Azərbaycan Respublikasının Mülki Məcəlləsi


§ 5. Hüquqi şəxslərin dövlət reyestri



Yüklə 2.83 Mb.
səhifə7/36
tarix14.09.2018
ölçüsü2.83 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   36
§ 5. Hüquqi şəxslərin dövlət reyestri

Maddə 129. Hüquqi şəxslərin dövlət reyestrinin aparılması

129.1. Hüquqi şəxslərin dövlət reyestrini müvafiq icra hakimiyyəti orqanı mərkəzləşdirilmiş qaydada illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi üzrə, habelə digər meyarlar üzrə aparır. Zərurət olduqda hüquqi şəxslərin dövlət reyestrinin filialları yaradıla bilər.

129.2. Hüquqi şəxslərin qeydə alınması məqsədi ilə bütün ərizələr hüquqi şəxslərin dövlət reyestrini aparan orqana verilir. (10)

Maddə 130. Qeydə alınmalı faktlar və saxlanmağa verilən sənədlər

130.1. Dövlət reyestrində hüquqi şəxslərin onların qeydiyyatı ilə əlaqədar yazıda aşağıdakı məlumatlar göstərilməlidir:

130.1.1. hüquqi şəxsin adı (firma);

130.1.2. hüquqi şəxsin yerləşdiyi yaşayış məntəqəsi;

130.1.3. hüquqi şəxsin təşkilati-hüquqi forması;

130.1.4. maliyyə ili;

130.1.5. hüquqi şəxsin hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

130.1.6. hüquqi şəxsin hər bir qanuni təmsilçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri.

130.2. Kommandit ortaqlığında yuxarıda göstərilənlərdən əlavə, hər bir kommanditçinin mayasının miqdarı haqqında məlumat göstərilməlidir.

130.3. Məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində yuxarıda göstərilənlərdən əlavə, kapitalın miqdarı haqqında, hər bir təsisçinin mayasının miqdarı haqqında məlumatlar və müşahidə şurasının yaradıldığı halda onun hər bir üzvünün soyadı, adı, atasının adı, peşəsi və yaşayış yeri göstərilməlidir.

130.3-1. Dövlət reyestrində həmçinin «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məlumatlar da əks etdirilməlidir.

130.4. Qeydə alınmış faktın hər bir sonrakı faktik dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmaq üçün təqdim edilməlidir. Dəyişiklik yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alındığı andan hüquqi qüvvəyə minir.

130.5. Müvafiq icra hakimiyyəti orqanı qeydiyyat üçün lazımi məlumatların təqdim edilməsi və ya hüquqi şəxslərin dövlət reyestrinə sənədlərin təqdim edilməsi vəzifələrini yerinə yetirməyən şəxslərdən bu vəzifələri yerinə yetirməyi tələb edə bilər. (10)

Maddə 131. Hüquqi şəxslərin qeydə alınması barədə ərizə

131.1. Dövlət reyestrində hüquqi şəxsin qeydə alınmasına dair ərizə imzalanmış yazılı orijinal və bir surət şəklində təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı ərizəni aldığını surətdəki qeydlə təsdiq edir.

131.2. Hüquqi şəxslərin qeydiyyatı zamanı müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxsin konkret növünün qeydiyyatı üçün qoyulan şərtlərin yerinə yetirilib-yetirilmədiyini yoxlamağa borcludur.

131.3. Bütün təsisçilər hüquqi şəxsin qeydə alınması barədə ərizəni imzalamalıdırlar.

131.4. Hüquqi şəxsin qeydə alınması barədə ərizəni, habelə saxlanmaq üçün sənədləri hüquqi şəxsin qanuni təmsilçiləri təqdim edirlər. Ərizəni və saxlanmaq üçün sənədləri təqdim edərkən qanuni təmsilçi qeydiyyata verilən faktların və saxlanmağa verilən sənədlərin düzgünlüyünü təsdiqləyir. Ərizədə qanuni təmsilçinin imzası, habelə saxlanmaq üçün müvafiq icra hakimiyyəti orqanına verilən müəyyən imza xətləri notarius tərəfindən təsdiqlənməlidir.

Maddə 132. Hüquqi şəxslərin dövlət reyestrində yazılar və qeydiyyat yazısının dərci

132.1. Qeydə alınmış hüquqi şəxs hüquqi şəxslərin dövlət reyestrinə yazılır, qeydiyyata təqdim edilən sənədlər isə arxivə verilir.

132.2. Hüquqi şəxsi qeydə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı ərizəçiyə göndərməlidir. Ərizəçi hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı yoxlamalı və yanlışlıq tapdıqda bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

132.3. Əgər çıxarış göndərildikdən sonra üç həftə ərzində ərizəçi yanlışlıq tapılması halı barəsində məlumat verməzsə, hüquqi şəxslərin dövlət reyestrindəki yazı Azərbaycan Respublikasının dövlət qəzetində dərc edilir.

132.4. Hüquqi şəxs qeydiyyat məqsədi ilə yanlış məlumat verərsə, hüquqi şəxsin təsisçiləri və şərikləri birgə borclular kimi:

132.4.1. çatışmaya bilən haqları verməli;

132.4.2. hüquqi şəxsin yaradılması üçün çəkilən xərclərdən başqa, aldıqları ödənişlərin əvəzini verməli;

132.4.3. əmələ gələn digər zərəri ödəməlidirlər.

Maddə 133. Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması

133.1. Hüquqi şəxs ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən sonra onun dövlət reyestrindən çıxarılması üçün «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

133.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada hüquqi şəxsin dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Hüquqi şəxsin ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır. (10)

Maddə 134. Hüquqi şəxslərin dövlət reyestrinin aşkarlığı

İstənilən şəxsin ixtiyarı vardır ki, hüquqi şəxslərin dövlət reyestrini gözdən keçirsin və reyestrdən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etsin. Hüquqi şəxsin və onu təmsil etmək səlahiyyəti olan şəxsin mövcudluğu qeydiyyat şəhadətnaməsi ilə təsdiq edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı maraqlanan şəxsin tələbi ilə hüquqi şəxsin qeydə alındığı və ya qeydə alınmadığı barədə şəhadətnamə verməlidir. (12)

Üçüncü bölmə. Əmlak və Əşya hüququ (12)

5-ci fəsil. Ümumi müddəalar

§ 1. Əşya hüququnun əsas anlayışları

Maddə 135. Əşya hüququnun obyektləri

135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.

135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.

135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.

135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.

135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.

135.6. Əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi—müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır.

135.8. Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.

135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.

135.10. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatına da şamil edilir.

135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. (12, 57)

Maddə 136. Əşyaların mülki dövriyyəsi

136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir.



Maddə 137. Qeyri-maddi əmlak nemətləri

Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. (12)

Maddə 138. Əşyaların və hüquqların yüklülüyü

138.1. Əşyanın yüklülüyü—qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.

138.2. Hüququn yüklülüyü—qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır.

§ 2. Əmlak hüquqlarının dövlət qeydiyyatı

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.



139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. (12, 49)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;

139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;

139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

139-1.1.8. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:

139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;

139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:

139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;

139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. (44, 55)

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası

Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. (12)

Maddə 141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması

141.1.Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. (12)

Maddə 142. Daşınmaz əmlakın qeydiyyatı üçün rüsum

142.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bununla bağlı mərzçəkmə işləri üçün qanunla müəyyənləşdirilmiş dövlət rüsumu tutulur.

142.2. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibi ilə bağlı hər cür zərər üçün dövlət məsuliyyət daşıyır. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanı reyestrin düzgün aparılmamasında təqsirli olduqda dövlət həmin orqan barəsində reqressant olur. (12)

Maddə 143. Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə nəzarət

Daşınmaz əmlakın dövlət reyestrinin tərtibinə müntəzəm nəzarət edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrinin yanlış tərtibi və ya orada yanlış qeydlər edilməsi barədə şikayətlər məhkəməyə verilir. (12)

Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi

144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

144.2-1. Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsi ilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərir.

144.3. Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsinin müqavilə (zərurət olduqda – bu Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd ilə birlikdə elektron formada informasiya sistemləri vasitəsi ilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərir (bu halda bu Məcəllənin 144.2-1-ci maddəsinin müqavilənin nüsxəsinin göndərilməsi ilə bağlı müddəaları tətbiq edilmir). Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir.

144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.



144.5. Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat mülkiyyətçinin razılığı ilə aparılır. (4, 18, 44, 51, 53)

Maddə 145. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizə

145.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizələr ləngiməyə yol verilmədən onların zaman ardıcıllığı ilə, ərizəçi və onun xahişi göstərilməklə ərizə jurnalına daxil edilir.

145.2. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas götürülən sənədlər onların təyinatına uyğun sistemləşdirilir və saxlanılır. (12)

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi

146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.

146.4. Daşınmaz əmlaka dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanına daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması haqqında müraciət etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir. Ərizəyə müqavilənin bir nüsxəsi, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilir. Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir.

146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda notarial ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur.

146.6. Daşınmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə və ya məhkəmə qərarı əsasında dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər.

146.7. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı notarial ərizənin daxil olduğu tarix üzrə aparılır.

146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. (2, 18, 21, 51, 53)

Maddə 147. Qabaqcadan qeydiyyat

147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir.

147.2. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir.

147.3. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir. (12)

Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı

148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.

148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.



148.3. Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış qanunla müəyyən edilmiş hallarda və qaydada notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilir. (18, 53)

Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması

149.1. Daşınmaz əmlaka hüquqların hüquqi əsas olmadan və ya etibarsız əqd üzrə qeydə alınması əsassız qeydiyyat sayılır. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa, bunu bilən və ya bilməli olan üçüncü şəxs həmin qeydiyyata əsaslana bilməz. Belə qeydiyyat nəticəsində hüquqlarına toxunulmuş şəxs bilavasitə vicdansız üçüncü şəxsə qarşı iddia ilə müraciət edə bilər.

149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. (12)



Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi

150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. (2)

Maddə 151. Daşınmaz əmlakın dövlət reyestrində düzəliş

151.1. Daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanı maraqlı şəxslərin yazılı razılığı olmadan yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən reyestrdə dəyişiklik edə bilər.

151.2. Sadə səhvlər və texniki xətalar xidməti qaydada düzəldilir. (12)

6-cı fəsil. Mülkiyyət hüququnun ümumi müddəaları

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

152.4. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.

152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.



Maddə 153. Mülkiyyət hüququnun subyektləri

153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.

153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ

154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.

154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.

154.3. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir.



Maddə 155. Dövlət mülkiyyəti hüququ

155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.

155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.

155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

Maddə 156. Bələdiyyələrin mülkiyyət hüququ

156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

156.2. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir.

Maddə 157. Mülkiyyətin müdafiəsi

157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

157.3. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Pul, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz.

157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.



157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. (5, 10, 12, 23, 36, 46)

Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları

158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:

158.1.1. girov hüququ;

158.1.2. əmlakdan istifadə hüququ;

158.1.3. servitutlar.

158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun..

158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (12)



7-ci fəsil. Sahiblik hüququ

Maddə 159. Əşyaya sahiblik

Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.



Maddə 160. Vasitəsiz və vasitəli sahiblik

Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.



Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi

Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.



Maddə 162. Sahibliyin müvəqqəti kəsilməsi

Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.



Maddə 163. Sahibliyin verilməsi

163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.

163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir.



Maddə 164. Sahibliyin müdafiəsi

164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

Maddə 165. Sahibliyin pozulması

165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi

166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.

166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.



Maddə 167. Vicdansız sahibin əşyanı qaytarmaq vəzifəsi

Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir. (12)

Maddə 168. Vicdanlı sahibin mülkiyyətçi qarşısında məsuliyyətinin olmaması

Əşyanın vicdanlı sahibi öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən şeyin əvəzini ödəməyə borclu deyildir. (12)

8-ci fəsil. Mülkiyyət hüququnun məhdudlaşdırılması

Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları

169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.

169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.

Maddə 170. Qonşuluq hüququ

170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.

Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi

171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.



Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan

172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.

172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.

172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.

Maddə 173. Çıxıntılı binalar

173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.

173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.

173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.

Maddə 174. Çıxıntılı bitkilər

174.1. Əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər.

174.2. Ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır.

174.3. Əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir.



Maddə 175. Özgənin sahibliyində olan sahədən zəruri yol və keçid

175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.



Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi

176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.

176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.

176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.



Maddə 177. İtmiş heyvanlar və əşyalar

Əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir.



9-cu fəsil. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə