Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,02 Mb.
səhifə10/15
tarix02.01.2018
ölçüsü1,02 Mb.
#18978
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 195. Son istifadə xüsusi gömrük proseduru

195.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.

195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:

195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;

195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

195.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XXXIII Fəsil
Emal

Maddə 196. Hasilat norması

196.1. Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.

196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.

Maddə 197. Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

197.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:

197.1.1. idxal gömrük rüsumları;

197.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;

197.1.3. ticarət siyasəti tədbirləri.

197.2. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun.

197.3. Daxildə emal xüsusi gömrük prosedurundan bu Məcəllənin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.

197.4. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:

197.4.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;

197.4.2. bu Məcəllənin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.

197.5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 198. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti

198.1. Gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır.

198.2. Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixindən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.

198.3. Şəxsin əsaslandırılmış müraciəti olduqda gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində göstərilən müddətin uzadılması barədə qərar qəbul edir.

198.4. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.

Maddə 199. Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac

Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.

Maddə 200. Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

200.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.

200.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:

200.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;

200.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;

200.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən mallar.

200.3. Bu Məcəllənin 201-ci və 202-cü maddələrinin əhatə etmədiyi və advalor gömrük rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər əsasında hesablanır. Bu hesablamanın aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

200.4. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda bu müddət növbəti 1 (bir) ilədək uzadılır.

200.5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 201. Ödənişsiz təmir edilmiş mallar

Xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə, onlar idxal gömrük rüsumlarından və vergilərdən tam azad edilirlər.

Maddə 202. Standart mübadilə sistemi

202.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul), bu Məcəllənin 202.2 - 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.

202.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.

202.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

202.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.

202.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilmişdirsə, gömrük orqanları bu Məcəllənin 202.4-cü maddəsində qeyd olunan tələbdən imtina edirlər.

202.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.

Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı

203.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsinə göstərilən miqdarda təminat alınır.

203.2. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.

203.3. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.

203.4. Qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət ərzində üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar.

XII BÖLMƏ


MALLARIN KABOTAJ DAŞINMASI,
QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR

XXXIV Fəsil


Malların kabotaj daşınması

Maddə 204. İdxal olunmuş malların kabotaj daşınması

204.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük ərazisinə gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu ilə həyata keçirilə bilər.

204.2. Gömrük orqanları şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.

204.3. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj daşınmasına icazə verirlər.

204.4. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra mümkün qədər qısa müddətdə icazə verirlər.

204.5. Gömrük orqanları gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər.

XXXV Fəsil


Gömrük təminatları

Maddə 205. İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması

205.1. Gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər.

205.2. Bu Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar göstərilməlidir.

Maddə 206. Gömrük təminatının vurulması ilə bağlı bildiriş

206.0. Gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən bağlamalara aşağıdakıları izah edən bildirişin əlavə edilməsi tələb olunur:

206.0.1. bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatın gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını;

206.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu;

206.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac olunması nəzərdə tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə bilməsi səlahiyyətini:

206.0.3.1. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

206.0.3.2. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya onun istifadəçisini;

206.0.3.3. Bu Məcəllənin 206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

XXXVI Fəsil
Təhlükəsiz ixrac sxemi

Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi

Təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.

Maddə 208. Təhlükəsiz ixrac sxemi üzrə tələblər

208.1. Təhlükəsiz ixrac sxemi üzrə ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınması və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır.

208.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir. Həmin qaydalarda malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər də nəzərdə tutulmalıdır.

Maddə 209.Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər

209.0. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar təsdiq edilməlidir:

209.0.1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması;

209.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunması;

209.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan mallar barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:

209.0.3.1. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

209.0.3.2. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya istifadəçisini;

209.0.3.3. Bu Məcəllənin 209.0.3.1-209.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

Maddə 210. Təhlükəsiz ixrac sxeminin təsdiqi

210.1. Gömrük orqanları ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı əməliyyatların aparılması prosesinə və ya ixracına cəlb olunmuş şəxsin yazılı müraciəti əsasında təhlükəsiz ixrac sxemini təsdiq edirlər.

210.2. Gömrük orqanları təhlükəsiz ixrac sxeminin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda və qaydada təsdiqi və ya bundan imtina edilməsi haqqında qəbul etdiyi yazılı qərarı barədə şəxsə bildiriş göndərir.

210.3. Təhlükəsiz ixrac sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir.

210.4. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri və qüvvəyə minmə tarixi göstərilən yazılı formada bildiriş göndərilməklə, gömrük orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda ləğv edilir.

210.5. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac edən şəxsin əsaslandırılmış yazılı müraciəti olduqda da ləğv edilir.

210.6. Təhlükəsiz ixrac sxeminin ləğvi barədə gömrük orqanlarının qərarı ilə razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

Maddə 211. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara gömrük təminatlarının vurulması

211.1. Bu Məcəllənin 208.1-ci maddəsində qeyd edilən təminatların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması həmin təhlükəsiz bağlamaya gömrük orqanları tərəfindən təkrar gömrük təminatlarının vurulmasına mane olmur.

211.2. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.

Maddə 212. Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların aparılması

212.1. Məcəllənin bu fəsli gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.

212.2. Məcəllənin bu fəslinin müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşınmasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.

Maddə 213. Təhlükəsiz ixrac sxeminə yenidən baxılması

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda gömrük orqanları təsdiq etdikləri təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxırlar.

XXXVII Fəsil


Malların gömrük ərazisinə gətirilməsinin,
bu ərazidən aparılmasının qadağan edilməsi
və məhdudlaşdırılması

Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi

214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır:

214.1.1. saxta kağız və metal pullar;

214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları;

214.1.3. pornoqrafik materialları və ya əşyalar;

214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar.

214.2. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır.

214.3. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.

214.4. Saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir.

Maddə 215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının məhdudlaşdırılması

215.1. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.

215.2. Bu Məcəllənin 215.1-cü maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir.

215.3. «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur.

XXXVIII Fəsil
Gömrük sərhədindən keçirilən malların
nəzarətli göndərişi

Maddə 216. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin xüsusiyyətləri

216.1. Nəzarətli göndəriş – qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq müqavilələrə uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.

216.2. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinə, malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə yol verilir.

216.3. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla digər əməliyyat-axtarış fəaliyyətinin subyektləri qəbul edir.

216.4. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi metodundan istifadə haqqında qərar qəbul edildikdə və malların təyinat yeri xarici ölkə olduqda, əməliyyat-qeydiyyat işi açılmaqla, dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilir və əməliyyat-axtarış tədbirinin nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət işinin başlanılıb-başlanılmaması məsələsi həll edilir.

Maddə 217. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi

Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada götürülə bilər.

XIII BÖLMƏ
GÖMRÜK RÜSUMLARININ VƏ MALLARLA
TİCARƏTDƏ DİGƏR TƏDBİRLƏRİN TƏTBİQİNİ
ƏSASLANDIRAN AMİLLƏR

XXXIX Fəsil


Gömrük tarifi və malların tarif təsnifatı

Maddə 218. Gömrük tarifi

218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur.

218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə