Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu



Yüklə 45,43 Kb.
səhifə1/2
tarix01.09.2018
ölçüsü45,43 Kb.
#66693
  1   2

Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilsin (Əlavə 1).

2. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin strukturu” təsdiq edilsin (Əlavə 2).

3. “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 3).

4. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” təsdiq edilsin (Əlavə 4).

5. “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 5).

6. Müəyyən edilsin ki, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılmasını bir ay müddətində təmin etsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2017-ci il.

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 1

“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ



1. Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanına əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri ilkin mərhələdə dövlətə məxsusdur.

1.3. Cəmiyyətin rəsmi adı belədir:

1.3.1. tam halda – “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti;

1.3.2. qısaldılmış halda – “Azərkreditzəmanət” ASC;

1.3.3. ingilis dilində tam adı – “Credit Guarantee Fund of the Republic of Azerbaijan” Open Joint Stock Company;

1.3.4. ingilis dilində qısaldılmış adı – “Azercreditguarantee” OJSC.

1.4. Cəmiyyət Bakı şəhərində yerləşir.

1.5. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.6. Cəmiyyətin Aparatı, törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir.

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, firma işarəsi (emblemi) vardır. Cəmiyyət bankda manatla və xarici valyuta ilə hesablar açmaq hüququna malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və Cəmiyyət öz öhdəliklərinə görə bu əmlakla cavabdehdir. Cəmiyyət qanuna uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüquqlarına malikdir.

2.3. Cəmiyyət məhkəmədə iddiaçı, cavabdeh, habelə üçüncü şəxs qismində çıxış edə bilər.

2.4. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə görə dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir.

2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Nizamnaməyə və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

3. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.

3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verir;

3.2.2. sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir;

3.2.3. Cəmiyyətin fəaliyyətində risklərin azaldılması məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırır və tətbiqini təmin edir;

3.2.4. sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir;

3.2.5. kreditlərin anderraytinqinə, vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti təmin etmək, habelə bank tərəfindən uyğunluğun və kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını təmin edir;

3.2.6. Cəmiyyətin əqli mülkiyyətini idarə edir və onun barəsində sərəncam verir;

3.2.7. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə müvafiq dövlət qurumları ilə, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir;

3.2.8. əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün tədbirlər görür, kənar ekspertləri işə cəlb edir;

3.2.9. Cəmiyyətə aid məsələlər üzrə islahatlar aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;

3.2.10. müvafiq hüquqi aktlarda Cəmiyyətə münasibətdə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirlər həyata keçirir;

3.2.11. aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin edir və ona riayət olunmasına nəzarət edir.

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

4.1. Cəmiyyətin nizamnamə kapitalı, bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin istifadəsinə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin nizamnamə kapitalı 100.000.000 (yüz milyon) manat olub, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 10 (on) manat olan 10.000.000 (on milyon) ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir.

4.3. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.4. Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlakdan, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, Cəmiyyət tərəfindən emissiya olunan istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınan kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

4.5. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir (bu Nizamnamənin 4.10-cu bəndi nəzərə alınmaqla).

4.6. Cəmiyyət qanunla nəzərdə tutulmuş icbari ödənişləri ödədikdən sonra fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.7. Cəmiyyətin vəsaitindən yalnız bu Nizamnamədə nəzərdə tutulmuş məqsəd və səlahiyyətlərin həyata keçirilməsi üçün istifadə olunur.

4.8. Cəmiyyətin milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesabında saxlanılır.

4.9. Cəmiyyət sərbəst pul vəsaitlərindən yalnız aşağıdakı istiqamətlərdə istifadə edə bilər:

4.9.1. dövlət qiymətli kağızlarının əldə olunması üçün;

4.9.2. müvəkkil banklarda və ya kredit reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan yerli banklarda depozitlərin yerləşdirilməsi üçün.

4.10. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə öz səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5. Cəmiyyətin idarəetmə orqanları

5.0. Cəmiyyətin idarəetmə orqanları aşağıdakılardır:

5.0.1. Səhmdarların Ümumi Yığıncağı;

5.0.2. Müşahidə Şurası;

5.0.3. İdarə Heyəti.

6. Səhmdarların Ümumi Yığıncağı

6.1. Səhmdarların Ümumi Yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır.

6.2. Ümumi Yığıncağın müstəsna səlahiyyətləri aşağıdakılardır:

6.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

6.2.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və sədrin müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.2.3. sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi qaydasının təsdiq olunması;

6.2.4. sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydasının təsdiq olunması;

6.2.5. Cəmiyyətin risklərinin azaldılması məqsədilə kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqini müəyyənləşdirən qaydanın təsdiq edilməsi;

6.2.6. Cəmiyyətin yenidən təşkili və ləğvi.

6.3. Ümumi Yığıncağın fəaliyyəti ilə bağlı digər məsələlər, o cümlədən Ümumi Yığıncağın çağırılması, qərarların qəbul edilməsi qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

6.4. Ümumi Yığıncaq bu Nizamnamə ilə onun müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

7. Müşahidə Şurası

7.1. Cəmiyyətin Müşahidə Şurası öz səlahiyyətləri daxilində Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

7.2. Müşahidə Şurası, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Mərkəzi Bankının (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

7.3. Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər. Sədrin səlahiyyət müddəti 1 (bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla, növbəti müddətlərə yenidən seçilə bilər.

7.4. Müşahidə Şurasının iclasları ən azı rübdə bir dəfə keçirilir. Müşahidə Şurasının növbədənkənar iclasları Ümumi Yığıncağın, Şuranın hər hansı bir üzvünün, Audit Komitəsinin və İdarə Heyətinin təşəbbüsü ilə çağırılır. Müşahidə Şurasının növbəti və növbədənkənar iclaslarını Şuranın sədri çağırır.

7.5. Müşahidə Şurasının tələbi ilə onun iclaslarında Cəmiyyətin digər vəzifəli şəxsləri də iştirak etməlidirlər.

7.6. Müşahidə Şurasının iclasları Müşahidə Şurası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə Şurasının sədri, o olmadıqda isə üzvlərin seçdiyi digər üzv iclasa sədrlik edir. Müşahidə Şurasının iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, sədrin səsi həlledici sayılır. Müşahidə Şurasının iclasları müvafiq qaydada protokollaşdırılır. Protokolu Müşahidə Şurasının sədri və digər üzvləri imzalayırlar. Müşahidə Şurasının katibliyi funksiyasını Cəmiyyətin struktur bölmələri təmin edirlər.

7.7. Aşağıdakı məsələlərin həlli Müşahidə Şurasının müstəsna səlahiyyətlərinə aiddir:

7.7.1. İdarə Heyəti sədrinin təqdimatı əsasında, bu Nizamnamənin 6.2.2-ci yarımbəndi nəzərə alınmaqla, İdarə Heyətinin digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

7.7.2. aşağıdakı məsələlərlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verilməsi:

1. Cəmiyyətin illik maliyyə hesabatının kənar auditor rəyi ilə birlikdə təsdiq edilməsi, Cəmiyyətin mənfəət və zərərinin bölüşdürülməsi, dividendlərin ödənilməsi;

2. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdlərin (kənar auditorun rəyi əlavə olunmaqla) bağlanması barədə qərar qəbul edilməsi;

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlər barədə qərar qəbul edilməsi;

4. Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılmasına və ya ləğvinə razılıq verilməsi;

7.7.3. Cəmiyyətin büdcəsinin, işçilərinin say həddinin və əməyin ödənilməsi formaları və miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi;

7.7.4. Cəmiyyətin vəsaitinin yerləşdirilməsi istiqamətlərinin və qaydalarının təsdiq edilməsi;

7.7.5. zəmanət verilməsi barədə çərçivə müqaviləsinin forma və şərtlərinin müəyyən edilməsi və müvəkkil banklarla çərçivə müqaviləsinin bağlanması barədə qərarların qəbul edilməsi;

7.7.6. müvəkkil banklar üzrə zəmanətlərin maksimum limitinin müəyyənləşdirilməsi üçün daxili təsnifləşdirmə modelinin təsdiq edilməsi;

7.7.7. hər bir müvəkkil bank üçün faiz subsidiyası ilə əhatə olunan hər təqvim ili üzrə faiz subsidiyası limitinin müəyyən edilməsi;

7.7.8. Cəmiyyətin fəaliyyətində risklərin idarə edilməsi strategiyasının, risklərin idarə edilməsi alətlərinin və onların tətbiqi mexanizmlərinin müəyyənləşdirilməsi, risklərin idarə edilməsi, həmçinin bu Nizamnamənin 3.2.5-ci yarımbəndinə müvafiq olaraq sahibkarlıq subyektlərində monitorinqlərin aparılması sahəsində daxili qayda və prosedurların təsdiq edilməsi;

7.7.9. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı təkliflər verilməsi;

7.7.10. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərarın qəbul edilməsi;

7.7.11. İdarə Heyəti üzvlərinin mükafatlandırılması məsələsinə baxılması;

7.7.12. Cəmiyyətin Audit Komitəsinin və digər daxili komitələrinin yaradılması, əsasnamələrinin təsdiqi və tərkiblərinin müəyyən edilməsi;

7.7.13. Audit Komitəsinin təqdimatı əsasında Cəmiyyətin daxili auditorlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi;

7.7.14. Cəmiyyətin kənar auditorunun təyin edilməsi;

7.7.15. daxili və kənar auditor yoxlamalarının nəticələrinə baxılması və bu yoxlamaların yekunları ilə bağlı müvafiq qərarların qəbul edilməsi;

7.7.16. İdarə Heyətinin müraciəti əsasında Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətləri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

7.7.17. Cəmiyyətin istiqraz buraxması və buraxılışın şərtləri barədə qərar qəbul edilməsi;

7.7.18. öz funksiyalarının yerinə yetirilməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin İdarə Heyətindən və Cəmiyyətin digər vəzifəli şəxslərindən tələb edilməsi;

7.7.19. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Cəmiyyətin fəaliyyətini tənzimləyən hüquqi aktlarda və bu Nizamnamədə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən digər məsələlərin həll edilməsi.

7.8. Müşahidə Şurası bu Nizamnamə ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

8. İcra orqanı

8.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir.

8.2. İdarə Heyətinin tərkibi 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun müavinindən, həmçinin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər üzvdən ibarətdir.

8.3. Müşahidə Şurasının və Audit Komitəsinin üzvləri İdarə Heyətinə seçilə bilməzlər.

8.4. İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

8.4.1. Cəmiyyətin büdcəsini, habelə işçilərinin say həddi, əməyin ödənilməsi formaları və miqdarı barədə təkliflərini hazırlayıb Müşahidə Şurasına təqdim etmək;

8.4.2. Cəmiyyətin Nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi və mənfəətin (zərərin) bölüşdürülməsi barədə Müşahidə Şurasına təkliflər vermək;

8.4.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdlərin (kənar auditorun rəyi əlavə olunmaqla), habelə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması barədə Müşahidə Şurasına təkliflər vermək;

8.4.4. Cəmiyyətin İdarə Heyətinin reqlamentini, idarə, nümayəndəlik, filial və törəmə cəmiyyətlərinin əsasnamə və nizamnamələrini, Cəmiyyətin idarə olunması və fəaliyyəti ilə əlaqədar təsdiqi Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməmiş digər qaydaları, prosedurları və sənədlərin nümunəvi formalarını təsdiq etmək;

8.4.5. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;

8.4.6. Cəmiyyətin vəsaitlərindən təyinatı üzrə istifadəni təmin etmək;

8.4.7. Cəmiyyətin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin etmək;

8.4.8. öz səlahiyyətlərinin icrası məqsədilə daimi və ya müvəqqəti əsaslarda işçi qruplar və (və ya) komitələr yaratmaq;

8.4.9. Cəmiyyətin fəaliyyəti ilə bağlı Ümumi Yığıncağın, Müşahidə Şurasının və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid olmayan digər məsələləri həll etmək.

8.5. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən müavininin) səsi həlledici sayılır. İdarə Heyətinin iclasları İdarə Heyəti sədrinin, İdarə Heyəti üzvünün, Müşahidə Şurası sədrinin və ya Müşahidə Şurasının ən azı 2 üzvünün təşəbbüsü ilə İdarə Heyətinin sədri tərəfindən çağırılır.

8.6. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

8.6.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək;

8.6.2. İdarə Heyətinin digər üzvlərinin, habelə Cəmiyyətin digər vəzifəli şəxslərinin kadr, maliyyə və başqa məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirmək və qarşılıqlı fəaliyyətini təşkil etmək;

8.6.3. İdarə Heyətinin fəaliyyətini təşkil etmək və iclaslarına sədrlik etmək;

8.6.4. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin etmək;

8.6.5. Cəmiyyətin ştat cədvəlini təsdiq etmək və struktur bölmələrinin işini təşkil etmək;

8.6.6. Cəmiyyətin maliyyə hesabatlarını imzalamaq və kənar auditorun rəyi ilə birlikdə Müşahidə Şurasına təqdim etmək;

8.6.7. bu Nizamnamə ilə Ümumi Yığıncağın, Müşahidə Şurasının və İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Cəmiyyətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək, işçilərlə əmək müqavilələri bağlamaq və onların fəaliyyətinə rəhbərlik etmək, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək;

8.6.8. Cəmiyyətin istiqraz buraxması üçün emissiya prospektini təsdiq etmək;

8.6.9. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görmək;

8.6.10. Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

8.6.11. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində Cəmiyyətin bütün əməkdaşları üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər vermək;

8.6.12. etibarnamə olmadan Cəmiyyət adından hərəkət etmək və üçüncü şəxslərlə münasibətdə Cəmiyyəti təmsil etmək;

8.6.13. etibarnamələr vermək, banklarda hesablar açmaq və həmin hesablara dair sərəncam vermək;

8.6.14. Cəmiyyətin fəaliyyətində dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;

8.6.15. Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olaraq komissiyalar və işçi qruplar yaratmaq.

8.7. İdarə Heyətinin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrasını sədrin müavini, o da olmadıqda, İdarə Heyətinin digər üzvü həyata keçirir.

9. Daxili və kənar audit

9.1. Cəmiyyətdə daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün Müşahidə Şurası tərəfindən 3 (üç) il müddətinə təyin olunan azı 3 üzvdən ibarət Audit Komitəsi yaradılır.

9.2. Müşahidə Şurasının üzvləri və Cəmiyyətin digər vəzifəli şəxsləri Audit Komitəsinin üzvü ola bilməzlər.

9.3. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:

9.3.1. Cəmiyyətin audit siyasətini və strategiyasını hazırlamaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;

9.3.2. təsdiq olunmuş audit siyasəti və strategiyası əsasında Cəmiyyətin daxili audit işini təşkil etmək;

9.3.3. daxili audit planlarını təsdiq etmək və daxili audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

9.3.4. daxili auditorların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Müşahidə Şurasına təqdimatlar vermək;

9.3.5. kənar auditorun təyin edilməsi ilə əlaqədar Müşahidə Şurasına təklif vermək;

9.3.6. kənar auditorla daxili auditorların birgə işini əlaqələndirmək;

9.3.7. daxili və kənar audit nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması və tövsiyələrinə əməl olunması ilə bağlı Cəmiyyətin struktur bölmələrinin hansı tədbirlər gördüyünü yoxlamaq və nəticələr barədə Müşahidə Şurasına hesabat vermək;

9.3.8. daxili və kənar auditin nəticələri ilə bağlı Müşahidə Şurasının qərarlarının icrasına nəzarət etmək.

9.4. Audit Komitəsinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Audit Komitəsinin sədri, o olmadıqda isə üzvlərin seçdiyi digər üzv iclasa sədrlik edir. Audit Komitəsinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, sədrin səsi həlledici sayılır.

9.5. Audit Komitəsi və daxili audit bölməsi audit işinin təşkili və aparılması zamanı bu Nizamnaməni, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutur.

9.6. Cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri Audit Komitəsinin və daxili auditorların tələbinə əsasən Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün zəruri sənədləri və məlumatları onlara təqdim etməyə və auditin aparılması üçün şərait yaratmağa borcludurlar.

9.7. Cəmiyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

9.8. Eyni kənar auditorla ardıcıl 3 (üç) ildən artıq müddətə müqavilə bağlamaq olmaz.

10. Cəmiyyətdə uçot və hesabat

10.1. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti hesabat ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

10.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

10.3. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.

10.4. Cəmiyyət illik maliyyə hesabatlarını kənar auditor rəyi ilə birlikdə, əməliyyat büdcəsini isə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprelin 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir, habelə öz internet saytında və mətbu orqanda dərc edir.

10.5. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin Cəmiyyətlə bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələrində müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

10.6. Cəmiyyət xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etməyə və öz internet saytında yerləşdirməyə borcludur.

11. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

 

Azərbaycan Respublikası Prezidentinin


2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 2
 

“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin strukturu

1. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Aparatı.

2. Cəmiyyətin idarə, nümayəndəlik və filialları.

3. Cəmiyyətin törəmə cəmiyyətləri.

Azərbaycan Respublikası Prezidentinin 

2017-ci il 29 noyabr tarixli


Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 3


Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanının 5.2.1-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) təminat verməsinə dair tələbləri, təminat verilməsi üçün müraciət qaydasını, təminat üzrə ödəniş şərtlərini və təminatla (bundan sonra –zəmanət) bağlı digər məsələləri müəyyən edir.

1.2. Cəmiyyət, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi, habelə bir sahibkar üzrə verilən zəmanətin yuxarı həddinin və verilmiş zəmanətin kredit məbləğinə nisbətinin müəyyənləşdirilməsi mexanizmləri bu Qayda ilə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” ilə müəyyən edilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. çərçivə müqaviləsi – zəmanətin və (və ya) faiz subsidiyasının verilməsi ilə bağlı Cəmiyyətlə müvəkkil bankın qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi sənəd;

2.1.2. müvəkkil bank – bu Qaydada müəyyən edilən meyarlara cavab verən və Cəmiyyətlə çərçivə müqaviləsi bağlayan bank;

2.1.3. borcalan – müvəkkil bankdan kredit alan və ya kredit almaq üçün müraciət edən sahibkar;

2.1.4. sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, iş görülməsindən və ya xidmət göstərilməsindən mənfəət götürmək olan rezident hüquqi və fiziki şəxslər (iri, orta və kiçik sahibkar meyarları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinə uyğun olaraq müəyyən edilir);

2.1.5. zəmanət – borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair Cəmiyyətin müvəkkil bank qarşısında öhdəliyi;

2.1.6. faiz subsidiyası – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və bu Qaydaya uyğun olaraq Cəmiyyətin zəmanət verdiyi kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti;

2.1.7. kredit – bağlanmış müqaviləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komissiya) ödəmək şərti ilə müvəkkil bankın borc verdiyi pul vəsaiti, habelə qarantiya;

2.1.8. kredit xətti – kredit müqaviləsinə uyğun olaraq tam və ya qismən istifadə edilə bilən, faiz dərəcəsi kredit xəttinin yalnız istifadə olunmuş hissəsinə hesablanan və yuxarı həddi müəyyənləşdirilmiş bank krediti;

2.1.9. kredit üzrə güzəşt müddəti – kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, əsas borcun ödənilməsinə möhlət verilmiş müddət;

2.1.10. qeyri-işlək kredit – müqavilə üzrə ödəniş öhdəliyinin icrası 90 gündən artıq gecikdirilmiş kredit;

2.1.11. restrukturizasiya – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya həmin borcun yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsi;

2.1.12. rezident – Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilən şəxs;

2.1.13. zəmanətin kreditə nisbəti – kreditin verilmə tarixinə zəmanətin məbləğinin kreditin əsas məbləğinə (kredit xətti üçün kredit xəttinin həcminə) nisbəti (örtülmə əmsalı);

2.1.14. kredit reyestri – hüquqi və fiziki şəxslərin öhdəliklərinin icrası barədə mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan məlumat bazası;

2.1.15. müvəkkil banka aidiyyəti olan şəxslər – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş şəxslər;

2.1.16. illik komissiya – müvəkkil bank tərəfindən zəmanətlər üzrə illik əsasda hesablanan və faizlə ifadə olunan haqq.

3. Zəmanətin verilməsi halları

3.1. Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

3.2. Zəmanət aşağıdakı hallarda verilmir:

3.2.1. borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;

3.2.2. kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;

3.2.3. kredit reyestrinin məlumatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

3.2.4. kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

3.2.5. bank hesabı üzərində müvafiq sərəncam olduqda;

3.2.6. zəmanət verilməsi üçün müraciət olunan kredit borcalanın digər kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alındıqda;

3.2.7. borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;

3.2.8. borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda.

3.3. Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.

4. Zəmanət verilməsi şərtləri

4.1. Zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

4.1.1. kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;

4.1.2. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;

4.1.3. kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

4.1.4. kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;

4.1.5. kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalı;

4.1.6. dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalı.

4.2. Zəmanət aşağıdakı tələblərə cavab verməlidir:

4.2.1. bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 000 (beş yüz min) manat məbləğində olmalı;

4.2.2. bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 750 000 (yeddi yüz əlli min) manatdan çox olmamalı;

4.2.3. zəmanət kreditin yalnız əsas borcu üzrə verilməli;

4.2.4. bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 75%-dən çox olmamalı.

4.3. Bu Qaydanın məqsədləri üçün borcalanlar aşağıdakı hallarda bir-biri ilə əlaqədar hesab olunurlar:

4.3.1. borcalanlardan biri bankın (və ya digər müvəkkil bankların) digər borcalanı üzərində mühüm təsirə malik olduqda;

4.3.2. hər hansı borcalanın öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxs bankın (və ya digər müvəkkil bankların) borcalanı olduqda;

4.3.3. bankın (və ya digər müvəkkil bankların) borcalanı olan iki və ya daha çox şəxsin öhdəlikləri üzrə eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) birgə və ya subsidiar məsuliyyət daşıdıqda;

4.3.4. iki və ya daha çox borcalan kredit öhdəliklərinin icrası üçün eyni təminat təqdim etdikdə.

4.4. Aşağıdakı hallarda bir şəxs digər şəxsin üzərində mühüm təsirə malik hesab olunur:

4.4.1. o, hüquqi şəxsin kapitalında 10% və ya daha çox iştirak payına malik olduqda və ya hüquqi şəxsin idarəetmə orqanlarının üzvü olduqda;

4.4.2. o, hüquqi şəxsin öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan təsisçisi (iştirakçısı) olduqda.

4.5. Zəmanət verilmiş kreditin restrukturizasiyası zamanı zəmanətin məbləği restrukturizasiya tarixinə həmin kredit üzrə zəmanət məbləğinin qalığından artıq ola bilməz.

4.6. Zəmanət verilmiş kredit Cəmiyyətin Müşahidə Şurasının müəyyən etdiyi qaydada və yalnız bir dəfə restrukturizasiya edilə bilər.

4.7. Yeni fəaliyyətə başlayan sahibkarların kreditləri üzrə zəmanət maliyyələşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25%-i həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesaba mədaxil etməsi və ya borcalanın layihə üzrə xərclədiyi vəsaitlərin layihənin ümumi məbləğinin minimum 25%-ini təşkil etməsi (ödəniş sənədləri ilə təsdiq olunduqda) halında verilir.

4.8. Zəmanət verilmiş kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.

4.9. Zəmanət verilməsi üçün müraciət tarixinə həmin müvəkkil bankda olmayan hər hansı digər öhdəliklərin təminatı qismində çıxış edən girov (ipoteka) predmeti zəmanət veriləcək kredit üzrə təminat qismində qəbul edilə bilməz. Müvəkkil bankda digər öhdəliyin təminatı olan girov (ipoteka) predmeti zəmanət verilmiş kreditin təminatı kimi yalnız Cəmiyyətin həmin girova (ipotekaya) dair tələblərin ödənilməsində üstünlük hüququ olduqda nəzərə alınır.

5. Zəmanət verilməsi

5.1. Cəmiyyət müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi əsasında zəmanət verir. Çərçivə müqaviləsinin şərtlərini və formasını, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Cəmiyyətin Müşahidə Şurası təsdiq edir. Çərçivə müqaviləsində ən azı aşağıdakı şərtlər öz əksini tapmalıdır:

5.1.1. müvəkkil bank və faiz subsidiyası alan sahibkar arasında bağlanmış kredit müqaviləsində zəmanət ləğv ediləcəyi təqdirdə, bankın faiz subsidiyası həcmində ödənişləri həmin borcalana ödəmək və ya faiz subsidiyası həcmində kredit faizlərini aşağı salmaq öhdəliyinin təsbit olunması;

5.1.2. çərçivə müqaviləsinə xitam veriləcəyi təqdirdə, zəmanət üzrə öhdəliyi icra edilmiş borcalana qarşı tələb hüququnu Cəmiyyətin əldə etməsi.

5.2. Zəmanət aşağıdakı qaydada verilir:

5.2.1. borcalan kredit sifarişi ilə müvəkkil banka yazılı müraciət edir;

5.2.2. müvəkkil bank borcalanın kredit sifarişinin bu Qaydanın 4.1-ci bəndində göstərilən tələblərə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir;

5.2.3. müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Cəmiyyətə yazılı müraciət edir;

5.2.4. müvəkkil bank 200 000 (iki yüz min) manat məbləğindən yuxarı olan zəmanət üçün müraciət etdikdə, aşağıdakı sənədlərin surətini Cəmiyyətə təqdim edir:

1. kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;

2. borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və məlumatlar;

3. borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit reyestrindən çıxarış;

4. borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

5. zəmanət verilməsi üçün müraciət olunan tarixə borcalanın dövlət büdcəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu olmadığını və ya müvəkkil bankdakı hesabı üzrə müvafiq dövlət orqanlarının sərəncamı olmadığını təsdiq edən sənədlər;

6. borcalanın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri;

7. borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit reyestrindən çıxarışlar;

8. borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər;

9. borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış;

10. təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd;

11. girov (ipoteka) predmetini qiymətləndirmə aktı;

12. borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;

13. borcalanın ona dair məlumatların Cəmiyyətə ötürülməsinə dair razılığını təsdiq edən sənəd;

5.2.5. müvəkkil bank 200 000 (iki yüz min) manat və ondan aşağı məbləğdə olan zəmanət üçün Cəmiyyətə müraciət etdikdə, bu Qaydanın 5.2.4-cü yarımbəndinin 2-ci və 6-cı abzasları istisna olmaqla digər abzaslarında nəzərdə tutulmuş sənədləri təqdim edir.

5.3. Bu Qaydanın 5.2.4-cü yarımbəndinin 2-ci abzasında nəzərdə tutulan təsdiqedici sənədlərin və məlumatların siyahısını Cəmiyyətin səlahiyyətli orqanı müəyyən edir.

5.4. Cəmiyyətin Müşahidə Şurasının müəyyən etdiyi orqan 200 000 (iki yüz min) manat və ondan aşağı məbləğdə olan zəmanətin verilməsi üzrə 3 (üç) iş günü, 200 000 (iki yüz min) manatdan yuxarı olan məbləğdə zəmanətin verilməsi üzrə 10 (on) iş günü müddətində qərar qəbul edir.

5.5. Cəmiyyət təqdim olunan sənədlərdə səhv və ya çatışmazlıq aşkar etdikdə, həmin səhv və ya çatışmazlıq haqqında 3 (üç) iş günü müddətində müvəkkil banka yazılı bildiriş göndərir və bu səhvi və ya çatışmazlığı aradan qaldırmağı təklif edir.

5.6. Müvəkkil bank aşkar edilmiş səhvi və ya çatışmazlığı 15 (on beş) iş günü müddətində aradan qaldırmadıqda və bu Qaydada müəyyən edilən digər hallarda Cəmiyyət zəmanəti verməkdən imtina edir və imtinanın əsaslarını göstərməklə, 3 (üç) iş günü müddətində müvəkkil banka bu barədə yazılı bildiriş göndərir.

5.7. Cəmiyyətin qərarı müsbət olduqda, 3 (üç) iş günü müddətində müvəkkil banka zəmanətlə bağlı yazılı məlumat təqdim edilir. Zəmanət müvəkkil bank və müştəri arasında kredit müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir. Kredit müqaviləsi 30 (otuz) təqvim günü müddətində imzalanmadığı halda zəmanət etibarsız sayılır.

5.8. Müvəkkil bankla borcalan arasında kredit müqaviləsi imzalandıqdan sonra, müvafiq kredit müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (ödəniş cədvəli daxil olmaqla) və girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda) müvəkkil bank tərəfindən 3 (üç) iş günü müddətində Cəmiyyətə təqdim edilir.

5.9. Zəmanət verilməsi üçün Cəmiyyətə təqdim edilmiş sənədlər geri qaytarılmır.

6. Müvəkkil bankın müəyyən edilməsi meyarları

6.1. Müvəkkil banklar aşağıdakı meyarlara uyğun olmalıdır:

6.1.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) müəyyən etdiyi minimum məcmu kapital, kapital adekvatlığı və likvidlik əmsalları üzrə prudensial tələblərə cavab verməli;

6.1.2. son 2 ildə sahibkarlıq məqsədilə verilmiş kredit portfelində (2016-cı il 1 yanvar tarixindən əvvəl verilib sonradan restrukturizasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı 10%-dən yuxarı olmamalı;

6.1.3. sahibkarların kreditləşdirilməsi üzrə müvafiq daxili qayda və prosedurlar olmalı;

6.1.4. vaxtı keçmiş kreditlərlə iş üzrə müvafiq daxili qayda və prosedurlar olmalı;

6.1.5. bankın kredit reytinqi sistemi (model, qayda, prosedur və s.) olmalı.

6.2. Palata müvəkkil bankların maliyyə-statistik göstəriciləri barədə müraciət daxil olduğu tarixdən 10 (on) iş günü müddətində Cəmiyyətin Müşahidə Şurasına müvafiq məlumat təqdim edir.

6.3. İl ərzində Palata Cəmiyyətlə çərçivə müqaviləsi bağlamış müvəkkil banklar tərəfindən bu Qaydanın 6.1.1-ci yarımbəndinin tələblərinin pozulması barədə məlumatı mütəmadi olaraq Cəmiyyətin Müşahidə Şurasına təqdim edir.

6.4. Bu Qaydanın 6.1.1-ci yarımbəndinin tələbləri üzrə kənarlaşmaların qısa müddət ərzində bərpa olunacağı qənaətinə gəldikdə, Cəmiyyətin Müşahidə Şurası bankla çərçivə müqaviləsinin bağlanması barədə qərar qəbul edə bilər.

7. Müvvəkil bankların üzvlük haqları

7.1. Müvəkkil banklar Cəmiyyətlə çərçivə müqaviləsini imzaladıqdan sonra 10 (on) iş günü müddətində Cəmiyyətin Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesabına birdəfəlik üzvlük haqqı ödəyirlər. Sistem əhəmiyyətli banklar üçün birdəfəlik üzvlük haqqı 75 000 (yetmiş beş min) manat, digər banklar üçün 40 000 (qırx min) manat məbləğində müəyyən olunur. Üzvlük haqqı bu Qaydalarda müəyyən edilmiş müddət ərzində ödənilmədikdə çərçivə müqaviləsi qüvvəyə minmir.

7.2. Üzvlük haqqını ödəyən müvəkkil banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda onların təkrar üzvlük haqqı ödəməsi tələb olunmur.

7.3. Cəmiyyətə ödənilmiş üzvlük haqları geri qaytarılmır.

8. Müvəkkil bankların xidmət haqları

8.1. Müvəkkil bank zəmanət verilməsi üçün etdiyi hər bir müraciətə baxılmağa görə Cəmiyyətə birdəfəlik xidmət haqqı və zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyir.

8.2. Zəmanət məbləği 200 000 (iki yüz min) manat və ondan aşağı olan hər bir müracət üçün müvəkkil bank tərəfindən 25 (iyirmi beş) manat, 200 000 (iki yüz min) manatdan yuxarı olan hər bir müraciət üçün 50 (əlli) manat xidmət haqqı ödənilir.

8.3. Birdəfəlik komissiya zəmanət qüvvəyə mindiyi tarixə Cəmiyyətin Müşahidə Şurasının təsdiq etdiyi tarifə uyğun hesablanır. Birdəfəlik komissiya verilən zəmanət məbləğinin 0,5%-dən çox ola bilməz.

8.4. İllik komissiyanın həcmi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq müəyyən edilir. İllik komissiya zəmanətin qüvvəyə mindiyi tarixdən hesablanır.

8.5. Birdəfəlik komissiya zəmanətin qüvvəyə mindiyi tarixə olan məbləği üzrə hesablanır. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır.

8.6. Müvəkkil bank birdəfəlik və illik komissiya, habelə xidmət haqqı barədə hər rüb bitdikdən sonra növbəti 5 (beş) iş günü müddətində Cəmiyyətə hesabat təqdim edir. Hesabat təqdim edildikdən sonra növbəti 3 (üç) iş günü müddətində müvafiq ödənişlər Cəmiyyətin Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesabına köçürülür.

8.7. Bu Qaydanın 8.6-cı bəndində qeyd olunmuş hesabatın formasını və təqdim edilmə qaydasını Cəmiyyətin Müşahidə Şurası müəyyən edir.

9. Zəmanət üzrə öhdəliyin icrası

9.1. Zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 (yüz iyirmi) günü (kreditə çevrilmiş qarantiyalar üzrə 30 (otuz) günü) keçdikdə, müvəkkil bankın Cəmiyyətə qarşı tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 150 (yüz əlli) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil bank Cəmiyyətə ödəniş tələbi irəli sürmədikdə, zəmanət qüvvəsini itirir.

9.2. Müvəkkil bank verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Cəmiyyətə yazılı müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə olunmalıdır:

9.2.1. borcalanın tam adı;

9.2.2. Cəmiyyətə qarşı tələbin məbləği;

9.2.3. zəmanəti təsdiq edən sənədin, zəmanət verilmiş kredit üzrə borcalanla bağlanmış kredit müqaviləsinin və bu müqavilə ilə əlaqəli digər müqavilələrin surətləri;

9.2.4. zəmanət verildiyi tarixdən zəmanət üzrə ödəniş aparılması üçün müraciət etdiyi tarixədək borcalanın müvafiq cari və (və ya) ssuda hesabından çıxarış, o cümlədən müvəkkil banklarda yerləşdirilmiş vəsaitləri barədə məlumat;

9.2.5. borcalana, o cümlədən zaminlərə, girov qoyanlara və digər təminat verənlərə göndərilmiş bildirişlər və (və ya) pretenziya məktublarının və olduğu təqdirdə, bu məktublara cavabların, habelə borcalana qarşı məhkəmədə iddia qaldırılmasını təsdiq edən sənədlərin surətləri.

9.3. Müraciəti müvəkkil bankın səlahiyyətli şəxsi imzalayır və möhürlə təsdiq edir.

9.4. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır.

9.5. Cəmiyyət, bu Qaydanın 9-cu və 10-cu hissələrində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanət üzrə ödənişi müvəkkil bankın hesabına köçürür. Zəmanətin ödənilməsi ilə bağlı qərarı Cəmiyyətin səlahiyyətli orqanı verir.

9.6. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

9.7. Cəmiyyət, müvəkkil bank tərəfindən zəmanət üzrə ödəniş aparılması üçün təqdim olunan sənədlərdə səhv və ya çatışmazlıq aşkar etdikdə, həmin səhv və ya çatışmazlıq haqqında 3 (üç) iş günü müddətində müvəkkil banka yazılı bildiriş göndərir və bu səhvi və ya çatışmazlığı aradan qaldırmağı təklif edir.

9.8. Müvəkkil bank aşkar edilmiş səhvi və ya çatışmazlığı 15 (on beş) iş günü müddətində aradan qaldırmadıqda və (və ya) müvəkkil bankın zəmanət üzrə ödəniş aparılması tələbi bu Qaydanın və müvəkkil bankla Cəmiyyət arasında bağlanmış çərçivə müqaviləsinin şərtlərinə uyğun olmadıqda, Cəmiyyət ödəniş aparılmasından imtina edir və imtinanın əsaslarını göstərməklə, 3 (üç) iş günü müddətində müvəkkil banka bu barədə yazılı bildiriş göndərir.

9.9. Cəmiyyətlə müvəkkil bank arasında bağlanmış çərçivə müqaviləsi ləğv edildikdə, Cəmiyyət tərəfindən ödəniş edilmiş kreditlər üzrə müvəkkil banka daxil olan vəsait Cəmiyyətin tələbləri bitənədək tam olaraq Cəmiyyətin tələblərinin ödənilməsinə yönəldilir.

9.10. Cəmiyyətin bu Qaydanın 9.9-cu bəndində göstərilən tələbləri tam icra edildikdə, Cəmiyyət 3 (üç) iş günü müddətində müvəkkil banka bu barədə məlumat verir və borcalana münasibətdə tələb hüququ müvəkkil banka keçir.

10. Zəmanətin dayandırılması və ləğv edilməsi

10.1. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə yığımlar çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Cəmiyyətin həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 7%-ini keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır.

10.2. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə yığımlar çıxılmaqla) ümumi məbləği Cəmiyyətin həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 7%-indən aşağı düşdükdə, Cəmiyyət ödənişlərin icrasını bərpa edir.

10.3. Aşağıdakı hallarda müvəkkil banka yeni zəmanət verilməsi dayandırılır:

10.3.1. bu Qaydanın 10.1-ci bəndində müəyyən olunmuş hal baş verdikdə;

10.3.2. bir müvəkkil bank üzrə zəmanətlərlə təmin edilmiş kredit portfelində Cəmiyyət tərəfindən zəmanətə görə ödəniş edilmiş kreditlərin qalıq məbləği də daxil olmaqla qeyri-işlək kreditlərin və restrukturizasiya olunmuş kreditlərin həcmi 10%-dən çox olduqda. Bu halda son 4 ayda verilmiş kreditlər portfelin hesablanmasında nəzərə alınmır;

10.3.3. bu Qaydanın 6.1.1-ci yarımbəndində müəyyən edilən tələb pozulduqda;

10.3.4. zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil bankın bilərəkdən Cəmiyyətə yanlış məlumat təqdim etməsi halı son 12 (on iki) ayda 3 dəfədən artıq təkrarlandıqda.

10.4. Cəmiyyət bu Qaydanın 10.3.3-cü yarımbəndində nəzərdə tutulmuş şərtlərə əməl edilməsi vəziyyətinin yoxlanılması üçün ən azı ildə bir dəfə Palatadan məlumat alır.

10.5. Müvəkkil banka yeni zəmanətin verilməsi bu Qaydanın 10.3.1 – 10.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hallar aradan qalxdıqda yenidən bərpa olunur.

10.6. Aşağıdakı hallarda kredit üzrə verilmiş zəmanət ləğv edilir:

10.6.1. müvəkkil bankın həmin kredit üzrə zəmanətin ləğv edilməsi barədə yazılı müraciəti olduqda. Bu zaman müvəkkil bank Cəmiyyətə, həmin kredit üzrə qalıq zəmanət məbləğinin 0.2%-i (minimum 100 (yüz) manat) həcmində birdəfəlik cərimə ödəyir;

10.6.2. zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları Cəmiyyətin yazılı razılığı olmadan müvəkkil bank tərəfindən üçüncü tərəfə ötürüldükdə;

10.6.3. borcalanla bağlanmış kredit, girov və digər təminat müqavilələrinin şərtləri Cəmiyyətin yazılı razılığı olmadan dəyişdirildikdə;

10.6.4. zəmanət verilmiş kredit məbləğini müvəkkil bank təyinatı üzrə köçürmədikdə;

10.6.5. Cəmiyyətin sahibkarlıq subyektlərində monitorinqi zamanı müvəkkil bankın zəmanət verilməsi üçün müraciət edərkən bilərəkdən yanlış məlumat təqdim etdiyi aşkarlandıqda.

10.7. Aşağıdakı hallarda müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi ləğv edilir:

10.7.1. müvəkkil bank bu barədə yazılı müraciət etdikdə;

10.7.2. bu Qaydanın 12-ci hissəsində nəzərdə tutulmuş hesabatlar müvəkkil bank tərəfindən ardıcıl olaraq 2 (iki) dəfə Cəmiyyətə təqdim edilmədikdə;

10.7.3. ödəmə vaxtı çatmış xidmət haqları və komissiyaların ödənişi 1 (bir) aydan çox gecikdirildikdə.

10.8. Çərçivə müqaviləsi ləğv edildiyi tarixdən 2 (iki) il ərzində Cəmiyyət həmin bankla yeni çərçivə müqaviləsi bağlaya bilməz.

10.9. Bu Qaydanın 10.3.1–10.3.4-cü yarımbəndlərində nəzərdə tutulan hallar baş verdikdə, müvəkkil bank rüblük əsaslarla zəmanətlər üzrə haqların ödənişini çərçivə müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.

10.10. Zəmanətlə təmin olunmuş kredit portfelində faiz subsidiyası alan borcalan olduğu təqdirdə, bu Qaydanın 5.1-ci bəndinin tələbi nəzərə alınmaqla, çərçivə müqaviləsi ləğv oluna bilər.

11. Müvəkkil banklar üzrə limitin müəyyən edilməsi

11.1. Cəmiyyətin Müşahidə Şurası, Cəmiyyətin kapitalının miqdarını və qəbul edə biləcəyi riskin yuxarı həddini nəzərə almaqla, hər təqvim ili müvəkkil banklar üzrə zəmanətlərin qalıq məbləğinin maksimum limitini (bundan sonra – limit) müəyyən edir.

11.2. Müvəkkil banklar hər il üçün limitlə bağlı sifarişlərini Cəmiyyətə onun Müşahidə Şurasının müəyyənləşdirdiyi qaydada təqdim edirlər.

11.3. Bir müvəkkil bank üzrə limit Cəmiyyətin Müşahidə Şurası tərəfindən aşağıdakılar nəzərə alınmaqla təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edilir:

11.3.1. hər bir müvəkkil bank üçün ən azı onun aktivlərinin keyfiyyəti, kapital adekvatlığı, likvidliyi, satış şəbəkəsi, sahibkarlara verilmiş kreditlərin ümumi kredit portfelindəki payı üzrə göstəricilər müəyyən edilir;

11.3.2. müvəkkil bankın bu Qaydanın 11.3.1-ci yarımbəndində nəzərdə tutulmuş hər bir göstəricisi 1–5 intervalında qiymətləndirilir;

11.3.3. bu Qaydanın 11.3.2-ci yarımbəndində nəzərdə tutulmuş qiymətlərin hər bir göstərici üzrə müəyyən edilmiş xüsusi çəkilərlə hasili əsasında yekun qiymətlər hesablanır;

11.3.4. hər bir bankın bu Qaydanın 11.3.3-cü yarımbəndində nəzərdə tutulmuş yekun qiymətləri cəmlənir və bal müəyyən olunur;

11.3.5. müvəkkil banklar üzrə fərdi ballar cəmlənir;

11.3.6. Cəmiyyət tərəfindən təqvim ili üzrə ayrılacaq zəmanət məbləği üzrə müvəkkil bankın limiti həmin bankın fərdi balının bu Qaydanın 11.3.5-ci yarımbəndinə əsasən hesablanan cəmdəki payına mütənasib olaraq müəyyən edilir.

11.4. Bu Qaydanın 11.3-cü bəndinə əsasən müəyyən edilmiş modelə bu Qaydanın qüvvəyə mindiyi tarixdən ən azı 2 (iki) il sonra hər bir müvəkkil bank üzrə Cəmiyyətin riskləri nəzərə alınmaqla yenidən baxılır.

11.5. Müəyyən edilmiş limitin məbləği müvəkkil bankın müraciətindəki zəmanət məbləğindən yüksəkdirsə, bu halda limit məbləğinin artıq olan hissəsi digər müvəkkil banklar arasında fərdi ballara uyğun olaraq bölüşdürülür. Bir müvəkkil bank üzrə müəyyən olunmuş limit həmin il üzrə müvəkkil banklara veriləcək cəmi zəmanət limitinin 25%-indən yüksək ola bilməz.

11.6. Cəmiyyət müvəkkil bank üzrə limitin ayrılmasına dair müvafiq qərar qəbul etdikdən sonra 2 (iki) iş günü müddətində müvəkkil banka yazılı məlumat verir.

11.7. Cəmiyyət zəmanət limitlərinin istifadəsinə nəzarət edir. Cəmiyyətin Müşahidə Şurası tərəfindən hər bir il üzrə müəyyən edilmiş tarixədək banklar tərəfindən zəmanət limitinin azaldılması ilə bağlı Cəmiyyətə müraciət edildikdə, cari il üçün limit azaldılır və limit məbləğinin istifadə olunmamış hissəsi digər banklar arasında fərdi ballara uyğun olaraq bölüşdürülür. Bu zaman Qaydanın 11.10-cu bəndinə uyğun olaraq, müvəkkil bank statusu almış, lakin limit ayrılmamış banklara üstünlük verilir.

11.8. Təqvim ilinin sonunadək ilkin və ya azaldılmış zəmanət limitindən istifadə 90%-dən az olduqda, müvəkkil banka aşağıdakılar tətbiq edilir:

11.8.1. müvəkkil bank ilin birinci yarısında limitin azaldılmasına dair müraciət etdikdə, azaldılmış limitin istifadə olunmamış hissəsinin cari ilin azaldılmış limitinə nisbətində növbəti il üçün limit azaldılır və cari ilin azaldılmış limitinin istifadə olunmamış hissəsinə cərimə tətbiq edilir;

11.8.2. müvəkkil bank ilin birinci yarısında limitin azaldılmasına dair müraciət etmədikdə, cari ilin limitinin istifadə olunmamış hissəsinin cari ilin limitinə nisbətində növbəti il üçün limit azaldılır və cari ilin limitinin istifadə olunmamış hissəsinə cərimə tətbiq edilir.

11.9. Bu Qaydanın 11.8-ci bəndində göstərilən cərimə faizini və həmin bənddən irəli gələn digər məsələləri Cəmiyyətin Müşahidə Şurası müəyyən edir. Cəmiyyət müvəkkil bankın limitin azaldılması barədə Cəmiyyətin Müşahidə Şurası tərəfindən cari il üzrə müəyyən edilmiş tarixdən sonra etdiyi müraciətə baxmır. Müvəkkil bank limitin azaldılması üçün ildə yalnız bir dəfə müraciət edə bilər.

11.10. Limitlər ayrıldıqdan sonra həmin təqvim ili ərzində Cəmiyyətlə bank çərçivə müqaviləsi bağlayarsa, həmin il üzrə bölüşdürülməmiş limitlər olduğu halda Cəmiyyət həmin limitlər hesabına, bu Qaydanın 11.3-cü bəndinə uyğun olaraq, yeni müvəkkil banka limit ayırır. Bölüşdürülməmiş limit olmadığı halda müvəkkil banka limit növbəti təqvim ilində ayrılır.

11.11. Cəmiyyət bu Qaydaya müvafiq olaraq çərçivə müqaviləsini ləğv etdikdə həmin bank üzrə ayrılmış limit bu Qaydanın 11.7-ci bəndinə müvafiq olaraq digər müvəkkil banklar arasında bölüşdürülür.

11.12. Cari il üçün nəzərdə tutulmuş zəmanət limitindən tam istifadə edildikdə, müvəkkil bank həmin il ərzində zəmanət limitinin artırılması ilə bağlı Cəmiyyətə müraciət edə bilər. Bu zaman əlavə limitin ayrılması və ondan istifadə bu Qaydanın 11-ci hissəsi ilə tənzimlənir.

12. Hesabatlılıq və monitorinq

12.1. Cəmiyyətin zəmanəti əsasında icra edilən layihələr üzrə müvəkkil bankların Cəmiyyət qarşısında hesabatlılığı və monitorinqlərin aparılması Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” ilə tənzimlənir.

12.2. Müvəkkil bankla borcalan arasında bağlanan kredit müqaviləsində sahibkarlıq subyektinin Cəmiyyət tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq və tələb olunan bütün sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.

13. Zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə yığım və tələb hüquqlarının bölüşdürülməsi

13.1. Müvəkkil bank zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə daxil olan vəsaiti zəmanətin kreditə nisbətinə müvafiq olaraq Cəmiyyətə köçürməlidir. Zəmanətə görə ödəniş edilmiş krediti olan borcalanın müvəkkil bankda bir neçə krediti olduqda, kreditlər üzrə daxil olan vəsaitlər, ilk növbədə, borcalanın zəmanətə görə ödəniş edilmiş kreditinə, həmin kredit tam ödənilənədək yönəldilir.

13.2. Bir borcalanın bir müvəkkil bankda Cəmiyyət tərəfindən zəmanətə görə ödəniş edilmiş iki və daha çox krediti olduqda, həmin kreditlər üzrə sonradan daxil olan ödənişlər, ilk növbədə, zəmanətin kreditə nisbəti daha yüksək olan öhdəliklərə yönəldilir.

13.3. Müvəkkil bankda bir neçə krediti olan borcalanın zəmanət verilmiş krediti gecikmədə olduqda, müvəkkil bank kreditlər üzrə daxil olan vəsaitləri zəmanət verilmiş kredit gecikmədən çıxanadək həmin kreditin ödənilməsinə yönəldir.

13.4. Cəmiyyət tərəfindən zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitləri müvəkkil bank, ilk növbədə, zəmanət verilmiş kredit üzrə əsas borcun silinməsinə yönəldir.

13.5. Bu Qaydanın 13.1 – 13.4-cü bəndlərində qeyd olunan şərtlər borcalanla bağlanmış kredit müqavilələrində nəzərdə tutulmalıdır.

13.6. Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün borcalana və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana və s.) qarşı Cəmiyyətin adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil bank həyata keçirir. Cəmiyyət zəmanət üzrə ödəniş etdikdən sonra, müvəkkil bank və Cəmiyyət arasında bağlanmış çərçivə müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Cəmiyyətin özü həyata keçirə bilər.

13.7. Müvəkkil bank tərəfindən tələb hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi və digər əlaqədar məsələlər müvəkkil bank və Cəmiyyət arasında bağlanmış çərçivə müqaviləsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 4


“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) fəaliyyətində risklərin azaldılması üçün kredit reytinqi sisteminin və digər risklərin idarə edilməsi alətlərinin tətbiqi qaydalarını müəyyən edir.

1.2. Cəmiyyət risklərin idarə edilməsi sisteminin formalaşdırılmasında bu Qaydanın tələblərini və bu sahədə qabaqcıl beynəlxalq standartları nəzərə alır.

1.3. Bu Qaydada göstərilən risklərin idarə edilməsi alətlərinin tətbiqi mexanizmləri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilən daxili qayda və prosedurlar əsasında həyata keçirilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. risk – ehtimal olunan və ya gözlənilməz hadisələrin baş verməsi nəticəsində yarana biləcək xərclərin (zərərin) müvəkkil bankın və (və ya) Cəmiyyətin kapitalına mənfi təsir göstərməsi ehtimalı;

2.1.2. risklərin idarə edilməsi sistemi – risklərin idarə edilməsi üzrə bu Qayda ilə və digər hüquqi aktlarla müəyyən edilən elementlərdən ibarət sistem;

2.1.3. riskin minimuma endirilməsi – müxtəlif tənzimləmə metodları vasitəsilə risklərin azaldılması;

2.1.4. kredit riski – borcalanın kredit üzrə öhdəliyinin vaxtında və ya tam icra olunmaması nəticəsində yaranan risk;

2.1.5. kredit reytinqi modeli – Cəmiyyət tərəfindən kredit risklərinin minimuma endirilməsi məqsədilə meyarları bu Qayda ilə müəyyən edilmiş qiymətləndirmə aləti;

2.1.6. təminatın likvid dəyəri – kredit təminatının bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində onun satış qiyməti;

2.1.7. təminatın kreditə nisbəti – kreditin verilmə tarixinə kredit təminatının likvid dəyərinin kreditin əsas məbləğinə (kredit xətti üçün kredit xəttinin həcminə) nisbəti;

2.1.8. erkən xəbərdarlıq sistemi – risklərin idarə edilməsi sistemində müxtəlif kəmiyyət və keyfiyyət meyarlarının müəyyən edilmiş hədlərə yaxınlaşması nəticəsində müxtəlif təhlükələrin yaranma ehtimallarını və risklər barədə erkən xəbərdarlıq məlumatlarını çatdıran və risklərin monitorinqi üçün istifadə olunan sistem;

2.1.9. likvidlik kəsiri – eyni ödəniş müddətinə aid olan aktivlərlə öhdəliklər arasındakı fərq.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

3. Risklərin idarə edilməsi sistemi

3.0. Cəmiyyətin risklərin idarə edilməsi sistemi aşağıdakıları əhatə edir:

3.0.1. risklərin idarə edilməsi strategiyası;

3.0.2. risklərin idarə edilməsinin təşkilati strukturu;

3.0.3. kredit reytinqi sistemi;

3.0.4. zəmanətin kreditə nisbətinin və illik komissiyanın hesablanması;

3.0.5. risklərin idarə edilməsinin digər alətləri;

3.0.6. hesabatlılıq və monitorinq.

4. Risklərin idarə edilməsi strategiyası

4.1. Cəmiyyətin risklərin idarə edilməsi strategiyası ən azı aşağıdakıları əhatə edir:

4.1.1. risklərin idarə edilməsi üzrə hədəflər;

4.1.2. qəbul edə biləcəyi riskin yuxarı həddi;

4.1.3. aktivlərin və öhdəliklərin strukturu ilə bağlı strateji hədəflər;

4.1.4. makroiqtisadi mühitdə baş verən dəyişikliklərdən yarana biləcək risklərin idarə edilməsi.

4.2. Risklərin idarə edilməsi strategiyası ən azı 3 (üç) ili əhatə edir və Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir. Müşahidə Şurası risklərin idarə edilməsi strategiyasının icra vəziyyətinin qiymətləndirilməsini ən azı ildə bir dəfə olmaqla təmin edir.

5. Risklərin idarə edilməsinin təşkilati strukturu

5.1. Risklərin idarə edilməsi Cəmiyyətin Müşahidə Şurası, Müşahidə Şurası tərəfindən yaradılan risklərin idarə edilməsi üzrə daxili komitə, İdarə Heyəti və digər məsul struktur bölmələr tərəfindən həyata keçirilir.

5.2. Risklərin idarə edilməsinin təşkilati strukturu aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

5.2.1. təşkilati strukturun bütün səviyyələri üzrə səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi;

5.2.2. təşkilati strukturun bütün səviyyələri arasında məlumat axınının səmərəliliyinin təmin edilməsi;

5.2.3. struktur bölmələr və səlahiyyətli şəxslər arasında maraqlar münaqişəsinin qarşısının alınması;

5.2.4. təşkilati strukturun bütün səviyyələri üzrə hesabatlılığın və aşkarlığın təmin edilməsi;

5.2.5. qərar qəbuletmə prosesinin kollegiallığı, müstəqilliyi və şəffaflığının təmin edilməsi.

6. Kredit reytinqi sistemi

6.1. Kredit reytinqi sistemi aşağıdakı meyarlara cavab verən kredit reytinqi modeli əsasında tətbiq olunur:

6.1.1. məbləği 200 000 (iki yüz min) manat və ondan az olan zəmanət üzrə borcalanın kredit reytinqini müvəkkil bank müəyyənləşdirib Cəmiyyətə təqdim edir. Bir-biri ilə əlaqədar borcalanlar qrupuna iki və daha artıq müqavilə üzrə zəmanət verildikdə və bu zəmanətlərin ümumi məbləği 300 000 (üç yüz min) manatdan çox olduqda, onun kredit reytinqi bu Qaydanın 6.1.2-ci yarımbəndinə uyğun müəyyən edilir;

6.1.2. məbləği 200 000 (iki yüz min) manatdan çox olan zəmanət üzrə borcalanın kredit reytinqi müvəkkil bankla yanaşı, Cəmiyyət tərəfindən də onun kredit reytinqi modeli əsasında müəyyən edilir.

6.2. Kredit reytinqi modeli üzrə əldə edilmiş reytinq nəticələri yüksəkriskli, ortariskli və aşağıriskli olmaqla üç risk kateqoriyası üzrə təsnifləşdirilir.

6.3. Kredit reytinqi modeli formalaşdırılarkən borcalanın kredit reyestri məlumatları, habelə borcalanın ödəmə qabiliyyətini xarakterizə edən digər kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınır. Borcalanın kredit reytinqinin hesablanmasında kredit təminatı nəzərə alınmır.

6.4. Cəmiyyət tərəfindən tətbiq edilən kredit reytinqi modelinin parametrlərini (kəmiyyət və keyfiyyət göstəricilərini, onların hədlərini və xüsusi çəkilərini və s.) Cəmiyyətin Müşahidə Şurası müəyyən edir.

6.5. Kredit reytinqi modelinin etibarlılığının ən azı ildə bir dəfə qiymətləndirilməsini Müşahidə Şurası təmin edir.

7. Zəmanətin kreditə nisbəti və illik komissiyanın müəyyən edilməsi

7.1. Bu Qaydanın 6.1.2-ci yarımbəndinə uyğun verilən zəmanət üzrə zəmanətin kreditə nisbəti (örtülmə əmsalı) müəyyən olunarkən aşağıdakı cədvəldən istifadə edilməklə təminatın kreditə nisbəti (aşağı, orta və yuxarı) və bu Qaydanın 6.2-ci bəndinə əsasən müəyyən olunmuş risk kateqoriyası əsas götürülür:



Təminatın kreditə nisbəti

Risk kateqoriyası

Ortariskli

Aşağıriskli

aşağı 

75%

70%

orta

70%

65%

yuxarı

65%

60%

 


Yüklə 45,43 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə