Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,02 Mb.
səhifə12/15
tarix02.01.2018
ölçüsü1,02 Mb.
#18978
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.

244.4. Poçt rabitəsi operatorları gömrük borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada gömrük orqanlarının hesabına köçürürlər.

244.5. Yol vergisi və icazə blankına görə dövlət rüsumu xarici dövlətlərin avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Maddə 245. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs

245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.

245.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə bu Məcəllədə nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirilməli olan şəxs həmin mallar üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab olunur.

Maddə 246. Gömrük borcunun ödənilməsinə möhlət verilməsi

246.1. Şəxs tərəfindən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük borcunun ödənilməsinə 14 (on dörd) gündən 60 (altmış) günədək möhlət verirlər.

246.2. Gömrük borcunun ödənilməsinə verilən möhlət müddəti ərzində borcun məbləğinə Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər hesablanır.

Maddə 247. Dəbbə pulu

247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar.

247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır:

247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək;

247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq borcun faktiki ödənilmə gününədək.

247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir.

247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.

Maddə 248. Gömrük sərhədindən qanunsuz keçirilmiş və ya şərti buraxılmış mallara görə gömrük borcunun hesablanması

248.1. Gömrük sərhədindən qanunsuz keçirilməklə gətirilən malların qanunsuz keçirilmə gününü müəyyən etmək mümkün olmadıqda, gömrük orqanları gömrük borcunun məbləğini həmin malların aşkar edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən edilən gömrük dəyəri əsasında hesablayırlar.

248.2. Tranzit və ya saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan, yaxud saxlanılan mallar itirildiyi, təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu hesablanarkən, onların müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanının qərarının qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən edilən gömrük dəyəri əsas götürülür.

248.3. Gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilməklə şərti buraxılmış mallar nəzərdə tutulmayan başqa məqsədlər üçün istifadə edildikdə, onlar üzrə şərti buraxılış gününə hesablanmış gömrük borcunun məbləği əsas götürülür.

248.4. Bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük ödənişləri ödənilməli olan malların qanunvericiliyin tələbləri pozulmaqla idxalı və ya ixracı, mal sahibini bu mallara görə gömrük ödənişlərini ödəmək öhdəliyindən azad etmir.

Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri

249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar.

249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq ödəyicinin bank hesablarından tutulur.

249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır.

249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar.

XLV Fəsil


Mövcud və yarana biləcək gömrük borcu
üçün təminat

Maddə 250. Ümumi müddəalar

250.1. Bu fəsildə həm mövcud, həm də yarana biləcək gömrük borclarına təminat verilməsi qaydaları müəyyən olunur.

250.2. Gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.

250.3. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa şəxs tərəfindən də verilə bilər.

250.4. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

250.5. Bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə bilərlər.

250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişləri əhatə edir.

250.7. Gömrük orqanları gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin müraciətinə əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük proseduru ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi ilə bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə verirlər.

250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş təminat bütün gömrük ərazisində etibarlıdır.

250.9. Təminatın verilməsinin məcburi və fakultativ (məcburi olmayan) hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 251. Məcburi təminat

251.1. Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər.

251.2. Gömrük borcunun dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

251.3. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə müəyyənləşdirilir.

Maddə 252. Fakultativ (məcburi olmayan) təminat

Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin fakultativ (məcburi olmayan) hallarında da təminatın verilməsini tələb edirlər. Tələb edilən təminatın məbləği bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş məbləğlərdən artıq olmamalıdır.

Maddə 253. Təminatın seçilməsi

253.1. Gömrük borcuna təminat verən şəxs bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatlardan birini seçə bilər.

253.2. Seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edir.

253.3. Gömrük orqanları seçilmiş təminatın müvafiq dövr ərzində saxlanmasını tələb edirlər.

Maddə 254. Zamin şəxs

254.1. Bu Məcəllənin 258.1.6-cı maddəsində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır.

254.2. Zamin şəxs gömrük borcunun ödənilməsinə yazılı təminat verməlidir.

254.3. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddət ərzində ödəniləcəyinə əmin olmadıqda, üçüncü şəxsin zaminliyini qəbul etməkdən imtina edirlər.

Maddə 255. Əhatəli təminat

255.1. Gömrük orqanları bu Məcəllənin 255.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərə cavab verən şəxsin yazılı müraciəti əsasında ondan iki və ya daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminatı qəbul edirlər.

255.2. Əhatəli təminat gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərdən qəbul olunur.

Maddə 256. Əlavə və yaxud əvəzedici təminat

Gömrük orqanları təqdim edilmiş təminatın müəyyən olunmuş müddət ərzində gömrük borcunun ödənilməsinə təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun ödənilməsi üçün etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, bu Məcəllənin 250.2-ci maddəsində qeyd olunan şəxsdən onun seçimi əsasında əlavə təminat, yaxud verilmiş təminatın yenisi ilə əvəz edilməsini tələb edirlər.

Maddə 257 Təminatın başa çatması

Gömrük orqanları gömrük borcunun tam məbləğdə ödənilməsinə və gömrük borcunun olmamasına əmin olduğu zaman təminat başa çatmış hesab edilir.

Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları

258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:

258.1.1. girov;

258.1.2. veksel zaminliyi (aval);

258.1.3. bank qarantiyası;

258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;

258.1.5. sığorta müqavilələri;

258.1.6. üçüncü şəxsin zaminliyi;

258.1.7. avans ödəmələr.

258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir.

258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 259. Girov

259.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları tərəfindən girov qismində qəbul olunur.

259.2. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Maddə 260. Veksel zaminliyi (aval)

Gömrük borcunun təminatı kimi veksellər yalnız o halda qəbul olunur ki, onlar üzrə avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və ya bank olmayan kredit təşkilatları çıxış etsin.

Maddə 261. Bank qarantiyası

261.1. Gömrük borcu bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və müvafiq icra hakimiyyəti orqanının apardığı müvafiq reyestrə daxil edilmiş bankların və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.

261.2. Bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin müraciətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxılır.

261.3. Bankların və bank olmayan kredit təşkilatlarının bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə yığım alınır.

261.4. Ləğv edilən və ya yenidən təşkil edilən, lisenziyası ləğv edilən, yaxud bank qarantiyası üzrə öhdəliklərini yerinə yetirməyən banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır.

261.5. Banklar və bank olmayan kredit təşkilatları reyestrdən çıxarılarkən onların reyestrə daxil olduğu zaman ödədiyi yığım geri qaytarılmır.

Maddə 262. Pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi

262.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə saxlanma müddəti üçün faizlər ödənilmir.

262.2. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 263. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta müqavilələrindən istifadə olunması

Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və sığorta fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 264. Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyi

Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyindən istifadə edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Maddə 265. Avans ödəmələr

Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr avans ödəmələr hesab olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.

XLVI Fəsil


Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması və gömrük borcunun ləğvi

Maddə 266. Ümumi müddəalar

266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər.

Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar

267.1. Məcəllənin bu fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır:

267.1.1. mallar qüsurlu olduqda;

267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə.

267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur.

267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması

268.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir.

268.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır.

268.3. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verirlər.

Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması

Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.

Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət

270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.

270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Maddə 271. Gömrük borcunun ləğvi

271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir:

271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi;

271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi;

271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi;

271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi;

271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması.

271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir.

XV BÖLMƏ
GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ
MÜDDƏALAR

XLVII Fəsil


Gömrük orqanları tərəfindən valyuta
nəzarətinin həyata keçirilməsi

Maddə 272. Gömrük orqanları valyuta nəzarəti orqanı kimi

272.1. Gömrük orqanları Azərbaycan Respublikasında valyuta nəzarətini həyata keçirən dövlət orqanlarından biridir.

272.2. Gömrük orqanları gömrük işi ilə bağlı valyuta nəzarətini bu Məcəlləyə və «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirirlər.

Maddə 273. Gömrük orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri

Gömrük orqanları sərbəst zonaların perimetrləri istisna olmaqla, şəxslərin gömrük sərhədindən Azərbaycan Respublikasının milli valyutasını, milli valyutada qiymətli kağızları və digər valyuta sərvətlərini keçirməsinə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına valyuta nəzarətini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

Maddə 274. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntularına görə məsuliyyət

Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquqpozmalara görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

XLVIII Fəsil
Gömrük orqanları tərəfindən ixrac nəzarətinin
həyata keçirilməsi

Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi

Gömrük orqanları bu Məcəllə və «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ixrac nəzarətini həyata keçirirlər.

Maddə 276. Gömrük orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri

276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən malların gömrük sərhədindən qeyri-qanuni keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixracının qarşısını alırlar.

276.2. İxrac nəzarətinə düşən malların gömrük sərhədindən keçirilməsi qaydaları «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir.

Maddə 277. Məlumatın məxfiliyinə riayət edilməsi

Gömrük orqanlarının ixrac nəzarətini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxsləri digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini qorumağa borcludurlar.

XLIX Fəsil
Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri
olan mallar üzərində gömrük nəzarəti

Maddə 278. Əqli mülkiyyət hüquqlarının gömrük orqanları tərəfindən qorunması

278.1. Gömrük orqanları hüquq sahiblərinin gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqlarının qorunmasını bu Məcəllə və gömrük işi üzrə qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirirlər.

278.2. Gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqların gömrük orqanları tərəfindən qorunması həmin hüquqların qorunması ilə bağlı digər qanunvericilik aktlarına uyğun tədbirlər görülməsinə mane olmur.

Maddə 279. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması qaydaları

279.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır.

279.2. Reyestrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda reyestrdə olan məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması proseduru da nəzərdə tutulmalıdır.

Maddə 280. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi və oradan çıxarılması qaydaları

280.1. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə