Azərbaycan Respublikasının Mülki Məcəlləsi



Yüklə 2.83 Mb.
səhifə2/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36
§ 1. Əsas müddəalar

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri

43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti

44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.

44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.

44.4. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

Maddə 45. Hüquqi şəxsin yaradılması

45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.

Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti

Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.



Maddə 47. Hüquqi şəxsin nizamnaməsi

47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.

47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.

47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. (38)



Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı

48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.

48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Hüquqi şəxsin yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə qeydiyyatdan imtinaya yol verilmir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.

48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır. (10)



Maddə 49. Hüquqi şəxsin orqanları

49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir.



49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. (29)

Maddə 49-1. Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası

49-1.1. Hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:

49-1.1.1. hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri;

49-1.1.2. hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;

49-1.1.3. bu Məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları);

49-1.1.4. hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;

49-1.1.5. bu Məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;

49-1.1.6. hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;

49-1.1.7. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;

49-1.1.8. bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri.

49-1.2. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyəti şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.

49-1.3. Aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasının), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır.

49-1.4. Əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu Məcəllənin 339-cu maddəsinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər.

49-1.5. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər.

49-1.6. Hüquqi şəxsin icra orqanının rəhbəri və ya üzvləri özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər.

49-1.7. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və ya üzvləri istisna olmaqla digər şəxslər özlərinin, bu Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin icra orqanına yazılı şəkildə təqdim etməlidirlər. (56)

Maddə 50. Hüquqi şəxsin adı

50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir.



50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.

50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. (38)

Maddə 51. Hüquqi şəxsin olduğu yer

Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. (48)



Maddə 52. Hüquqi şəxsin məsuliyyəti

52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

Maddə 53. Nümayəndəliklər və filiallar

53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.

53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. (38)



Maddə 54. İdarə

54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.

54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.

54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.

54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.



Maddə 55. Hüquqi şəxsin yenidən təşkili

55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

55.3. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. (10)



Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi

56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.

56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.

56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.



Maddə 57. Təhvil aktı və bölünmə balansı

57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur.

57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.



Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar

58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar.

58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

58.3. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.



Maddə 59. Hüquqi şəxsin ləğvi

59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:

59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.



59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.

59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər.

59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.

59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.



59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

59.7. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. (52, 54)

Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar

60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.

60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.

60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi) çıxış edir.

60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir.

60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər.

60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. (52)

Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası

61.1. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.

61.2. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində «ləğv prosesindədir» yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra «ləğv prosesindədir» sözləri əlavə edilir.

61.3. Ləğvetmə komissiyası (təsviyəçi) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

61.4. Ləğvetmə komissiyası (təsviyəçi) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır.

61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir.

61.6. Ləğvetmə komissiyası (təsviyəçi) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır.

61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.

61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir.

61.9. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər.

61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

61.11. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.

61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. (52)

Maddə 62. Kreditorların tələblərinin ödənilməsi

62.1. Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir:

62.1.1. birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir;

62.1.2. ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır;

62.1.3. üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar aparılır;

62.1.4. dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir;

62.1.5. beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.

62.1.-2. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

62.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.

62.3. Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun ixtiyarı var ki, hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə komissiyasına qarşı iddia ilə məhkəməyə müraciət etsin.

62.4. Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər kreditorların vaxtında bildirdikləri tələblər ödənildikdən sonra ləğv edilən hüquqi şəxsin qalan əmlakından ödənilir.

62.5. Ləğv edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə komissiyası tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır. (16, 51, 52)

Maddə 63. Hüquqi şəxsin müflis olması

63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.

63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyənləşdirilir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə