Azərbaycan Respublikasının Su Məcəlləsi



Yüklə 280,11 Kb.
səhifə1/4
tarix01.02.2018
ölçüsü280,11 Kb.
#23059
  1   2   3   4

Azərbaycan Respublikasının Su Məcəlləsi

 

Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.



Bu Məcəllə Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətlərini tənzimləyir.

 

I bölmə

 

Ümumi müddəalar

 

I fəsil

 

Əsas müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:



su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;

su ehtiyatları — su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi;

su obyektinin istifadəçisi — su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;

su istehlakçısı — öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;

su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;

su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;

su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;

suların zərərli təsiri — su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri.

 

Maddə 2. Azərbaycan Respublikasının su qanunvericiliyi

 

Azərbaycan Respublikasının su qanunvericiliyi bu Məcəllədən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.



Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

Maddə 3. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlərin tənzimlənməsi

 

Su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.



Sudan istifadəyə dair münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyi, sanitariya-epidemioloji salamatlıq haqqında və digər qanunvericilik aktları ilə tənzimlənir.

İçməli su təchizatı və tullantı sularının axıdılması ilə bağlı münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Su obyektlərinin istifadəsi və mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

 

Maddə 4. Su münasibətlərinin obyektləri

 

Su münasibətlərinin obyektləri Azərbaycan Respublikasının su fondu (bundan sonra — su fondu adlanacaq) və su fondunun torpaqlarıdır.



 

Maddə 5. Azərbaycan Respublikasının su fondu

 

Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektləri) Azərbaycan Respublikasının su fondunu təşkil edir.



Təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə Azərbaycan Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən ibarətdir.

 

Maddə 6. Yerüstü su obyektləri

 

Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir.



Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir.

Yerüstü su obyektləri çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə bilər.

 

Maddə 7. Yeraltı su obyektləri

 

Yeraltı su obyektlərinə yerin təkində yerləşən geoloji strukturlarda toplanmış sular daxildir.



Yeraltı su obyektlərinə aşağıdakılar aid edilir:

sulu horizont — yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);

yeraltı su hövzəsi — yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu;

yeraltı su yatağı — sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.

 

Maddə 8. Sərhəd su obyektləri

 

Dövlətlərarası sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su obyektləri sərhəd su obyektlərinə aid edilir.



Sərhəd su obyektlərindən istifadə və onların mühafizəsi qaydaları bu Məcəllə, dövlət sərhədi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və sazişləri ilə müəyyən edilir.

 

Maddə 9. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi

 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir.



 

Maddə 10. Su fondunun torpaqları

 

Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:



Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar;

su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;

hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

 

Maddə 11. Su münasibətlərinin subyektləri

 

Su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır.



Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə iştirak edirlər.

 

II fəsil



Su obyektləri üzərində mülkiyyət formaları

 

Maddə 12. Su obyektləri üzərində dövlət mülkiyyəti

 

Dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır:



Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;

sərhəd su obyektləri;

dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri;

xüsusi qorunan su obyektləri.

Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər.

Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Maddə 13. Su obyektləri üzərində bələdiyyə mülkiyyəti

 

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.



Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər.

 

Maddə 14. Su obyektləri üzərində xüsusi mülkiyyət

 

Xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən, başqa su obyektləri ilə hidravliki əlaqəsi və axarı olmayan kiçik sututarlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi mülkiyyətə verilə bilər.



Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi mülkiyyətə verilə bilməz.

 

Maddə 15. Su təsərrüfatı obyektləri üzərində mülkiyyət

 

Su təsərrüfatı obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları müəyyən edilir.



Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

II bölmə



Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə

III fəsil

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmənin təşkili

 

 



Maddə 16. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmənin əsas prinsipləri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:



iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması;

əhalinin keyfiyyətli su ilə təchizatı;

ərazi quruluşu prinsipi ilə hövzə prinsipinin uzlaşdırılması; [2]

su obyektlərinin mühafizəsi üzrə idarəetmə funksiyaları ilə su obyektlərindən istifadə və su təsərrüfatı funksiyalarının ayrılması.

 

Maddə 17. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sistemi

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların vəkil etdikləri su obyektlərinin istifadəçiləri və bələdiyyələr daxildir.



 

Maddə 18. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:



su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətini müəyyən etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində investisiya siyasətini həyata keçirmək;

su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramlarını təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində elmi-texniki siyasəti həyata keçirmək;

su obyektlərinin dövlət monitorinqinin, dövlət su kadastrının aparılması, habelə yerüstü və yeraltı suların uçotunun həyata keçirilməsi qaydalarını müəyyən etmək;

su obyektlərindən istifadə qaydalarını müəyyən etmək və həyata keçirilməsini təmin etmək;

su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazə verilməsi qaydalarını müəyyən etmək; [3]

su obyektlərinin suqoruyucu zonalarının, sahilboyu mühafizə zolaqlarının müəyyən edilməsi qaydalarını, onların ərazilərindən istifadə rejimini müəyyən etmək;

su obyektlərinin istifadəsi, bərpası və mühafizəsinin iqtisadi tənzimlənməsi prinsiplərini, su obyektindən və sudan istifadəyə görə haqqı və onların ödəmə qaydalarını müəyyən etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi qaydalarını müəyyən etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində standartları, normaları və qaydaları təsdiq etmək;

su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi, yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasını təmin etmək;

suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlıqların, müəssisələrin və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə onların istismarını məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;

xüsusi qorunan su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin, onların sanitariya mühafizəsi zonaları və dairələrinin rejimini təyin etmək;

sel sularına qarşı, habelə suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

fəlakət və qəzaların, ekoloji böhranların qarşısının alınması və nəticələrinin ləğv edilməsi üçün tədbirlər müəyyən etmək, onların həyata keçirilməsini təşkil etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Maddə 19. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Naxçıvan Muxtar Respublikasının vəzifələri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Naxçıvan Muxtar Respublikasının vəzifələri aşağıdakılardır:



su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi sahəsində proqramları hazırlamaq, təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirmək;

qanunvericiliklə müəyyən olunmuş qaydada su obyektlərindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək;

sel sularına qarşı, suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin ləğv edilməsi, habelə təbii fəlakət və qəza nəticəsində zədələnmiş və ya dağılmış su təsərrüfatı obyektlərinin bərpa olunması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

suların vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin istismara buraxılmasını qadağan etmək, habelə onların istismarını məhdudlaşdırmaq, dayandırmaq və fəaliyyətini qadağan etmək;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Maddə 20. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:



bələdiyyə mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;

su obyektlərinin istifadəsi və mühafizəsi tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tədbirlərinə əməl olunmasına nəzarət etmək;

müvafiq ərazilərdə yerləşən su obyektlərində içməli və məişət su təchizatı üçün su götürülməsini, çimərlik, heyvanların suvarılması qadağan edilən yerlərini və sudan ümumi istifadənin digər şərtlərini, habelə su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq müəyyən etmək; [4]

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

 

IV fəsil

 

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsi

 

Maddə 21. Su təsərrüfatı balansları

 

Su təsərrüfatı balansları müvafiq ərazidə su ehtiyatları ilə suya tələbatın müqayisəli hesabat materiallarından ibarətdir.



Su təsərrüfatı balansları müvafiq ərazilərin su obyektlərində su ehtiyatlarının mövcudluğunu və onlardan istifadə dərəcəsini qiymətləndirmək məqsədi ilə tərtib edilir və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması və qərarların qəbul edilməsi üçün istifadə olunur.

Su təsərrüfatı balansları respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilir.

 

Maddə 22. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri

 

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su ehtiyatlarının vəziyyəti və su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir.



Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır.

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən işlənib hazırlanır.

Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 23. Su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramları

 

Su obyektlərinin istifadəsini, mühafizəsini və suların zərərli təsirinin qarşısının alınması tədbirlərini hazırlamaq və həyata keçirmək üçün su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, dövlət su kadastrı məlumatları əsasında dövlət proqramları işlənib hazırlanır.



Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin və ictimai təşkilatların təkliflərini nəzərə almaqla qanunvericiliklə müəyyən olunmuş qaydada işlənib hazırlanır və yerinə yetirilir.

 

Maddə 24. Su obyektlərinin dövlət monitorinqi

 

Su obyektlərinin dövlət monitorinqi onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən su mühafizəsi tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarətdir.



Su obyektlərinin dövlət monitorinqi ətraf mühitin dövlət monitorinqi sisteminin tərkib hissəsidir.

Su obyektlərinin dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanları tərəfindən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.

 

Maddə 25. Suların dövlət uçotu

 

Suların dövlət uçotu müəyyən olunmuş qaydada müvafiq ərazidə mövcud olan su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin müntəzəm olaraq müəyyən edilməsindən ibarətdir.



Suların dövlət uçotu su obyektlərinin səmərəli istifadəsi və mühafizəsinin cari və perspektiv planlaşdırılmasının təmin edilməsi məqsədi ilə aparılır.

Suların dövlət uçot məlumatları kəmiyyət və keyfiyyət göstəricilərinə, onların öyrənilməsi və istifadə dərəcəsinə görə yerüstü və yeraltı su obyektlərinin vəziyyətini xarakterizə edir.

Suların dövlət uçotu Azərbaycan Respublikasında vahid sistem üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır, su obyektlərinin istifadəçilərinin və dövlət monitorinqinin uçot məlumatlarına əsaslanır.

 

Maddə 26. Dövlət su kadastrı

 

Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su obyektləri istifadəçiləri barədə məlumatların məcmusudur. Dövlət su kadastrı Azərbaycan Respublikasında vahid sistem üzrə aparılır və suların dövlət uçotu məlumatlarına əsaslanır.



Su obyektlərinin istifadəçiləri tərəfindən dövlət su kadastrına daxil edilməli olan məlumatların müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməsi məcburidir.

Dövlət su kadastrının məlumatları müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etməsi üçün əsasdır.

Dövlət su kadastrı müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılır.

 

Maddə 27. Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizası

 

 Su obyektlərinin vəziyyətinə təsir edən təsərrüfat və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılan dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aparılır.



 

Maddə 28. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti

 

Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarəti:



su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına;

sudan istifadə limitlərinə;

su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara;

su mühafizəsi zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin edir.

Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 29. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma

 

 Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma sudan istifadə limitlərinin müəyyən edilməsi və su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartların, normaların və qaydaların işlənib hazırlanması və qəbul edilməsindən ibarətdir.



Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

III bölmə



Su obyektlərinin istifadəsi və mühafizəsi

V fəsil

Su obyektlərindən istifadə

 

 



Maddə 30. Su obyektlərinin istifadəçiləri

 

Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər (bundan sonra — hüquqi şəxslər adlanacaq) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (bundan sonra — fiziki şəxslər adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər.



Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər.

Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir.

 


Yüklə 280,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə