Azərbaycan Respublikasının Mülki Məcəlləsi



Yüklə 2.83 Mb.
səhifə16/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
§ 1. Tələblərin güzəşti

Maddə 513. Tələblərin güzəştinin əsasları və qaydası

513.1. Kreditor öhdəlik əsasında ona mənsub olan tələbi əqd üzrə başqa şəxsə verə bilər və ya bu tələb bu Məcəllənin tələbləri əsasında başqa şəxsə keçə bilər. Tələblərin güzəşt edilməsi haqqında qaydalar reqres tələblərə tətbiq edilmir.

513.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun tələblərinin güzəşti üçün borclunun razılığı tələb olunmur.

513.3. Əgər öhdəlik yalnız onun məzmununun dəyişdirildiyi halda başqa şəxsin xeyrinə icra edilə bilərsə və ya borclu ilə razılaşmaya görə güzəşt istisna edilmişdirsə, tələb güzəşt edilə bilməz.

513.4. Əgər tələblərin güzəşt edilməsi barədə borcluya yazılı bildiriş verilməmişdirsə, bunun onun üçün doğurduğu əlverişsiz nəticələrin riski yeni kreditorun üzərinə düşür. Bu halda öhdəliyin ilkin kreditora icra edilməsi münasib kreditora icraetmə sayılır.

513.5. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, tələblərin güzəşt edilməsi haqqında qaydalar müvafiq surətdə digər hüquqların verilməsinə də tətbiq edilir.

Maddə 514. Başqa şəxslərə güzəşt edilə bilməyən tələblər

Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilir.

Maddə 515. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi

Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və ya müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

Maddə 516. Yeni kreditorun tələblərinin sübutu

516.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.

516.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.

Maddə 517. Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları

517.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.

517.2. Əgər borclu borc öhdəliyi vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girilməsi və ya onların təsdiqi yalnız görünüş üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir.

Maddə 518. Kreditorun tələblərinin qanun əsasında başqa şəxsə güzəşt edilməsi

518.0. Aşağıdakı hallarda kreditorun öhdəlik üzrə tələbləri qanun əsasında başqa şəxsə güzəşt edilir və qanunda göstərilmiş hallar baş verir:

518.0.1. kreditorun tələblərində universal hüquq varisliyi nəticəsində;

518.0.2. kreditorun tələblərinin başqa şəxsə keçirilməsinin mümkünlüyü qanunda nəzərdə tutulduqda bu cür keçirilmə barəsində məhkəmənin qərarı ilə;

518.0.3. borclunun öhdəliyinin onun zamini və ya həmin öhdəlik üzrə borclu olmayan girov qoyan tərəfindən icra edilməsi nəticəsində;

518.0.4. sığorta hadisəsinin baş verməsi üçün məsul borcluya qarşı kreditorun tələblərinin sığortaçıya subroqasiyası zamanı;

518.0.5. qanunda nəzərdə tutulan digər hallarda.

Maddə 519. Tələbin güzəşti şərtləri

519.1. Kreditorun tələbi başqa şəxsə güzəşt etməsinə bu şərtlə yol verilir ki, belə güzəşt bu Məcəlləyə və ya müqaviləyə zidd olmasın.

519.2. Kreditorun şəxsiyyətinin borclu üçün vacib əhəmiyyət daşıdığı öhdəlik üzrə tələbin borclunun razılığı olmadan güzəşt edilməsinə yol verilmir.

Maddə 520. Tələbin güzəşti forması

520.1. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.

520.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan əqd üzrə tələbin güzəşti həmin hüquqların qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

520.3. Orderli qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli kağız üzrə indossament yolu ilə həyata keçirilir.

Maddə 521. Tələbi güzəşt etmiş kreditorun məsuliyyəti

Tələbi güzəşt etmiş ilkin kreditor yeni kreditor qarşısında ona verilmiş tələbin etibarsızlığı üçün məsuliyyət daşıyır, lakin həmin tələbin borclu tərəfindən icra edilməməsinə cavabdeh deyildir, amma ilkin kreditorun borclu üçün yeni kreditor qarşısında zaminlik götürdüyü hal istisna təşkil edir. (12)

§ 2. Öhdəliklərin verilməsi (12)

Maddə 522. Öhdəliklərin verilməsi əsasları və qaydası

522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.

522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.

522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. (12)



Maddə 523. Torpaq sahəsini özgəninkiləşdirənin öhdəliklərinin verilməsi

523.1. Əgər torpaq sahəsini əldə edən şəxs özgəninkiləşdirənlə müqaviləyə əsasən özgəninkiləşdirənin torpaq sahəsinə ipoteka barəsində öhdəliyini öz üzərinə götürürsə, kreditor öhdəliyin verilməsinə icazəni yalnız özgəninkiləşdirənin ona bu barədə bildiriş göndərdiyi halda verə bilər.

523.2. Əgər bildirişin alınmasından altı ay keçmişdirsə, icazə kreditorun həmin müddət ərzində özgəninkiləşdirənə imtina etmədiyi halda verilmiş sayılır. Özgəninkiləşdirən yalnız o halda bildiriş göndərə bilər ki, mülkiyyətçi əldə edəni daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış olsun.

523.3. Bildiriş yazılı şəkildə tərtib edilir və öhdəliyi qəbul edənin əvvəlki borclunu əvəz etdiyini göstərir, bu şərtlə ki, kreditor altı ay ərzində bundan imtina etməsin. Əldə edənin tələbi ilə özgəninkiləşdirən öhdəliklərin verilməsi barədə kreditora bildiriş göndərməlidir. İcazə verildikdən və ya ondan imtina edildikdən dərhal sonra özgəninkiləşdirən əldə edənə bu barədə bildiriş göndərir.



Maddə 524. Öhdəliyi qəbul etmiş şəxsin etirazları

Öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz.



Maddə 525. Zaminlik öhdəliyinin, girov və ipoteka hüququnun verilmə nəticəsində ləğvi

Tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Müflisolma halı üçün tələblə bağlı üstünlük hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin əmlakı barəsində həyata keçirilə bilməz.



Maddə 526. Öhdəliyi qəbul etmiş şəxsin məsuliyyəti

Əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz.



27-ci fəsil. Öhdəliklərə xitam verilməsi

Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları

527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

§ 1. Öhdəliklərə icra nəticəsində xitam verilməsi

Maddə 528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi

Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.



Maddə 529. Öhdəliyin icrasının qəbulu

529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.

529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.

529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.

529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir.

529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşiman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşiman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.

Maddə 530. İcra haqqında sənədin verilməsi xərclərinin ödənilməsi

530.1. İcra haqqında sənədin verilməsi xərcləri, əgər borclu ilə kreditor arasında razılaşmadan ayrı hal irəli gəlmirsə, borclunun öhdəsinə qoyulur.

530.2. Əgər kreditor yaşayış yerini dəyişdirərsə və ya vəfat edərsə və başqa yaşayış yerində onun vərəsələri qalarsa, icra haqqında sənədin verilməsi ilə bağlı artmış xərclər kreditorun və ya onun vərəsələrinin öhdəsinə qoyulur.

Maddə 531. Öhdəliyə novasiya nəticəsində xitam verilməsi

531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.

531.2. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir.

531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir.



§ 2. Öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi

Maddə 532. Öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi anlayışı

532.1. Əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir.



532.2. Depozitə qoyma nəticəsində borclu kreditor qarşısında öhdəlikdən azad edilir.

532.3. Əgər depozitə qoyulmuş əşyanın qaytarılması istisnadırsa, borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur.

532.4. Əgər borclu öhdəliyi yalnız kreditor öz öhdəliyini icra etdikdən sonra icra etməlidirsə, kreditorun depozitə qoyulmuş əşyanı almaq hüququnu qarşılıqlı öhdəliyin icrasından asılı edə bilər. (12, 57)

Maddə 533. Depozitə qoyulmuş əmlakın kreditora verilməsi

533.1. Məhkəmə və ya notarius depozitə qoyulmuş əmlakı kreditora verməlidir. Məhkəmə və ya notarius mühafizi seçir, sənədlər isə onda qalır.

533.2. Depozitə qoyma öhdəliyin icra edildiyi yerdəki məhkəmədə və ya notariatda həyata keçirilməlidir. Əgər borclu depozitə qoymanı başqa yerdə həyata keçirərsə, kreditorun bununla əlaqədar düşə biləcəyi zərərin əvəzini ödəməlidir.

533.3. Əgər depozitə qoyulmuş əşya məhkəməyə və ya notariata poçtla göndərilmişsə, depozitin qüvvədə olma müddəti əşyanın göndərilmək üçün poçta verildiyi tarixə keçirilir.



Maddə 534. Depozitə qoyulmaq üçün yararlı predmet

534.1. Predmet saxlanmaq üçün yararlı olmalıdır. Tez xarab olan predmetlər saxlanmağa qəbul edilmir.

534.2. Əgər öhdəlik predmeti olan daşınar əşya tez xarab olduğuna və ya saxlanması tənasübsüz surətdə yüksək xərclərlə bağlı olduğuna görə depozitə qoyulmaq üçün yararlı deyildirsə, borclu onu öhdəliyin icra yerində hərracdan sata bilər, satış pulunu isə depozitə qoya bilər.

Maddə 535. Saxlanma yeri

Saxlanma icra yerində həyata keçirilməlidir.



Maddə 536. Kreditordan predmeti qəbul etməyin tələb olunması

Məhkəmə və ya notarius predmetin saxlanmağa qəbul edildiyi barədə kreditora məlumat verir və predmeti qəbul etməyi ondan tələb edir.



Maddə 537. Saxlama ilə bağlı xərclərin ödənilməsi

Saxlama ilə bağlı bütün xərclər kreditorun üzərinə düşür.



Maddə 538. Borclunun saxlanmağa verdiyi predmeti tələb etməsi

538.1. Borclu saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə qədər qaytarılmasını tələb edə bilər, bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş olsun. Borclu predmetin qaytarılmasını tələb edirsə, saxlama baş tutmamış sayılır.

538.2. Kreditor predmetdən imtina edirsə və ya bu Məcəllənin 539-cu maddəsində müəyyənləşdirilən müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti geri götürə bilər.

538.3. Borclu predmeti geri götürürsə, saxlama xərcləri onun üzərinə düşür.



Maddə 539. İcra predmetinin saxlanma müddəti

Məhkəmə və ya notarius icra predmetini üç ilədək müddətə saxlayır. Əgər həmin müddət ərzində kreditor predmeti qəbul etməzsə, bu barədə borcluya məlumat verilməklə, ondan təhvil verdiyi predmeti geri götürməsi tələb olunur. Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır.



§ 3. Öhdəliyə qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi (əvəzləşdirmə)

Maddə 540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü

540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

Maddə 541. Tələbin güzəşti zamanı əvəzləşdirmə

541.1. Tələb güzəşt edilərkən borclu ilk kreditora qarşı özünün qarşılıqlı tələbini yeni kreditorun tələbi ilə əvəzləşdirə bilər.

541.2. Əvəzləşdirmə bu şərtlə aparıla bilər ki, tələb onun güzəşt edilməsi barədə borclunun bildiriş aldığı anda mövcud olmuş əsasa görə əmələ gəlsin və tələbin müddəti o alınana qədər çatsın və ya həmin müddət göstərilməsin və ya tələbetmə anı ilə müəyyənləşdirilsin.

Maddə 542. Əvəzləşdirmə tələbinin müddəti

Əgər tələbin əvəzləşdirilməsinin hələ mümkün olduğu vaxtadək tələb üzrə müddət keçməyibsə, tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini istisna etmir.



Maddə 543. Əvəzləşdirilən tələblər

Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.



Maddə 544. İcra yerləri müxtəlif olduqda öhdəliklərin əvəzləşdirilməsi

Öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir.



Maddə 545. Tələblərin əvəzləşdirilməsinin yolverilməzliyi

545.0. Aşağıdakı hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir:

545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə;

545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə;

545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa;

545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə;

545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda;

545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir.

545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.

§ 4. Borcun bağışlanması ilə öhdəliyin xitamı

Maddə 546. Borcun bağışlanması anlayışı

Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.



Maddə 547. Borcun bağışlanmasının digər birgə borclular üçün nəticələri

Birgə borclulardan birinə borcun bağışlanması digər birgə borcluları da azad edir, amma kreditorun onlara qarşı tələbini özündə saxlaması halı istisna təşkil edir. Bu halda kreditor azad edilmiş borclunun payını çıxmaqla, qalan birgə borclular barəsində yalnız bir tələbdən istifadə edə bilər.



Maddə 548. Borcun əsas borcluya bağışlanmasının nəticələri

548.1. Borcun əsas borcluya bağışlanması zaminləri də azad edir.

548.2. Zaminin borcu ödəməkdən azad edilməsi əsas borclunu öhdəliyin icrasından azad etmir.

548.3. Zaminlərdən birinin borcu ödəməkdən azad edilməsi digər borcluları da azad edir.



Maddə 549. İkitərəfli müqavilə üzrə tələblərdən imtinanın nəticələri

İkitərəfli müqavilənin tərəflərindən birinin öz tələbindən imtina etməsi öhdəliyin xitamına səbəb olmur. Həmin tərəf digər tərəfin də öz tələbindən imtina etməsinə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməlidir.



§ 5. Müddətin keçməsinə görə öhdəliyin xitamı

Maddə 550. Tələblər üçün müddət

Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.



Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər

551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir:

551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;

551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər;

551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri;

551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

Maddə 552. Öhdəliklərin xitamı üçün müddətin axımının başlanması

552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.

552.2. Aşağıdakı hallarda müddətin axımı başlanmır və müddət dayandırılır:

552.2.1. öhdəliyin icrasına möhlət verildikdə və ya öhdəlik götürən başqa halla əlaqədar onun icrasından müvəqqəti imtina etmək hüququna malik olduqda;

552.2.2. müddətin son altı ayı ərzində məhkəmə baxışının dayandırılması nəticəsində ixtiyarlı şəxs öz hüququnun məhkəmə müdafiəsini həyata keçirmək imkanından məhrum olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə də eyni qayda qüvvədə olur;

552.2.3. söhbət ərlə arvadın tələblərindən gedirsə, nikah pozulana qədər. Eyni qayda uşaqlar yetkinlik yaşına çatanadək valideynlərin və uşaqların tələbləri üçün və qəyyumluq və himayəçilik üzrə münasibətlər dövründə qəyyumun və qəyyumluqda olanın tələbləri üçün də qüvvədədir;

552.2.4. söhbət təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxsdən gedirsə, bu şəxsin fəaliyyət qabiliyyətini itirdiyi andan altı ay keçənədək.

552.3. Müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır.



Maddə 553. Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi

553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir:

553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə;

553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə.

553.2. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir.

Maddə 554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri

554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

554.2. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz.

554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.

554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.




Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə