Azərbaycan Respublikasının Mülki Məcəlləsi


§16. Qiymətli kağızlar bazarının tənzimlənməsi



Yüklə 2.83 Mb.
səhifə32/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   36
§16. Qiymətli kağızlar bazarının tənzimlənməsi

Maddə 1078-40. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi

1078-40.1. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:

1078-40.1.1. qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ hüquqi aktların qəbul edilməsi və onlara riayət olunmasına nəzarətin həyata keçirilməsindən;

1078-40.1.2. qiymətli kağızlar bazarının iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarının müəyyən edilməsindan;

1078-40.1.3. qiymətli kağızlar buraxılışlarının dövlət qeydiyyatının aparılmasındən;

1078-40.1.4. qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən;

1078-40.1.5. qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar sahiblərinin hüquqlarının müdafiəsindən;

1078-40.1.6. qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsindən;

1078-40.1.7. qiymətli kağızlar bazarında qanunvericiliyi pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən;

1078-40.1.8. qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin artırılması üzrə müvafiq tədbirlərin görülməsindən;

1078-40.1.9. qiymətli kağızlar bazarının inkişafı istiqamətlərinin müəyyən edilməsindən;

1078-40.1.10. qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasından;

1078-40.1.11. qiymətli kağızlarla əqdlərin bağlanmasına dair tələblərin müəyyən edilməsindən;

1078-40.1.12. hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qaydalarının müəyyənləşdirilməsindən;

1078-40.1.13. qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarının tənzimlənməsinin həyata keçirilməsindən;

1078-40.1.14. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının dünya maliyyə bazarına inteqrasiyası üzrə tədbirlərin hazırlanmasında və müvafiq icra hakimiyyəti orqanına təsdiq edilmək üçün təqdim edilməsindən, müvafiq tədbirlərin həyata keçirilməsindən;

1078-40.1.15. qiymətli kağızların öhdəliklərlə yüklənməsi və qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının qeydiyyatının və uçotunun aparılmasından;

1078-40.1.16. qiymətli kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin (qiymətli kağızların buraxılışının dövlət reyestri, veksel və çeklərin dövlət reyestri, qiymətli kağızlarla girovun rəsmi reyestri, qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın ipotekasının dövlət reyestri və s.) aparılmasından;

1078-40.1.17. qiymətli kağızlar bazarında sığortalanmalı olan risklərin sığorta standartlarının müəyyən edilməsindən;

1078-40.1.18. qiymətli kağızlar bazarında məlumatların açıqlanması üzrə qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən;

1078-40.1.19. qiymətli kağızların (sertifikatların) blanklarının çap edilməsi və onların ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tənzimlənməsindən;

1078-40.1.20. qiymətli kağızlar bazarının iştirakçılarına qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlərin verilməsindən;

1078-40.1.21. qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafı məqsədi ilə istifadə edilən fondların qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması və onların fəaliyyətinin tənzimlənməsindən;

1078-40.1.22. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara yol verilməməsi üzrə tədbirlərin görülməsindən.

1078-40.2. Qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. (3, 57)

Maddə 1078-41. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları

1078-41.1. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnamələrinə müvafiq olaraq yaradılır və fəaliyyət göstərir.

1078-41.2. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının fəaliyyəti aşağıdakı əsas məqsədləri daşıyır:

1078-41.2.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün şəraitin yaradılması;

1078-41.2.2. qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının qorunması;

1078-41.2.3. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatının üzvləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi qaydalarının müəyyən edilməsi;

1078-41.2.4. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının üzvlərinin fəaliyyətinin etik normalarının müəyyən edilməsi və bu normalara riayət olunmasının təmin edilməsi.

1078-41.2.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatların fəaliyyətləri haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə açıqlamalıdırlar. (3, 57)

§17. Qiymətli kağızlar bazarında investorların maraqlarının müdafiəsi

Maddə 1078-42. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması

1078-42.1. Qiymətli kağızlar bazarında məlumatların açıqlanması hər bir maraqlı şəxsin həmin məlumatlarla tanış olması imkanının təmin edilməsindən ibarətdir.

1078-42.2. Bu Məcəllə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emitent, qiymətli kağızlar bazaranının peşəkar iştirakçısı, qiymətli kağızlar bazarının özünü tənzimləyən təşkilat fəaliyyətləri ilə bağlı kütləvi informasiya vasitələrində məlumatları açıqlamalıdırlar. Hamı üçün müyəssər olan məlumatlar açıqlanmış məlumatlar hesab olunur. (3, 57)

Maddə 1078-43. Emitent tərəfindən məlumatların açıqlanması

1078-43.1. Kütləvi təklif vasitəsi ilə yerləşdirilən qiymətli kağızların emitenti dərc etmək və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək yolu ilə özünün qiymətli kağızları və maliyyə-təsərrüfat fəaliyyəti haqqında aşağıdakı məlumatları açıqlamağa borcludur:

1078-43.1.1. emitentin illik hesabatını;

1078-43.1.2. onun maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatları;

1078-43.1.3. qiymətli kağızların emissiya prospektini;

1078-43.1.4. qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatını.

1078-43.2. Emitentin açıqlanmalı olan qiymətli kağızlar haqqında illik hesabatına, maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələrin və hərəkətlərin, qiymətli kağızların emissiya prospekti, emissiyasının yekunları haqqında məlumatların dairəsi, onlar barəsində tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-43.3. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilir və təsdiq edildiyi tarixdən etibarən otuz gündən gec olmayaraq açıqlanır.

1078-43.4. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər barədə məlumat müvafiq icra hakimiyyəti orqanına həmin hərəkətlər və hadisələr baş verdiyi gündən on beş gündən gec olmayraq təqdim olunur.

1078-43.5. Banklar və digər kredit təşkilatları tərəfindən məlumatların açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının rəyi alınmaqla müəyyən edilir. (3, 39, 57)

Maddə 1078-44. Fond birjası tərəfindən məlumatın açıqlanması

Fond birjası nizamnaməsi, qaydaları, üzvlərinin siyahısı, dövriyyəyə buraxılan qiymətli kağızları, bağlanılan əqdlər haqqında məlumatları açıqlamalıdır. (3, 57)

Maddə 1078-45. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı tərəfindən məlumatların açıqlanması

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı, nizamnaməsi, qaydaları, standartları və üzvləri haqqında məlumatları açıqlamalıdır. (3, 57)

§18. Qiymətli kağızlar bazarında xidməti məlumat

Maddə 1078-46. Qiymətli kağızlar bazarında xidməti məlumatın anlayışı

1078-46.1. Xidməti məlumat ümumi qaydada əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusatlar üzrə açıqlanmamalı olan və istifadə edildikdə məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumatdır.

1078-46.2. İnsayder - bu Məcəllənin 1078-46.1-ci maddəsinə əsasən xidməti məlumata malik olan şəxsdir. (3, 57)

Maddə 1078-47. İnsayderlər

1078-47.1. İnsayderlərə aşağıdakılar aiddir:

1078-47.1.1. emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri;

1078-47.1.2. emitentin fəaliyyətinə nəzarət edən şəxslər;

1078-47.1.3. xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər;

1078-47.1.4. emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər;

1078-47.1.5. son altı ay ərzində bu Məcəllənin 1078-47.1.1-1078-47.1.4-cü maddələrinin təsiri altına düşən şəxslər.

1078-47.2. İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər:

1078-47.2.1. qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara;

1078-47.2.2. digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı əqdlərin bağlanmasına təhrik etmək.

1078-47.3. İnsayder özünə məxsus olan qiymətli kağızlarla apardığı əməliyyat barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada açıqlamalıdır.

1078-47.4. Xidməti məlumatın istifadəsi ilə əqdlərin bağlanması faktı və ya belə əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları əqdin bağlanmasını və icrasını dayandırmalı və bu barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

1078-47.5. Xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (3, 57)

55-ci fəsil. Xüsusi mükafatlandırmanın açıq elan edilməsi. Müsabiqə

Maddə 1079. Xüsusi mükafatlandırmanın açıq elan edilməsi anlayışı

Hər hansı hərəkəti yerinə yetirməyə, məsələn, hər hansı müəyyən nəticəyə nail olmağa görə açıq elan çərçivəsində mükafat təyin edən şəxs həmin hərəkəti yerinə yetirmiş şəxsə mükafat ödəməlidir. Bu qayda şəxsin həmin hərəkəti yerinə yetirərkən mükafat gözləmədiyi halda da qüvvədədir.



Maddə 1080. Xüsusi mükafatlandırmanın açıq elan edilməsinin ləğvi

1080.1. Mükafatlandırma vədi açıq elanda nəzərdə tutulan hərəkətin yerinə yetirilməsinə qədər ləğv edilə bilər.

1080.2. Açıq elanda nəzərdə tutulan mükafatlandırmanın ləğv edilməsi yalnız o halda etibarlıdır ki, mükafatlandırmanın təyin edilməsi hansı qaydada elan olunmuşdusa, ləğv edilməsi də o cür elan olunsun, ya da xüsusi məlumatda elan olunsun.

1080.3. Mükafatlandırmanın açıq elanında ləğvetmənin mümkünlüyü istisna oluna bilər. Şübhə yarandıqda bu cür istisnaya o halda yol verilir ki, açıq elanda nəzərdə tutulan hərəkəti yerinə yetirmək üçün müddət müəyyənləşdirilmiş olsun.



Maddə 1081. Açıq elanda nəzərdə tutulan mükafatın verilməsi

1081.1. Mükafat təyin edilmiş hərəkəti bir neçə şəxs yerinə yetirdikdə, mükafatı həmin hərəkəti birinci yerinə yetirmiş şəxs alır.

1081.2. Hərəkəti bir neçə şəxs eyni zamanda yerinə yetirdikdə, mükafat onların arasında bərabər bölünür.

1081.3. Mükafat təyin edilmiş nəticəyə nail olmaqda bir neçə şəxs iştirak etdikdə mükafatı təyin etmiş şəxs ayrılıqda onlardan hər birinin nəticəyə nail olmaqda iştirak payını nəzərə alaraq, mükafatı onların arasında ədalətli mülahizə əsasında bölür. Açıq-aşkar ədalətsiz bölgünün məcburi qüvvəsi yoxdur və iştirakçılardan birinin ərizəsinə əsasən məhkəmənin qərarı ilə dəyişdirilə bilər. İştirakçılardan biri bölgünün məcburi qüvvəsini qəbul etmədikdə, mükafatı təyin etmiş şəxsin, bütün iştirakçılar kimin nəyə ixtiyarı çatdığı barədə aralarındakı mübahisəni həll edib qurtarmayınca, mükafatı verməkdən imtina etmək hüququ vardır. İştirakçıların hər biri mükafatın hamı üçün depozitə qoyulmasını tələb edə bilər.

1081.4. Bu Məcəllənin 1081.2 və 1081.3-cü maddələrində nəzərdə tutulan hallarda mükafat öz xarakterinə görə bölünmədikdə və ya elana əsasən bir şəxs üçün nəzərdə tutulduqda, püşkatma yolu ilə verilir.

Maddə 1082. Müsabiqə anlayışı və onun hüquqi nəticələri

1082.1. Müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır; bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər. Priz qalibə sifariş veriləcəyi vədindən də ibarət ola bilər.

1082.2. Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir.

1082.3. Vaxtında təqdim edilmiş işin müsabiqənin şərtlərinə uyğun gəlib-gəlmədiyi və iştirakçılardan kimin üstünlük verilməyə layiq olduğu barədə qərar müsabiqənin şərtlərində göstərilən şəxs tərəfindən, şərtlərdə bu göstərilmədikdə isə müsabiqəni elan etmiş şəxs tərəfindən qəbul olunur. Qərar bütün iştirakçılar üçün məcburi qüvvəyə malikdir və ondan məhkəməyə şikayət verilə bilməz. Əgər prizin verilməsi proseduru və şərtləri başqa şəkildə tənzimlənmişsə, bu qayda tətbiq olunmur.

1082.4. İşlər eyni məziyyətli olduqda, müsabiqə prizinin verilməsinə bu Məcəllənin 1081.2 və 1081.4-cü maddələrinin müddəaları tətbiq edilir.

1082.5. Müsabiqə elan etmiş şəxs priz almaqdan ötrü iştirakçılardan birinin təqdim etdiyi əsərə mülkiyyət hüququnun verilməsini yalnız o halda tələb edə bilər ki, müsabiqənin şərtlərində hüququn bu cür keçməsini təsbit etmiş olsun.

1082.6. Əgər layihə işlənməsi üçün müsabiqənin şərtlərində müsabiqə elan etmiş şəxsin layihənin sonrakı işlənməsini priz alana tapşırmaq niyyəti göstərilmişsə, müsabiqə elan etmiş şəxs layihə həyata keçirildikdən sonra onun sonrakı işlənməsini priz alanlardan birinə tapşırmağa borcludur.

1082.7. Müsabiqədə iştirak müsabiqəni elan etmiş şəxsdən mallar və ya digər xidmətlər alınması ilə əlaqələndirildikdə onun keçirilməsi qadağandır. Müsabiqədə iştirak etməklə əlaqədar bağlanmış, mallar və ya digər xidmətlər alınması barədə müqavilələrin qüvvəsi yoxdur.



56-cı fəsil. Oyunların və mərclərin keçirilməsi

Maddə 1083. Oyunlar və mərclər anlayışı

1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir.

1083.2. Aşağıdakılar oyun və mərc kimi qiymətləndirilir:

1083.2.1. oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi;

1083.2.2. oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar. (57)

Maddə 1084. Oyun və mərc üzrə tələblərin istisna edilməsi

Oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.



Maddə 1085. Könüllü ödənişlər

1085.1. Oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz.

1085.2. Oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz.

Maddə 1086. Lotereyalar üzrə tələb

Lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir. (8)

Səkkizinci bölmə. Qanundan əmələ gələn öhdəliklər

57-ci fəsil. Özgə işlərini tapşırıqsız aparma

Maddə 1087. Özgə işlərini tapşırıqsız vicdanla aparma

1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.

Maddə 1088. Xəbərdaretmə vəzifəsi

1088.1. İcraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir.

1088.2. İcraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir.

Maddə 1089. İcraçının məsuliyyəti

1089.1. İcraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.

1089.2. İşlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır.

1089.3. Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

1089.4. İcraçı fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, yalnız hüquqa zidd hərəkətlər və əsassız varlanma haqqında müddəalara uyğun məsuliyyət daşıyır. (12)

Maddə 1090. İcraçının hüquqları

1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. (12)

58-ci fəsil. Əsassız varlanma

Maddə 1091. Əsassız varlanma anlayışı

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (12)

Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi

1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (12)



Maddə 1093. Qaytarma tələbi

1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir:

1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;

1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası

Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. (12)

Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi

Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.



Doqquzuncu bölmə. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər

59-cu fəsil. Mülki hüquq pozuntuları (deliktlər)

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı

1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

1096.3. Qanunla müəyyənləşdirilmiş hallarda obyektiv surətdə hüquqa zidd əməllər üçün məsuliyyət baş verə bilər. (12)




Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə