Azərbaycan Respublikasının Mülki Məcəlləsi


§3. Sığorta hadisəsi və sığorta ödənişi



Yüklə 2.83 Mb.
səhifə26/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
§3. Sığorta hadisəsi və sığorta ödənişi

Maddə 922. Sığorta hadisəsi

922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. (28, 51)

Maddə 923. Sığorta hadisəsi barədə məlumatlandırma

923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.

923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq, sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.

923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. (28, 51)

Maddə 924. Sığorta hadisəsinin təsdiqi

924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.

924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.

924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. (28, 51)

Maddə 925. Zərərin qiymətləndirilməsi

925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.

925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:

925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.

925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. (28, 51)

Maddə 926. Sığorta ödənişi

926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. (28, 51)

Maddə 927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər

927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında, bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir):

927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;

927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;

927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

927.3. Bu Məcəllənin 927.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.

927.4. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin bu Məcəllənin 927.2.3-cü və 927.2.4-cü maddələrində nəzərdə tutulmuş formaları tətbiq edilir. Sığorta ödənişinin bu Məcəllənin 927.2.1-ci və 927.2.2-ci maddələrində nəzərdə tutulmuş formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.

927.5. Girov qoyulan əmlakın tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var. (28, 51)

Maddə 928. Şəxsi sığorta üzrə sığorta ödənişi

Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq, icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. (28, 51)

Maddə 929. Sığorta ödənişindən sığorta haqqının tutulması

Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. (28)

Maddə 930. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması

930.1. İcbari sığorta qanunlarında və ya sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, lakin sığorta müqaviləsi üzrə təminat qismən sığorta təminatı sayılmır. İcbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.

930.2. Bu Məcəllənin 930.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər. (28, 51)

Maddə 931. İcbari sığorta ödənişinin üstünlüyü

Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. (28)

Maddə 932. Sığorta ödənişi barədə qərarın təxirə salınması

Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs barəsində, digər hallarda isə sığortalı və ya sığorta olunan barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir. (28, 51)

Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları

933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:

933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;

933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;

933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir.

933.3. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. (28, 51)

Maddə 934. Sığorta ödənişinin verilməsi

934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. (28, 51)

Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

935.1. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;

935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;

935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;

935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;

935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;

935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;

935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda.

935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.

935.4. Bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur. (28, 51)

Maddə 936. Subroqasiya hüququ

936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. (28, 51)

§ 4. Sığorta vasitəçiliyi

Maddə 937. Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı

937.1. Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər.

937.2. Sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər:

937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;

937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması.

937.2-1. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır:

937.2-1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi;

937.2-1.2. sığortaçının adı və ünvanı;

937.2-1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;

937.2-1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, sığorta agenti lisenziyasına malik olan işçisinin adı, soyadı və atasının adı;

937.2-1.5. tapşırıq müqaviləsinin predmeti;

937.2-1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı;

937.2-1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği;

937.2-1.8. tərəflərin hüquq və vəzifələri;

937.2-1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti;

937.2-1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi;

937.2-1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət;

937.2-1.12. tərəflərin rekvizitləri.

937.3. Sığorta brokeri sığortalını (təkrarsığortalını) sığortaçı (təkrarsığortaçı) ilə münasibətlərdə təmsil etməklə aşağıdakı sığorta əməliyyatlarında tapşırıq müqaviləsi əsasında vasitəçilik edə bilər:

937.3.1. sığorta (təkrarsığorta) müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;

937.3.2. sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması;

937.3.3. sığorta (təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi, o cümlədən sığorta (təkrarsığorta) tələbləri və sığorta ödənişləri üzrə sövdələşmələrin aparılması və (və ya) məsləhətlərin verilməsi. (28, 51)

Maddə 938. Sığorta və ya təkrarsığorta müqavilələrinin sığorta vasitəçiliyi ilə bağlanması

938.1. Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda, sığorta agenti müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət əsasında imzalaya bilər.

938.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda, müqavilə sığortaçı və sığortalı tərəfindən və ya sığortalının (təkrarsığortalının) yazılı qaydada verdiyi səlahiyyət əsasında sığorta brokeri tərəfindən imzalana bilər.

938.3. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandıqda, həmin müqavilədə müvafiq olaraq sığorta agentinin və ya sığorta brokerinin adı, (fiziki şəxsdirsə, həmçinin soyadı) və ünvanı göstərilməlidir.

938.4. Bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılmış sığorta vasitəçisi həmin məlumatı aldığı tarixdən 1 gün müddətində sığortaçıya çatdırmalıdır. (28, 51)

Maddə 938-1. Sığorta vasitəçisinin sığorta müqaviləsinin bağlanmasından əvvəl sığortalıya açıqlamalı olduğu məlumatlar

938-1.0. Sığorta vasitəçiliyi ilə bağlanan hər bir sığorta müqaviləsinin bağlanmasından, yenilənməsindən və ya ona dəyişikliklər edilməsindən əvvəl sığorta vasitəçisi sığorta etdirən şəxsi ən azı aşağıdakı məlumatlarla təmin etməlidir:

938-1.0.1. özünün adı və yaşayış yeri (hüquqi şəxslər üçün — olduğu yer);

938-1.0.2. daxil edildiyi reyestr və həmin reyestrdən onun barəsində informasiya əldə etməyin üsulları;

938-1.0.3. sığorta müqaviləsinin tərəfi kimi təklif edilən sığortaçı ilə səhmdar, əlaqəli şəxs və ya asılı cəmiyyət münasibətlərində olub-olmaması;

938-1.0.4. sığorta vasitəçilərindən şikayət vermək hüququ və proseduru, həmçinin şikayətin üsulları və təqdim etmə vasitələri;

938-1.0.5. sığorta vasitəçiliyini bir və ya bir neçə sığortaçı ilə bağladığı tapşırıq müqaviləsi üzrə öhdəlikləri əsasında (həmin sığortaçıların adı, ünvanı, sığorta bazarındakı mövqeyi barəsində obyektiv məlumat verməklə) və ya belə bir müqavilə olmadan həyata keçirməsi;

938-1.0.6. sığorta etdirənin tələbinə və ehtiyacına uyğun olan sığorta növləri əsasında verilən təminatlar. (51)

Maddə 939. Sığorta brokerinin sığorta müqaviləsinin tərəflərini sənədlərlə təmin etməsi

939.1. Sığorta brokeri onun vasitəsilə bağlanan sığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 3 gün müddətində sığortalını həmin müqavilənin nüsxəsi və (və ya) müvafiq sığorta şəhadətnaməsi ilə, bu mümkün olmadıqda isə, müvafiq sığorta müqaviləsinin nüsxəsinin, yaxud sığorta şəhadətnaməsinin sığortalıya verilməsinədək qüvvədə olan, bu Məcəllənin 940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.

939.2. Sığorta brokeri onun vasitəsilə bağlanan təkrarsığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 10 gün müddətində təkrarsığortalını müvafiq təkrarsığorta müqaviləsinin nüsxəsi və ya bu Məcəllənin 940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.

939.3. Sığorta brokeri vasitəsilə bağlanan sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçı (təkrarsığortaçı) həmin müqavilə üzrə istənilən məlumatı sığorta brokerindən tələb edə bilər. (28)

Maddə 940. Təminat şəhadətnaməsi

940.1. Təminat şəhadətnaməsi sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta risklərinin yerləşdirilməsini təsdiq edən sənəddir.

940.2. Təminat şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:

940.2.1. sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçının (təkrarsığortaçının) tam adı və ünvanı;

940.2.2. sığortalının (təkrarsığortalının) tam adı və ünvanı;

940.2.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;

940.2.4. sığorta (təkrarsığorta) müqaviləsi üzrə təminat verilən sığorta riskləri;

940.2.5. sığortaçının (təkrarsığortaçının) qəbul etdiyi və ya bölüşdüyü sığorta və ya təkrarsığorta riskinə uyğun olan sığorta (təkrarsığorta) məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;

940.2.6. sığorta (təkrarsığorta) haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası.

940.3. Sığorta riski bir neçə sığortaçıda (təkrarsığortaçıda) yerləşdirildikdə, bu Məcəllənin 940.2.3-940.2.6-cı maddələrində nəzərdə tutulmuş məlumatlar hər bir sığortaçıya (təkrarsığortaçıya) münasibətdə ayrılıqda göstərilməlidir. (28)

Maddə 941. Sığorta vasitəçilərinin sığorta haqqı və sığorta ödənişlərinin ödənilməsində iştirakı

941.1. Sığorta agenti sığortaçının adından sığorta haqqını onun yazılı qaydada verdiyi səlahiyyət əsasında qəbul edə bilər.

941.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda, onunla sığortalı (təkrarsığortalı) və (və ya) sığortaçı (təkrarsığortaçı) arasında bağlanmış vasitəçilik xidməti üzrə müqavilədən asılı olaraq, sığortalı (təkrarsığortalı) sığorta (təkrarsığorta) haqqını sığortaçıya (təkrarsığortaçıya) birbaşa, yaxud sığorta brokeri vasitəsilə ödəyə bilər.

941.3. Sığorta (təkrarsığorta) haqqı sığorta brokerinə daxil olduğu andan müvafiq sığorta (təkrarsığorta) müqaviləsi üzrə ödənilmiş hesab edilir.

941.4. Sığorta brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən pul vəsaitlərini «sığorta haqqı hesabı» formasında, digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortaçıya (təkrarsığortaçıya) ödənilmək məqsədi ilə saxlayır və bu vəsaitləri digər məqsədlər üçün istifadə edə bilməz.

941.5. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqlarını sığortaçı (təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin sığortaçıya (təkrarsığortaçıya) ötürməlidir.

941.6. Sığorta vasitəçisi ilə sığortaçı (təkrarsığortaçı) arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komisyon muzd məbləği sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.6-cı maddəsində nəzərdə tutulmuş qaydada ötürülməsi zamanı, sığorta (təkrarsığorta) haqqından çıxıla bilər.

941.5. Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

941.6. Sığorta brokeri ilə təkrarsığortaçı arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komisyon muzd məbləği təkrarsığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsində nəzərdə tutulmuş qaydada köçürülməsi zamanı, təkrarsığorta haqqından çıxıla bilər.

941.7. Sığorta brokeri sığortaçı (təkrarsığortaçı) tərəfindən sığorta ödənişləri ilə bağlı ona ödənilən pul vəsaitlərini «sığorta ödənişi hesabı» kimi müəyyən edilən, digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürülmək məqsədi ilə saxlayır və bu vəsaiti digər məqsədlər üçün istifadə edə bilməz.

941.8. Sığorta brokeri bu Məcəllənin 941.7-ci maddəsində nəzərdə tutulmuş vəsaitləri sığorta ödənişi hesabına daxil olduğu tarixdən etibarən 3 gündən gec olmayaraq, müvafiq sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürməlidir. (28, 51)

Maddə 942. Sığorta vasitəçilərinin sığortalı və ya təkrarsığortalı qarşısında subsidiar öhdəliyi

Sığorta vasitəçisi onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan şəxslə bağlanmış sığorta və ya təkrarsığorta müqaviləsinə, yaxud müvafiq sığorta növünün aparılmasına icazəsi olmayan sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə görə, həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci maddələrinə əməl etməməsi üzündən sığortalının (təkrarsığortalının) mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta (təkrarsığorta) müqaviləsində sığortaçıya (təkrarsığortaçıya) aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı) kimi subsidiar öhdəlik daşıyır. (28)

51-ci fəsil. Bank əmanəti

Maddə 943. Bank əmanəti haqqında ümumi müddəa

Bu Məcəllənin bu fəslinin banklara aid qaydaları hüquqi şəxslərdən əmanətlər (depozitlər) qəbul edən digər kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. (34)



Maddə 944. Bank əmanəti müqaviləsi

944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Hüquqi şəxslərin əmanətlərdə (depozitlərdə) olan pul vəsaitini başqa şəxslərə köçürməyə ixtiyarı yoxdur. (12)

Maddə 945. Pul vəsaitini əmanətlərə cəlb etmək hüququ

945.1. Pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər.

945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır.

945.3. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu Məcəllənin 945.2-ci maddəsində nəzərdə tutulmuş nəticələr aşağıdakı hallarda da tətbiq olunur:

945.3.1. fiziki və hüquqi şəxslərin pul vəsaiti onlara buraxılması qanunsuz sayılmış səhmlər və digər qiymətli kağızlar satmaq yolu ilə cəlb olunduqda;

945.3.2. fiziki şəxslərin pul vəsaiti əmanət sahiblərinin əmanəti ilk tələb üzrə almasını və bu Məcəllənin bu fəslinin qaydalarında nəzərdə tutulmuş digər hüquqları həyata keçirməsini istisna edən veksellər və ya başqa qiymətli kağızlar müqabilində əmanətlərə cəlb olunduqda. (12, 34)



Maddə 946. Bank əmanəti müqaviləsinin forması

946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.

946.2. Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.

Maddə 947. Əmanətlərin növləri

947.1. Bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər.

947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

947.3. Tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın.

947.4. Əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. (12)

Maddə 948. Əmanətin məbləği üçün faizlər

948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.

948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz.



Maddə 949. Əmanətin məbləğinə faizlərin hesablanması və ödənilməsi qaydası

949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.

Maddə 950. Əmanətin qaytarılmasının təmin edilməsi

950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir.

950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.

950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir.

950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

Maddə 951. Əmanətçinin hesabına üçüncü şəxslərin pul vəsaiti qoyması

Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir.



Maddə 952. Üçüncü şəxslərin xeyrinə əmanətlər

952.1. Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir.

952.2. Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər.

952.3. Üçüncü şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü şəxsin xeyrinə bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın.



Maddə 953. Bank kitabçası

953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.

953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız bank kitabçası üzrə hüquqların bərpası adsız sənədli qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

953.3. Bank, bank kitabçasını qeyri-qanuni yollarla və ya itirmə nəticəsində əldə etmiş şəxslə həmin kitabça üzrə hesablaşma apararsa, məsuliyyətdən azad olunur, bu şərtlə ki, həmin hallar barədə məlumata malik olmasın. Lakin, əgər bank kobud ehtiyatsızlıq üzündən belə məlumata malik olmazsa, məsuliyyətdən azad edilmir.

953.4. Banka qarşı olan tələbi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həmin tələbin güzəşti yolu ilə əldə etmiş yeni kreditor, ona bank kitabçasının verilməsini tələb edə bilər. (12, 57)

52-ci fəsil. Bank hesabı

Maddə 954. Bank hesabı müqaviləsi

954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər.

954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

954.4. Bu fəslin banklara aid qaydaları verilmiş xüsusi icazəyə (lisenziyaya) müvafiq surətdə bank hesabı müqaviləsi bağlayan və icra edən başqa kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur. (34)

Maddə 955. Bank hesabı müqaviləsinin forması

955.1. Bank hesabı müqaviləsi yazılı formada bağlanır.

955.2. Bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.

Maddə 956. Bank hesabı müqaviləsinin bağlanması

956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır.

956.2. Bank həmin növ hesabların açılması üçün bankın elan etdiyi, qanunda nəzərdə tutulmuş və qanuna əsasən bank qaydaları ilə müəyyənləşdirilmiş tələblərə uyğun şərtlər əsasında hesab açmaq təklifi ilə müraciət etmiş müştəri ilə bank hesabı müqaviləsi bağlamalıdır.

956.3. Hesab üzrə müvafiq əməliyyatların aparılması qanunla, bankın nizamnaməsi və ona verilmiş xüsusi icazə (lisenziya) ilə nəzərdə tutulduqda, bankın həmin hesabın açılmasından imtina etməyə ixtiyarı yoxdur, amma belə imtinanın bank xidmətinə qəbul etməyə bankın imkanının olmaması ilə bağlı olduğu və ya buna qanunla, yaxud başqa hüquqi aktlarla yol verildiyi hallar istisna təşkil edir.

956.4. Bank hesabı müqaviləsinin bağlanmasından bank əsassız boyun qaçırdıqda müştərinin onu müqavilə bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət etməyə ixtiyarı vardır. Bank hesabı müqaviləsi bağlamaqdan əsassız boyun qaçıran bank müştəriyə bununla vurulmuş zərərin əvəzini ödəməlidir.

Maddə 957. Hesabda olan pul vəsaitinə dair sərəncam vermək hüququnun təsdiqi

957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.

957.2. Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.

957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər.



957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. (12)

Maddə 958. Bankın apardığı hesab əməliyyatları

Bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.



Maddə 959. Hesab əməliyyatlarının müddətləri

959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın.

959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.

Maddə 960. Hesabın kreditləşdirilməsi

960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.

960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.

Maddə 961. Hesab əməliyyatlarının aparılmasına bankın xidmətlərinin haqqının ödənilməsi

961.1. Bank hesabı müqaviləsində nəzərdə tutulmuş hallarda müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir.

961.2. Bu Məcəllənin 961.1-ci maddəsində nəzərdə tutulmuş bank xidmətlərinin haqqını bank hər bir əqd başa çatdıqdan sonra müştərinin hesabdakı pul vəsaitindən tuta bilər, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. (12)

Maddə 962. Pul vəsaitindən bankın istifadə etməsi üçün faizlər

962.1. Əgər bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank müştərinin hesabında olan pul vəsaitindən istifadə etməsi üçün faizlər ödəyir və bu faizlərin məbləği hesaba salınır.

962.2. Bu Məcəllənin 962.1-ci maddəsində göstərilən faizlər bank tərəfindən bank hesabı müqaviləsində müəyyənləşdirilmiş miqdarda, müqavilədə müvafiq şərt olmadıqda isə bu bankın tələbli əmanət üzrə müəyyənləşdirdiyi miqdarda ödənilir.

962.3. Faizlərin məbləği müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilədə bu cür müddətlər nəzərdə tutulmadıqda isə hər rübün axırında hesaba salınır.



Maddə 963. Bankın və müştərinin hesab üzrə qarşılıqlı tələblərinin əvəzləşdirilməsi

963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir.

963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir.

Maddə 964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları

964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.

965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:

965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;

965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir;

965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;

965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir;

965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir;

965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir.

965.3. Bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir. (13, 44)



Maddə 966. Hesab əməliyyatlarının lazımınca aparılmaması üçün bankın məsuliyyəti

Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.



Maddə 967. Bank sirri

967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.

967.2. Bank sirri təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.



Maddə 968. Hesaba dair sərəncam verilməsinin məhdudlaşdırılması

Müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı hallar istisna təşkil edir.



Maddə 969. Bank hesabı müqaviləsinin ləğvi

969.1. Bank hesabı müqaviləsi müştərinin ərizəsi üzrə istənilən vaxt ləğv edilir.

969.2. Əgər bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbi ilə bank hesabı müqaviləsi məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:

969.2.1. müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş minimum miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;

969.2.2. bir il ərzində həmin hesab üzrə əməliyyatlar aparılmadıqda, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

969.2.3. ciddi əsaslar olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edilsin.

969.3. Hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi gün keçənədək başqa hesaba köçürülür.

969.4. Bank hesabı müqaviləsinin ləğv edilməsi müştərinin hesabının bağlanması üçün əsasdır. (12)

Maddə 970. Bankların hesabları

Əgər qanunla, başqa hüquqi aktlarla və ya onlara uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə ayrı hal nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslinin qaydaları müxbir hesablarına, müxbir subhesablarına və bankların digər hesablarına da şamil edilir.



53-cü fəsil. Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar




Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə