Azərbaycan Respublikasının Meşə Məcəlləsi Qəbul edilmişdir: 30 dekabr 1997-ci IL



Yüklə 499,65 Kb.
səhifə1/6
tarix01.02.2018
ölçüsü499,65 Kb.
  1   2   3   4   5   6

Azərbaycan Respublikasının

Meşə Məcəlləsi

Qəbul edilmişdir: 30 dekabr 1997-ci il.

Qüvvəyə minmişdir: 3 mart 1998-ci il.

6. 20 aprel 2012-ci il, № 330-IVQD.

Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.


Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

I Fəsil
Ümumi müddəalar


Maddə 1. Əsas anlayışlar

Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:



meşə - bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti;

meşə fondu sahələri - meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri;

meşə münasibətləri - meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər;

xüsusi qiymətli meşə massivləri - tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;

yaşıllıq zonalarının meşələri - şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr;

yabanı meyvə meşələri - meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə bağlar, bağlar və həmin cinslərin plantasiyaları;

dövlət qoruyucu meşə zolaqları - xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;

qeyri-meşə torpaqları - meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;

meşəbərpa qırması - meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclıqlarda aparılan qırma;

aralıq istifadə üçün qırma - meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;

relikt bitkilər - keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;

arid bitkilər - buxarlanan rütubətin miqdarının yağıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.

Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi

Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.

Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri

Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə yönəldilmişdir.



Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.

Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra-ağac-kol bitkiləri) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir.

Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin təkinin, atmosfer havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.

Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə uyğun olaraq tənzimlənir.



Maddə 5. Meşə münasibətlərinin obyektləri

Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra - meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə hüquqlarıdır.



Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri

Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.

Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.

Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.

Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir.

Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.



Maddə 7. Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri

Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir:

kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;

dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;

şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;

həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.



Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi

Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir.

Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.

Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə həyata keçirilir.

Ağac-kol bitkiləri bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər.

Maddə 9. Meşə münasibətlərinin subyektləri

Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.

Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir.



Maddə 10. Meşə istifadəçiləri

Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə