Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


On yeddinci fəsil. Mənzil təsərrüfatı və abadlıq qaydaları əleyhinə olan inzibati xətalar



Yüklə 1,22 Mb.
səhifə7/16
tarix01.06.2018
ölçüsü1,22 Mb.
#46943
1   2   3   4   5   6   7   8   9   10   ...   16

On yeddinci fəsil. Mənzil təsərrüfatı və abadlıq qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 193. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması

193.1. Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə—



  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda cərimə edilir.

193.2. Yaşayış evlərinin, yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə—

  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

193.3. Yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən düzəldilməsinə, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə—

  • fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 194. Özbaşına tikinti işlərinin aparılması

194.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə—



  • fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə—



  • fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir. (1, 41, 48, 119, 133)

Maddə 195. Bağ evlərinin tikilməsi qaydalarının pozulması

Qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış layihə olmadan və ya qanunvericiliklə müəyyən edilmış normalardan kənara çıxılmaqla bağ evlərinin tikilməsinə görə—



  • fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir. (1, 48, 119, 133)

Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması

196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:

196.0.1. xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

196.0.2. baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə;

196.0.3. mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin həyata keçirilməsinə;

196.0.3-1. müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;

196.0.4. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;

196.0.5. tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydalarını pozmağa;

196.0.6. tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törətməyə və həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə -

    • fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir. (1, 48, 119, 133, 141)

Maddə 197. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və ya şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl etməməyə görə—



  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan yeddi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 198. Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi

Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların hər cür zədələnməsinə, yəni tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların özbaşına qırılmasına və ya başqa yerlərə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə—



  • fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 119, 163)

On səkkizinci fəsil. İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 199. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-



  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.

Qeyd: Bu Məcəllənin 199-cu, 199-3-cü, 200-204-cü, 204-2-ci, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. (2, 8, 22, 45, 119, 130, 134, 189)

Maddə 199-1. Vəkil adından qanunsuz istifadə

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə —

  • fiziki şəxslər otuz manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər. (49, 119)

Maddə 199-2. Ailə kəndli təsərrüfatının uçota durmaması

Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -

  • beş manatdan on manatadək miqdarda cərimə edilir. (77, 119)

Maddə 199-3. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi

199-3.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsinə görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

199-3.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə -

min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.(189)

Maddə 200. Yalançı sahibkarlıq

Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılmasına görə, bu, az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-



  • iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir. (1, 2, 119, 130)

Maddə 201. Saxta müflisləşmə

Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə, bu, az miqdarda ziyan vurduqda-



  • vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz on manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 130)

Maddə 202. Qəsdən müflisləşmə

Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə, bu, az miqdarda ziyan vurduqda-



  • vəzifəli şəxslər altmış beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz qırx manatadək miqdarda cərimə edilir. (1, 119, 130)

Maddə 203. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi

Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, və ya əmlak haqqında digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə, yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə, bu, az miqdarda ziyan vurduqda-



  • vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119, 130)

Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi

Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə, bu, az miqdarda ziyan vurduqda-



  • vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz qırx manatadək miqdarda cərimə edilir. (1, 119, 130)

Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə—

  • xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilirlər.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş məsuliyyət üç yüz manatdan çox olan məbləğdə törədildikdə yaranır. (22, 37, 119, 148)

Maddə 204-2. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma

204-2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların və digər zəruri məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda -

    • vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək cərimə edilir. (134)

Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi

Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu, az miqdarda ziyan vurduqda-



  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir. (1, 119, 130)

Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması

206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:

206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;

206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;

206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;

206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;

206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;

206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;

206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;

206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə—



  • vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması

Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə—



  • vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə—



  • vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması

Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya standartlarının pozulmasına görə—



  • vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması

Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə—



  • vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması

Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə—



  • vəzifəli şəxslər qırx beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə —

    • fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 212-ci maddəsində «insayder» dedikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 212-ci maddəsində «az miqdarda» dedikdə, yeddi min manatadək olan məbləğ başa düşülür. (1, 119, 155)

Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə—



  • vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə—



  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər doxsan manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 47, 119)

Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması

Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə—



  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması

Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinİN girovunun və digər girovun dövlət qeydiyyatına aLınması qaydalarının pozulmasına görə—



  • fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması

Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə—



  • vəzifəli şəxslər qırx beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması

Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə—



  • vəzifəli şəxslər altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə

Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə—



  • vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 220. Səhmdarın hüquqlarının pozulması

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə—



  • vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 119)

Maddə 220-1. İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulması

İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulmasına görə -

vəzifəli şəxslər min manatdan min iki yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarda cərimə edilir.(192)

Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması

221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu, az miqdarda ziyan vurduqda

  • fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz altmış manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə—

  • fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklam yayılmamasına görə

  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə—

  • fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə —

    • bu cür reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir. (1, 21, 67, 119, 130, 168)

Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması

221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;

221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə—

  • vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (51, 119)

Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 199-3.1-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.(189)

Maddə 222. Valyuta tənzimi qaydalarının pozulması

222.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə—



  • inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə—

  • inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək miqdarda cərimə edilir.

222.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericilikdə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə—

    • vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən iyirmi faizinədək miqdarında, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən otuz faizinədək miqdarında cərimə edilir.

222.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə—

    • vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək miqdarında, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək miqdarında cərimə edilir. (1, 8, 15, 91, 119)

Maddə 223. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması

Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirlərini təşkil edən malumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda-



  • fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə