Azərbaycan Respublikasının Gömrük Məcəlləsi


Maddə 54. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi



Yüklə 0,9 Mb.
səhifə4/14
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66185
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   14

Maddə 54. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi
54.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar.

54.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.


Maddə 55. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini

lazımi səviyyədə yerinə yetirmələri üçün təminat
55.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tuturlar.

55.2. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən birbaşa rəhbərlərinə tabedirlər.

55.3. Qanunvericiliklə səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə edə bilməz.

55.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti, o cümlədən təsərrüfat subyektlərinin idarəçiliyində birbaşa və ya dolayısı ilə (nümayəndədən, vasitəçidən istifadə etməklə) iştirakı, gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili kimi çıxış etməsi, əvəzçiliklə istənilən haqqı ödənilən işi yerinə yetirməsi (elm-tədris və yaradıcılıq fəaliyyətindən başqa), gömrük işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə əsasında yerinə yetirməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, tətillərin təşkili və onların keçirilməsində iştirakı, siyasi partiyalar yaratması, yaxud onların işində iştirak etməsi qadağandır.

55.5. Gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
FƏSİL 12
GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SƏLAHİYYƏTLƏRİ
Maddə 56. Keşik çəkmə (patrulluq) və müşahidə

56.1. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin və gömrük işi üzrə

digər qanunvericilik aktlarının müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirərkən, gömrük nəzarətinin bu Məcəllənin 92.2.7-ci maddəsində nəzərdə tutulmuş formasından istifadə etməklə, gömrük ərazisində aşağıdakı hərəkətləri həyata keçirmək hüququna malikdirlər:

56.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.2. dəmiryol vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil olmaq, həmin ərazidə, habelə dəmir yolunun müəyyən olunmuş hissələrində, ehtiyat yollarında keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.3. aeroportlara, aerodromlara, orada yerləşən tikililərə, təyyarələrin uçuş-enmə zolağına daxil olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada qalmaq.

56.2. Bu Məcəllənin 56.1-ci maddəsində göstərilən məqsədlər üçün zəruri hesab edilən digər yerlərdə də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər.

56.3. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla bilməz.

56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 57. Nəqliyyat vasitələrinə daxilolma
57.1. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər:

57.1.1. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə daxil olduqda;

57.1.2. nəqliyyat vasitəsi gömrük ərazisindən kənara çıxdıqda;

57.1.3. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün gömrük ərazisindən tranzitlə keçdikdə;

57.1.4. gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların daşınmasını ehtimal etdikdə;

57.1.5. gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda.

57.2. Nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsinə, yaxud onun hər hansı hissəsinə təhlükəsiz daxil olmasını və tərk etməsini, lazımi hallarda onları orada qalmaq uçun münasib yerlə öz vəsaiti hesabına təmin etməlidir.
Maddə 58. Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması
58.1. Aşağıdakı hallardan birinin və ya bir necəsinin mövcudluğuna dair əsası olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə həmin nəqliyyat vəsitəsini saxlayır:

58.1.1. nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda;

58.1.2. nəqliyyat vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda;

58.1.3. nəqliyyat vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı nəzərdə tutulan mallar olduqda;

58.1.4. bu Məcəllənin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması faktları barədə məlumatlar olduqda;

58.1.5. malların qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı digər əsaslı dəlillər olduqda.

58.2. Nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən edilmiş qaydada fiziki qüvvədən, gömrük orqanlarının sərəncamında olan xüsusi vasitələrdən və bu Məcəllənin 80.2.5-ci maddəsində müəyyən edilmiş hallarda odlu silahdan istifadə oluna bilər.

58.3. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 57.1-ci maddəsində göstərilən hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər.

58.4. Nəqliyyat vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən halların mövcudluğuna əsaslı şübhəsi olduqda, nəqliyyat vasitəsinin istənilən hissəsinə daxil ola, oradakı bütün bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər.

58.5. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri məhdudlaşdırıla bilməz.

58.6. Yoxlama nəticəsində bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən hallar aşkar olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsinin marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər.
Maddə 59. Nəqliyyat vasitələrində olan malların mühafizəsi
Bu Məcəllə ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəsinə daxil olub yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxsləri oradakı malların mühafizəsini təmin etməlidirlər.
Maddə 60. Şəxslərin sorğu-sual edilməsi
60.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya

bu ərazini tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin 92.2.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:

60.0.1. həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu;

60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri;

60.0.3. şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması;

60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği.


Maddə 61. Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət

sənədi və digər məsələlər barədə sorğu-sual edilməsi
61.1 Məcəllənin bu maddəsi gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsindən düşmüş və ya düşdüyü ehtimal edilən, həmçinin gömrük ərazisinə daxil olması faktını gizlətmiş və ya gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir.

61.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 61.1-ci maddəsində göstərilən şəxsləri aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:

61.2.1. şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;

61.2.2. şəxsin yaşadığı ünvan;

61.2.3. şəxsin səyahətinin məqsədi və marşrutu;

61.2.4. şəxsin səyahət sənədi;

61.2.5. şəxsin düşdüyü və ya düşməsi ehtimal edilən və gömrük ərazisindən yola düşməyə cəhd göstərdiyi və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi.

61.3. Gömrük orqanlarının vəzifəli şəxsləri eyni zamanda nəqliyyat müəssisələrinin sahiblərini və onların işçilərini da sorğu-sual etmək hüququna malikdirlər.


Maddə 62. Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması
62.1. Şəxs, gömrük orqanlarının vəzifəli şəxslərinin sorğu-sual aparılması üçün bu Məcəlləyə uyğun olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir.

62.2. Şəxsin təqdim etdiyi sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən dərhal yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır.


Maddə 63. Köməkçi vasitələrdən istifadə etməklə, şəxslərin ilkin yoxlanılması
63.1. Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində ilkin yoxlama keçirmək hüququna malikdirlər.

63.2. İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır.


Maddə 64. Şəxsi yoxlama
64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar.

64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol verilmir.

64.3. Fiziki şəxsin bədənində narkotik vasitələr və psixotrop maddələr gizlətməsini müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır.

64.5. Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.

64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

64.7. Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu Məcəllənin 64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas olduğu halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş qaydada götürülür.

64.8. Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.

64.9. Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri, narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək məqsədilə tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb işçisi tərəfindən imzalanır.
Maddə 65. Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması
65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.

65.2 Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır.

65.3. Gömrük orqanlarının vəzifəli şəxsiləri yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.

65.4. Malların təyin edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.

65.5. Bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət olunan və olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə edənlərin yazışma sirrini, poçt vasitəsi ilə ötürülən məlumat sirrinin qorunması hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir.

65.6. Yoxlamaya fiziki və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların çəkilməsi, ölçülməsi daxil ola bilər. Yoxlamanın sürətləndirilməsi məqsədi ilə itlərdən, detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran avadanlıqdan, mexaniki, elektrik, elektron cihazlardan, malların yerləşdirildiyi bağlamaların deşilməsi və sökülməsi üçün tətbiq olunan digər vasitələrdən istifadə edilə bilər. Həmin vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

65.7. Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür.

65.8. Götürülən prob və nümunələr onların ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) olmalıdır.

65.9. Bu Məcəllə və gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək hüququna malikdirlər.

65.10. Yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya iradəsinə zidd gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olmasına yol verilmir.

65.11. Yoxlama zamanı hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 66. Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması
66.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarəti altında olan mallarla əlaqədar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması barədə kifayət qədər əsası olduqda, şəxsdən həmin malların əlavə yoxlanılması üçün təqdim olunmasını tələb edirlər.

66.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti altında olan mallarla bağlı bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq onlara verilmiş səlahiyyətlərdən istifadə edirlər.

66.3. Yoxlama bəyannaməçinin və ya bu əməliyyatlara birbaşa, yaxud dolayı yolla aidiyyəti olan, habelə bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədlərə malik istənilən şəxsin olduğu yerdə aparıla bilər.
Maddə 67. Mallarla bağlı hesabatın təqdim olunması
67.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində bu Məcəllədə nəzərdə tutulmuş lisenziyalaşdırılan fəaliyyəti həyata keçirən şəxsə bildiriş göndərməklə, ondan kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim olunmasını tələb etmək hüququna malikdirlər:

67.0.1. gömrük ərazisinə gətirilmiş mallar haqqında hesabatı;

67.0.2. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədi.
Maddə 68. Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər.
Maddə 69. Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi
69.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq təmsil etdiyi şəxsin adından və ya öz adından onun mənafeyi üçün fəaliyyət göstərdiyini bildirən şəxs, təmsilçiliklə bağlı sənədləri gömrük orqanlarına təqdim etməlidir.

69.2. Təmsilçiliklə bağlı sənədlər təqdim olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri həmin təmsilçiliyi tanımaqdan imtina edirlər.


Maddə 70. Sənədlərin təqdim edilməsinə dair tələblər
70.1. Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər.

70.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük sərhədindən keçirilmiş malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin mallarla bağlı digər əməliyyatlara dair məlumatların olduğu və ya olması ehtimal edilən mühasibat sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək hüququna malikdirlər.

70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və ya onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən sənədlərin surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə şərait yaradılmasını, müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ vardır.
Maddə 71. Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər
Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük auditinin və araşdırmalarının aparılması üçün zəruri olan sənədləri (məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada alırlar.
Maddə 72. Xarici dildə olan sənədlər (məlumatlar)
Xarici dildə olan sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.
Maddə 73. Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların

götürülüb saxlanılması
73.1. Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 3 (üç) günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər.

73.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini verirlər.

73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli kimi istifadə oluna bilər.
Maddə 74. Sənədlərin gömrük auditi
Gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
Maddə 75. Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması
75.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan sənədlər bu Məcəllənin və

gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin sənədlərin surətlərinin çıxarılması məqsədi ilə 1 (bir) günədək müddətə götürmək hüququna malikdirlər.

75.2. Surəti çıxarıldıqdan sonra sənədlər onlar üzərində hüquq sahibi olan şəxsə qaytarılır.
Maddə 76. Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin

və malların götürülüb saxlanılması
76.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan məlumatlar, sənəd və mallar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin məlumatları, sənədləri və malları götürüb saxlayırlar.

76.2. Gömrük orqanlarının gömrük auditini aparan vəzifəli şəxsləri sənəd və məlumatları götürüb saxladığı halda, bu sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini verirlər.

76.3. Malların müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, yaxud sənədlərin və malların maddi sübut olması halları istisna edilməklə, götürülmüş sənədlər, məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır.
Maddə 77. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə,

xüsusi vasitələr və odlu silahdan istifadənin şərtləri və hüdudları
77.1 Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malikdirlər.

77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli, bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm yoxlanılmalıdırlar.

77.3. Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar:

77.3.1. tələblərinin yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və ya silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya qeyri-mümkün olduğu başqa hallar istisna edilir);

77.3.2. bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;

77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması zamanı vurulan ziyanın minimum olmasına çalışmaq.

77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın bu Məcəllədə nəzərdə tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu hərəkətlərinin qanunauyğunluğu barədə rəy verilməlidir.

77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük orqanlarının vəzifəli şəxsləri dərhal gömrük orqanının rəhbərinə və ya onu əvəz edən şəxsə, sonuncu isə, hadisə baş verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə müvafiq prokurora məlumat verməlidir.

77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə