Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 1,02 Mb.
səhifə9/15
tarix02.01.2018
ölçüsü1,02 Mb.
#18978
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

166.0. Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər:

166.0.1. tranzit (beynəlxalq və daxili tranzit);

166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);

166.0.3. sərbəst zona;

166.0.4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə);

166.0.5. emal (daxildə və xaricdə emal).

Maddə 167. İcazələrin və lisenziyaların verilməsi

167.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük orqanının icazəsi ilə həyata keçirilir.

167.2. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir.

167.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci və 167.2-ci maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir:

167.3.1. rezidentlərə;

167.3.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;

167.3.3. müvəqqəti idxal və ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallardan müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları aparan şəxsə.

167.4. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə verilir:

167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək imkanı olduqda;

167.4.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.

167.5. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

167.6. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.

Maddə 168. Uçotun aparılması

168.1. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz əməliyyatlarının uçotunu aparmalıdırlar.

168.2. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.

Maddə 169. Xüsusi gömrük prosedurunun başa çatması

169.1. Tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır.

169.2. Tranzit xüsusi gömrük proseduru göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır.

169.3. Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

Maddə 170. Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürülməsi

Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər.

Maddə 171. Malların daşınması

Tranzit və sərbəst zona xüsusi gömrük prosedurları istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər.

Maddə 172. Mallarla adi işləmə formaları

Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.

Maddə 173. Ekvivalent mallar

173.1. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.

173.2. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.

173.3. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

173.4. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.

173.5. Müvafiq icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.

XXIX Fəsil


Tranzit

Maddə 174. Beynəlxalq tranzit

174.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.

174.2. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:

174.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;

174.2.2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.

174.3. Bu Məcəllənin 174.1-ci maddəsində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:

174.3.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;

174.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

174.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.

174.4. Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

174.5. Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.

174.6. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.

Maddə 175. Daxili tranzit

175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır.

175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir.

175.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

175.4. Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

XXX Fəsil
Saxlanc

Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi

176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.

176.3. Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.

176.4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 177. Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti

177.1. Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:

177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;

177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;

177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə.

177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 178. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru

178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:

178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;

178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;

178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.

178.2. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir.

178.3. Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.

178.4. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.

Maddə 179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti

179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır.

179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.

179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.

Maddə 180. Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar

180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.

180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir.

180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 181. Gömrük anbarlarında saxlanc

181.1. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.

181.2. Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.

181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır.

181.4. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların gömrük anbarından müvəqqəti çıxarılılması üçün gömrük orqanlarının icazəsi tələb olunur.

181.5. Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 182. Gömrük anbarlarında daxili malların saxlanılması və emalı

182.0. Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:

182.0.1. daxili malların saxlancına;

182.0.2. malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.

Maddə 183. Malların gömrük anbarında saxlanc müddəti

183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər.

183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.

183.3. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.

XXXI Fəsil
Sərbəst zona

Maddə 184. Sərbəst zonanın müəyyən edilməsi

184.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv edə bilər.

184.2. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış məntəqələrini müəyyənləşdirir.

184.3. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti altında olur.

184.4. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçməlidirlər.

184.5. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.

Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət

185.1. Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.

185.2. Sərbəst zonada kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.

185.3. Müvafiq icra hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük nəzarətinin tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, bu Məcəllənin 185.2-ci maddəsində qeyd olunan fəaliyyət növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.

Maddə 186. Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilməsi

186.1. Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:

186.1.1. gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;

186.1.2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;

186.1.3. idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

186.2. Bu Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir:

186.2.1. mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük proseduru altında yerləşdirilməyibsə;

186.2.2. tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük proseduru altında yerləşdirilməyibsə.

186.3. Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması müddəti məhdudlaşdırılmır.

Maddə 187. Sərbəst zonada olan daxili mallar

187.1. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

187.2. Şəxslərin müraciəti əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:

187.2.1. sərbəst zonaya gətirilən daxili malların;

187.2.2. sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;

187.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.

Maddə 188. Sərbəst zonada olan xarici mallar

188.1. Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsi müvafiq gömrük prosedurlarına uyğun olaraq idxal gömrük rüsumları və vergilər ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə buraxılmış və ya müvəqqəti idxal edilmiş malların istifadəsinə və istehlakına maneçilik törətmir. Bu cür istifadə və ya istehlak zamanı sərbəst dövriyyə üçün buraxılış və ya müvəqqəti idxal gömrük prosedurları ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb edilmir.

Maddə 189. Malların sərbəst zonadan kənara çıxarılması

189.1. Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya gömrük ərazisinin digər hissəsinə gətirilə bilər.

189.2. Gömrük ərazisinin digər hissələrinə gətirilən mallara bu Məcəllənin 117-124-cü maddələrinin müddəaları tətbiq edilir.

Maddə 190. Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən malların gömrük statusu

190.1. Mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa gömrük proseduru altında yerləşdirildikdə, onların daxili statusu bu Məcəllənin 187.2-ci maddəsinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə təsdiq edilənədək xarici mallar hesab edilir.

190.2. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda ixrac gömrük rüsumlarının alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərinin tətbiq edilməsi məqsədi ilə mallar, onların daxili statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar hesab edilir.

Maddə 191. Sərbəst zonanın ləğvi

Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət qədər vaxt verilməlidir.

XXXII Fəsil


Xüsusi istifadə

Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

192.2. Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər.

192.3. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

192.3.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

192.3.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

192.3.3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

192.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır.

Maddə 193. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti

193.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır.

193.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.

193.3. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır.

193.4. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə

194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə