Azərbaycan Respublikasının Gömrük Məcəlləsi


Maddə 96. Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə



Yüklə 0,9 Mb.
səhifə6/14
tarix01.09.2018
ölçüsü0,9 Mb.
#66185
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   14

Maddə 96. Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə

tanış olmasının təmin edilməsi
Gömrük ərazisinə idxal edilən və ya bu ərazidən ixrac edilən malların daşınmasına cəlb olunmuş bütün şəxslər saxlanması tələb olunan məlumatların və sənədlərin gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəzərdən keçirilməsini müəyyən olunmuş forma və qaydada (o cümlədən elektron formada) təmin etməlidirlər.
Maddə 97. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün

mütəxəssislərin və ekspertlərin cəlb edilməsi
97.1. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün digər dövlət orqanlarının mütəxəssislərini və ekspertlərini sorğu əsasında, hüquqi şəxslərin mütəxəssislərini, ekspertlərini isə, onlarla bağlanılan müqavilə əsasında (gömrük orqanlarına həvalə edilmiş hüquq və vəzifələri hüquqi şəxslərə ötürməmək şərti ilə) cəlb etmək hüququna malikdirlər.

97.2. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün mütəxəssisin və ya ekspertin cəlb edilməsi haqqında gömrük orqanının sorğusu dövlət orqanları tərəfindən icra edilməlidir.

97.3. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün cəlb olunan dövlət orqanlarının mütəxəssislərinin və ekspertlərinin xidməti vəzifələrinə aid olan işlərin yerinə yetirilməsi ilə əlaqədar xərclər ödənilmir.

97.4. Gömrük nəzarətinin həyata keçirilməsinə cəlb edilən mütəxəssislər və ekspertlər onlara məlum olan dövlət və kommersiya sirlərini, habelə qanunla qorunan digər konfidensial məlumatları yaymamağa borcludurlar.


Maddə 98. Gömrük auditi
98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərinin yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar.

98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər.

98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər.

98.4. Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada akt tərtib olunur. Həmin akt, gömrük auditinin başa çatdığı gündən başlayaraq, 10 (on) gün müddətində tərtib olunur. Gömrük auditinin nəticəsinə dair tərtib olunmuş aktın bir nüsxəsi barəsində gömrük auditi aparılmış şəxsə təqdim olunur.

98.5. Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

98.6. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.

98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir.

98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.

98.9. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir.

98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.

98.11. Xüsusi gömrük auditi aşağıdakı hallarda həyata keçirilir:

98.11.1. xarici ticarət iştirakçılarına münasibətdə - ümumi gömrük auditinin və ya bu Məcəllə ilə müəyyən olunmuş gömrük nəzarətinin başqa formalarının tətbiqi nəticəsində gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan məlumatların qeyri-dəqiqliyini təsdiq edən dəlillər aşkar olunarsa və yaxud mallar üzərində sərəncam verilməsi və ya onlardan istifadə edilməsinə dair müəyyən olunmuş tələblərin və məhdudiyyətlərin pozulması ilə həyata keçirilərsə və bunun nəticəsində gömrük rüsumlarının, vergilərin ödənilmə qaydasının pozulması, həmçinin Azərbaycan Respublikasında xarici ticarətin dövlət tənzimlənməsini təmin edən qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və qadağalara əməl olunmaması faktı aşkar olunarsa;

98.11.2. gömrük brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, gömrük anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhədindən keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud bu Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün həyata keçirilməsinin bu və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.

98.12. Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11-ci maddəsində göstərilən şəxslər barəsində aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdirlər:

98.12.1. gömrük ərazisinə gətirilən mallarla aparılan əməliyyatlara dair sənədlər və məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) tanış olmaq;

98.12.2. barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və ya istifadəsində olan ərazilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə malları yoxlamaq və baxış keçirmək;

98.12.3. qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək.

98.13. Xüsusi gömrük auditi onun aparılması üçün zəruri olan ən qısa müddət ərzində, həmin yoxlamanın keçirilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) aydan gec olmamaq şərti ilə başa çatdırılmalıdır. Şəxsə sənədlərin və məlumatların təqdim edilməsi haqqında tələbin verilməsindən, onların təqdim edilməsinə qədər olan dövr göstərilən müddətə daxil edilmir.

98.14. Xüsusi gömrük auditinin eyni şəxsə və eyni mala münasibətdə təkrarən aparılmasına icazə verilmir.

98.15. Xüsusi gömrük auditinin aparılması məqsədi ilə gömrük orqanları mallar barəsində səlahiyyəti olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin dövlət nəzarəti tədbirlərini həyata keçirən orqanlar tərəfindən aparılmış inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər.




Maddə 99. Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin

icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər
99.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

99.2. Protokolda aşağıdakılar göstərilir:

99.2.1. protokolun adı;

99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;

99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı;

99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;

99.2.5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan Respublikasının dövlət dilində danışa bilib-bilməməsi;

99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;

99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi;

99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı;

99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar.

99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu Məcəllənin 99.2-ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:

99.3.1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri;

99.3.2. götürülən sənədlərin növü və rekvizitləri.

99.4. Şəxsi axtarış həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.

99.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşәkillәr, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

99.6. Protokol, barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.

99.7. Barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.

99.8. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir.
FƏSİL 15
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

Maddə 100. Ümumi müddəalar

100.1. Gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir.

100.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükələrin təhlili mexanizmini, nəzarət formalarının seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini özündə cəmləşdirən risklərin idarə edilməsi sistemini yaradır və avtomatlaşdırır.

100.3. Gömrük işində risklərin idarə edilməsi sistemi aşağıdakı məqsədlər üçün tətbiq olunur:

100.3.1. gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi və gömrük orqanlarının sərəncamında olan vasitələrdən səmərəli istifadənin təmin edilməsi;

100.3.2. gömrük işi sahəsində hüquqpozmaların aşkar olunması imkanlarının artırılması;

100.3.3. gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus olan malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şərait yaradılması.
Maddə 101. Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti
101.1. Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını müəyyən edir.

101.2. Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

101.3. Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.

101.4. Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi üzrə razılaşma sistemi yaradılır. Bu razılaşma sistemi gömrük orqanlarına riskləri daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya əldə etmək imkanı verir.


VII BÖLMƏ
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ
FƏSİL 16
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ DAİR

ƏSAS MÜDDƏALAR
Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası
102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.

102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.

102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.

102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 103. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri

103.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:

103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;

103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;

103.1.3. malları keçirən şəxsə görə.

103.2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.


Maddə 104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması
104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.

104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.


Maddə 105. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat

vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam

verilməsi

105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.

105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir.

Maddə 106. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
106.1. Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır.

106.2. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

106.3. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər.

106.4. Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər.

106.5. Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir.
Maddə 107. Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük

rəsmiləşdirilməsində iştirakı
107.1. Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.

107.2. Gömrük orqanları tələb etdikdə, bu Məcəllənin 107.1-ci maddəsində göstərilən şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və bu işdə gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.


Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün

zəruri əməliyyatlar
108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.

108.2. Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların daşınması, həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra, gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam etdirilir.

108.3. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.
Maddə 109. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Maddə 110. Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və

nümunələrin götürülməsi
110.1 Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər.

110.2 Gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi ilə bağlı məsələlər bu Məcəllənin 158-ci maddəsi ilə tənzimlənir.


Maddə 111. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası
111.1. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.

111.2. Bu Məcəllənin 111.1-ci maddəsində göstərilən hallarda gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 112. Yardım yükləri
112.1. Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur.

112.2. Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi bu Məcəllədə nəzərdə tutulan sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır.

112.3. Yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.
VIII BÖLMƏ
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ

BU ƏRAZİDƏN APARILMASI
FƏSİL 17
MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ
Maddə 113. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi
113.1. Gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsinin verildiyi halları və onun formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

113.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir.

113.3. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

113.4. Bu maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.


Maddə 114. Qısa idxal bəyannaməsinin təqdim edilməsi
114.1. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.

114.2. Qısa idxal bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa idxal bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.

114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər.
Maddə 115. Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi
115.1. Bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına gömrük orqanları tərəfindən icazə verilir.

115.2. Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir:

115.2.1. gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;

115.2.2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

115.2.3. gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə