Azərbaycan Respublikasının Mülki Məcəlləsi


Maddə 99. Açıq səhmdar cəmiyyəti



Yüklə 2.83 Mb.
səhifə5/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   36
Maddə 99. Açıq səhmdar cəmiyyəti

99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.

99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

99.3. Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.

99.4. Açıq səhmdar cəmiyyətinə aidiyyəti olan şəxs ilə həmin cəmiyyət arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, aidiyyəti şəxslərin siyahısı, onlarla cəmiyyət arasında əqdlərin bağlanması və belə əqdlər barədə məlumatın açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (3, 29, 56)

Maddə 100. Qapalı səhmdar cəmiyyəti

100.1. Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

100.2. Qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.

100.3. Qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.



Maddə 101. Qapalı səhmdar cəmiyyətinin səhmlərinin başqasına keçməsi

101.1. Qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər. Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər.

101.2. Qapalı səhmdar cəmiyyətinin səhmləri girov qoyulduqda və sonradan onlara girov saxlayan tərəfindən tutma yönəldildikdə müvafiq olaraq bu Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir.

101.3. Əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxslərin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçir. Cəmiyyət səhmlərin səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçməsinə razılıq verməkdən imtina etdikdə bu Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir. (3)



Maddə 102. Səhmdar cəmiyyətinin nizamnaməsi

102.1. Səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

102.2. Səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər.

102.3. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir.

102.4. Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.

102.5. Cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. (3)

Maddə 103. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı

103.1. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları bu Məcəllə və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir.

103.2. Cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. O, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz.

103.3. Səhmdar cəmiyyətinin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Səhmdar cəmiyyəti təsis edilərkən onun bütün səhmləri təsisçilər arasında bölünməlidir.

103.4. Səhmdarı cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad etməyə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad etməyə yol verilmir.

103.5. Əgər ikinci və hər növbəti maliyyə ili başa çatarkən cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

103.6. Cəmiyyətin nizamnaməsində səhmlərin sayının, məcmu nominal dəyərinin və ya bir səhmdara mənsub səslərin maksimum sayının məhdudlaşdırılması müəyyənləşdirilə bilər. (3)

Maddə 104. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması

104.1. Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

104.2. Cəmiyyətin nizamnaməsində sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri satın almaqda üstünlük hüququ müəyyənləşdirilə bilər. (3)

Maddə 105. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması

105.1. Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.



105.2. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.

105.3. Səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına bu şərtlə yol verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş olsun.



105.4. Səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalının müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş minimum miqdardan aşağı endirilməsi cəmiyyətin ləğvinə səbəb olur. (3)

Maddə 105-1. Səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri alınması

105-1.1. Səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir.

105-1.2. Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır.

105-1.3. Səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınması birja vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir.

105-1.4. Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz:

105-1.4.1. cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda;

105-1.4.2.cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə;

105-1.4.3. səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda.

105-1.5. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir. (3)

Maddə 106. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması

106.1. Səhmdar cəmiyyətinin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və ləğvi bu Məcəlləyə, bu Məcəlləyə müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara və cəmiyyətin nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.

106.2. Səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz sahiblərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. Bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz sahiblərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.

106.3. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası bu Məcəllənin 1078-26-cı maddəsinə müvafiq olaraq həyata keçirilir. (3)

Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları

106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.

106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:

106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək;

106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq;

106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

106-1.4. Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) sahibi olan səhmdarının hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir.

106-1.5. Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səs hüququ əldə edir:

106-1.5.1. səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi;

106-1.5.2. səhmdar cəmiyyətinin ləğv edilməsi;

106-1.5.3. səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarını məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi.

106-1.6. Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır:

106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq;

106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə reyestrsaxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək;

106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək.

106-1.7. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir. (3, 56)

Maddə 106-2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri

106-2.1. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir.

106-2.2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır.

106-2.3. Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. (3, 57)

Maddə 106-3. Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər

106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.

106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq, dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.

106-3.3. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.

106-3.4. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.

106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.

106-3.6. Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.

106-3.7. Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququnu verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən əvvəl bölüşdürülür.

106-3.8. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.

106-3.9. Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz. (3)

Maddə 107. Səhmdar cəmiyyətində idarəetmə

107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək;

107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;

107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin;

107.1.4. cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək;

107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;

107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.

107.2. Bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz.

107.3. Səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə direktorlar şurası (müşahidə şurası) yaradılır. Direktorlar şurasının (müşahidə şurasının) yaradıldığı halda cəmiyyətin nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir. Nizamnamə ilə direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz.

107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və (və ya) təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. Səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər.

107.5. Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.

107.6. Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. (56)



Maddə 107-1. Səhmdarların ümumi yığıncağının çağırılması

107-1.1. Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).

107-1.3. Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir.

107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.

107-1.5. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir:

107-1.5.1. cəmiyyətin adı və olduğu yer;

107-1.5.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı;

107-1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi;

107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası.

107-1.6. Səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır.

107-1.7. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır.

107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir:

107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir;

107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir;

107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq, səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. (3)

Maddə 107-2. Səhmdarların ümumi yığıncağında yetərsay

107-2.1. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.

107-2.2. Səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir.

107-2.3. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir.

107-2.4. 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanına məlumat verərək, yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır. (3)

Maddə 107-3. Səhmdarın ümumi yığıncaqda iştirakı qaydası

107-3.1. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

107-3.2. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsilə səsvermədə qiyabi iştirak edə bilər.

107-3.3. Qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-3.4. Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir.

107-3.5. Səhmdarların ümumi yığıncağında səsvermə «bir səsli səhm -- bir səsdir» prinsipi əsasında həyata keçirilir. (3)

Maddə 107-4. Hesablama komissiyası

107-4.1. Səhmdarlarının sayı yüzdən çox olan cəmiyyətlərin ümumi yığıncaqlarında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyası yaradılmalıdır. Hesablama komissiyasına direktorlar şurasının (müşahidə şurasının) üzvləri, təftiş komissiyasının üzvləri (müfəttiş), icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) və həmin vəzifələrə (vəzifəyə) seçilməyə namizədlər daxil edilməməlidir.

107-4.2. Hesablama komissiyasının yaradılması qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-4.3. Hesablama komissiyasının protokolu ümumi yığıncağın protokoluna əlavə olunur. (3)

Maddə 107-5. Səhmdarların ümumi yığıncağının qərarı

107-5.1. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

107-5.2. Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz.

107-5.3. Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.

107-5.4. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. (3, 19)

Maddə 107-6. Səhmdarların ümumi yığıncağının protokolu

107-6.1. Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir.

107-6.2. Səhmdarların ümumi yığıncağının protokolunda aşağıdakılar göstərilir:

107-6.2.1. ümumi yığıncağın keçirilmə vaxtı və yeri;

107-6.2.2 ümumi yığıncağın gündəliyi;

107-6.2.3. ümumi yığıncağın iştirakçılarının səsli səhmlərinin sayı;

107-6.2.4. iştirak edən səsvermə hüququna malik olan səhmdarların sayı;

107-6.2.5. çıxışların xülasəsi;

107-6.2.6. səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri;

107-6.2.7. ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarın dəqiq və səlis ifadə olunmuş mətni.

107-6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. (3)

Maddə 107-7. Səhmdar cəmiyyətinin direktorlar şurası (müşahidə şurası)

107-7.1. Bu Məcəllənin 107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda cəmiyyətin direktorlar şurası (müşahidə şurası) yaradılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirir.

107-7.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin sayı və onlara olan tələblər cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-7.3. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) tərkibi nizamnamədə nəzərdə tutulmuş sayın yarısına qədər azaldıqda, otuz təqvim günü ərzində cəmiyyətin növbədənkənar ümumi yığıncağı çağırılaraq, direktorlar şurasına (müşahidə şurasına) yeni üzvlər seçilməlidir.

107-7.4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri ümumi yığıncaqda üç ildən artıq olmayan müddətə bu Məcəllə ilə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada seçilirlər.

107-7.5. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvü fiziki şəxs olmalıdır. Direktorlar şurasının (müşahidə şurasının) üzvlüyünə, nizamnamədə başqa hal nəzərdə tutulmamışdırsa, cəmiyyətin səhmdarı olmayan şəxs də seçilə bilər. Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) direktorlar şurasına (müşahidə şurasına) üzv seçilə bilməz.

107-7.6. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya onun üzvünün səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ümumi yığıncağın qərarı ilə həyata keçirilə bilər. (3)

Maddə 107-8. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri

Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri səhmdarların ümumi yığıncağı tərəfindən direktorlar şurasının (müşahidə şurasının) üzvləri arasından seçilir. Direktorlar şurasının (müşahidə şurasının) sədri şuraya rəhbərlik edir. (3)

Maddə 107-9. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclası

107-9.1. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin və nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının (müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın iclasının keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-9.2. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, şuranın sədrinin səsi qərarın qəbul edilməsi və ya rədd edilməsi üçün həlledici hesab edilir.

107-9.3. Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclası çağırıldıqda, iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın sədri tərəfindən imzalanır. (3)

Maddə 107-10. Səhmdar cəmiyyətinin icra orqanı

107-10.1. Cəmiyyətin icra orqanına direktorlar şurasının (müşahidə şurasının) üzvləri seçilə bilməz.

107-10.2. Cəmiyyətin icra orqanının səlahiyyətlərinə bu Məcəllə ilə və nizamnamə ilə cəmiyyətin idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməmiş bütün məsələlər daxildir.

107-10.3. Cəmiyyətin kollegial icra orqanının üzvlərinin sayı və tərkibi, habelə fəaliyyətinin qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-10.4. Cəmiyyətin icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin ümumi yığıncağının və ya direktorlar şurasının (müşahidə şurasının) razılığı ilə yol verilir.

107-10.5. Hər hansı bir əqdin bağlanması nəticəsində cəmiyyətin icra orqanının üzvünün şəxsi marağı ilə cəmiyyətin mənafeyi ziddiyyət təşkil etdikdə o, bu barədə direktorlar şurasına (müşahidə şurasına) məlumat verməlidir. Həmin əqdin bağlanması yalnız direktorlar şurasının (müşahidə şurasının) müvafiq qərarı əsasında həyata keçirilə bilər.

107-10.6. Cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamazdan əvvəl bu barədə məlumatı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

107-10.7. Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. (3)

Maddə 107-11. Səhmdar cəmiyyətinin təftiş komissiyası (müfəttişi)

107-11.1. Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün ümumi yığıncaqda təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.

107-11.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-11.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir. Təftiş komissiyasının üzvü (müfəttiş) cəmiyyətin səhmdarı, direktorlar şurasının (müşahidə şurasının) və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz.

107-11.4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) səlahiyyət müddəti nizamnamə ilə üç ildən artıq olmayan müddətə müəyyən edilir.

107-11.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi cəmiyyətin təftiş komissiyasının (müfəttişin) təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir.

107-11.6. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər. (3)

Maddə 108. Səhmdar cəmiyyətinin yenidən təşkili və ləğvi

108.1. Səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin başqa əsasları və qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.



108.2. Səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətə çevrilə bilər.

Maddə 109. Kooperativlər haqqında əsas müddəalar

109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.

109.3. Kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir.

109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər.

109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır.

109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır.

109.7. Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır.

109.8. Kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissəsidir.

109.9. Dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir.

109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir.

109.11. Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər.

109.12. Kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq, iş və xidmətləri yerinə yetirmək barədə müqavilələr bağlaya bilər.

109.13. Dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər koopertivlə münasibətlərini müqavilə əsasında qururlar. Dövlət orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kooperativlərin təsərrüfat, maliyyə, təşkilati (idarəetmə orqanlarının formalaşdırılması) və digər fəaliyyətinə müdaxilə etmirlər.

109.14. Kooperativdə maliyyə-təsərrüfat fəaliyyətinin operativ və mühasibat uçotu, statistika hesabatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.

109.15. Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün muzdla işçilər tutmaq hüququna malikdir. Kooperativin belə işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

109.16. Kooperativin, şəxsi əməyini tətbiq etməklə onun fəaliyyətində iştirak edən üzvləri ilə əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi, bu Məcəllə və kooperativin nizamnaməsi ilə tənzimlənir.

109.17. Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi, habelə «kooperativ» sözü olmalıdır. (2, 56)

Maddə 109-1. Kooperativin yaradılması

109-1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır.

109-1.2. Kooperativ yaratmaq məqsədilə fiziki və (və ya) hüquqi şəxslər təşəbbüs qrupu yaradırlar. Təşəbbüs qrupunun vəzifələrinə aşağıdakılar daxildir:

109-1.2.1. pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə kooperativin nəzərdə tutulan fəaliyyətinin əsaslandırılması;

109-1.2.2. kooperativin nizamnamə layihəsinin hazırlanması;

109-1.2.3. kooperativin üzvlüyünə daxil olmaq barədə fiziki və (və ya) hüquqi şəxslərdən ərizələrin qəbul edilməsi;

109-1.2.4. kooperativin təsis yığıncağının hazırlanması və keçirilməsi.

109-1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə orqanlarını formalaşdırır.

109-1.4. Kooperativin üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə uyğun olaraq təsis müqaviləsi bağlayırlar.

109-1.5. Kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir. (2)

Maddə 109-2. Kooperativin üzvləri

109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.

109-2.2. Kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət verdikləri nümayəndələri vasitəsilə təmsil olunmalıdırlar.

109-2.3. Kooperativin üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə əsasən şəxsi əməyini tətbiq etməklə və ya tətbiq etməməklə iştirak edirlər.

109-2.4. Kooperativin nizamnaməsində ayrı hal nəzərdə tutulmayıbsa, kooperativin üzvü başqa kooperativin də üzvü ola bilər.

109-2.5. Kooperativin üzvlərinə [ortaq (assosiativ) üzvlər istisna olmaqla] onların mütləq əmlak paylarına görə dividendlər ödənilmir.

109-2.6. Kooperativin üzvü yaşına və səhhətinə görə pensiyaya çıxdıqda, kooperativdən kənarda seçkili işə keçdikdə, hərbi xidmətə çağırıldıqda və kooperativin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda kooperativin ümumi yığıncağının qərarına əsasən kooperativdə ortaq (assosiativ) üzvlüyə keçə bilər.

109-2.7. Kooperativin ortaq (assosiativ) üzvünün mütləq əmlak pay haqqının miqdarı və pay haqqı üzrə ödənilən dividendlərin şərtləri kooperativin nizamnaməsinə uyğun olaraq ortaq (assosiativ) üzvlə kooperativ arasında bağlanılan müqavilə əsasında müəyyənləşdirilir. Kooperativin ortaq (assosiativ) üzvünün mütləq əmlak pay haqqının miqdarı kooperativin nizamnaməsində müəyyənləşdirildikdə kooperativin digər üzvlərini mütləq pay haqqı miqdarından artıq məbləğdə müəyyənləşdirilə bilər.

109-2.8. Kooperativin ortaq (assosiativ) üzvü, onun kooperativdə üzvlüyü ilə bağlı şərtlərin kooperativin nizamnaməsində dəyişdirilməsi halları istisna olmaqla səs hüququna malik deyildir. (2)

Maddə 109-3. Kooperativ üzvlüyünə qəbul

Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. (2)

Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri

109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır:

109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq;

109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək;

109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq;

109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək;

109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq;

109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq;

109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək;

109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

109-4.2. Bu Məcəllənin 109-4.1.2-ci və 109-4.1.7-ci maddələrində nəzərdə tutulan hüquqlar kooperativin ortaq (assosiativ) üzvlərinə şamil olunmur.

109-4.3. Kooperativin fəaliyyətində şəxsi əməyi ilə iştirak edən üzvlərin göstərilən hüquqlardan savayı, öz əməyinə görə pul və ya natura ilə əməkhaqqı almaq hüququ vardır.

109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır:

109-4.4.1. kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada və həcmdə üzvlük haqqı və mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək;

109-4.4.2. nizamnaməyə əməl etmək, kooperativin orqanlarının qərarlarını yerinə yetirmək;

104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək;

109-4.4.4. qanun və nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. (2)

Maddə 110. Kooperativin əmlakı

110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər

110.2. Əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü kooperativ qeydə alınanadək pay haqqını tamamilə verməyə borcludur.

110.3. Kooperativin nizamnaməsi ilə müəyyənləşdirilə bilər ki, kooperativə mənsub əmlakın bir hissəsini nizamnamə ilə təyin edilən məqsədlər üçün istifadə olunan bölünməz fondlar təşkil edir. Bölünməz fondların yaradılmasına dair qərarı kooperativin üzvləri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yekdilliklə qəbul edirlər.

110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.



110.5. Kooperativin ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında onun nizamnaməsinə uyğun olaraq bölüşdürülür.(2)

Maddə 110-1. Kooperativ üzvlərinin pay haqları və kooperativin pay fondu

110-1.1. Kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır.

110-1.2. Kooperativ üzvlərinin pay haqlarına onların şəxsi borclarına görə tutma yalnız bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş halda və qaydada yönəldilə bilər.

110-1.3. Kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər.

110-1.4. Əgər ikinci və sonrakı illərin sonunda kooperativin xalis aktivlərinin dəyəri pay fondunun dəyərindən az olarsa, kooperativ üzvlərinin ümumi yığıncağı pay fondunun azaldığını elan etməyə və onu qanunvericiliklə müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur.

110-1.5. Kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə pay fondu artırıla və ya azaldıla bilər. Pay fondunun miqdarı kooperativin xalis aktivlərinin miqdarından artıq olmamalıdır. Kooperativin pay fondunun miqdarı onun xalis aktivlərinin miqdarından artıq olduqda kooperativin pay fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının proporsional azaldılması yolu ilə azaldılmalıdır.

110-1.6. Kooperativin pay fondunun artırılmasına mütləq pay haqları miqdarının artırılması ilə yol verilir. (2)

Maddə 110-2. Kooperativin mənfəəti və onun bölüşdürülməsi

110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir.

110-2.2. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür.

110-2.3. Kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. (2)

Maddə 110-3. Kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti

110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir.

110-3.2. Kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır.

110-3.3. Kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir.

110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. (2)

Maddə 111. Kooperativdə idarəetmə

111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz.

111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək;

111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın;

111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq;

111.3.4. kooperativin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək və zərəri bölüşdürmək;

111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək;

111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək;

111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.

111.4. Kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər.

111.5. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır.



111.6. Üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativin nizamnaməsinə uyğun olaraq müvəkkillərin yığıncağı şəklində keçirilə bilər. Müvəkkillərin sayı kooperativ üzvlərinin sayı nəzərə alınaraq müəyyənləşdirilir. Müvəkkillər kooperativin nizamnaməsində, aşağıdakılar da daxil olmaqla, nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu ilə seçilir: müvəkkil seçilən kooperativ üzvlərinin sayı; müvəkkillərin səlahiyyətlərinin müddəti; onların seçilmə qaydası. Müvəkkillər öz səlahiyyətlərini başqa şəxslərə, o cümlədən kooperativ üzvlərinə verə bilməzlər. Bu Məcəllənin və kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi yığıncağı barədə müddəaları müvəkkillərin yığıncağına da şamil edilir.

111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin kövbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır.

111.9. Kooperativin müşahidə şurası yaradıldıqda onun üzvlərinin sayı və səlahiyyət müddəti kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən müəyyənləşdirilir. Müşahidə şurasının iclası zərurət olduqda, lakin yarım ildə bir dəfədən az olmayaraq çağırılır. Müşahidə şurasının iclaslarının keçirilməsi qaydaları kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən müşahidə şurası, yaxud onun ayrı-ayrı üzvləri onların səlahiyyət müddəti bitməzdən əvvəl geri çağırıla bilər.

111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

111.11. Əgər idarə heyəti yaradılmışdırsa, nizamnamədə sədrin və idarə heyətinin səlahiyyətləri (təkbaşına və kollegial qaydada həyata keçirilən səlahiyyətlər) ayrıca göstərilməlidir.

111.12. Kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativ üzvlərinin sayı əllindən çox olduqda təftiş komissiyası (azı üç nəfərdən ibarət), kooperativ üzvlərinin sayı əllidən az olduqda isə müfəttiş seçir.

111.13. Kooperativin təftiş komissiyası (müfəttişi):

111.13.1. maliyyə-təsərrüfat ilinin nəticələrinə görə kooperativin maliyyə vəziyyətini yoxlayır;

111.13.2. kooperativ üzvlərinin ümumi yığıncağının, müşahidə şurasının sayı on faizdən artıq olan üzvlərin tələbi ilə, habelə öz təşəbbüsü ilə kooperativin maliyyə-təsərrüfat fəaliyyətini növbədənkənar yoxlayır.

111.14. Kooperativin təftiş komissiyası (müfəttişi) yoxlamanın nəticələrinə əsasən kooperativin idarəetmə orqanlarına rəy təqdim edir. Müşahidə şurası və ya idarə heyəti (sədr) yoxlamanın nəticələrinə nizamnamədə nəzərdə tutulmuş qaydada baxır və müvafiq qərar qəbul edir. Qərarla razılaşmadıqda təftiş komissiyası (müfəttiş) kooperativ üzvlərinin ümumi yığıncağına müraciət edə bilər.

111.15. Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən təftiş komissiyası, yaxud onun ayrı-ayrı üzvləri və ya müfəttiş səlahiyyət müddəti bitməzdən əvvəl geri çağırıla bilər. (2, 56)

Maddə 112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi

112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir.

112.2. Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır.

112.3. Əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

112.4. Kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.

112.5. Kooperativ üzvünün şəxsi borclarına görə tutmanın kooperativ üzvünün payına yönəldilməsinə yalnız həmin borcları ödəmək üçün onun başqa əmlakı kifayət etmədikdə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan qaydada yol verilir. Kooperativ üzvünün borclarına görə tutma kooperativin bölünməz fondlarına yönəldilə bilməz.



Maddə 113. Kooperativin yenidən təşkili və ləğvi

113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

113.2. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə