Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir


§ 1. Daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi



Yüklə 0,86 Mb.
səhifə8/40
tarix31.08.2018
ölçüsü0,86 Mb.
#65925
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
§ 1. Daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi

178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

178.3. Əgər daşqın, torpağın səpələnməsi və ya yerdəyişməsi, çayın yatağının və ya səviyyəsinin dəyişməsi nəticəsində, yaxud başqa şəkildə yeni ərazi meydana gəlmişsə, o, bitişik torpaq sahəsində birləşdirilir.

178.4. Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur.

178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edilə bilməz həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır.

178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur.



178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

Maddə 179. Əldə etmə müddəti

179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə heç kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətçisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti) (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər.

179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.

179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 6 mart 2004, № 55).



Maddə 180. Özbaşına tikinti və onun nəticələri

180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək — onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.



180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Azərbaycan Respublikasının 9 oktyabr 2007-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə – «Azərbaycan» q., 28 oktyabr 2007-ci il).

§ 2. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi

Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları

181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.

181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yol verilməzdir.

181.5. Fiziki şəxs öldükdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ vəsiyyətə və ya qanuna uyğun surətdə vərəsəlik üzrə başqa şəxslərə keçir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

181.6. Hüquqi şəxs yenidən təşkil edildikdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə (hüquqi şəxslərə) keçir.

181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər.

181.8. Mənzil, bağ, qaraj kooperativinin və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 182. Vicdanlı əldə edən

182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

Maddə 183. Mülkiyyətin qiymətli kağızlar vasitəsi ilə verilməsi

Mülkiyyətin əldə edənə keçməsi üçün əşyanın verilməsi əvəzinə qiymətli kağız verilməsi məcburidirsə, özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verdiyi andan mülkiyyət əldə edənə keçmiş sayılır.



Maddə 184. Sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi

184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir.

184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır.

Maddə 185. Mülkiyyətçinin imtina etdiyi daşınar əşya

185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər.

185.2. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri minimum əmək haqqı miqdarının əlli mislindən şərti maliyyə vahidi miqdarının əlli mislindən əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. (32)

185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir.



Maddə 186. Tapıntı

186.1. İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir.

186.2. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

186.3. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

186.4. Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.

186.5. Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.



Maddə 187. Dəfinə

187.1. Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur.

187.2. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir.

187.3. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür.

187.4. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir.

187.5. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir.



Maddə 188. Emal

188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir.

188.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, özünün materiallarından hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən şəxsə ödəməlidir, yeni əmlaka mülkiyyət hüququnu emal edən şəxs əldə etdikdə isə o, materialların dəyərini mülkiyyətçisinə ödəməlidir.

188.3. Materialları emal etmiş şəxsin vicdansız hərəkətləri nəticəsində onları itirən materialların mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə verilməsini və ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.



Maddə 189. Yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi

Qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya yerli adətə uyğun olaraq meşələrdə, sututarlarda və ya başqa ərazidə giləmeyvə yığılmasına, balıq tutulmasına, heyvan ovuna və ya hamıya müyəssər olan digər əmlakın yığılmasına yol verildiyi hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs əldə edir.



Maddə 190. Torpaq sahəsinin tərkib hissəsinə mülkiyyətin əldə edilməsi

Daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur.



Maddə 191. Birləşmə nəticəsində yaranan əşyaya birgə mülkiyyət

191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.

191.2. Əşyalardan biri, bərqərar olmuş rəyə görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir.

Maddə 191-1. Yeni mülkiyyətçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi

191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yolverilməzdir.

191-1.2. Əgər yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə əsasında üçüncü şəxsdən əldə edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə tutulmuş tələb əmələ gəlmir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir).

Maddə 192. Nəzarətsiz heyvanlar

192.1. Nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir.

192.2. Heyvanları tutan şəxs mülkiyyətçinin axtarıldığı müddətdə onları özündə saxlaya və istifadə edə bilər, yaxud saxlanmaq və istifadə üçün başqa şəxsə verə bilər. Nəzarətsiz heyvanları tutan şəxsin xahişi ilə polis onları saxlamaq üçün lazımi şəraiti olan şəxsi axtarır və heyvanları ona verir.

192.3. Nəzarətsiz heyvanları tutan şəxs, habelə saxlanmaq və istifadə üçün onların verildiyi şəxs heyvanları lazımi qaydada saxlamalıdırlar. Həmin şəxslər heyvanların tələf olmasında və ya azarlamasında təqsirli olduqda, onların dəyəri həddində məsuliyyət daşıyırlar.

192.4. Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay müddətində onların mülkiyyətçisi aşkar edilməzsə və ya özü onlara hüququnu bildirməzsə, heyvanları saxlayan və onlardan istifadə edən şəxs onlara mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur.

192.5. Heyvanlar başqa şəxsin mülkiyyətinə keçdikdən sonra onların əvvəlki mülkiyyətçisi gəldikdə, əgər həmin heyvanların ona bağlılığını saxladığını sübut edən hallar olarsa, yeni mülkiyyətçi ilə razılaşma əsasında müəyyənləşdirilən şərtlərlə, razılaşma əldə edilmədikdə isə məhkəmə yolu ilə heyvanların qaytarılmasını tələb edə bilər.

192.6. Nəzarətsiz heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları saxlamış şəxs, heyvanlardan istifadə nəticəsində götürdüyü mənfəəti çıxmaq şərti ilə, onların saxlanması ilə bağlı çəkdiyi zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi tərəfindən ödənilməsi hüququna malikdir. Nəzarətsiz heyvanları tutmuş şəxs bu Məcəllənin 186.3-cü maddəsinə uyğun olaraq bəxşiş hüququna malikdir.

§ 3. Hüquqlara və tələblərə
mülkiyyət hüququnun əldə edilməsi


Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı

193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir.

193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur.



Maddə 194. Tələbin güzəşti

194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur.

194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir.

194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.

194.5. Orderli qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli kağız üzrə indossament yolu ilə həyata keçirilir.

Maddə 195. Tələbin güzəşti zamanı borclunun vəzifələri

Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər.



Maddə 196. Tələbin güzəşti zamanı tələbin təminatı vasitələrinin başqasına keçməsi

196.1. Tələb güzəşt edildikdə onun təminatı vasitələri və onunla bağlı digər hüquqlar da yeni sahibə keçir.

196.2. Borclu tələbin güzəşti barədə məlumatı aldığı zaman ilk sahib barəsində malik olduğu bütün qarşılıqlı tələbləri yeni sahibə qarşı irəli sürə bilər.

Maddə 196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi

Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflis olma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə yeni redaksiyada).

Maddə 197. Tələb sahiblərinin növbəliyi

Əgər tələb sahibi eyni tələbin güzəşti barədə bir neçə şəxslə şərtləşərsə, tələb, onun sahibinin daha əvvəl münasibətlər yaratdığı şəxsə keçir. Bunu müəyyənləşdirmək mümkün olmadıqda, tələb, haqqında borcluya daha əvvəl məlumat verilmiş şəxsə keçir. Eyni qayda gələcəkdə yaranan tələblərə də şamil edilir.



Maddə 198. Borcun keçirilməsi

198.1. Tələb sahibi ilə bağlanmış müqaviləyə əsasən borcu üçüncü şəxs də öz üzərinə götürə bilər (borcun keçirilməsi). Bu halda üçüncü şəxs ilk borclunun yerini tutur.

198.2. İlk borclu tələb sahibinin üçüncü şəxslə bağladığı bu müqavilə ilə razılaşmayaraq, borcu özü ödəyə bilər.

Maddə 198. Yeni kreditorun tələblərinin sübutu

Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.

Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə yeni redaksiyada).

Maddə 199. Tələb sahibinin borcun keçirilməsinə razılığı

Borcun keçirilməsi barədə üçüncü şəxslə borclu razılığa gələrlərsə, belə razılaşmanın etibarlığı tələb sahibinin razılığından asılıdır.

Maddə 199. Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları

Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.

Əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə yeni redaksiyada).

Maddə 200. Yeni borclunun vəzifələri

Yeni borclu tələb sahibi ilə ilk borclu arasındakı münasibətlərdən irəli gələn bütün qarşılıqlı tələbləri tələb sahibinə qarşı irəli sürə bilər. O, ilk borcluya mənsub olmuş tələbləri hesaba ala bilməz (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 201. Borc keçirildikdə təminat vasitələrinə xitam verilməsi

Borc keçirildikdə tələbin təminatı üçün nəzərdə tutulan zaminliyə və girova xitam verilir, bu şərtlə ki, zamin və ya girov qoyan bu münasibətin davam etdirilməsindən imtina etsin (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 202. Qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən tələbin güzəşti

Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə