Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 61. Yeraltı sulardan texniki təchizat və digər istehsal ehtiyacları üçün istifadə



Yüklə 280,11 Kb.
səhifə3/4
tarix01.02.2018
ölçüsü280,11 Kb.
#23059
1   2   3   4

Maddə 61. Yeraltı sulardan texniki təchizat və digər istehsal ehtiyacları üçün istifadə

 

İçməli su və ya müalicə kateqoriyasına aid edilməmiş yeraltı sulardan texniki təchizat, sənaye məqsədləri, o cümlədən onların tərkibində olan kimyəvi elementlərin çıxarılması, istilik enerjisi alınması və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə edilə bilər.



 

Maddə 62. Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi üçün istifadə

 

Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.



 

Maddə 63. Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə

 

Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə iqtisadiyyatın digər sahələrinin mənafeyi nəzərə alınmaqla, habelə sulardan kompleks istifadə şərtlərinə riayət olunmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.



Hidroenergetika ehtiyacları üçün verilmiş su obyektlərindən eyni zamanda başqa məqsədlər üçün də istifadə edilə bilər.

Hidroenergetika müəssisələri su obyektlərinin istifadəsinə, su anbarlarının doldurulması və istismar rejiminə dair müəyyən olunmuş qaydalara riayət etməli, gəmilərin və bərələrin maneəsiz və təhlükəsiz keçməsini, habelə balıqların kürütökmə yerlərinə buraxılmasını təmin etməlidirlər.

 

X fəsil

 

Su obyektlərindən nəqliyyat ehtiyacları üçün istifadə

 

Maddə 64. Ümumi istifadədə olan su yolları

 

Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir.



Hüquqi və fiziki şəxslər onlara məxsus su nəqliyyatı vasitələrinin üzməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ümumi istifadədə olan su yollarından istifadə edə bilərlər.

 

Maddə 65. Su obyektlərindən su və hava nəqliyyatının ehtiyacları üçün istifadə qaydaları

 

 Su obyektlərinin ümumi istifadədə olan su yolları kateqoriyasına aid edilməsi, su və hava nəqliyyatının ehtiyacları üçün onlardan istifadə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.



 

XI fəsil

 

Su obyektlərindən balıqçılıq və ovçuluq üçün istifadə

 

Maddə 66. Su obyektlərindən balıqçılıq üçün istifadə

 

Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün balıqçılıq su obyektləri və ya onların bir hissəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq ehtiyacları üçün istifadə edilir. [17]



Balıqçılıq su obyektlərindən istifadə edən hüquqi və fiziki şəxslər həmin sututarların çirklənməkdən və zibillənməkdən qorunması üçün tədbirlər görməlidirlər. [18]

Su obyektlərinin istifadəçiləri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə sututarların vəziyyətinin yaxşılaşmasını və balıq və digər su bioresurslarının bərpasını təmin edən balıqartırma və balıqçılıq təsərrüfatı meliorasiyası tədbirləri görməli, habelə ov alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar. [19]

 

Maddə 67. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən sututarlardan balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə [20]



 

Hüquqi və fiziki şəxslər, onların mülkiyyətində və ya istifadəsində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə edə bilərlər.

Göstərilən su obyektlərindən balıq və digər su bioresurslarının ovu və akvakultura üçün istifadə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri qaydalara uyğun həyata keçirilir.

 

Maddə 68. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün su obyektlərindən istifadə [21]



 

Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən bu Məcəlləyə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.[22]

Müvafiq icra hakimiyyəti orqanları göstərilən məqsədlər üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərini və ya onların müəyyən hissəsini ayırmalıdırlar. [23]

Balıqçılıq təsərrüfatlarının təşkili üçün ayrılmış su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu, həmin obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə həyata keçirilə bilər. [24]

 

Maddə 69. Balıqçılıq //çıxarılıb// su obyektləri istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması [25]



 

 Qiymətli növ balıq və digər su bioresurslarının qorunması və artırılması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq təsərrüfatının xeyrinə məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [26]

 

Maddə 70. Balıqçılıq su obyektlərində hidrotexniki qurğuların istismarı [27]



 

Balıqçılıq su obyektlərində hidrotexniki və başqa qurğular istismar edilərkən balıq və digər su bioresurslarının qorunmasını və bərpasını təmin edən tədbirlər görülməlidir. [28]

Balıqçılıq su obyektlərindən su götürülərkən onlar balıqqoruyucu qurğularla təchiz olunmalıdır. [29]

 

Maddə 71. Balıqçılıq su obyektlərinin çirklənməkdən, zibillənməkdən və dayazlaşmaqdan qorunması [30]



 

Balıqçılıq su obyektlərində aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir: [31]

balıqların kürütökmə yerlərində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;

müvafiq orqanların razılığı ilə sanitariya və hidrotexniki tədbirlərin görüldüyü hallar istisna edilməklə, çaylarda, çay qollarında və kanallarda qalaq yaratmaq və ya onların qabağını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;

ağac emalı zamanı əmələ gələn tullantıları sututarlara axıtmaq və həmin sututarların sahillərində və subasar yerlərində yığmaq;

dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balığın kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda.

 

Maddə 72. Su obyektlərindən ovçuluq məqsədləri üçün istifadə

 

Ovçuluq obyektinə aid edilən su quşlarının və qiymətli xəzdərili heyvanların məskunlaşdığı su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ovçuluq məqsədləri üçün istifadəyə verilir.



 

Maddə 73. Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydaları

 

Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.



 

XII fəsil

 

Xüsusi qorunan su obyektlərindən istifadə

 

Maddə 74. Xüsusi qorunan su obyektləri

 

Xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyətli su obyektləri xüsusi qorunan su obyektləridir.



Bu obyektlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada toxunulmaz elan edilir.

Xüsusi qorunan su obyektləri müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılır.

Xüsusi qorunan su obyektləri respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilir.

Xüsusi qorunan su obyektləri ayrıca təbii ərazi kimi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi mövcud ola bilər.

Xüsusi qorunan su obyektlərinin aşağıdakı kateqoriyaları müəyyən edilir:

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sularının sahələri;

su — bataqlıq yerləri;

nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar;

su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları;

qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri;

meşələrlə, bitki və heyvanlar aləmi və digər xüsusi mühafizə olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri.

Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi qorunan su obyektlərinin digər kateqoriyaları da nəzərdə tutula bilər.

 

Maddə 75. Xüsusi qorunan su obyektlərinin suyundan istifadə

 

Xüsusi qorunan su obyektlərinin suyundan istifadə qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.



Xüsusi qorunan su obyektlərindən balıq və digər su bioresurslarını ovlamaq və toplamaq və həmin su obyektlərinin təbii vəziyyətini dəyişən başqa işlər görmək qadağan edilir. [32]

Xüsusi qorunan su obyektlərinə və onları qidalandıran sututarlara tullantı suların axıdılmasına, başqa imkanlar olmadıqda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bu Məcəllənin 77-79-cu maddələrinin tələblərinə riayət olunmaqla yol verilir.

Xüsusi qorunan su obyektlərinin təbii vəziyyətini dəyişdirə biləcək işlər yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə görülə bilər.

 

Maddə 76. Xüsusi qorunan su obyektlərinin toxunulmazlığının geri alınması

 

Xüsusi qorunan su obyektlərinin toxunulmazlığı yalnız ən zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə geri alınır.



 

XIII fəsil

 

Su obyektlərindən tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə

 

Maddə 77. Su obyektlərindən tullantı suların axıdılması üçün istifadə

 

Sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər.



Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 78. Tullantı suların su obyektlərinə axıdılması

 

Tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar.



İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır.

 

Maddə 79. Tullantı suların su obyektlərinə axıdılmasının məhdudlaşdırılması, dayandırılması və qadağan edilməsi

 

Bu Məcəllənin 78-ci maddəsinin tələbləri pozulduqda, tullantı suların su obyektlərinə axıdılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılır və ya qadağan edilir.



Tullantı suların axıdılması əhalinin sağlamlığı üçün təhlükəli olan hallarda sənaye qurğularının və müəssisələrin fəaliyyəti dayandırılır.

 

Maddə 80. Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə

 

Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir.



Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

XIV fəsil

 

Su obyektlərinin mühafizəsi

 

Maddə 81. Suların mühafizəsi

 

Bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır. [33]



Suların (su obyektlərinin) mühafizəsi, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunması, habelə suların keyfiyyətinin və rejiminin yaxşılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 82. Su mühafizə zonaları

 

Su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir.



Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir.

Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. [34]

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.

 

Maddə 83. Su mühafizə zonalarındakı torpaqların istifadəyə verilməsi

 

Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər.



Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması

 

Öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə:



su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi;

suların yağlar, ağac, kimyəvi, neft və digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi;

su yığılan sahələrin, sututarların, qar və buz örtüyünün, buzlaqların səthinin istehsalat, məişət tullantıları, neft məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi;

su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində istehsalat və məişət tullantılarının basdırılması; [35]

suların radioaktiv və zəhərli-kimyəvi maddələrlə çirkləndirilməsi qadağan edilir;

//çıxarılıb////çıxarılıb// [36]

Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 77—79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər.

 

Maddə 85. Sanitariya mühafizəsi zonalarının müəyyən edilməsi

 

 Əhalinin içməli və məişət su təchizatı, müalicə, kurort və sağlamlaşdırma ehtiyacları üçün istifadə olunan suların mühafizə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə sanitariya mühafizəsi zonaları müəyyən olunur.



 

Maddə 86. Suqoruyucu meşə zolaqlarının müəyyən edilməsi

 

Çayların, göllərin, su anbarlarının, kanalların, kollektorların, yeraltı suların və digər su obyektlərinin əlverişli su rejimini saxlamaq, torpaqların su və külək eroziyasının, sututarların lilləşməsinin, su heyvanlarının məskunlaşma şəraitinin pisləşməsinin qarşısını almaq, lazımsız yerüstü su axımını azaltmaq və digər məqsədlər üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada bu obyektlərin ətrafında susaxlayıcı və torpaqqoruyucu meşə zolaqları müəyyən edilir.



Suqoruyucu meşə zolaqlarının qorunması üzərində nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirir və onların su obyektlərinin vəziyyətinə zərərli təsir edən işləri dayandırmaq və ya qadağan etmək hüquqları vardır.

 

Maddə 87. Yerüstü suların mühafizəsi

 

Öz fəaliyyəti ilə yerüstü su obyektlərinə mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin saxlanması üçün tədbirlər görməlidirlər.



Yerüstü su obyektlərinin su mühafizə zonaları və onların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 88. Yeraltı suların mühafizəsi

 

Qaz, neft və digər faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və istifadəsi ilə əlaqədar qazma və başqa mədən işləri görülərkən yeraltı su horizontları aşkara çıxarıldıqda, mədən işləri görən təşkilatlar dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli və yeraltı suların mühafizəsi üçün müəyyən edilmiş qaydada tədbirlər görməlidirlər.



Fəvvarəli quyular, həmçinin istismara yararsız və ya istifadəsi dayandırılmış kəşfiyyat quyuları tənzimləyici qurğularla təchiz edilməli, bağlanmalı və ya ləğv edilməlidir.

İçməli yeraltı su yataqlarının yerləşdiyi zonalarda bərk və maye tullantı toplayıcılarının, zibilxanaların tikilməsinə, fəaliyyəti ilə yeraltı su yataqlarının çirklənməsi mənbəyi ola bilən sənaye, kənd təsərrüfatı və digər obyektlərin yerləşdirilməsinə yol verilmir.

Yeraltı suların mühafizəsi üzərində nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 89. Su obyektlərinə zərərli təsirin yol verilən normaları

 

Su obyektlərinə zərərli təsirin yol verilən normaları ətraf mühitin mühafizəsi və su qanunvericiliyi ilə müəyyən edilir.



Su obyektlərinə zərərli təsirin yol verilən normalarımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 90. Ekoloji su buraxılışı

 

Su obyektlərini müvafiq ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaq üçün su anbarlarından su buraxılması (ekoloji su buraxılışı) həyata keçirilir və suların bərpa edilmədən götürülməsinin həcmi müəyyən olunur.



Ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmi hər bir su obyekti üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəyyən edilir.

Su istehlakçılarının suya olan tələbatının, ekoloji su buraxılışı hesabına ödənilməsinə yol verilmir.

 

Maddə 91. Su obyektlərində fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları

 

Təsərrüfat fəaliyyəti və ya təbii proseslər nəticəsində insanlara, heyvanlar və bitkilər aləminə, ətraf mühitə təhlükə yarada bilən su obyektlərini (onların bir hissəsini) və onların sutoplayıcı sahələrini müvafiq icra hakimiyyəti orqanı fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edə bilər.



Fövqəladə ekoloji vəziyyət və ya ekoloji fəlakət zonalarının hüquqi rejimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 92. Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması

 

Müvafiq icra hakimiyyəti orqanı və su obyektlərinin istifadəçiləri:



daşqınların, subasmanın və su altında qalmanın;

bəndlərin və digər qurğuların sahillərinin dağılmasının;

torpaqların eroziyasının, bataqlaşmasının və şoranlaşmasının;

yarğanların əmələ gəlməsinin, torpaq sürüşməsinin və çökməsinin, sel axınlarının və digər zərərli hadisələrin qarşısını almaq və onların nəticələrini aradan qaldırmaq üçün müvafiq tədbirlər görməlidirlər.

Suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən xüsusi komissiyalar yaradılır. Həmin komissiyaların öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslər üçün məcburidir.

Ərazi vahidlərinin ərazisində daşqınlar və güclü sellər nəticəsində yaranmış qəza vəziyyətinin qarşısının alınması və aradan qaldırılması işlərinin yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr təşkil edirlər. [37]

Su obyektlərində təbii fəlakət və qəza baş verdiyi hallarda su obyektləri istifadəçiləri suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin aparılmasında iştirak etməlidirlər. Həmin tədbirlər müvafiq icra hakimiyyəti orqanları ilə və bələdiyyələrlə razılaşdırılmaqla aparılır.

 

Maddə 93. Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri

 

Su obyektlərinin bərpası və mühafizəsi sahəsində hövzə sazişləri su obyektlərinin bərpasına və mühafizəsinə yönəldilmiş fəaliyyətin əlaqələndirilməsi və birləşdirilməsi məqsədi ilə bağlanıla bilər.



Hövzə sazişləri müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyələr və su istifadəçiləri arasında bağlanılır.

Hövzə sazişinin məqsəd və vəzifələrini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq su obyektlərinin bərpası və mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üçün xüsusi su fondu yaradıla bilər.

Hövzə sazişləri su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, su obyektlərinin istifadəsi, bərpası və mühafizəsi üzrə dövlət proqramları və digər layihələr əsasında müvafiq icra hakimiyyəti orqanlarının təklifi ilə hazırlanır.

 


Yüklə 280,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə