Azərbaycan Respublikasının Mülki Məcəlləsi


Maddə 66. Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin çevrilməsi



Yüklə 2,49 Mb.
səhifə3/33
tarix02.06.2018
ölçüsü2,49 Mb.
#47213
1   2   3   4   5   6   7   8   9   ...   33
Maddə 66. Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin çevrilməsi

66.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri iştirakçıların ümumi yığıncağının qərarı ilə bu Məcəllədə müəyyənləşdirilmiş qaydada başqa növlü təsərrüfat ortaqlıqlarına və cəmiyyətlərinə çevrilə bilər.

66.2. Ortaqlıq cəmiyyətə çevrilərkən cəmiyyətin iştirakçısı (səhmdarı) olmuş hər bir tam ortaq ortaqlıqdan cəmiyyətə keçmiş öhdəliklər üzrə iki il ərzində özünün bütün əmlakı ilə subsidiar məsuliyyət daşıyır. Keçmiş ortağın ona mənsub payları (səhmləri) özgəninkiləşdirməsi onu bu cür məsuliyyətdən azad etmir.

Maddə 67. Törəmə təsərrüfat cəmiyyəti

67.1. Təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.

67.2. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.

67.3. Törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.

67.4. Törəmə cəmiyyətin iştirakçıları (səhmdarları) əsas ortaqlıqdan və ya cəmiyyətdən onun təqsiri üzündən törəmə cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilərlər. Zərər yalnız əsas ortaqlığın və ya cəmiyyətin törəmə cəmiyyət üçün məcburi göstərişinin törəmə cəmiyyət tərəfindən icrası nəticəsində baş verdikdə əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən vurulmuş sayılır.

67.5. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olduqda əsas ortaqlıq və ya cəmiyyət onun borcları üzrə subsidiar məsuliyyət daşıyır. Törəmə cəmiyyət yalnız əsas ortaqlığın və ya cəmiyyətin onun üçün məcburi göstərişini icra etməsi nəticəsində müflis olduqda əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olmuş sayılır.



Maddə 68. Asılı təsərrüfat cəmiyyəti

68.1. Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.

68.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxunu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxunu əldə edən təsərrüfat ortaqlığı və ya cəmiyyəti bu barədə məlumatı ləngimədən dərc etdirməlidir.

Maddə 69. Tam ortaqlıq

69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.

69.2. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər.

69.3. Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və «tam ortaqlıq» sözləri daxil edilməli və ya «və ortaqları» və «tam ortaqlıq» sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.



Maddə 70. Tam ortaqlığın nizamnaməsi

Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların mayalarının tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir.



Maddə 71. Tam ortaqlıqda idarəetmə

71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər.

71.2. Əgər nizamnamədə tam ortaqlıq iştirakçılarının səslərinin sayını müəyyənləşdirməyin başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın hər iştirakçısının bir səsi vardır.

71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-edilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o cümlədən ortaqlıq iştirakçılarının razılaşması üzrə imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir.



Maddə 72. Tam ortaqlığın işlərinin aparılması

72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər.

72.2. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.

72.3. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan) etibarnamə almalıdırlar.

72.4. Üçüncü şəxslərlə münasibətlərdə ortaqlıq onun iştirakçılarının səlahiyyətlərini məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə bilməz, amma əqdin bağlandığı vaxt ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını üçüncü şəxsin bildiyini və ya bilməli olduğunu ortaqlığın sübuta yetirdiyi hallar istisna təşkil edir.

72.5. Ortaqlığın işlərinin aparılması üzrə bir və ya bir neçə iştirakçıya verilmiş səlahiyyətlərə məhkəmə ciddi əsaslar olduqda, o cümlədən vəkil edilmiş şəxs (şəxslər) öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlığın bir və ya bir neçə digər iştirakçısının tələbi ilə xitam verə bilər. Məhkəmə qərarına əsasən ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər edilir.



Maddə 73. Tam ortaqlıq iştirakçısının vəzifələri

73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq ortaqlığın fəaliyyətində iştirak etməyə borcludur.

73.2. Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli kapitalına maya qoymağa borcludur.

73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün ortaqlığın fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın.

73.4. Bu qayda pozulduqda ortaqlıq öz mülahizəsi ilə həmin iştirakçıdan ortaqlığa vurulmuş zərərin əvəzini ödəməyi və ya bu cür əqdlər üzrə əldə etdiyi bütün faydanı ortaqlığa verməyi tələb edə bilər.

Maddə 74. Tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi

74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir.

74.2. Əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin dəyəri şərikli kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülmür.

Maddə 75. Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri üzrə məsuliyyəti

75.1. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar.

75.2. Tam ortaqlığın təsisçisi olmayan iştirakçısı onun ortaqlığa daxil olmasından əvvəl əmələ gəlmiş öhdəliklər üzrə digər iştirakçılarla bərabər məsuliyyət daşıyır.

75.3. Ortaqlıqdan çıxmış iştirakçı ortaqlığın onun çıxdığı anadək əmələ gəlmiş öhdəlikləri üzrə ortaqlığın onun çıxdığı il üçün fəaliyyəti barəsində hesabatın təsdiq edildiyi gündən iki il ərzində qalan iştirakçılarla bərabər məsuliyyət daşıyır.

75.4. Bu maddədə nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması və ya aradan qaldırılması haqqında ortaqlıq iştirakçılarının razılaşması əhəmiyyətsizdir.

Maddə 76. Tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsi

76.1. Tam ortaqlığın hər hansı iştirakçısı ortaqlıqdan çıxdıqda və ya öldükdə, iştirakçılardan biri xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli və ya müflis sayıldıqda, məhkəmənin qərarına əsasən iştirakçılardan biri barəsində yenidən təşkil prosedurlarına başlandıqda, ortaqlıqda iştirak edən hüquqi şəxs ləğv olunduqda və ya iştirakçılardan birinin kreditoru tərəfindən tutma onun şərikli kapitaldakı payına uyğun əmlak hissəsinə yönəldildikdə ortaqlıq öz fəaliyyətini, əgər bu, ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların razılaşmasında nəzərdə tutulubsa, davam etdirə bilər.

76.2. Tam ortaqlıq iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan hər hansı birinin məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını qalan iştirakçıların yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda, məsələn, həmin iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda tələb etsinlər.

Maddə 77. İştirakçının tam ortaqlıqdan çıxması

77.1. Tam ortaqlıq iştirakçısının ixtiyarı var ki, ortaqlıqda iştirakdan imtina etdiyini bildirərək ortaqlıqdan çıxsın.

77.2. İştirakçı tam ortaqlıqda iştirakdan imtina etdiyini ortaqlıqdan faktik çıxmasına ən geci altı ay qalmış bildirməlidir.

77.3. Ortaqlıqdan çıxmaq hüququndan imtina haqqında ortaqlıq iştirakçıları arasında razılaşma əhəmiyyətsizdir.



Maddə 78. İştirakçının tam ortaqlıqdan çıxmasının nəticələri

78.1. Tam ortaqlıqdan çıxmış iştirakçıya, əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilir. Çıxan iştirakçı ilə qalan iştirakçılar arasında razılaşmaya əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Çıxan iştirakçıya ortaqlıq əmlakından çatası hissə və ya onun dəyəri, bu Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, onun çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

78.2. Tam ortaqlığın iştirakçısı öldükdə onun vərəsəsi tam ortaqlığa, əgər ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız digər iştirakçıların razılığı ilə daxil ola bilər. Tam ortaqlıqda iştirak etmiş və yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxs, əgər ortaqlığın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, ortaqlığa onun digər iştirakçılarının razılığı ilə daxil ola bilər. Ortaqlığa daxil olmayan vərəsə (hüquq varisi) ilə hesablaşmalar bu Məcəllənin 78.1-ci maddəsinə uyğun aparılır. Tam ortaqlıq iştirakçısının vərəsəsi (hüquq varisi) bu Məcəllənin 75.2 və 75.3-cü maddələrinə uyğun olaraq, çıxan iştirakçının üçüncü şəxslər qarşısında cavab verməli olduğu ortaqlığın öhdəlikləri üzrə ortaqlığın çıxan iştirakçısından ona keçmiş əmlak həddində məsuliyyət daşıyır.

78.3. Əgər iştirakçılardan biri ortaqlıqdan çıxırsa, ortaqlığın şərikli kapitalında qalan iştirakçıların payları, əgər nizamnamədə və ya iştirakçıların başqa razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, müvafiq surətdə artır.



Maddə 79. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payının verilməsi

79.1. Tam ortaqlığın iştirakçısı onun qalan iştirakçılarının razılığı ilə şərikli kapitaldakı payını və ya onun bir hissəsini ortaqlığın başqa iştirakçısına və ya üçüncü şəxsə verə bilər.

79.2. Pay (pay hissəsi) başqa şəxsə verildikdə payı (pay hissəsini) vermiş iştirakçıya mənsub hüquqların hamısı və ya müvafiq hissəsi ona keçir. Pay (pay hissəsi) verilmiş şəxs bu Məcəllənin 75.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada ortaqlığın öhdəlikləri üzrə məsuliyyət daşıyır.

79.3. Ortaqlıq iştirakçısının özünün bütün payını başqa şəxsə verməsi onun ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin 75.2 və 75.3-cü maddələrində nəzərdə tutulan nəticələrə səbəb olur.



Maddə 80. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına tutmanın yönəldilməsi

80.1. İştirakçının ortaqlıqda iştirakla bağlı olmayan borcları (şəxsi borcları) üzrə tutmanın iştirakçının tam ortaqlığın əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borcları ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları tam ortaqlıqdan tutmanın borclunun şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinə yönəldilməsi məqsədi ilə həmin hissəni ayırmağı tələb edə bilərlər. Ortaqlığın əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların ayırma tələbini irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.

80.2. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına uyğun əmlaka tutmanın yönəldilməsi onun ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.

Maddə 81. Tam ortaqlığın ləğvi

81.1. Tam ortaqlıq bu Məcəllənin 59-cu maddəsində göstərilən əsaslar üzrə, habelə ortaqlıqda yeganə bir iştirakçının qaldığı halda ləğv edilir. Həmin iştirakçının ixtiyarı var ki, ortaqlıqda yeganə iştirakçı kimi qaldığı andan altı ay ərzində ortaqlığı bu Məcəllədə müəyyənləşdirilmiş qaydada təsərrüfat cəmiyyətinə çevirsin.

81.2. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulan hallarda da tam ortaqlıq, əgər ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların razılaşmasında ortaqlığın öz fəaliyyətini davam etdirəcəyi nəzərdə tutulmayıbsa, ləğv edilir.

Maddə 82. Kommandit ortaqlığı

82.1. Kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı—maya qoyanı (kommanditçi) vardır.

82.2. Kommandit ortaqlığında iştirak edən tam ortaqların hüquqi vəziyyəti və ortaqlığın öhdəlikləri üzrə onların məsuliyyəti bu Məcəllənin tam ortaqlıq iştirakçıları haqqında qaydaları ilə müəyyənləşdirilir.

82.3. Şəxs yalnız bir kommandit ortaqlığında tam ortaq ola bilər. Tam ortaqlığın iştirakçısı kommandit ortaqlığında tam ortaq ola bilməz. Kommandit ortaqlığındakı tam ortaq tam ortaqlığın iştirakçısı ola bilməz.

82.4. Kommandit ortaqlığının firma adında bütün tam ortaqların adları ilə «kommandit ortaqlığı» sözləri və ya «və ortaqları» və «kommandit ortaqlığı» sözləri əlavə edilməklə azı bir tam ortağın adı göstərilməlidir.

82.5. Əgər kommandit ortaqlığının firma adına maya qoyanın adı daxil edilərsə, həmin maya qoyan tam ortağa çevrilir.

82.6. Bu Məcəllənin tam ortaqlıq haqqında qaydaları kommandit ortaqlığına bu şərtlə tətbiq edilir ki, həmin qaydalar bu Məcəllənin kommandit ortaqlığı haqqında qaydalarına zidd olmasın.

Maddə 83. Kommandit ortaqlığının nizamnaməsi

Kommandit ortaqlığının nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; tam ortaqlardan hər birinin şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələri pozmağa görə onların məsuliyyəti haqqında; maya qoyanların verdikləri mayaların məcmu miqdarı haqqında şərtlər göstərilməlidir.



Maddə 84. Kommandit ortaqlığında idarəetmə və onun işlərinin aparılması

84.1. Kommandit ortaqlığında idarəetməni tam ortaqlar həyata keçirirlər. Onun tam ortaqlar tərəfindən idarə edilməsi və işlərinin aparılması qaydasını tam ortaqlar bu Məcəllənin tam ortaqlıq haqqında qaydalarına əsasən müəyyənləşdirirlər.

84.2. Maya qoyanların kommandit ortaqlığının idarə edilməsində və işlərinin aparılmasında iştirak etmək, onun adından etibarnaməsiz çıxış etmək ixtiyarı yoxdur. Onlar ortaqlığın idarə edilməsi və işlərinin aparılması üzrə tam ortaqların hərəkətləri barəsində mübahisə edə bilməzlər.

Maddə 85. Kommandit ortaqlığına maya qoyanın hüquq və vəzifələri

85.1. Kommandit ortaqlığına maya qoyan şərikli kapitala maya qoymağa borcludur. Mayanın qoyulması maya qoyana ortaqlıq tərəfindən verilən iştirak şəhadətnaməsi ilə təsdiqlənir.

85.2. Kommandit ortaqlığına maya qoyanın aşağıdakı hüquqları vardır:

85.2.1. ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq;

85.2.2. ortaqlığın illik hesabatları və balansları ilə tanış olmaq;

85.2.3. maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə tutulan qaydada öz mayasını almaq;

85.2.4. şərikli kapitaldakı payını və ya onun hissəsini digər maya qoyana və ya üçüncü şəxsə vermək.

85.3. Maya qoyanlar bu Məcəllənin 93.3-cü maddəsində nəzərdə tutulan şərtlərə və qaydaya tətbiqən payı (onun hissəsini) satın almaqda üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdirlər. Maya qoyanın bütün payını başqa şəxsə verməsi onun ortaqlıqda iştirakına xitam verir.

85.4. Kommandit ortaqlığının nizamnaməsində maya qoyanların başqa hüquqları da nəzərdə tutula bilər.

Maddə 86. Kommandit ortaqlığının ləğvi

86.1. Kommandit ortaqlığına maya qoyanların hamısı ortaqlıqdan çıxdıqda o ləğv edilir. Lakin tam ortaqlar kommandit ortaqlığını ləğv etmək əvəzinə onu tam ortaqlığa çevirə bilərlər. Kommandit ortaqlığı tam ortaqlığın ləğv edilməsi əsasları üzrə də ləğv edilir. Lakin əgər kommandit ortaqlığında azı bir tam ortaq və bir maya qoyan qalırsa, ortaqlıq saxlanılır.

86.2. Kommandit ortaqlığı ləğv edildikdə, o cümlədən müflis olduqda maya qoyanlar ortaqlığın kreditorlarının tələbləri ödənildikdən sonra onun qalan əmlakından mayaları almaqda tam ortaqlar qarşısında üstünlük hüququna malikdirlər. Ortaqlığın bundan sonra qalan əmlakı, əgər nizamnamədə və ya tam ortaqların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, tam ortaqlar arasında onların ortaqlığın şərikli kapitalındakı paylarına mütənasib surətdə bölüşdürülür.

Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət

87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.



87.2. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.

87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini və nizamnamənin hazırlanmasını əhatə edir.

87.4. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda, yığıncaq təkrarən keçirilir. Təkrarən keçirilən təsis yığıncağında da Yetərsay olmadıqda, cəmiyyətin yaradılması, iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır.

87.5. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı:

87.5.1. cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir;

87.5.2. cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir;

87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir;

87.5.4. cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir.

87.6. Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

87.7. Cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.

87.8. Məhdud məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə «məhdud məsuliyyətli cəmiyyət» sözləri göstərilməlidir.

87.9. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir.

Maddə 88. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları

88.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o bir il ərzində səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.

88.2. Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.

Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi

Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.



Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı

90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

90.2. Məhdud məsuliyyətli cəmiyyətin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar.

90.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir.



90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün mühasibat hesabatının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda, iştirakçıların mayalarının məbləği dəyişmədən, bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.

90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada, cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq, əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur.

90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı, üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır.

90.8. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq vardır.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə