Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1,1 Mb.
səhifə1/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
  1   2   3   4   5   6   7   8   9   ...   16

Azərbaycan Respublikasının Seçki Məcəlləsi

(2010-cu il iyulun 17-dək edilmiş əlavə və dəyişikliklərlə)

(Bu Məcəllə Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli, 461-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)

Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində — referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin — referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.



Ümumi hissə

I bölmə. Əsas anlayışlar

Birinci fəsil. Əsas anlayışlar və prinsiplər

Maddə 1. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

1.1. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. referendum — Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi;

1.1.2. seçkilər — Azərbaycan Respublikasının Konstitusiyası və bu Məcəllə əsasında keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri;

1.1.3. seçici — seçki hüququna malik şəxs;

1.1.4. seçki (referendum) komissiyası — bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan;

1.1.5. seçki dairəsi — qeydə alınmış seçicilərin hər hansı seçkili orqana nümayəndə (nümayəndələr) seçməsi üçün bu Məcəlləyə uyğun olaraq təşkil edilmiş ərazi vahidi;

1.1.6. vətəndaş — aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları, bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələrində göstərilən şəxslər;

1.1.7. namizəd — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs;

1.1.8. seçki hüququ — Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək;

1.1.9. seçici siyahıları — müvafiq seçki (referendum) dairəsinin seçki (referendum) məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları;

1.1.10. imza vərəqələri — bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar;

1.1.11. təşviqat materialları — seçki (referendum) kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş çap, audiovizual və digər materiallar;

1.1.12. referendumqabağı təşviqat — vətəndaşların, referendum üzrə təşviqat qruplarının referendumda iştirak etmək hüququ olan vətəndaşları referendumda iştirak etməyə, referenduma çıxarılan məsələləri dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.13. seçkiqabağı təşviqat — vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.14. namizədlərin irəli sürülməsi — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasında bələdiyyə üzvü vəzifəsinə seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata keçirilmə formaları;

1.1.15. qeydə alınmış namizəd — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq qeydə alınmış şəxs;

1.1.16. referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri — referendum üzrə təşviqat qrupunun yaradılması üçün təşəbbüs göstərən və həmin qrupun yaradılması üçün müvafiq seçki komissiyasına təqdim edilməli olan bildirişi imzalayan Azərbaycan Respublikasının vətəndaşları;

1.1.17. referendum üzrə təşviqat qrupunun üzvləri — referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imza vərəqələrində imza edən Azərbaycan Respublikasının vətəndaşları;

1.1.18. müşahidə — məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması;

1.1.19. müşahidəçi — seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs;

1.1.20. beynəlxalq (xarici) müşahidəçi — seçkiləri (referendumu) müşahidə etmək hüququnu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs;

1.1.21. seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər — müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, kütləvi informasiya vasitələrinin nümayəndələri;

1.1.22. siyasi partiyalar bloku — seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok;

1.1.23. seçki (referendum) kampaniyası — seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki (referendum) hərəkətləri;

1.1.24. seçki (referendum) şikayəti — seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət;

1.1.25. şəxsiyyəti təsdiq edən sənəd — şəxsiyyət vəsiqəsi və ya vətəndaşın adını, atasının adını, soyadını, doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli olan rəsmi sənəd (bu cür sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir);

1.1.26. tabelik — rəhbər ilə tabelikdə olan arasında xidməti münasibətlər, o cümlədən birincinin ikinci üzərində sərəncamçı səlahiyyətlərinin olması nəzərdə tutulur, yəni birinci öz vəzifə səlahiyyətləri daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək, onu mükafatlandırmaq və onun barəsində intizam tədbirləri görmək hüququna malik olmalıdır;

1.1.27. dərc — seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlet orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi;

1.1.28. uzaq və ya yolu çətin yerlər — dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri;



1.1.29. səsvermənin nəticələri—məntəqə seçki komissiyasında seçkilər (referendum) zamanı səslərin hesablanmasının nəticələri; dairə seçki komissiyasında referendum və Prezident seçkiləri zamanı səslərin hesablanmasının nəticələri;

1.1.30. seçkilərin (referendumun) nəticələri—dairə seçki komissiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə seçkiləri zamanı müəyyən edilmiş səsvermənin nəticələri;

1.1.31. seçkilərin (referendumun) yekunları—seçkilər zamanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Prezident, bələdiyyə üzvü seçilmiş namizədin müəyyən edilməsi, referendumda qəbul edilmiş (edilməmiş) məsələnin müəyyən edilməsi;

1.1.32. seçkilərin ümumi yekunları—seçilmiş namizədlərin adlarını və onların lehinə verilən səslərin sayını əks etdirən Milli Məclisə seçkilərin və bələdiyyə seçkilərinin yekunlarının ümumiləşdirilməsi.

Maddə 2. Seçkilərdə və referendumda iştirakın prinsipləri

2.1. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

2.2. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

2.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluq idarələri seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

2.4. Seçkilər referendumla eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və Azərbaycan Respublikası Prezidentinin seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz.

2.5. Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

2.6. Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:

2.6.1. mətbuat azadlığına hörmət bəsləmək;

2.6.2. öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;

2.6.3. seçkiqabağı təşviqat materiallarının referendumqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;

2.6.4. seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;

2.6.5. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;

2.6.6. seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;

2.6.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;

2.6.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;

2.6.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;

2.6.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;

2.6.11. seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;

2.6.12. seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;

2.6.13. hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;

2.6.14. seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;

2.6.15. dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;

2.6.16. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;

2.6.17. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;

2.6.18. heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

2.7. Bu Məcəllənin 2.6.2-ci — 2.6.5-ci, 2.6.7-ci, 2.6.10-cu, 2.6.11-ci, 2.6.13-cü, 2.6.18-ci maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.



Maddə 3. Ümumi seçki hüququ

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.



Maddə 4. Bərabər seçki hüququ

4.1. Vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər.

4.2. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır.

4.3. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.



Maddə 5. Birbaşa seçki hüququ

5.1. Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər.

5.2. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Maddə 6. Səsvermənin gizliliyi

Seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.



Maddə 7. Seçkilərin və referendumların keçirilməsinin məcburiliyi

7.1. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə və bələdiyyələrə Azərbaycan Respublikası Konstitusiyasında və bu Məcəllədə göstərilən müddətdə seçkilərin keçirilməsi məcburidir.

7.2. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 152-ci maddəsində göstərilən məsələlərə dair referendumların keçirilməsi məcburidir.

Maddə 7-1. Seçkilərin və referendumun keçirilməsini istisna edən hallar

Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.

Maddə 8. Seçkilərin (referendumun) elan edilməsi müddəti

8.1. Seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir.



8.2. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Maddə 9. Seçki hüququnun həyata keçirildiyi yer

9.1. Aktiv seçki hüququ bu Məcəllənin 35.4—35.6-cı maddələri nəzərə alınmaqla seçkilərin elan olunduğu gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir.

9.2. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.

Maddə 10. Seçkilər və referendum zamanı səsvermə

10.1. Bələdiyyə seçkiləri istisna olmaqla, seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.

10.2. Referendumda iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları referenduma çıxarılan hər bir suala bir cavab verə bilərlər.

Maddə 11. Seçkiqabağı (referendumqabağı) təşviqat hüququ

11.1. Dövlət Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, vətəndaşlar, siyasi partiyalar, referendum üzrə təşviqat qrupları tərəfindən azad seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.

11.2. Vətəndaşların, siyasi partiyaların, referendum üzrə təşviqat qruplarının qanunun yol verdiyi formalarda və üsullarla seçiciləri seçkilərdə (referendumda) iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır.

11.3. Dövlət qeydə alınmış namizədin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 74-86-cı maddələrinə uyğun olaraq seçkiqabağı (referendumqabağı) təşviqat aparılması üçün kütləvi informasiya vasitələrindən bərabər istifadə şərtlərini müəyyənləşdirir.



Maddə 11-1. Seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi

11-1.1. Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

11-1.2. Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

İkinci fəsil. Seçki hüququnun təminatları. Məhdudiyyətlər

Maddə 12. Aktiv seçki hüququnun mənsubiyyəti

12.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.

12.2. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

12.3. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

12.4. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar.

Maddə 13. Passiv seçki hüququnun mənsubiyyəti

13.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.

13.2. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

13.3. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ yoxdur:

13.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

13.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;

13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);

13.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.



Maddə 14. Vəzifələrin uzlaşmaması

14.1. Vəzifələrin uzlaşmaması halları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

14.2. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:

14.2.1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

14.2.2. hakimlər (hakim olduqları müddətdə);

14.2.3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

14.2.4. din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).

Maddə 15. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin seçkilərdə (referendumda) iştirakına yol verilməməsi

15.1. Bu Məcəllənin 12.2-ci maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.

15.2. Bu Məcəllənin 12.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan Respublikasında aktiv və passlv seçki hüququna malik deyildir.

15.3. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra — xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli sürülməsinə, qeydə alınmasına, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.

15.4. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.

15.5. Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər.



Maddə 16. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar

16.1. Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər.

16.2. Səsvermə günü üzən gəmilərdə bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

16.3. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (bundan sonra — neft platformalarında) səsvermə günü bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

16.4. Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində bu Məcəllənin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.

16.5. Səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

16.6. Səsvermə günü üzən gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

II bölmə. Ümumi müddəalar


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə