Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 31. Su obyektlərindən istifadə hüququ



Yüklə 280,11 Kb.
səhifə2/4
tarix01.02.2018
ölçüsü280,11 Kb.
#23059
1   2   3   4

Maddə 31. Su obyektlərindən istifadə hüququ

 

Su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri üzərində aşağıdakı hüquqlara malik ola bilərlər:



su obyektlərindən uzunmüddətli istifadə;

su obyektlərindən qısamüddətli istifadə;

su obyektlərindən məhdud istifadə (su servitutları).

Su obyektlərinin istifadəçiləri su obyektlərindən istifadəni bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirirlər.

Su obyektləri istifadəçiləri su obyektlərindən istifadə hüququna bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda sərəncam verə bilərlər.

Su obyektlərinin icarəyə verilməsi icarə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.

Çayın məcrasının dəyişməsi və ya su obyektlərinin yerləşməsində digər dəyişikliklər, əgər bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, su obyektlərindən istifadə hüququnun dəyişməsinə və ya istifadə hüququna xitam verilməsinə səbəb olmur.

 

Maddə 32. Su obyektlərindən uzunmüddətli və qısamüddətli istifadə hüququ

 

Dövlət mülkiyyətində olan su obyektləri onların istifadə məqsədindən, ehtiyat potensialından və ekoloji vəziyyətindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.



Su obyektlərindən qısamüddətli istifadə hüququ üç ilə qədər, uzunmüddətli istifadə hüququ iyirmi beş ilə qədər müəyyən edilir.

Su obyektlərindən istifadə hüququnun müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.

 

Maddə 33. Su obyektlərindən məhdud istifadə hüququ (su servitutu)

 

Su obyektləri üzərində istifadə və ya mülkiyyət hüququ verilmiş hüquqi və fiziki şəxslərin hüquqları ümumi və xüsusi su servitutları formasında başqa şəxslərin xeyrinə məhdudlaşdırıla bilər.



Ümumi su servitutu formasında hər bir şəxs, əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, ümumi istifadədə olan su obyektindən və digər su obyektlərindən istifadə edə bilər.

Maraqlı şəxslər digər şəxslərin xüsusi istifadəsində olan su obyektlərindən xüsusi su servitutu formasında istifadə edə bilərlər. Xüsusi su servitutu məhkəmə qərarı əsasında da müəyyən edilə bilər.

Mülki qanunvericilikdə servitutlar haqqında nəzərdə tutulmuş ümumi qaydalar bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.

Ümumi və xüsusi su servitutları aşağıdakı məqsədlər üçün müəyyən edilə bilər:

texniki vasitələr və qurğular tətbiq etmədən su götürmək;

mal-qaranı suvarmaq və su obyektindən keçirmək;

su obyektlərindən bərələr, qayıqlar və digər kiçik həcmli üzən vasitələr üçün su yolları kimi istifadə etmək.

Azərbaycan Respublikasının su qanunvericiliyində digər su servitutları da müəyyən edilə bilər.

Su servitutlarının həyata keçirilməsi üçün icazə tələb edilmir. [5]

 

Maddə 34. Su obyektlərindən istifadə hüququnun əldə edilməsi

 

Su obyektlərindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilə bilər. Su obyektlərindən istifadənin icazə tələb edən növləri və icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [6]



Su obyektləri istifadəçisi — fiziki şəxs öldükdə və ya su obyektləri istifadəçisi — hüquqi şəxs yenidən təşkil edildikdə su obyektlərindən istifadə hüququ onların varislərinə keçir.

Su obyektlərindən istifadə hüququ bir şəxsdən başqasına bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadə məqsədlərini dəyişməmək şərti ilə keçə bilər.

Xüsusi mülkiyyətdə olan su obyektlərinə hüquqlar mülki qanunvericilikdə, torpaq qanunvericiliyində və bu Məcəllədə nəzərdə tutulmuş qaydada əldə edilir.

 

Maddə 35. Su obyektlərindən istifadə növləri

 

Su obyektləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:



içməli su və məişət təchizatı;

müalicə, kurort və sağlamlaşdırma;

istirahət və idman;

sənaye, tikinti və energetika;

kənd təsərrüfatı;

meşə təsərrüfatı;

hidroenergetika;

nəqliyyat;

balıqçılıq;

ovçuluq, o cümlədən akvakultura;[7]

tullantı suların axıdılması;

yanğından mühafizə və digər məqsədlər üçün.

Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün istifadəyə verilə bilər.

 

Maddə 36. Su obyektlərindən ümumi məqsədlər üçün istifadə

 

Ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. [8]



Su obyektlərindən ümumi məqsədlər üçün istifadə edilərkən ətraf mühitin mühafizəsini və dövlət sanitariya nəzarətini həyata keçirənbalıq və digər su bioresurslarınımühafizə edən, gəmi hərəkətini tənzim edən orqanların tələblərinə, habelə suda insanların həyatının qorunması, suların səmərəli istifadəsi və mühafizə olunması qaydalarına riayət olunmalıdır. [9]

Əhalinin həyatını və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində çimərliklərin, qayıqlarla gəzintinin, balıq və digər su bioresurslarının ovunun, içməli su və məişət ehtiyaclarını ödəmək üçün su götürülməsinin, mal-qaranın suvarılmasının və sudan digər istifadənin qadağan olduğu yerləri müəyyən edə bilərlər, habelə şəhərin, rayonun, qəsəbənin, kənd yaşayış məntəqəsinin ərazisində yerləşən su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə olunmasının başqa şərtlərini təyin edə bilərlər. [10]

Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan, icarəyə və ayrıca istifadəyə verilmiş su obyektlərində sudan ümumi məqsədlər üçün istifadə edilməsinə razılıq mülkiyyətçilərin və su obyekti istifadəçilərinin müəyyən etdikləri şərtlərlə və ya müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə verilə bilər.

Ümumi istifadədə olan su obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su bioresurslarının ovu üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ vardır. [11]

Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər.

Ümumi istifadədə olan su obyektlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.

 

Maddə 37. Su obyektlərindən ayrıca istifadə

 

Ayrıca istifadədə olan su obyektləri məhdud şəxslər tərəfindən istifadə olunan su obyektləridir.



Dövlət mülkiyyətində olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müdafiə, energetika, nəqliyyat, habelə digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclarüçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər. [12]

Su obyektlərinin ayrıca istifadəyə verilməsi qərarında su obyektlərindən istifadənin məqsədi və əsas şərtləri göstərilir.

Su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır.

Ayrıca istifadəyə verilmiş su obyektləri müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ümumi məqsədlər üçün istifadəyə verilə və ya geri alına bilər.

 

Maddə 38. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə

 

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir.



Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [13]

 

Maddə 39. Sudan istifadə limitləri

 

Sudan istifadə limitləri hər bir su obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən su ehtiyatlarının götürülməsinin və ya su obyektlərinə tullantı suların axıdılmasının yol verilən həcmidir.



Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 40. Su obyektlərinin istifadəyə verilməsi qaydaları

 

Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. [14]



Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.

Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

 

Maddə 41. Su obyektlərinin istifadəsinə antiinhisar tələblər

 

Su obyektləri istifadəçilərinin inhisarçı və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılması ilə nəticələnən və ya nəticələnə bilən fəaliyyəti qanunla qadağan edilir.



Müvafiq icra hakimiyyəti orqanlarına sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri istifadəçilərinin fəaliyyəti üçün ayrı-seçkilik şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnə bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək qadağan edilir.

Sudan istifadə sahəsində inhisara gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və qanuni maraqlarının əsaslı şəkildə pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb olur.

 

Maddə 42. Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi

 

Su obyektlərindən və ya onların bir hissəsindən istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər.



Su obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

 

VI fəsil.

 

Sudan istifadə edənlərin hüquqları və vəzifələri

 

Maddə 43. Sudan istifadə edənlərin hüquqları

 

Sudan istifadə edənlərin aşağıdakı hüquqları vardır:



sudan təkrar istifadə etmək;

su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;

istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq;

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;

Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir.

 

Maddə 44. Sudan istifadə hüququna xitam verilməsi

 

Mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin sudan istifadə hüququna aşağıdakı hallarda xitam verilir:



sudan istifadəyə ehtiyac qalmadıqda və ya istifadədən imtina edildikdə;

su obyektlərindən istifadə müddəti qurtardıqda;

hüquqi şəxslər ləğv olunduqda;

su obyektləri qanunvericiliyə zidd olaraq başqalarına istifadəyə verildikdə;

su obyektləri ayrıca istifadədən geri alındıqda;

sudan istifadəyə və tullantı sularının axıdılmasına görə haqq ödənilmədikdə;

su obyektindən nəzərdə tutulan məqsədlə (içməli su və məişət ehtiyaclarını ödəmək üçün istifadə hüququndan başqa) istifadə edilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

Maddə 45. Sudan istifadə edənlərin vəzifələri

 

Sudan istifadə edənlərin vəzifələri aşağıdakılardır:



su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək;

sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək;

tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək;

su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək;

su obyektlərindən təyinatına görə istifadə etmək;

su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq;

sudan istifadənin uçotunu aparmaq;

sudan istifadə haqqını, su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sularına görə ödəmələri və cərimələri vaxtında vermək;

Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

 

Maddə 46. Su təsərrüfatı fəaliyyəti nəticəsində dəymiş zərərin ödənilməsi

 

 Su təsərrüfatı tədbirlərinin görülməsi, su obyektlərindən istifadə hüququna xitam verilməsi və ya sudan istifadə şərtlərinin dəyişdirilməsi nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödənilir.



 

VII fəsil

 

Su obyektlərindən əhalinin içməli su, məişət, müalicə-kurort, sağlamlaşdırma, istirahət və idman məqsədləri üçün istifadə

 

Maddə 47. Əhalinin içməli su və məişət ehtiyacları üçün verilən su obyektləri

 

Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri əhalinin içməli su və məişət ehtiyaclarını ödəmək üçün verilir.



Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir.

Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, kəhrizlərin, bulaqların və digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarına uyğun olaraq istifadə edilə bilər.

Əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.

 

Maddə 48. İçməli suların başqa məqsədlər üçün istifadə edilməsinin məhdudlaşdırılması

 

İçməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə yol verilmir.



Kifayət qədər yerüstü su mənbələri olmayan və içməli yeraltı su ehtiyatları çox olan regionlarda həmin sulardan başqa məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə istifadə edilə bilər.

 

Maddə 49. Müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən istifadə

 

Azərbaycan Respublikası ərazisində yerləşən və təbii müalicəvi xüsusiyyətlərə malik olan su obyektləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müalicə obyektləri kateqoriyasına aid edilir.



Müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən birinci növbədə müalicə və kurort məqsədləri üçün istifadə edilir.

Müstəsna hallarda müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən başqa məqsədlər üçün istifadə edilməsinə müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə icazə verilə bilər.

Müalicə obyektləri kateqoriyasına aid edilən su obyektlərinə tullantı sularının axıdılmasına yol verilmir.

 

Maddə 50. Su obyektlərindən istirahət və idman məqsədləri üçün istifadə

 

Bu Məcəllənin 36-cı maddəsinin tələblərinə riayət etməklə, icazə almadan ümumi istifadədə olan su obyektlərindən istirahət və idman üçün istifadə edilməsinə yol verilir.[15]



Kütləvi istirahətin təşkilinin təmin olunması və idman sahələrinin ehtiyaclarının ödənilməsi üçün su obyektləri bütövlükdə və ya qismən ayrıca istifadəyə verilə bilər.

İstirahət və idman üçün su obyektlərindən istifadə bu Məcəllənin 36-cı və 37-ci maddələrində nəzərdə tutulan hallarda və qaydada qadağan edilə və məhdudlaşdırıla bilər.

Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə müəyyən edilir.

 

VIII fəsil

 

Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Maddə 51. Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir.



Kənd təsərrüfatında sudan istifadə təsərrüfatdaxili və ümumsistem planları əsasında həyata keçirilir.

 

Maddə 52. Sudan təsərrüfatdaxili istifadə planları

 

Sudan təsərrüfatdaxili istifadə planları sudan istifadə edənlər tərəfindən tərtib edilir.



Sudan təsərrüfatdaxili istifadə planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir.

Sudan təsərrüfatdaxili istifadə planlarında mülkiyyət forması və növlərindən asılı olmayaraq bütün su istehlakçılarının suya tələbatı nəzərə alınmalıdır.

 

Maddə 53. Sudan istifadəyə dair ümumsistem planları

 

Sudan istifadəyə dair ümumsistem planları rayon və respublika əhəmiyyətli suvarma sistemləri üzrə tərtib edilir.



Sudan istifadəyə dair ümumsistem planları, su obyektlərinin istifadəçiləri tərəfindən sudan təsərrüfatdaxili istifadə planları və sudan istifadə müqavilələri əsasında tərtib edilir.

Sudan istifadəyə dair ümumsistem planları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir.

Sudan istifadə müqavilələri su obyektlərinin istifadəçiləri ilə su istehlakçıları arasında bağlanır.

Müqavilələrdə verilən suyun miqdarı və yeri, müddəti, tərəflərin qarşılıqlı öhdəlikləri və digər məlumatlar göstərilir.

 

Maddə 54. Sudan istifadə planının dəyişdirilməsi

 

Sudan istifadə planı yalnız onu təsdiq etmiş orqanın razılığı ilə aşağıdakı hallarda dəyişdirilə bilər:



su azlığı hallarında;

hava şəraiti, suvarma normaları və ya suvarılmalı sahələr dəyişdirildikdə;

su istehlakçıları plan üzrə onlara ayrılmış sudan imtina etdikdə;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən başqa hallarda.

Fövqəladə hadisələr baş verdikdə su obyektlərinin istifadəçiləri sudan istifadə planını dəyişdirə və su verilməsini müvəqqəti dayandıra bilərlər. Onlar su istehlakçılarına və sudan istifadə planını təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanına həmin tədbirlər haqqında dərhal məlumat verməlidirlər. Verilməmiş su sonrakı müddətlərdə su mənbələrinin vəziyyətindən asılı olaraq ödənilə bilər.

 

Maddə 55. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən sututarlardan kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Kənd təsərrüfatı müəssisələrinin, ailə kəndli təsərrüfatının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır.[16]



Həmin hüquqi və fiziki şəxslər onların mülkiyyətinə və istifadəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaqlarda geniş ölçülü meliorasiya işlərinin görülməsini, yaxud görülmüş meliorasiya işlərinin yenidən təşkili və ləğvini suların istifadəsinə və mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydalara uyğun həyata keçirmək hüquqlarına malikdirlər.

 

Maddə 56. Tullantı sularından kənd təsərrüfatı ehtiyacları üçün istifadə

 

Tullantı sularından kənd təsərrüfatı ehtiyacları üçün istifadə müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmaqla həyata keçirilə bilər.



 

Maddə 57. Meşə zolağı və meşə tingliyi salınmış sahələrin suvarılması

 

Meşə zolağı və meşə tingliyi salınmış sahələrin suvarılması su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə qaydasında həyata keçirilir.



 

Maddə 58. Mal-qaranın sürülməsi, suvarılması və nəqliyyat vasitələrinin keçməsi üçün yerlər müəyyən edilməsi

 

Kanallardan və başqa hidrotexniki qurğulardan mal-qaranın sürülüb keçirilməsi, traktorların, kənd təsərrüfatı maşınlarının, avtomobillərin və digər nəqliyyat vasitələrinin bu məqsəd üçün ayrılmamış su obyektlərinin ərazisindən keçməsi qadağan edilir.



Çaylarda, kanallarda və digər yerüstü sututarlarda mal-qaranın su içməsinə yalnız xüsusi olaraq düzəldilmiş suvarma meydançaları olduqda və ya bu məqsəd üçün ayrılmış yerlərdə yol verilir.

Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı maşınlarının keçməsi, mal-qaranın sürülməsi və su içməsi üçün yerlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və həmin yerlər xüsusi işarələrlə göstərilir.

Mal-qara sürülən yollar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qayda və şərtlərlə su ilə təchiz olunmalıdır.

 

 



IX fəsil

 

Su obyektlərindən sənaye və hidroenergetika məqsədləri üçün istifadə

 

Maddə 59. Su obyektlərindən sənaye məqsədləri üçün istifadə

 

Sənaye məqsədləri üçün, bir qayda olaraq, texniki sulardan istifadə edilir.



Su obyektlərindən sənaye məqsədləri üçün istifadə edənlər sudan istifadə olunmasına dair müəyyən edilmiş limitlərə, texnoloji normalara və qaydalara əməl etməli, habelə istehsal texnologiyasını və su təchizatı sxemlərini təkmilləşdirmək yolu ilə su məsrəfini azaltmaq və tullantı sularının axıdılmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər.

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələr, bir qayda olaraq, təkrar və dövr edən su təchizatı sisteminə keçməlidirlər.

 

Maddə 60. İçməli suyun sənaye məqsədləri üçün istifadəsinin məhdudlaşdırılması

 

Təbii fəlakət, qəza və digər fövqəladə şərait hallarında və ya müəssisə tərəfindən içməli su ayrılmış limitdən artıq işlədildikdə, müvafiq icra hakimiyyəti orqanları birinci növbədə əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi xeyrinə su kəmərlərindən sənaye məqsədləri üçün içməli suyun götürülməsini məhdudlaşdıra və ya qadağan edə bilər, habelə ayrı-ayrı müəssisələrin, idarələrin və təşkilatların tabeliyində olan içməli su kəmərlərindən içməli suyun sənaye məqsədləri üçün götürülməsini müvəqqəti azalda bilər.



 


Yüklə 280,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə