Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,13 Mb.
səhifə10/13
tarix11.03.2018
ölçüsü1,13 Mb.
#31147
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   13

250.2. Gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.


250.3. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa şəxs tərəfindən də verilə bilər.

250.4. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

250.5. Bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə bilərlər.

250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişləri əhatə edir.

250.7. Gömrük orqanları gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin müraciətinə əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük proseduru ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi ilə, bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə verirlər.

250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş təminat bütün gömrük ərazisində etibarlıdır.

250.9. Təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 251. Məcburi təminat
251.1. Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər.

251.2. Gömrük borcunun dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

251.3. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə müəyyənləşdirilir.
Maddə 252. Fakültativ (məcburi olmayan) təminat
Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin fakültativ (məcburi olmayan) hallarında da, təminatın verilməsini tələb edirlər. Tələb edilən təminatın məbləği bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş məbləğlərdən artıq olmamalıdır.
Maddə 253. Təminatın seçilməsi
253.1. Gömrük borcuna təminat verən şəxs bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatlardan birini seçə bilər.

253.2. Seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edirlər.

253.3. Gömrük orqanları seçilmiş təminatın müvafiq dövr ərzində saxlanmasını tələb edirlər.
Maddə 254. Zamin şəxs
254.1. Bu Məcəllənin 258.1.6-cı maddəsində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır.

254.2. Zamin şəxs gömrük borcunun ödənilməsinə yazılı təminat verməlidir.

254.3. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddət ərzində ödəniləcəyinə əmin olmadıqda, üçüncü şəxsin zaminliyini qəbul etməkdən imtina edirlər.
Maddə 255. Əhatəli təminat
255.1. Gömrük orqanları bu Məcəllənin 255.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərə cavab verən şəxsin yazılı müraciəti əsasında ondan iki və ya daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminatı qəbul edirlər.

255.2. Əhatəli təminat gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərdən qəbul olunur.


Maddə 256. Əlavə və yaxud əvəzedici təminat
Gömrük orqanları təqdim edilmiş təminatın müəyyən olunmuş müddət ərzində gömrük borcunun ödənilməsinə təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun ödənilməsi üçün etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, bu Məcəllənin 250.2-ci maddəsində qeyd olunan şəxsdən onun seçimi əsasında əlavə təminat, yaxud verilmiş təminatın yenisi ilə əvəz edilməsini tələb edirlər.
Maddə 257 Təminatın başa çatması
Gömrük orqanları gömrük borcunun tam məbləğdə ödənilməsinə və gömrük borcunun olmamasına əmin olduğu zaman təminat başa çatmış hesab edilir.
Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları
258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:

258.1.1. girov;

258.1.2. veksel zaminliyi (aval);

258.1.3. bank qarantiyası;

258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;

258.1.5. sığorta müqavilələri;

258.1.6. üçüncü şəxsin zaminliyi;

258.1.7. avans ödəmələr.

258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir.

258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 259. Girov
259.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları tərəfindən girov qismində qəbul olunur.

259.2. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Maddə 260. Veksel zaminliyi (aval)
Gömrük borcunun təminatı kimi veksellər yalnız o halda qəbul olunur ki, onlar üzrə avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və ya bank olmayan kredit təşkilatları çıxış etsin.

Maddə 261. Bank qarantiyası


261.1. Gömrük borcu bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və müvafiq icra hakimiyyəti orqanının apardığı müvafiq reyestrə daxil edilmiş bankların və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.

261.2. Bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin müraciətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxılır.

261.3. Bankların və bank olmayan kredit təşkilatlarının bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə yığım alınır.

261.4. Ləğv edilən və ya yenidən təşkil edilən, lisenziyası ləğv edilən, yaxud bank qarantiyası üzrə öhdəliklərini yerinə yetirməyən banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır.

261.5. Banklar və bank olmayan kredit təşkilatları reyestrdən çıxarılarkən onların reyestrə daxil olduğu zaman ödədiyi yığım geri qaytarılmır.

Maddə 262.Pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi


262.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə saxlanma müddəti üçün faizlər ödənilmir.

262.2. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 263. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta

müqavilələrindən istifadə olunması


Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və sığorta fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Maddə 264. Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü

şəxsin zaminliyi


Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyindən istifadə edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Maddə 265. Avans ödəmələr


Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi, ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr avans ödəmələr hesab olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.
FƏSİL 46
GÖMRÜK BORCU ÜZRƏ ÖDƏNİLMİŞ GÖMRÜK

ÖDƏNİŞLƏRİNİN QAYTARILMASI VƏ GÖMRÜK BORCUNUN LƏĞVİ
Maddə 266. Ümumi müddəalar
266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər.
Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı

olduğu hallar


267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır:

267.1.1. mallar qüsurlu olduqda;

267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə.

267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur.

267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.


Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması
268.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir.

268.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır.

268.3. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verirlər.
Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük

borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması


Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.
Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət

270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.

270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.


Maddə 271. Gömrük borcunun ləğvi

271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsi ilə də ləğv edilir:

271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi;

271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi;

271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi;

271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi;

271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması.

271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir.


XV BÖLMƏ
GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ MÜDDƏALAR
FƏSİL 47
GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN VALYUTA NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 272. Gömrük orqanları valyuta nəzarəti orqanı kimi
272.1. Gömrük orqanları Azərbaycan Respublikasında valyuta nəzarətini həyata keçirən dövlət orqanlarından biridir.

272.2. Gömrük orqanları gömrük işi ilə bağlı valyuta nəzarətini bu Məcəlləyə və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirirlər.


Maddə 273.Gömrük orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri
Gömrük orqanları sərbəst zonaların perimetrləri istisna olmaqla, şəxslərin gömrük sərhədindən Azərbaycan Respublikasının milli valyutasını, milli valyutada qiymətli kağızları və digər valyuta sərvətlərini keçirməsinə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına valyuta nəzarətini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
Maddə 274. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən

aşkar edilmiş hüquq pozuntularına görə məsuliyyət

Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquqpozmalara görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
FƏSİL 48
GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN İXRAC NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi

Gömrük orqanları bu Məcəllə və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ixrac nəzarətini həyata keçirirlər.


Maddə 276. Gömrük orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri

276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən malların gömrük sərhədindən qeyri-qanuni keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixracının qarşısını alırlar.

276.2. İxrac nəzarətinə düşən malların gömrük sərhədindən keçirilməsi qaydaları “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir.
Maddə 277. Məlumatın məxfiliyinə riayət edilməsi
Gömrük orqanlarının ixrac nəzarətini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxsləri digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini qorumağa borcludurlar.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə