Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası



Yüklə 125,75 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü125,75 Kb.
#43869


“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi

haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI



 

Azərbaycan   mədəniyyətinin   inkişafını,   daxili   və   xarici   təhdidlərdən   qorunmasını,

dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş

hüquq   və   azadlıqlarını   təmin   etmək   məqsədi   ilə,   Azərbaycan   Respublikası

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.   “Azərbaycan   Respublikasının   Mədəniyyət   Konsepsiyası”   təsdiq   edilsin   (əlavə

olunur). 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın həyata keçirilməsi

üzrə   dövlət   proqramlarının   layihələrini   altı   ay   müddətində   hazırlayıb   Azərbaycan

Respublikasının Prezidentinə təqdim etsin;

2.2.  bu   Sərəncamın  1-ci  hissəsi   ilə   təsdiq   edilən   Konsepsiyanın   icrasının   gedişi

barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının

Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 İlham ƏLİYEV,



 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 fevral 2014-cü il



                  № 273

 



 

 

Azərbaycan Respublikası Prezidentinin



2014-cü il 14 fevral tarixli 273 nömrəli

Sərəncamı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası

 

1. Məzmun

 

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət

siyasətinin tərkib hissəsidir. Dövlət quruculuğu, iqtisadiyyat və sosial sahələrdə həyata

keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə

təsir göstərmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxsaylı daxili və xarici

problemlərlə üzləşmiş, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Məhz

belə şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli lideri

Heydər Əliyevin rəhbərliyi ilə ölkədə daxili siyasi sabitlik bərpa edilmiş, ölkənin gələcək

inkişafının   strategiyası   və   əsas   istiqamətləri   müəyyənləşdirilmişdir.   Həmin   vaxtdan

etibarən bütün fəaliyyət sahələrində, o cümlədən mədəniyyət sahəsində köklü islahatlar

aparılmış və yüksək nailiyyətlər əldə edilmişdir.

Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan

nüfuzu   ölkə   vətəndaşlarının   Azərbaycan   Respublikasının   Konstitusiyasında   təsbit

olunmuş   mədəni   hüquqlarının   həyata   keçirilməsi   üçün   əlverişli   imkanlar   yaratmışdır.

Azərbaycan   Respublikasında   hər   kəsin   mədəniyyət   sahəsində   hüquq   və   azadlıqları,

beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.

Azərbaycan   Respublikasının   mədəniyyət   sahəsində   dövlət   siyasəti   mədəni   irsin

qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin

rəhbər tutduğu prinsiplərlə səciyyələnir.

“Mədəniyyət   haqqında”   Azərbaycan   Respublikasının   2012-ci   il   21   dekabr   tarixli

506-IVQ nömrəli Qanununa görə mədəniyyət sahəsində dövlət siyasəti:

bərabərlik - hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının

bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;

demokratiklik   -   əhalinin   azad   düşüncə   ruhunda   tərbiyələndirilməsi,   mədəniyyət

sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların

genişləndirilməsi,   estetik   düşüncə   azadlığının   təmin   edilməsi,   yeni   mədəniyyət

təşkilatlarının yaradılmasının stimullaşdırılması;

humanistlik - dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və

azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin

prioritet kimi qəbul olunması;




inteqrasiya - dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin

universal   dəyərlərini   qəbul   edərək,   milli   mədəniyyətin   dünyada   tanıdılması,

zənginləşdirilməsi və inkişafının təmin edilməsi;

tarazlılıq   -   mədəniyyət   sənayesi   ilə   mədəniyyət   məhsullarının   və   xidmətlərinin

bazarları   arasında   balansın   yaradılması,   mədəniyyət   cəmiyyətlərinin   fəaliyyətinin

inkişafının təmin edilməsi;

keyfiyyətlilik   -   mədəniyyət   sahəsində   məhsulların   və   xidmətlərin   ən   qabaqcıl

standartlara,   normalara,   sosial-iqtisadi   tələblərə,   şəxsiyyətin,   cəmiyyətin   və   dövlətin

maraqlarına uyğunluğunun təmin olunması;

dünyəvilik   -   dünyəvi   dəyərlərin   yaradılması,   qorunması   və   inkişafının   təmin

olunması;

səmərəlilik - mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son

nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;

varislik   -   mədəni   sərvətlərin,   bu   sahədə   bilik   və   təcrübənin   sonrakı   nəsillərə

ötürülməsi;

istedad amili - fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına

xüsusi qayğının göstərilməsi kimi prinsiplərə əsaslanır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq insan

qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, işğal edilmiş ərazilərdə yerləşən yaşayış

evləri,   təhsil,   sənaye   və   kənd   təsərrüfatı   obyektləri   ilə   yanaşı   yüzlərlə   mədəniyyət

müəssisəsi, o cümlədən 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi,

85 musiqi və rəssamlıq məktəbi, 22 muzey və muzey filialları, 4 rəsm qalereyası, dünya

əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242, yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsi, o

cümlədən   Cəbrayıl   rayonunda   11   və   15   aşırımlı   Xudafərin   körpüləri   (VII-XII   əsrlər),

Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın

Türbətli   kəndində   məqbərə   (XIV   əsr),   Füzuli   rayonu   ərazisində   dünyanın   ən   qədim

sakinlərinin   yaşayış   məskənlərindən   biri   -   Azıx   mağarası,   ümumdünya   əhəmiyyətli   6

memarlıq və 7 arxeoloji abidə, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin

qurbanına çevrilmişdir.

Beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının da qoşulduğu "Silahlı

münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il 14 may tarixli

Konvensiyanın   müddəalarına   zidd   olaraq   həmin   abidələrin   əksəriyyəti   talan   edilmiş,

dağıdılmış, yerlə yeksan edilmişdir. Cavabdehin beynəlxalq hüquq normaları çərçivəsində

cəzalandırılması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.

“Azərbaycan   Respublikasının   Mədəniyyət   Konsepsiyası”   (bundan   sonra

-Konsepsiya)   Azərbaycan   mədəniyyətinin   inkişafının,   daxili   və   xarici   təhdidlərdən

(saxtakarlıq,   mənimsəmə,   təhriflər,   tarix   və   mədəniyyət   abidələrinin   məqsədli   şəkildə

məhvi   və   s.)   qorunmasının   və   dünya   mədəniyyətinə   uğurlu   inteqrasiyasının   əsas

istiqamətlərini, mədəniyyət hüquqlarının təminatı formalarını müəyyən edir.

Konsepsiya   mədəni   sərvətlərin,   o   cümlədən   maddi   və   qeyri-maddi   mədəni   irs

nümunələrinin, Azərbaycanın xarici dövlətlərdə milli mədəni irsinin, beynəlxalq hüquq



normalarına   əsaslanaraq   qorunması,   bərpası,   təbliği   və   təşviqi   istiqamətində

genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

2. Konsepsiyanın əsas məqsəd və vəzifələri

 

Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə,



mədəniyyət   siyasətinin   təminat   mexanizmlərinin   müasir   dövrün   tələblərinə

uyğunlaşdırılması,   mədəni   irsin   qorunması,   yaradıcılığın   dəstəklənməsi   və   inkişafının

təmin olunmasından ibarətdir.

Konsepsiyanın   əsas   vəzifələri   mədəniyyətin   bütün   sahələrinin,   o   cümlədən

mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-

texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını,

mədəniyyət   sahəsində   göstəricilərin   yüksək   səviyyəyə   çatdırılmasını   və   mədəni   irsin

təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir.



 

2.1. Hüquqi təminatın inkişaf etdirilməsi

 

Demokratik   hüquqi   dövlətin   qanunun   aliliyi,   insan   və   vətəndaş   hüquqları   və



azadlıqları   kimi   fundamental   əsaslarının   təmin   olunması   milli   maraqların   həyata

keçirilməsinə   əhəmiyyətli   dəstəkdir.   Bu   səbəbdən   mədəniyyət   siyasətinin   həyata

keçirilməsinin əsas vasitələrindən olan mədəni həyat və onun hər bir mərhələsinin -

mədəni   sərvətlərin   yaradılması,   qorunması,   təşviqi   və   mənimsənilməsi   proseslərinin

hüquqi tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan işlərin davam

etdirilməsinin zəruriliyi nəzərə alınaraq, aşağıdakı vəzifələr müəyyən edilir:

- mədəniyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən

mədəniyyət   sahəsində   fəaliyyət   istiqamətləri   üzrə   münasibətləri   tənzimləyən   hüquqi

aktların təkmilləşdirilməsi;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində

mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması;

- mədəniyyət sahəsində peşəkarlıq səviyyəsinin artırılması.

 

2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi

 

Mütərəqqi   beynəlxalq   təcrübəyə   əsasən,   mədəniyyətin   idarə   olunmasında   ən



müvəffəqiyyətli üsullar bu işə dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və

özəl sektorun cəlb olunması, dövlət orqanlarının və bələdiyyələrin qarşılıqlı əməkdaşlığı,

mədəniyyət   təsisatlarından   səmərəli   istifadənin   təşkili,   mədəniyyət   sahəsində   dövlət

siyasəti prinsiplərinin rəhbər tutulması, müasir innovativ idarəçilik metodlarının tətbiqi və

inhisarçılığın qarşısının alınması yolu ilə təmin edilir.



Mədəniyyətin idarə olunması sahəsində aparılacaq islahatlar çərçivəsində aşağıdakı

əsas vəzifələr müəyyən edilir:

-   dövlət   mədəniyyət   sisteminin   təkmilləşdirilməsi,   mədəniyyət,   o   cümlədən

incəsənət sahələrinin idarə olunmasında yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın

inkişaf etdirilməsi;

- mədəniyyət, o cümlədən incəsənət sahələrində art-menecment və prodüserlik

sistemlərinin formalaşdırılması və müasir inzibatçılığın təşviqi;

- qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, milli

mədəni özünəməxsusluğun və çoxşaxəliliyin, multikulturalizmin qorunub saxlanılması,

fərdi   təşəbbüslərin   təşviq   edilməsi   və   layihələrin   həyata   keçirilməsi   məqsədi   ilə

mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması.

 

2.3. Maliyyə mənbələrinin diversifikasiyası

 

Azərbaycan   Respublikasında   mədəniyyət   sahəsinin   maliyyə   mənbələrinin



diversifikasiyası üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

-   dövlət   büdcəsindən   mədəniyyət   sahəsinə   ayrılan   vəsaitin   inventarlaşdırılması,

təhlili, qiymətləndirilməsi və səmərəliliyinin artırılması nəticəsində optimal maliyyələşmə

həddinin   müəyyənləşdirilməsi,   habelə   xərclərin   ünvanlı   istifadə   edilməsi   məqsədi   ilə

dövlət sifarişlərinin daha geniş tətbiq olunması və ayrılan dövlət vəsaitlərinə nəzarətin

gücləndirilməsi;

-   mədəniyyətin   maliyyə   imkanlarının   genişləndirilməsi   üçün   alternativ   maliyyə

mənbələrinin   (büdcədənkənar   vəsaitlər,   qrantlar,   ianələr   və   digər   qanuni   maliyyə

mənbələri) cəlb edilməsi;

-   menecment   və   marketinqin   inkişaf   etdirilməsi   vasitəsi   ilə   mədəniyyət

müəssisələrində   göstərilən   ödənişli   mədəniyyət   xidmətlərinin   təkmilləşdirilməsi,   o

cümlədən genişləndirilməsi.

 

2.4. İnformasiya təminatının təkmilləşdirilməsi

 

Dövlət quruculuğunun digər sahələri kimi Azərbaycan Respublikasının mədəniyyət



sahəsində dövlət siyasətinin formalaşdırılması da hərtərəfli mədəni-siyasi tədqiqatlara və

əlaqəli   innovasiyalara   əsaslanmalıdır.   Eyni   zamanda,   təşəkkül   tapmaqda   olan   qlobal

informasiya cəmiyyətində elmi əsaslandırılmış informasiyanın rolunun artması diqqətdən

kənarda   qalmamalıdır.   Bu   məqsədlə   mədəniyyət   sahəsində   informasiya   təminatının

təkmilləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- elmi-metodiki tədqiqatların aparılması, statistik məlumatların toplanılması, ictimai

rəyin   öyrənilməsi   məqsədi   ilə   sosioloji   sorğuların   keçirilməsi,   müasir   sənədləşmənin

tətbiq edilməsi, məlumat bazalarının yaradılması, milli və beynəlxalq konfrans, seminar

və digər tədbirlərin keçirilməsi;



-   daxili   və   xarici   mədəniyyət   siyasəti,   mədəniyyətin,   o   cümlədən   incəsənətin

müxtəlif   sahələri,   həmçinin   ayrı-ayrı   regionlar   üzrə   proqram   layihələrinin   işlənilib

hazırlanması və icrasının təmin edilməsi;

- informasiya və reklam işinin müasirləşdirilməsi, milli və xarici kütləvi informasiya

vasitələrində   və   internet   şəbəkəsində   Azərbaycan   mədəniyyətinin,   o   cümlədən

incəsənətinin layiqincə təmsil olunması;

- mədəniyyət, informasiya, reklam və yayım proqramları vasitəsi ilə mədəniyyət-

informasiya məkanının formalaşdırılması;

- zorakılığa, sosial, irqi, milli və dini ayrı-seçkiliyə çağırışların, milli-mənəvi dəyərlərə

zidd davranışların və fəaliyyətlərin, əxlaqsızlıq, erotika, pornoqrafiya, narkomaniya  və

digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması.

 

2.5. Təhsil və insan resurslarının inkişafı

 

Mədəniyyət sahəsinin davamlı inkişafının təmin olunmasında bu sahədə bilik və



təcrübənin   sonrakı   nəsillərə   ötürülməsi,   çoxpilləli   mədəniyyət   təhsili   sistemi   və

şəbəkəsinin   müasirləşdirilməsi   zəruridir.   Mədəniyyət   sahəsində   təhsil   və   insan

resurslarının inkişafının təmin olunması məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən

edilir:


-   Azərbaycan   Respublikasının   mədəniyyət,   o   cümlədən   incəsənət   xadimlərinin

zəruri tələbatlarının iqtisadi imkanlar daxilində ödənilməsi üçün tədbirlərin görülməsi,

onların fəal yaradıcılığı məqsədi ilə şəraitin yaxşılaşdırılması;

-   mədəniyyət   sahəsində   təhsil,   o   cümlədən   əlavə   təhsil   sisteminin

təkmilləşdirilməsi, həmin məqsədlə xarici ölkələrə təcrübə səfərlərinin təşkili və tanınmış

əcnəbi mütəxəssislərin Azərbaycan Respublikasına dəvət edilməsi;

- müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə

çıxarılması işinin davam etdirilməsi;

- mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin

və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazasının

yaradılması;

- Azərbaycanın xarici ölkələrdə yaşayan mədəniyyət xadimləri haqqında məlumat

bazasının formalaşdırılması, həmin şəxslərin Azərbaycan Respublikasının müvafiq dövlət

qurumları   və   qeyri-hökumət   təşkilatları   ilə   əlaqələrinin   inkişaf   etdirilməsi,   habelə

əsərlərinin   respublikada   və   xarici   ölkələrdə   təbliği   istiqamətində   müvafiq   tədbirlərin

həyata keçirilməsi.

 

2.6. İnfrastrukturun müasirləşdirilməsi

 

Mədəni   sərvətlərin   yaradılması,   mühafizəsi   və   istifadəsi   mövcud   maddi-texniki



bazanın gücləndirilməsini və infrastrukturun müasirləşdirilməsini şərtləndirir. Qloballaşan


dünyada   cəmiyyətin   və   mədəniyyətin   tərəqqisi   informasiya   və   kommunikasiya

texnologiyaları olmadan mümkün deyildir. Bu baxımdan mədəniyyət infrastrukturunun

müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

-   mədəniyyət   müəssisələri   üçün   orijinal   layihələr   əsasında   nümunəvi   binaların

tikilməsi;

- təmirə ehtiyacı olan mədəniyyət obyektlərində növbəlilik prinsipi üzrə müvafiq

işlərin görülməsi;

-   mədəniyyət   obyektlərinin   müasir   mühəndis   qurğuları   və   texnoloji   sistemlərlə

təchizatı;

-   mədəniyyət   obyektlərində   müasir   informasiya   və   kommunikasiya

texnologiyalarının tətbiqi.

 

2.7. Beynəlxalq əməkdaşlıq

 

Qloballaşan dünyada Azərbaycan Respublikasının inkişafının mühüm amillərindən



biri   kimi   beynəlxalq   əməkdaşlığın   vacibliyini,   mədəniyyətlərarası   dialoqun   həyata

keçirilməsində və mədəni sərvətlərin təbliğində turizmin əsas vasitələrdən biri olduğunu

nəzərə alaraq, Azərbaycan mədəniyyətinin xaricdə təqdim və təbliğ edilməsi, həmçinin

dünya   xalqlarına   məxsus   ən   parlaq   mədəniyyət   nümunələrinin   Azərbaycanda

yayılmasına şərait yaradılması üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir:

- Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, YUNESKO, Ümumdünya Əqli

Mülkiyyət   Təşkilatı,   Ümumdünya   Turizm   Təşkilatı,   Avropa   Şurası,   Avropa   İttifaqı,

TÜRKSOY,   İSESKO,   Müstəqil   Dövlətlər   Birliyi,   GUAM,   QDİƏT   və   digər   beynəlxalq

təşkilatlarla əməkdaşlıq vasitəsi ilə milli mədəniyyətin xarici ölkələrdə təbliği;

- mədəniyyətlərarası dialoqun dəstəklənməsi;

- Avropa, Asiya, Amerika, Afrika dövlətləri, türkdilli və digər ölkələrin xalqları ilə

mədəniyyət   və   turizm   sahəsində   beynəlxalq   əlaqələrin   möhkəmləndirilməsi   və

genişləndirilməsi;

-   Azərbaycan   Respublikasının   xarici   ölkələrdəki   diplomatik   nümayəndəliklərinin

tabeliyində mədəniyyət mərkəzlərinin təsis olunması, xarici ölkələrdə fəaliyyət göstərən

Azərbaycan   diaspor   təşkilatları   tərəfindən   yaradılmış   mədəniyyət   mərkəzlərinə

konsultativ, metodiki, təşkilati-texnoloji və digər dəstəyin göstərilməsi;

- Azərbaycana qarşı erməni təcavüzü və erməni terroru, Ermənistan - Azərbaycan

Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyəti, siyasi-hüquqi aspektləri,

münaqişənin həlli prosesi, Azərbaycanın işğal edilmiş ərazilərindəki tarix və mədəniyyət

abidələrinin   vəziyyəti,   talan   edilmiş   daşınan   sərvətləri   və   əqli   mülkiyyətin   ermənilər

tərəfindən   oğurlanması   haqqında   beynəlxalq   ictimaiyyətin   mütəmadi   olaraq

məlumatlandırılması;

- dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi;

- qabaqcıl təcrübələrin və yeni texnologiyaların beynəlxalq mübadiləsi;



-   xarici   dövlətlərin   mədəni   irslərinin   qorunması,   bərpası   və   inkişafının

dəstəklənməsi.



 

3. Mədəni irsin qorunması

 

Hər bir xalqın mədəni irsi özündə milli-mənəvi dəyərləri əks etdirən və onu dünya

miqyasında tanıdan vasitədir. Bu səbəbdən daşınmaz tarix və mədəniyyət abidələrinin

bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və

müasir   tələblərə   uyğunlaşdırılması,   muzey   şəbəkələrinin   və   kitabxana-informasiya

sistemlərinin müasirləşdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması,

qeyri-maddi   mədəni   irsin   və   xalq   yaradıcılığının   dəstəklənməsi,   yerli   mədəniyyət

mərkəzlərinin,   mədəniyyət   əhəmiyyətli   parkların,   etnoparkların   inkişaf   etdirilməsi

Azərbaycan   Respublikasının   mədəniyyət   sahəsində   dövlət   siyasətinin   prioritet

istiqamətlərindəndir.

Azərbaycan   Respublikası   mədəniyyət   sahəsində   dövlət   siyasətinə   və   beynəlxalq

öhdəliklərinə uyğun olaraq, öz ərazisində maddi və qeyri-maddi mədəni irsi qorumaqla

yanaşı, milli mədəni sərvətlərin qanunsuz özgəninkiləşdirilməsi, onlara zərər vurulması

kimi neqativ halların, habelə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan maddi

mədəniyyət   nümunələrinin   dağıdılmasının   və   onlara   məqsədli   şəkildə   müdaxilələr

edilməsinin,   həmin   ərazilərin   qanunsuz   şəkildə   turist   marşrutlarına   salınmasının

qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

 

3.1. Qeyri-maddi mədəni irsin qorunması

 

Azərbaycan   xalqının   əsrlər   boyu   yaradılan   və   tarixən   milli   mənəviyyatın   və



mədəniyyətin inkişaf özəyini təşkil edən qədim və rəngarəng qeyri-maddi mədəni irsi

hər   bir   azərbaycanlının   qürur   mənbəyidir.   Azərbaycan   xalqına   məxsus   qeyri-maddi

mədəni irs nümunələri - Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı,

Azərbaycan   xalçaçılıq   sənəti,   tar   sənətkarlığı   və   ifaçılığı   YUNESKO-nun   Qeyri-maddi

Mədəni irs üzrə Reprezentativ Siyahısına, Çövkən - Qarabağ atüstü oyunu YUNESKO-nun

Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir.

Mövcud   mədəniyyət   sarayları,   mədəniyyət   evi,   klub   və   park   şəbəkələrinin   yenidən

qurulması vasitəsi ilə qeyri-maddi mədəni irsin əsas sahələri olan folklor, sənətkarlıq və

diyarşünaslığın dəstəklənməsi istiqamətində aşağıdakı vəzifələr müəyyən edilir:

- Azərbaycan xalqının tarixi-mədəni həyat təcrübəsinin və diyarşünaslığın inkişafı

məqsədi ilə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub

saxlanılması, tarixi rəmz və ənənəvi biliklərin rekonstruksiyası;

- milli musiqi və rəqslərin təşviqi;

-   şifahi   xalq   yaradıcılığı   nümunələrinin   qorunması,   xalq   oyun   və   tamaşalarının

bərpası;



-   xalq   sənətkarlığının   dirçəldilməsi   məqsədi   ilə   xalq   tətbiqi   sənətinin   inkişaf

etdirilməsi, ənənəvi dekorativ sənətin qorunması, təsviri incəsənətin canlandırılması;

- mövcud ştat vahidləri dairəsində şəhər (rayon) mədəniyyət evləri və klublarının

əsasında   şəhər   (rayon)   mədəniyyət   mərkəzləri   və   onların   diyarşünaslıq,   folklor   və

sənətkarlıq filiallarının yaradılması, həmçinin mədəniyyət əhəmiyyətli parkların müasir

əsaslarla təşkil edilməsi, sənətkarlıq emalatxanalarının təşkili, onların turist marşrutlarına

salınması.

 

3.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və



mədəniyyət qoruqlarının inkişafı

 

Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin ölkədir.



Dövlət   mühafizəsinə   götürülmüş   daşınmaz   tarix   və   mədəniyyət   abidələrinin

əhəmiyyət   dərəcəsinə   görə   2001-ci   ildən   aparılan   bölgüsünə   əsasən   Azərbaycan

Respublikasının   ərazisində   6308   abidə   dövlətin   mühafizəsindədir.   Azərbaycan

Respublikası   ərazisində   27   dövlət   tarix-mədəniyyət,   o   cümlədən   memarlıq,   bədii   və

etnoqrafiya qoruğu fəaliyyət göstərir.

2000-ci ildə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar

sarayı   kompleksi   və   Qız   qalası,   2007-ci   ildə   "Qobustan"   dövlət   tarixi-bədii   qoruğu

YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. “İçərişəhər” dövlət tarix-

memarlıq   qoruğunun   və   Qobustan   milli   tarix-bədii   qoruğunun   ərazisində   yerləşən

abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları

müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə

çevrilməkdədir.

Daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması,

sel sularından mühafizə məqsədli drenaj sistemlərin qurulması, ərazinin işıqlandırılması,

informasiya lövhələri və yol nişanlarının quraşdırılması, daşınmaz tarix və mədəniyyət

abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində

işlər davam etdirilir.

Milli   mədəni   irsin   qorunması   məqsədi   ilə   aparılan   islahatların   davamı   olaraq,

Azərbaycan   Respublikası   Prezidentinin   2013-cü   il   27   dekabr   tarixli   195   nömrəli

Sərəncamı   ilə   daşınmaz   tarix   və   mədəniyyət   abidələrinin,   qoruqlarının   mühafizəsinin

müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı

üzrə   tədbirlərin   həyata   keçirilməsinə   yönəldilmiş   “Daşınmaz   tarix   və   mədəniyyət

abidələrinin   bərpası,   qorunması,   tarix   və   mədəniyyət   qoruqlarının   fəaliyyətinin

təkmilləşdirilməsi   və   inkişafına   dair   2014-2020-ci   illər   üzrə   Dövlət   Proqramı”   təsdiq

edilmişdir.

Qeyd   olunanlarla   yanaşı,   daşınmaz   tarix   və   mədəniyyət   abidələrinin   bərpası,

qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı, o cümlədən mühafizəsinin müasir

səviyyədə təşkili, qədim tarixi və mədəni sərvətlərin öyrənilməsi və təbliği ilə əlaqədar

aşağıdakı əsas vəzifələr müəyyən edilir:



-   daşınmaz   mədəni   irsin   qorunması   işinin   təkmilləşdirilməsi,   həmin   məqsədlə

daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə

zonalarının   müəyyən   edilməsi,   pasportlaşdırılması   və   müasir   tələblərə   cavab   verən

məlumat bazasının yaradılması;

- daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə

olunması   sahəsində   beynəlxalq   təcrübənin   öyrənilməsi,   qabaqcıl   və   mütərəqqi

təcrübənin   tətbiqi,   zərurət   yarandıqda   həmin   məqsədlərə   beynəlxalq   mütəxəssislərin

cəlb olunması;

-   tarix   və   mədəniyyət   qoruqlarının   ərazisində   yerləşən   tarix   və   mədəniyyət

abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət

qoruqlarının   sərhədlərinin   müəyyən   edilməsi   və   xəritələrinin   hazırlanması,   qoruqların

ərazisində   yerləşən   tarix   və   mədəniyyət   abidələrinin   siyahıya   alınması,

pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və

mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı;

-   daşınmaz   tarix   və   mədəniyyət   abidələrində   bərpa   və   konservasiya   işlərinin

aparılması;

- daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi;

-   daşınmaz   tarix   və   mədəniyyət   abidələrinin   öyrənilməsi,   o   cümlədən   turizm

məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması;

- turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində

və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması;

-   daşınmaz   tarix   və   mədəniyyət   abidələrinin   qəsdən   məhv   edilmə   və   ya

korlanmadan qorunması;

- Azərbaycanın işğal olunmuş ərazilərində qalmış və digər ölkələrdə Azərbaycan

xalqına   aid   olan   tarix   və   mədəniyyət   abidələrinin   vəziyyətinə   dair   məlumatların

sistemləşdirilməsi və müvafiq tədbirlərin görülməsi;

-   daşınmaz   tarix   və   mədəniyyət   abidələrinin   qorunması   və   bərpası   üzrə

yüksəkixtisaslı peşəkar kadrların hazırlanması;

- Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda

təbliği və təşviqi.

 

3.3. Muzey işinin müasirləşdirilməsi

 

Azərbaycanda tarix, tarix-diyarşünaslıq, elm, siyasət, incəsənət, ədəbiyyat, hərbi-



vətənpərvərlik və döyüş şöhrəti muzeylərini, həmçinin tarixi şəxsiyyətlərin ev muzeylərini

özündə   birləşdirən   geniş   muzey   şəbəkəsi   fəaliyyət   göstərir.   Muzey   işinin

müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr yerinə yetirilməlidir:

-   muzey   fondlarının   mühafizəsi,   pasportlaşdırılması,   konservasiyası   və   bərpa

edilməsi,   muzey   kolleksiyalarının   komplektləşdirilməsi   işinin   təkmilləşdirilməsi,   muzey



fondlarına   dair   məlumatların   rəqəmsal   daşıyıcılara   köçürülməsi   və   elektron

kataloqlaşdırılma vasitəsi ilə milli muzey-informasiya bazasının təşkil edilməsi;

-   muzey   ekspozisiyalarının   bədii   tərtibatının   təkmilləşdirilməsi,   konseptual

ekspozisiyaların və müxtəlif mövzularda sərgilərin təşkili;

- turizmin inkişafı üçün muzeylərin turist marşrutlarına salınması, geniş tamaşaçı

kütləsi  ilə aparılacaq  işlərin  təkmilləşdirilməsi  məqsədi  ilə  fərdi  ekskursiyaların,  ailəvi

proqramların, uşaq və gənclər üçün tədris və interaktiv proqramların hazırlanması;

-   muzey   marketinqinin   inkişaf   etdirilməsi,   turizm   məqsədi   ilə   kataloq,   təqvim,

broşür   və   suvenirlərin   hazırlanması,   təşkil   edilən   sərgilər   barədə   sorğu-məlumat

kitabçalarının mütəmadi buraxılışı.

 

3.4. Kitabxana-informasiya şəbəkəsinin müasirləşdirilməsi

 

Azərbaycan Respublikasının kitabxana şəbəkəsində Azərbaycan Milli Kitabxanası ilə



yanaşı,   respublika   əhəmiyyətli,   habelə   kütləvi,   uşaq   kitabxanaları,   sahəvi   və

mərkəzləşdirilmiş kitabxana sistemləri fəaliyyət göstərir. Hazırda bu şəbəkəyə daxil olan

kitabxanaların   fondlarında   yüz   milyonlarla   kitab,   jurnal,   qəzet,   not,   buklet,   müasir

informasiya daşıyıcıları vardır. 8 mərkəzləşdirilmiş kitabxana sistemi və bir çox müstəqil

kitabxana işğal olunmuş ərazilərdə qalmışdır.

Tarixi-mədəni,   ədəbi-bədii   və   elmi-fəlsəfi   irsin   toplanıb   saxlanılmasında,

ötürülməsində və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında mühüm rol

oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə səmərəli islahatların

aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın

qabaqcıl   kitabxana-informasiya   müəssisələrinin   təcrübəsindən   istifadə   edilməsini   və

kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.

Azərbaycan Respublikasında kitabxana işi sahəsinin müasirləşdirilməsi məqsədi ilə

aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondunun qarşılıqlı istifadəsi və

mübadiləsi, kitabxanaların profilinə uyğun olaraq, onların fondlarının xarici ədəbiyyatla

təmin   edilməsi   üçün   koordinasiya   planının   hazırlanması   və   ümumrespublika   xarici

ədəbiyyat bankının, məqsədli elektron kolleksiyaların yaradılması;

-   kitabxana-biblioqrafiya   proseslərinin   avtomatlaşdırılması,   elektron   kataloq   və

elektron kitabxanaların yaradılması, Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma

Formatının {AZMARK) hazırlanması, milli toplu kataloqunun yaradılması;

- biblioqrafik-sorğu materiallarının, milli çap məhsulları və ədəbiyyat salnamələrinin

nəşrlərinin   bərpası   və   retrospektiv   nəşr   proqramının   hazırlanması,   kitab   abidələrinin

mühafizəsi,   bərpası,   konservasiyası,   rəqəmsal   daşıyıcılara   köçürülməsi,   kitabxana

kataloqlarının retrokonversiyası və xidmət səviyyəsinin yüksəldilməsi.

 

4. Peşəkar incəsənətin inkişafı



 

Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələri nəsillərin bədii təcrübəsinə

arxalanan, cəmiyyətin inkişafına təsir edən, xalqın mövcudluğunu ifadə edən və milli-

mənəvi varlığını təsdiqləyən format kimi qəbul edilir. Peşəkar incəsənətin dəstəklənməsi

teatr, musiqi, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin inkişafını nəzərdə tutur.

 

4.1. Peşəkar teatr sənətinin inkişafı

 

Teatr sənəti sahəsində inkişaf tempinin dəstəklənməsi məqsədi ilə aşağıdakı əsas



vəzifələr müəyyən edilir:

- teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli yeni əsərlərin yaradılması

və onların səhnə təcəssümünün təmin edilməsi üçün dövlət sifarişlərindən daha geniş və

səmərəli istifadə edilməsi, bununla bağlı proqramların həyata keçirilməsi;

- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən teatrlarda tamaşaların

hazırlanmasının   stimullaşdırılması,   ölkə   və   beynəlxalq   səviyyəli   teatr   festivallarının,

müsabiqələrin   keçirilməsi   və   bu   tədbirlərdə   teatr   kollektivlərinin   iştirakının   təmin

edilməsi;

-   nadir   səhnə   ocaqlarının   qorunması,   məcburi   köçkünlük   şəraitində   fəaliyyətini

davam etdirən teatrlara məqsədli maddi və yaradıcılıq yardımının göstərilməsi.



 

4.2. Peşəkar musiqi sənətinin dəstəklənməsi

 

Qədim tarixi ənənələrə malik Azərbaycan klassik musiqisinin, həmçinin digər musiqi



janrlarının   inkişafı   üçün   Azərbaycan   Respublikasında   geniş   infrastruktur   mövcuddur,

çoxsaylı musiqi təhsili ocaqları və konsert salonları fəaliyyət göstərir. Azərbaycan musiqi

sənətinin dəstəklənməsi, yaradıcılıq və ifaçılıq axtarışlarının müxtəlif formalarının inkişafı

və beynəlxalq mədəni proseslərə inteqrasiyası, çoxşaxəli və rəngarəng musiqi mühitinin

yaradılması istiqamətlərində aşağıdakı vəzifələr müəyyən edilir:

-   yüksək   bədii   keyfiyyətə   malik   musiqi   əsərlərinin   yaradılması   məqsədi   ilə

bəstəkarların   yaradıcılığının   təşviqi   və   təbliği   ilə   bağlı   kompleks   tədbirlərin   davamlı

olaraq həyata keçirilməsi;

- müxtəlif musiqi janrları üzrə festivalların, müsabiqələrin və konsertlərin təşkili,

habelə Azərbaycan bədii kollektivlərinin və solistlərin beynəlxalq tədbirlərdə iştirakının

təmin edilməsi;

-   Azərbaycanın   regionlarını   təmsil   edən   musiqiçi   və   ifaçıların   müvafiq   yerli   və

beynəlxalq layihələrdə iştirakı üçün şərait yaradılması;

- Azərbaycanın klassik musiqi incilərinin rəqəmsal daşıyıcılara köçürülməsi.



 

4.3. Peşəkar təsviri və dekorativ-tətbiqi sənətin təşviqi


 

Azərbaycan   xalqının   təsviri   və   dekorativ-tətbiqi   sənəti   qədim   tarixə   və   köklü

ənənələrə   malikdir.   Müasir   təsviri   və   dekorativ-tətbiqi   sənətin   inkişafı   sərbəst   bədii

yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət

nailiyyətlərinin təbliği ilə bağlıdır. Bu məqsədlə aşağıdakı vəzifələr müəyyən edilir:

- Azərbaycanın müasir təsviri və dekorativ-tətbiqi sənətinə həsr olunmuş kitab, film,

disk, buklet və kataloqların buraxılması, internet səhifələrinin yaradılması;

-   təsviri   və   dekorativ-tətbiqi   sənətin   müxtəlif   növləri   üzrə   maraq   doğuran

layihələrin dəstəklənməsi;

-   təsviri   və   dekorativ-tətbiqi   sənətə   dair   milli   və   beynəlxalq   simpoziumların,

festivalların,   müsabiqələrin   keçirilməsi,   sahə   üzrə   mütəxəssislərin   və   sənətçilərin

beynəlxalq layihə və müsabiqələrdə iştirakının təmin edilməsi;

- istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması;

- incəsənət kolleksiyalarının formalaşdırılması, qalereyaların sərgi və maarifləndirici

fəaliyyətinə dair proqramların hazırlanması;

- yerli qalereyaların kolleksiyalarının müasir incəsənət əsərləri ilə zənginləşdirilməsi

və onların fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiq edilməsi.

 

5. Mədəniyyət sənayesinin inkişafı

 

Mədəniyyət   məhsullarının   və   xidmətlərinin   istehsalını   və   realizəsini   təmin   edən

fəaliyyət sahəsi kimi mədəniyyət sənayesi mədəniyyət sahəsində dövlətin vəzifələrinin

əhatə edildiyi əsas sahələrdəndir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının

2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununda mədəniyyət sənayesinin inkişaf

etdirilməsi   dövlət   mədəniyyət   siyasətinin   əsas   istiqamətlərindən   biri   kimi   nəzərdə

tutulmuşdur.   Azərbaycan   Respublikasının   mədəniyyət   sahəsində   dövlət   siyasəti

mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında

balansın yaradılmasını ehtiva edən tarazlılıq prinsipinə əsaslanır.

Qlobal və milli mədəni həyatın formalaşmasında mühüm rol oynamış və dünyanın

bir sıra aparıcı ölkələrində ciddi nailiyyət qazanmış mədəniyyət sənayesinə göstərilən

xüsusi   diqqət   və   əhəmiyyətli   sərmayə   yatırımı   iqtisadi   və   sosial   dividendlərə   zəmin

yaradır. Bu səbəbdən tarixi ənənələri olan və gələcəyə yönəldilmiş mədəniyyət sənayesi

sahələrinin, xüsusilə kinematoqrafiya və nəşriyyat-poliqrafiya işi kimi sahələrin inkişaf

etdirilməsi dövlət mədəniyyət siyasətinin perspektivli istiqamətlərindəndir.

 

5.1. Kinematoqrafiyanın inkişafı

 

Azərbaycanın milli kinematoqrafiya tarixi XIX əsrin sonlarından başlayır. Bu zəngin



tarix dünya kinematoqrafiyasında baş verən proseslərlə yanaşı, milli özünəməxsusluğu ilə

səciyyələnir. Hazırda Azərbaycan Respublikasında kino istehsalının əsas maliyyə mənbəyi




dövlət   büdcəsidir.   Maliyyə   dəstəyi   müxtəlif   studiyalara   və   müstəqil   prodüser

mərkəzlərinə sifariş verilməklə həyata keçirilir.

Milli kinematoqrafiyanın dirçəldilməsi sahəsində aşağıdakı vəzifələr müəyyən edilir:

-   milli   kino   istehsalı   sənayesinin   dirçəldilməsi   məqsədi   ilə   müasir   istehsalat

bazasının yaradılması;

- yaradıcılıq və kinematoqrafiya məqsədləri baxımından mütərəqqi kinolayihələrin

dəstəklənməsi;

- xarici  distribüter şirkətləri ilə əlaqələrin, o cümlədən kinofilmlərin Azərbaycan

dilinə   dublyajı   işinin   genişləndirilməsi,   audiovizual   əsərlərdən   qanuni   istifadənin

tənzimlənməsi,  piratçılığa   qarşı  mübarizədə   aidiyyəti   dövlət   orqanlarının   fəaliyyətinin

gücləndirilməsi;

-   Dövlət   Film   Fondunda   mühafizə   olunan   milli   filmlərin   və   onların   ilkin

materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi;

- ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kinomaterialların axtarılıb aşkar

olunması və surətlərinin Dövlət Film Fonduna təqdim edilməsi;

- kino irsinin öyrənilməsi və təbliği.

 

5.2. Nəşriyyat-poliqrafiya işinin inkişaf etdirilməsi

 

Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işi dövlət nəşriyyat və poliqrafiya



müəssisələri   və   eyni   təyinatlı   özəl   müəssisələr   tərəfindən   həyata   keçirilir.   ölkədə   üç

dövlət nəşriyyatı və yüzdən artıq özəl nəşriyyat və poliqrafiya müəssisəsi mövcuddur.

Sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi üçün aşağıdakı vəzifələr müəyyən edilir:

- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəşriyyat və poliqrafiya

müəssisələrinin   maddi-texniki   bazasının   müasir   avadanlıqlar   hesabına

möhkəmləndirilməsi işinin dəstəklənməsi;

-   elmi,   ictimai-siyasi,   bədii,   publisistik   kitabların   (ensiklopediya,   lüğət,   çoxcildli,

toplu,   almanax,   notlu   nəşrlər   və   s.)   və   digər   çap   məhsullarının   yüksək   poliqrafik

səviyyədə buraxılmasının təmin edilməsi;

-   Azərbaycan   ədəbiyyatı   nümunələrinin   xarici   dillərə   və   dünya   ədəbiyyatı

nümunələrinin Azərbaycan dilinə tərcüməsinin və yeni əsərlərin yaradılmasının təşviq

edilməsi;

-   Azərbaycan   Respublikası   Kitabxana   Kollektoru   sistemi   vasitəsi   ilə   kitabxana

fondlarının zənginləşdirilməsi işinin təkmilləşdirilməsi;

-   Azərbaycan   Respublikasında   nəşr   edilən   çap   məhsullarının   beynəlxalq   aləmə

çıxışının,   beynəlxalq   kitab   sərgi-yarmarkalarında   iştirakın,   ölkədə   beynəlxalq   kitab

sərgilərinin  keçirilməsinin  təmin  edilməsi  və  oxucu  mədəniyyətinin  inkişaf  etdirilməsi

üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

- gözdən əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün ədəbi-

bədii, elmi və tədris kitablarının nəşrinin dəstəklənməsi.




 

6. Konsepsiyanın həyata keçirilməsi

 

Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun reallaşmasını təmin

edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

Konsepsiya mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə dövlət proqramları

vasitəsi ilə həyata keçirilir.

Konsepsiyanın   həyata   keçirilməsi   üzrə   dövlət   proqramları   Azərbaycan

Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.

Konsepsiyanın həyata keçirilməsi dövlət orqanlarının bu istiqamətdə fəaliyyəti ilə

yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət müəssisələrinin və mədəniyyət

sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət

büdcəsinin   təminatı   ilə   yanaşı,   xarici   və   yerli   investorların   cəlbini,   alternativ

maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Konsepsiyanın icrasını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

əlaqələndirir.

Azərbaycan   Respublikasının   Nazirlər   Kabineti   Azərbaycan   Respublikasının

Prezidentinə Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.

Konsepsiyanın məqsədi kütləvi informasiya vasitələri və digər üsullarla ictimaiyyətə

çatdırılır.



Yüklə 125,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə