Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “asan xidmət” mərkəzlərində



Yüklə 235,36 Kb.
səhifə1/3
tarix24.02.2018
ölçüsü235,36 Kb.
#27825
növüQaydalar
  1   2   3

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində nəzarət və qiymətləndirmə Qaydaları

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının

 

Qərarı

 

19” dekabr 2013-cü il                             № 1/1-05                                   Bakı şəhəri



 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 5.8-ci və 5.9-cu yarımbəndlərinə əsasən Kollegiya

 

Qərara alır:

 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində nəzarət və qiymətləndirmə Qaydaları təsdiq edilsin.



2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətinin təşkili Qaydalarında dəyişiklik təsdiq edilsin.

 

Kollegiyasının sədri:                                                                          İnam Kərimov

 

 


 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 19 dekabr 2013-cü il tarixli 1/1-05 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində nəzarət və qiymətləndirmə

 

QAYDALARI

 

1. Ümumi müddəalar



 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında  Əsasnamə”nin 2.1.2-2.1.4, 3.1.2-3.1.5, 4.1.1 və 4.1.2-ci yarımbəndlərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Dövlət Agentliyi) tabeliyində olan “ASAN xidmət” mərkəzlərində (bundan sonra – mərkəzlər) fəaliyyətin təşkili, davranış qaydalarına əməl olunması və xidmətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarətin (bundan sonra – nəzarət)  və qiymətləndirmənin aparılması prosedurlarını müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati və hüquqi münasibətləri tənzimləyir.    



1.2. Bu Qaydalara əməl edilməsinə bilavasitə nəzarəti mərkəzin direktoru, həmin mərkəzdə Vətəndaşların hüquqlarının təminatı sektoru (bundan sonra - Sektor), ümumi nəzarəti isə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi (bundan sonra – Şöbə) həyata keçirir.

1.3. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. nəzarət - əməkdaşlar tərəfindən xidmətlə bağlı  qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə, mərkəzlərdə göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə, mərkəzlərdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının etik davranış qaydalarına əməl edilməsinin yoxlanılmasına dair fəaliyyət;

1.3.2. qiymətləndirmə - mərkəzlərdə dövlət orqanları tərəfindən göstərilən xidmətlər zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının cari vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, sistemləşdirilməsi, meyarlar və parametrlər üzrə yoxlanılması, təhlili, ballar üzrə qiymətləndirilməsi və yekun hesabatın hazırlanması;

1.3.3. qiymətləndirmə meyarları – qiymətləndirmə zamanı məlumatların toplanması və qiymətləndirmənin aparılması üçün əsas parametrlər;

1.3.4. qiymətləndirmə parametrləri – hər bir meyar üzrə müvafiq ballarla ölçülən indikatorlar;

1.3.5. operativlik – xidmətlərin qanunvericiliyə əsasən müəyyən olunmuş zaman çərçivəsində, sürətli və təxirə salınmadan həyata keçirilməsi;

1.3.6. şəffaflıq – hər bir xidmət pəncərəsində xidmət prosedurunun kənardan müşahidə edilməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin əlçatanlığı, şəxslərin mərkəzlərin fəaliyyəti və göstərilən xidmətlərlə bağlı mütəmadi informasiya ilə təmin olunması;

1.3.7. nəzakətlilik – xidmət zamanı mədəni davranış və etik qaydalara riayət olunması;

1.3.8. məsuliyyət – xidmətin göstərilməsinə, təsirlərinə və nəticələrinə görə cavabdehlik daşıma;

1.3.9. rahatlıq – xidmətlərin əsassız qayğı, vaxt itkisi, üzüntü, həyəcan, şübhə  olmadığı hallar əsasında  həyata keçirilməsi;

1.3.10. hüquq pozuntusu – mərkəzlərdə xidmət göstərən dövlət orqanlarının və digər qurumların əməkdaşlarının hüquqi məsuliyyətə səbəb olan, ictimai münasibətlərə zərər vuran təqsirli, hüquqazidd əməli.

1.4. Funksional yardımçı xidmətləri həyata keçirən qurumların fəaliyyətinin qiymətləndirilməsi onlarla bağlanmış müqavilələr ilə tənzimlənir.

 

2. Nəzarət və qiymətləndirmənin məqsədi



2.1. Bu Qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:

2.1.1. mərkəzlərdə xidmət göstərən dövlət orqanlarının və digər qurumların əməkdaşları (bundan sonra - əməkdaşlar) tərəfindən davranış, fəaliyyətin təşkili qaydalarına əməl olunmasının və xidmətin qanunvericiliyə uyğun həyata keçirilməsinin təmin edilməsi;

2.1.2. mərkəzlərdə hər bir xidmətin göstərilməsi zamanı vətəndaş məmnunluğunun təmin edilməsi və operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl olunması səviyyəsinin müəyyənləşdirilməsi;

2.1.3. mərkəzlərdə göstərilən hər bir xidmətin qanunvericiliyə uyğun həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığa dair qiymətləndirmənin aparılmasının təmin edilməsi;

2.1.4. mərkəzlərdə hər bir xidmətin həyata keçirilməsi zamanı baş vermiş hüquq pozuntusunun (bundan sonra - pozuntu) tam, obyektiv, hərtərəfli və təxirə salınmadan araşdırılması, baş vermə səbəblərinin və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması və gələcəkdə  təkrarlanmaması üçün tədbirlərin görülməsi, xidmətin gələcək inkişafının təmin edilməsi.

 

3. Nəzarətin istiqamətləri



3.1. Nəzarət aşağıdakı istiqamətlər üzrə aparılır:

3.1.1. mərkəzlərdə fəaliyyətin tənzimlənməsi və davranış  qaydalarına, növbəlilik qrafikinə  əməl edilməsinə nəzarət;

3.1.2. mərkəzlərdə həyata keçirilən hər bir xidmətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət:

3.1.2.1. dövlət orqanlarının həyata keçirdikləri xidmətləri tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət;

3.1.2.2. mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət;

3.1.2.3. əməkdaşların qanunvericiliklə onlara verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətinə (xidməti davranışına) nəzarət;

3.1.3. mərkəzlərdə fəaliyyət göstərən əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl edilməsinə nəzarət.

 

4. Nəzarətin həyata keçirilməsində istifadə edilən  üsullar

 

4.1. Nəzarətin həyata keçirilməsində aşağıdakı  üsullardan istifadə edilir:

4.1.1. nəzarət kameraları vasitəsilə müşahidə;     

4.1.2. xidməti fəaliyyətə yerində nəzarət olunması, müşahidə və monitorinqlərin aparılması;

4.1.3. vətəndaşlarla şifahi, yazılı və onlayn sorğuların aparılması və ya vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması;

4.1.4. bu Qaydaların məqsədlərinə uyğun kütləvi informasiya vasitələrindən daxil olan məlumatların araşdırılması.

 

5. Nəzarət aparan şəxsin hüquq və vəzifələri

 

5.1. Nəzarət  aparan şəxs aşağıdakı hüquqlara malikdir:

5.1.1. barəsində nəzarət aparılan əməkdaşı çağırmaq, nəzarətin istiqamətləri üzrə yol verdiyi pozuntuya aid yazılı izahat və ya başqa məlumatlar almaq;

5.1.2. bu Qaydalara əsasən mütəmadi olaraq nəzarət və müşahidə aparmaq, monitorinqlərdə iştirak etmək;

5.1.3. əməkdaşların mərkəzlərdən kənarlaşdırılması barədə təqdimat vermək;

5.1.4. nəzarət kameralarını izləmək;

5.1.5. vətəndaşların müraciətləri və sorğuların cavablandırılması ilə bağlı araşdırma aparmaq.

5.2. Nəzarət  aparan şəxs aşağıdakı vəzifələrə malikdir:

5.2.1. nəzarəti qərəzsiz, tam, hərtərəfli, obyektiv və vaxtında aparmaq;

5.2.2. nəzarət zamanı aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasını tələb etmək;

5.2.3. nəzarətin gedişatı ilə bağlı rəhbərliyi məlumatlandırmaq;

5.2.4. nəzarət nəticələri barədə müvafiq rəy, tövsiyə və ya hesabatlar hazırlamaq.

 

6. Nəzarətin təşkili və keçirilməsi



 

6.1. Mərkəzlərdə gündəlik nəzarət müvafiq mərkəzin direktoru və Sektor tərəfindən aparılır.



6.2. Nəzarət qanunvericilikdə və bu Qaydalarda nəzərdə tutulmuş istiqamətlər üzrə aparılır.

6.3. Əməkdaşların xidməti fəaliyyətinə nəzarət aparılarkən pozuntu aşkar edildikdə nəzarəti həyata keçirən şəxs şifahi olaraq bu halı əməkdaşın nəzərinə çatdırır və bu Qaydaların 1 nömrəli Əlavəsinə uyğun olaraq  müvafiq qeydiyyat aparır.

6.4. Nəzarət iş vaxtı ərzində aparılır. Nəzarət zamanı aşkar edilmiş pozuntu hallarının  tam və obyektiv aparılması məqsədi ilə müvafiq şəxslərin iştirakı ilə aidiyyəti sənədlər araşdırılır və rəsmiləşdirilir. Araşdırma zamanı aidiyyəti struktur bölmələrin əməkdaşlarıdəvət olunur.

6.5. Aşkar edilmiş pozuntu hallarının  araşdırılması zamanı mərkəzlərdə xidmətdən istifadə edən şəxslərin məcburi cəlb edilməsinə yol verilmir.

6.6. Nəzarətin aparılması mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, həyata keçirilməsinə maneçilik törətməməlidir.

6.7. Sektorun əməkdaşları tərəfindən aparılmış gündəlik nəzarətin nəticəsində müəyyən olunmuş pozuntu hallarına  dair məlumatlar hər iş gününün sonunda və həftəlik  ümumiləşdirilərək mərkəzin direktoru tərəfindən Şöbəyə təqdim edilir.

6.8. Toplanmış məlumatlara əsasən Şöbə tərəfindən rəy, tövsiyə və ya  hesabatlar hazırlanır.

6.9. Nəzarəti həyata keçirən şəxs tərəfindən bu Qaydaların 1 nömrəli Əlavəsinə uyğun olaraq aparılan qeydlər iş gününün sonunda sektor müdirinə təqdim edilir. Aparılan qeydlərə əsasən pozuntu halı təsdiqini tapdıqda sektor müdiri əməkdaş barəsində bu Qaydaların 2 nömrəli Əlavəsində nəzərdə tutulan formada xəbərdarlıq və ya bu Qaydaların 3 nömrəli Əlavəsinə uyğun olaraq bildiriş tərtib edir. Barəsində xəbərdarlıq və ya bildiriş tərtib olunmuş şəxs bununla bağlı mərkəzin direktoruna 2 (iki) iş günü müddətində şikayət edə bilər.

6.10. Pozuntu barədə tərtib olunmuş xəbərdarlıq və ya bildiriş kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyatdan keçirilir. Xəbərdarlıq və ya bildiriş iki nüsxədə tərtib olunur və bir nüsxəsi əməkdaşa təqdim edilir.

6.11. Bu Qaydaların 6.9-cu bəndinə uyğun olaraq daxil olmuş şikayətlər mərkəzin direktoru tərəfindən 2 (iki) iş günü ərzində araşdırılır. Bu vəzifənin həyata keçirilməsi ilə bağlı mərkəzin direktorunun aşağıdakı hüquqları vardır:

6.11.1. kamera vasitəsilə əldə olunmuş görüntülərə baxmaq;

6.11.2. obyektiv araşdırmanın həyata keçirilməsi üçün zəruri  olan  məlumatları (sənədləri) müvafiq şəxslərdən və orqanlardan almaq, zərurət olduğu halda sənədləri və ya onların surətlərini iş materiallarına əlavə etmək;

6.12. Şikayətin baxılması və araşdırılması nəticəsində çatışmazlıq aşkarlanarsa mərkəz direktoru müvafiq pozuntu barədə qeydiyyatı ləğv edir. Nəticə barədə 1(bir) iş günü ərzində müvafiq əməkdaşa məlumat verilir.

6.13. Bu Qaydaların 6.9-cu bəndinə uyğun olaraq barəsində xəbərdarlıq və ya bildiriş tərtib olunmuş əməkdaş yenidən pozuntuya yol verərsə, törədilən pozuntunun xarakteri və əhəmiyyəti nəzərə alınmaqla mərkəzin direktoru tərəfindən bu Qaydaların 4 nömrəli Əlavəsinə uyğun arayış tərtib olunur. Arayışda aşağıdakı məlumatlar göstərilməlidir:

6.13.1. pozuntuya  yol vermiş əməkdaşın adı, soyadı və xidmət etdiyi qurum  barədə məlumat;

6.13.2. əməkdaşın əvvəlki xidməti fəaliyyəti və davranışı barədə ümumi məlumat (nəzarətin nəticəsində elektron bazada toplanmış ümumi məlumat əsasında);

6.13.3. nəzarəti aparan şəxsin adı, soyadı və vəzifəsi;

6.13.4. əməkdaş barəsində tərtib olunmuş xəbərdarlıq və ya bildirişə dair məlumat;

6.13.5. işə aid digər məlumatlar.

6.14. Arayış nəzarəti aparan şəxs, sektor müdiri və mərkəzin direktoru tərəfindən imzalanır.

6.15. Arayış tərtib olunarkən obyektivlik, sistemlilik təmin olunmalı, arayışda müəyyən edilmiş faktların və aşkar olunmuş pozuntular aydın və dəqiq göstərilməlidir.

6.16. Araşdırmanın obyektiv və şəffaf aparılmasını təmin etmək üçün qanunvericiliyə uyğun tərtib edilmiş aktlar arayışa əlavə olunur. Arayış və arayışa əlavə edilmiş digər sənədlər qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün Şöbəyə göndərilir.

 

7. Nəzarətin nəticələri

 

7.1. Nəzarətin nəticəsi olaraq aşkar olunan problemlər, pozuntular və onların aradan qaldırılması üçün təkliflərin yer aldığı rəy, tövsiyə və ya hesabat Şöbə tərəfindən  hazırlanır və növbəti ayın 1-ci həftəsi Dövlət Agentliyinin sədrinə təqdim edilir.

7.2. Nəzarətin nəticələri üzrə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün Dövlət Agentliyi müvafiq orqanlara icrası məcburi olan tövsiyələr verir və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

7.3. Nəzarət nəticəsində aşkar olunmuş əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülür, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlər müşayiət məktubu ilə  Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir.  

 

8. Qiymətləndirmənin istiqamətləri.

 

8.1. Qiymətləndirmə aşağıdakı istiqamətlər üzrə aparılır:



8.1.1. xidmətin qanunvericiliyə uyğun həyata keçirilməsinin qiymətləndirilməsi, həmçinin xidmət zamanı normativ hüquqi aktların tələblərinə riayət olunmasının qiymətləndirilməsi;

8.1.2. xidmətin keyfiyyətinin qiymətləndirilməsi – mərkəzlərdə xidmətlərin operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin qiymətləndirilməsi;

8.1.3. xidmətin şəffaflığının qiymətləndirilməsi – xidmətlərin yalnız müəyyən olunmuş qaydalara əsasən həyata keçirilməsinin rahatlıqla müşahidəsinin və xidmət prosedurlarının şəxslərə izah edilməsinin qiymətləndirilməsi.

 

9. Qiymətləndirmənin həyata keçirilməsində istifadə edilən  üsullar:

 

9.1. Sektor tərəfindən aparılmış gündəlik nəzarətin nəticələrinə dair məlumatlar və hesabatların ümumiləşdirilməsi və təhlili.



9.2. xidməti fəaliyyətə yerində müşahidə və monitorinqlərin aparılması;

 

10. Qiymətləndirmə aparan şəxsin hüquq və vəzifələri

 

10.1. Qiymətləndirmə aparan şəxs aşağıdakı hüquqlara malikdir:



10.1.1. vəzifələrinin yerinə  yetirilməsi üçün zəruri  olan  məlumatları (sənədləri) müvafiq şəxslərdən və orqanlardan almaq, zərurət olduğu halda sənədləri və ya onların surətlərini iş materiallarına əlavə etmək;

10.1.2. bu Qaydalara əsasən mütəmadi olaraq müşahidə aparmaq, monitorinqlərdə iştirak etmək;

10.1.3. əməkdaşların xidməti fəaliyyətini qiymətləndirmə meyarları və parametrləri üzrə qiymətləndirmək.

10.2. Qiymətləndirmə aparan şəxs aşağıdakı vəzifələrə malikdir:

10.2.1. qiymətləndirməni aparan zaman qanunvericiliyi və bu Qaydaları rəhbər tutmaq;

10.2.2. qiymətləndirməni qərəzsiz, tam, hərtərəfli, obyektiv və vaxtında aparmaq;

10.2.3. qiymətləndirmənin gedişatı ilə bağlı rəhbərliyi məlumatlandırmaq;

10.2.4. qiymətləndirmənin nəticələri barədə müvafiq rəy, tövsiyə və ya hesabatlar hazırlamaq.

 

11. Qiymətləndirmənin təşkili və keçirilməsi



 

11.1. Mərkəzlər tərəfindən 1(bir) təqvim ayı ərzində aparılmış nəzarətin nəticəsi əsasında qiymətləndirmə aparılır.  Əməkdaş  barəsində yalnız bu Qaydaların 6.9-cu bəndinə uyğun olaraq tərtib olunan bildiriş qiymətləndirmə zamanı nəzərə alınır. Əməkdaşa pozuntuya dair xəbərdarlıq olunması qiymətləndirmə zamanı nəzərə alınmır.



11.2. Qiymətləndirmə fərdi qaydada (hər bir əməkdaş üzrə) və xidmət üzrə (qiymətləndirilən əməkdaşların ballarına əsasən) aparılır.

11.3. Qiymətləndirmə aşağıdakı 4 mərhələdə həyata keçirilir:

11.3.1. məlumatların toplanması;

11.3.2. məlumatların sistemləşdirilməsi, yekun balların və faizlərin çıxarılması;

11.3.3. qiymətləndirmə nəticələri ilə qiymətləndirilən tərəflərin tanış edilməsi;

11.3.4. rəy, tövsiyə və ya hesabatların hazırlanması.

11.4. Mərkəzlərdə Sektor tərəfindən aparılan nəzarətin nəticəsi ayda bir dəfə bu Qaydalara uyğun olaraq məlumatların toplanması, sistemləşdirilməsi, yekun balların və faizlərin çıxarılması və qiymətləndirmə nəticələri ilə qiymətləndirilən tərəflərin tanış edilməsi həyata keçirildikdən sonra nəticələr rəy, tövsiyə və ya hesabatların hazırlanması üçün Şöbəyə göndərilir.

11.5. Əməkdaş üzrə (fərdi qaydada) qiymətləndirmə bu Qaydaların 5 nömrəli Əlavəsində nəzərdə tutulmuş meyarlara uyğun aparılır:

11.5.1. nəzarət aparılması nəticəsində əldə edilmiş məlumat iki və daha artıq qiymətləndirmə parametrinə təsir etdikdə yalnız bir meyar üzrə qiymətləndirmə aparılır.

11.5.2. qiymətləndirmə dövrü ərzində bu Qaydaların 4.1.3 və 4.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş müddəalar üzrə əməkdaş (əməkdaşlar) barəsində daxil olan əsaslı şikayət (şikayətlər)  qiymətləndirmə zamanı yekun bal hesablanarkən nəzərə alınır;

11.5.3. meyarlar üzrə ümumi qiymətləndirmə 100 ballıq sistemə əsasən aparılır. Qiymətləndirmə üçün hər bir əməkdaşa  5 nömrəli Əlavədə nəzərdə tutulan parametrlərin hər biri üzrə ilkin olaraq 75 bal verilir;

11.5.4. hər bir meyar üzrə yekun bal həmin meyar üzrə pozuntulara görə parametrlərə verilmiş balların cəminin 75-dən çıxılması əsasında hesablanır. Meyarlar üzrə ümumi orta bal isə bu Qaydaların 5 nömrəli Əlavəsində nəzərdə tutulmuş qaydada hesablanır;

11.5.5. xidmətdə fərqlənmiş əməkdaşların qiymətləndirilməsi zamanı bu Qaydaların 6 nömrəli Əlavəsində nəzərdə tutulmuş parametrlər üzrə mərkəzin direktoru tərəfindən bal əlavə olunur. Xidmətdə fərqlənmə meyarı üzrə ümumi bal parametrlər üzrə balların toplanması nəticəsində əldə olunur. Fərdi (əməkdaş üzrə) qiymətləndirmə üzrə yekun bal bu Qaydaların 5 nömrəli Əlavəsinə əsasən əldə olunmuş meyarlar üzrə ümumi orta balın üzərinə “Xidmətdə fərqlənmə” meyarı üzrə əldə olunmuş ümumi balın əlavə olunması nəticəsində əldə olunur;

11.5.6. yekun balın göstəricisi 40-dan aşağı olduqda “qeyri-kafi”, 41-60 bal olduqda “kafi”, 61-75 bal olduqda “yaxşı”, 76-90 bal olduqda “çox yaxşı”, 91-100 bal isə “əla” kimi qiymətləndirilir;

11.5.7. əməkdaşların qiymətləndirmə zamanı topladıqları bal rüsumların bölgüsü zamanı nəzərə alınır;

11.5.8. bu Qaydaların 5 nömrəli Əlavəsində nəzərdə tutulan hər hansı meyar üzrə “yaxşı” qiymətindən aşağı qiymət alan əməkdaşlar barəsində bu Qaydaların 12.2-ci bəndinə əsasən tədbirlər görülür;

11.5.9. ardıcıl surətdə 3 təqvim ayı ərzində hər ay üzrə 85-90 bal toplamış və həmin dövr ərzində Şöbəyə və mərkəzlərə barəsində heç bir pozuntu haqqında məlumat daxil olmayan əməkdaş(lar) barəsində bu Qaydaların 11.5.11.1-ci abzasına əsasən əlavə həvəsləndirmə tədbiri tətbiq edilir;

11.5.10. pozuntu hallarına görə hər meyar üzrə parametrlərə əsasən çıxılan balların cəmi 75-dən artıq ola bilməz;

11.5.11. “əla” qiymət almış əməkdaşlar aşağıdakı qaydada mükafatlandırılır:

11.5.11.1. 91-95 bal toplamış əməkdaşlara müvafiq mərkəzin direktoru tərəfindən təşəkkürnamə təqdim olunur;

11.5.11.2. 96-100 bal toplamış əməkdaşlara Agentliyin sədri tərəfindən bu Qaydaların 12.3-cü bəndinə uyğun olaraq həvəsləndirmə tədbiri tətbiq edilir.

11.5.12. il ərzində hər hansı bir qiymətləndirmə meyarı üzrə qiymətləndirmə dövrləri ərzində “çox yaxşı” qiymətindən aşağı qiymət almayan və ya 3 və daha artıq “təşəkkürnamə” almış əməkdaşlar barəsində bu Qaydaların 12.3 – cü bəndinə uyğun olaraq həvəsləndirmə tədbirləri  tətbiq edilir.



11.6. Mərkəzlərdə xidmət göstərən dövlət orqanlarının əməkdaşları barəsində aparılan fərdi qiymətləndirmənin nəticəsindən asılı olaraq hər bir dövlət orqanı tərəfindən göstərilən xidmətlərin qiymətləndirilməsi aparılır. Dövlət orqanı tərəfindən göstərilən xidmətlərin qiymətləndirilməsi bu Qaydaların 7 nömrəli Əlavəsində nəzərdə tutulmuş formada aparılır.

11.7. Mərkəzlərdə xidmət göstərən orqanlar üzrə qiymətləndirmə balı həmin orqanın əməkdaşlarının fərdi qaydada qiymətləndirilmə ballarının orta göstəricisi ilə müəyyən edilir.

11.8. Hər ay üzrə qiymətləndirmə yekunlaşdıqdan (növbəti ayın ilk 3 iş günü) sonra nəticələr təsdiq olunması üçün mərkəzin direktoruna təqdim olunur.  Mərkəzin direktoru 1 iş günü ərzində qiymətləndirmənin nəticələrinə baxdıqdan sonra nəticələri təsdiq edir.

11.9. Qiymətləndirilən əməkdaşlar mərkəzin direktoru tərəfindən təsdiq olunmuş nəticələrlə 3 iş günü ərzində müvafiq proqram təminatı vasitəsi ilə tanış edilir. Qiymətləndirmə nəticəsi ilə razı olmayan əməkdaş səbəbi göstərilməklə proqram təminatında müvafiq qeydlər aparır və yekun nəticələr mərkəzlər tərəfindən 1 iş günü ərzində Şöbəyə təqdim olunur.

11.10. Aparılmış qiymətləndirmənin obyektivliyinin yoxlanılması, məlumatların əldə edilməsi məqsədilə aidiyyəti struktur bölmələrə Şöbə tərəfindən sorğular göndərilə, həmçinin sorğu nəticəsində təqdim olunmuş məlumatların obyektivliyinin, tamlığının və qərəzsizliyinin yoxlanılması məqsədi ilə mərkəzlərdə monitorinq və müşahidələr aparıla bilər.

 

12. Qiymətləndirmənin nəticələri

 

12.1. Qiymətləndirmənin nəticəsi olaraq dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təşkilinin vəziyyəti, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi, qiyməti və xidmətin təkmilləşdirilməsi istiqamətində təkliflərin yer aldığı rəy, tövsiyə və ya hesabat hazırlanır və növbəti ayın 2-ci həftəsi Dövlət Agentliyinin sədrinə təqdim edilir.



12.2. Dövlət Agentliyin sədri qiymətləndirmə nəticələrinə uyğun olaraq əmək funksiyasını tam və ya qismən yerinə yetirməmiş, yaxud keyfiyyətsiz yerinə yetirmiş, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozmuş əməkdaşlar barəsində aşağıdakı tədbirlərdən birini tətbiq edə bilər:

12.2.1. xəbərdarlıq;

12.2.2. müvafiq maarifləndirməyə və ya təlimə cəlb etmə;

12.2.3. müvafiq orqana barəsində intizam tənbeh tədbirinin görülməsi üçün təqdimatın verilməsi.

12.3. Əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmiş, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər barəsində aşağıdakı həvəsləndirmə tədbirlərindən biri görülə bilər:

12.3.1. təşəkkürnamə;

12.3.2. mükafat;

12.3.3. dövlət orqanının əməkdaşı barəsində müvafiq həvəsləndirmə tədbirinin görülməsi üçün aidiyyəti orqana təqdimat göndərilməsi.

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində nəzarət və qiymətləndirmə Qaydaları"na 1 nömrəli Əlavə

 


Yüklə 235,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə