3. izahat vermək;

87.6.4. cinayət işinə əlavə olunması və məhkəmə iclasında tədqiq edilməsi üçün materiallar təqdim etmək;

87.6.5. etirazlar etmək;

87.6.6. vəsatətlər vermək;

87.6.7. məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;

87.6.8. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək;

87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

87.6.11. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

87.6.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək;

87.6.13. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq;

87.6.14. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək; (45)

87.6.15. xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq;

87.6.16. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək;

87.6.17. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək;

87.6.18. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona vurulmuş ziyana görə qanunla müəyyən edilmiş kompensasiyanı dövlət hesabına almaq;

87.6.19. cinayət işi üzrə icraat zamanı sərf edilmiş xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

87.6.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq;

87.6.21. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

87.6.22. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən, o cümlədən ona qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi haqqında şikayətdən imtina etmək;

87.6.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

87.7. Zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

87.7.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

87.7.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ifadə vermək;

87.7.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparılmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

87.7.4. onun barəsində cinayətin törədilməsi ehtimal edilən cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;

87.7.5. hadisəni düzgün dərk edib yenidən təsvir etmək qabiliyyətindən şübhələnməyə əsaslar olduqda, bu halların müəyyən edilməsi üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;

87.7.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

87.7.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

87.7.8. məhkəmə iclasında qaydaya riayət etmək;

87.7.9. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

87.7.10. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

87.8. Zərər çəkmiş şəxs şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir. Yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.



Maddə 88. Xüsusi ittihamçı

88.1 .Xüsusi ittihamçı qismində aşağıdakılar tanınır:

88.1.1. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək, keçirilərkən və ya sonradan, lakin məhkəmə istintaqı başlananadək xüsusi ittihamçı qismində məhkəmə baxışına buraxılması barədə vəsatət vermiş şəxs — vəsatət təmin olunan andan;

88.1.2. ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət nəticəsində ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqandan buna görə cinayət işinin başlanmasını, ibtidai araşdırma aparılmasını və onun zərər çəkmiş şəxs qismində tanınmasını xahiş etmiş şəxs — başlanmış cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanındığı andan;

88.1.3. cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs — xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan.

88.2. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyəti olmadıqda, bu Məcəllənin 88.1-ci maddəsində nəzərdə tutulmuş vəsatəti, xahişi və ya şikayəti vermiş onun qanuni nümayəndəsi xüsusi ittihamçı hesab olunur.

88.3. Bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə baxışında iştirak etmək üçün buraxılması barədə vəsatət vermiş zərər çəkmiş şəxsin hüquqi varisi xüsusi ittihamçı qismində tanınır.

88.4. Xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada:

88.4.1. xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir;

88.4.2. cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir;

88.4.3. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçılarının vəsatətləri və məhkəmədə baxılan məsələlər üzrə fikrini söyləyir;

88.4.4. öz hesabına və ya məhkəmə vasitəsi ilə sübutların məhkəməyə təqdim edilməsini təmin edir;

88.4.5. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclasında işin materiallarının tədqiqində iştirak edir;

88.4.6. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirir;

88.4.7. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirir;

88.4.8. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda giriş sözü (xüsusi ittiham qaydasında şikayətin elan edilməsi), nitq və replika söyləyir, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış edir.

88.5. Xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir.

Maddə 89. Mülki iddiaçı

89.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.

89.2. Mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

89.3. Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir.

89.4. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

89.4.1. ittihamın mahiyyətini bilmək;

89.4.2. təqdim etdiyi iddia üzrə izahat və ifadə vermək;

89.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək;

89.4.4. etirazlar etmək;

89.4.5. vəsatətlər vermək, o cümlədən verdiyi iddianın təmin olunması üçün tədbirlərin görülməsi barədə vəsatət vermək;

89.4.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;

89.4.7. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edərkən, qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

89.4.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

89.4.9. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

89.4.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək, kassasiya instansiyası məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

89.4.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə rəsmi qərarların surətini əldə etmək, ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq;

89.4.12. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarının iddiaya dair hissəsindən apelyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək; (45)

89.4.13. cinayət prosesini həyata keçirən orqanın onun iddiasına dair hissəsindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək;

89.4.14. onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;

89.4.15. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə fikrini bildirmək;

89.4.16. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə etirazını bildirmək;

89.4.17. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

89.4.18. özü və ya nümayəndəsi tərəfindən verilmiş hər hansı şikayətdən imtina etmək;

89.4.19. cinayət prosesinin istənilən anında iddiadan imtina etmək;

89.4.20. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

89.4.21. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakını geri almaq;

89.4.22. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

89.5. Mülki iddiaçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

89.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

89.5.2. mülki cavabdehlərin sayına uyğun iddia ərizələrinin surətinin məhkəməyə təqdim olunmasını təmin etmək;

89.5.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

89.5.4. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

89.5.5. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

89.5.6. məhkəmə iclasında qaydaya riayət etmək;

89.5.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

89.5.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

89.6. Mülki iddiaçı cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

89.7. Mülki iddiaçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.



IX fəsil. Müdafiə tərəfi

Maddə 90. Şübhəli şəxs

90.1. Şübhəli şəxs qismində aşağıdakı fiziki şəxs tanınır:

90.1.1. ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs;

90.1.2. cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs;

90.1.3. haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs.

90.2. Cinayət prosesini həyata keçirən orqan aşağıdakı müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil:

90.2.1. tutulmuş şəxsi — 48 saatdan artıq;

90.2.2. həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq.

90.3. Bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddət qurtaranadək cinayət prosesini həyata keçirən orqan şübhəli şəxsi azad edərək, haqqında seçilmiş qətimkan tədbirini ləğv etməli və ya onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarmalıdır.

90.4. Şübhə kifayət qədər əsaslı deyilsə, cinayət prosesini həyata keçirən orqan və ya məhkəmə bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər qurtaranadək şübhəli şəxsi azad etməli və haqqında seçilmiş qətimkan tədbirini ləğv etməlidir.

90.5. Şəxs azad edildiyi, haqqında seçilmiş qətimkan tədbiri ləğv olunduğu və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarıldığı andan şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunur.

90.6. Cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır.

90.7. Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

90.7.1. nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi);

90.7.2. tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;

90.7.3. tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;

90.7.4. tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;

90.7.5. tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq;

90.7.6. tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı və ya işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək;

90.7.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;

90.7.8. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

90.7.9. müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;

90.7.10. ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək;

90.7.11. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

90.7.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

90.7.13. etirazlar etmək və vəsatətlər vermək;

90.7.14. istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

90.7.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

90.7.16. cinayət işinə əlavə olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

90.7.17. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;

90.7.18. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən qeyd olunması zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

90.7.19. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq;

90.7.20. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiəçinin verdiyi şikayətdən imtina etmək;

90.7.21. zərər çəkmiş şəxslə barışmaq;

90.7.22. cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

90.7.23. şübhə təsdiq olunmadıqda bəraət almaq;

90.7.24. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

90.8. Şübhəli şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə bu Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.

90.9. Şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz.

90.10. Yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan şübhəli şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir.

90.11. Şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

90.11.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

90.11.2. tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq;

90.11.3. həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;

90.11.4. müayinəyə məruz qalmaq;

90.11.5. ekspertiza aparılmasına məruz qalmaq;

90.11.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

90.11.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



Maddə 91. Təqsirləndirilən şəxs

91.1. Müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.

91.2. Anlaqsız vəziyyətdə və ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs də bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə və istisnalarla yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun vəzifələrini daşıyır.

91.3. Şəxsin barəsində cinayət təqibinə xitam verildiyi andan o, təqsirləndirilən şəxs vəziyyətindən çıxmış hesab olunur.

91.4. Müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir.

91.5. Təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

91.5.1. nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq;

91.5.2. onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;

91.5.3. dərhal tutulma və həbsə alma protokolu tərtib olunduqdan sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;

91.5.4. həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq;

91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək;

91.5.6. tutulduqdan dərhal sonra ailəsinə, qohumlarına, yaşadığı və ya işlədiyi (oxuduğu) yerə telefonla və ya digər vasitələrlə tutulması barədə xəbər vermək;

91.5.7. müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;

91.5.8. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

91.5.9. öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək;

91.5.10. ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək;

91.5.11. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

91.5.12. tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

91.5.13. etirazlar etmək və vəsatətlər vermək;

91.5.14. istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

91.5.16. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

91.5.17. təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək;

91.5.18. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;

91.5.19. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

91.5.20. ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq;

91.5.21. həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

91.5.22. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

91.5.23. cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək;

91.5.24. əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışını tələb etmək;

91.5.25. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

91.5.26. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;

91.5.27. öz müdafiəsini müstəqil həyata keçirərkən birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında giriş sözü (haqqında irəli sürülmüş ittihamda özünü təqsirli bilib-bilməməsinin, mülki iddianı qəbul edib-edilməməsinin elan olunması), nitq və replika söyləmək;

91.5.28. məhkəmə baxışında son sözlə çıxış etmək;

91.5.29. hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;

91.5.30. təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək;

91.5.31. hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq;

91.5.32. məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlərini vermək;

91.5.33. özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək;

91.5.34. zərər çəkmiş şəxslə barışmaq;

91.5.35. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;

91.5.36. onun şikayəti ilə cinayət işinə apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, həbsdə saxlanılmırsa, cinayət prosesinin digər iştirakçısının şikayətinə etiraz olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;

91.5.37. iş üzrə verilmiş şikayət və protestlərdən xəbərdar olmaq və onlara öz etirazlarını bildirmək;

91.5.38. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

91.5.39. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

91.5.40. cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

91.5.41. ittiham sübut olunmadığı halda bəraət almaq;

91.5.42. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

91.6. Təqsirləndirilən şəxs öz müdafiəsini müstəqil həyata keçirərkən onun vəziyyətində mümkün dərəcədə bu Məcəllədə müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir.

91.7.Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz.

91.8. Təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

91.8.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

91.8.2. həbsə alınarkən baxışa və şəxsi axtarışa məruz qalmaq;

91.8.3. həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;

91.8.4. müayinəyə məruz qalmaq;

91.8.5. ekspertiza aparılmasına məruz qalmaq;

91.8.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

91.8.7. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

91.8.8. məhkəmə iclasında qaydaya riayət etmək;

91.8.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

91.9. Yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə