Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,02 Mb.
səhifə8/15
tarix02.01.2018
ölçüsü1,02 Mb.
#18978
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək;

148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;

148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək;

148.3.4. gömrük ödənişlərini ödəmək;

148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək.

148.4. Bu Məcəllədə nəzərdə tutulan hüquqlardan başqa, bəyannaməçinin gömrük bəyannaməsini gömrük orqanlarına təqdim etməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək, onları ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır.

Maddə 149. Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti

149.1. Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər.

149.2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər.

149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.

149.4. Bu Məcəllənin 149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.

149.5. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.

149.6. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.

149.7. Malları daşıyan nəqliyyat vasitələri bu Məcəllənin 149.8-ci maddəsində göstərilən hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir.

149.8. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilir.

149.9. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan edilir.

Maddə 150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər

150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir.

150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.

150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.

150.5. Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edir.

Maddə 151. Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması

151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır:

151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını;

151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;

151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;

151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu;

151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini.

151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə müvafiq qeyd aparılır.

151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır.

Maddə 152. Gömrük bəyannaməsinin təsdiqi

152.1. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.

152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir.

152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.

152.4. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

152.5. Gömrük bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə təsdiq edilir.

152.6. Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur.

Maddə 153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi

153.1. Bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

153.2. Aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:

153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;

153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

153.3. Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.

153.5. Bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.

Maddə 154. Gömrük bəyannaməsinin ləğvi

154.1. Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:

154.1.1. mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;

154.1.2. fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.

154.2. Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra baxılır.

154.3. Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.

154.4. Bu Məcəllənin 154.3-cü maddəsi ilə bağlı istisnaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

154.5. Gömrük bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir.

Maddə 155. Sadələşdirilmiş bəyannamələr

155.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş qaydalarını müəyyən edir.

155.2. Aşağıdakı hallarda gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim edilir:

155.2.1. səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən;

155.2.2. bu Məcəllənin 112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı;

155.2.3. fiziki şəxslər istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən.

155.3. Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.

155.4. Səlahiyyətli iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə və yardım yükləri üçün sadələşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr

156.1. Bu Məcəllənin 155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir.

156.2. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.

156.3. Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər.

156.4. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir.

156.5. Əlavə, dövri və natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XXIV Fəsil


Gömrük bəyannaməsində göstərilən
məlumatların, onunla birgə təqdim edilən
sənədlərin və malların yoxlanılması

Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması

157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.

157.2. Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.

157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur.

Maddə 158. Malların yoxlanılması, prob və nümunələrin götürülməsi

158.1. Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir.

158.2. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yoxlanılması, onlardan prob və nümunələr götürülməsi prosesində iştirak edə bilərlər. Bəyannaməçi mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidir.

158.3. Gömrük orqanları bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallardan prob və nümunələri bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.

158.4. Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər.

158.5. Prob və nümunələr onların gömrük ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) götürülür. Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunur.

158.6. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri götürülən prob və nümunələr üzrə aparılmış ekspertizanın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarəti orqanları tərəfindən götürülən prob və nümunələrin ekspertizasının nəticələri haqqında gömrük orqanlarına məlumat verilməlidir.

158.7. Prob və nümunələrin gömrük ekspertizası ilə əlaqədar gömrük orqanlarının və gömrük laboratoriyalarının xərcləri bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilmir.

158.8. Mallardan götürülən prob və nümunələrin gömrük ekspertizası bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə aparıldıqda, gömrük laboratoriyalarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımları ödənilir.

158.9. Mallardan prob və nümunələrin götürülməsi, onların barəsində sərəncam verilməsi qaydasını, gömrük ekspertizasının aparılma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 159. Malların qismən (bir hissəsinin) yoxlanılması, onlardan prob və nümunələrin götürülməsi

159.1. Gömrük bəyannaməsində göstərilən malların bir hissəsinin yoxlanıldığı və ya onlardan prob və nümunələrin götürüldüyü hallarda qismən yoxlamanın, yaxud prob və nümunələrin yoxlanmasının nəticələri orada göstərilmiş bütün mallara şamil edilir.

159.2. Bəyannaməçi qismən yoxlamanın, yaxud götürülmüş prob və nümunələrin yoxlanılmasının nəticələrinin bəyan edilmiş malların qalan hissəsinə münasibətdə tətbiq olunmasını mümkünsüz hesab edərsə, malların təkrar yoxlanılması, yaxud onlardan prob və nümunənin götürülməsi ilə bağlı gömrük orqanına müraciət edə bilər. Əgər malların buraxılışı həyata keçirilməyibsə, müraciət təmin olunmalıdır. Malların buraxılışından sonra edilən müraciət malların hər hansı şəkildə dəyişdirilmədiyi bəyannaməçi tərəfindən sübuta yetirildiyi halda təmin olunur.

159.3. Gömrük bəyannaməsində iki və ya daha çox adda mal bəyan edilərsə, hər bir mala aid məlumat bu Məcəllənin 159.1-ci maddəsinin məqsədləri üçün ayrı bəyanetmə hesab edilir.

Maddə 160. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri

160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq həyata keçirilir.

160.2. Gömrük qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər.

160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır.

160.4. Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun tətbiqi üçün istifadə edilir.

Maddə 161. Eyniləşdirmə tədbirləri

161.1. Gömrük orqanları və ya gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operatorlar malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunan hallarda bu Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq malların eyniləşdirilməsi tədbirləri həyata keçirirlər.

161.2. Həmin eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.

161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar tərəfindən həyata keçirilə bilər.

161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır.

XXV Fəsil


Buraxılış

Maddə 162. Malların buraxılışı

162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər.

162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.

162.3. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni vaxtda buraxılır.

162.4. Mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün zəruri olan məlumatları öz aralarında mübadilə etməlidirlər.

Maddə 163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən asılı olan buraxılış

163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir.

163.2. Bu Məcəllənin 163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir.

163.3. Gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.

163.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəllə və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir.

163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

XXVI Fəsil
Sərbəst dövriyyə üçün buraxılış

Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi

164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir.

164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:

164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;

164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini;

165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.

164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar.

164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XXVII Fəsil


Təkrar idxal

Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi

165.1. Təkrar idxal-ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən sərbəst dövriyyəyə buraxılışıdır.

165.2. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

165.3. Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına bu Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir.

165.4. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

165.5. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

165.6. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XI BÖLMƏ
XÜSUSİ GÖMRÜK PROSEDURLARI

XXVIII Fəsil


Ümumi müddəalar

Maddə 166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə