Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları



Yüklə 47,79 Kb.
tarix17.01.2018
ölçüsü47,79 Kb.
növüQaydalar

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanmasını tənzimləmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan SSR yaşayış məntəqələrində əhalinin qeyri-məhsuldar ev heyvanları saxlamasını qaydaya salmaq haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 10 oktyabr tarixli 458 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 9 mart 2011-ci il



     № 38

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

 

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra - ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir.



1.2. Ev heyvanları saxlayan şəxslər (bundan sonra - şəxslər) ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.

1.3. Ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu Qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər.

1.4. Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədi ilə onların ərazi baytarlıq idarələrində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.

1.5. Ev heyvanlarının xarici ölkəyə aparılması ərazi baytarlıq idarəsinin baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.

1.6. Ev heyvanlarının müayinəsi, müalicəsi yalnız baytar həkimləri tərəfindən həyata keçirilir.

 

 2. Heyvanların saxlanması şərtləri



 

2.1. Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.

2.2. Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.

2.3. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.

2.4. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

2.5. İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

 

 3. Ev heyvanı saxlayan şəxslərin hüquqları



 

3.1. Heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakı hüquqlara malikdir:

3.1.1. insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək;

3.1.2. itləri sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq;

3.1.3. bu Qaydaların 3.1.1-ci yarımbəndinə riayət etməklə, ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq;

3.1.4. yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək;

3.1.5. sağlamlığını və mənşəyini təsdiq edən pasportu, baytarlıq şəhadətnaməsi, eləcə də müəssisənin müdiriyyətinin razılığı olduqda, ev heyvalarını mehmanxanada saxlamaq.

 

 4. Məhdudiyyətlər



 

4.1. Heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır.

4.2. Ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.

4.3. Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz.

4.4. Ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakılar qadağandır:

4.4.1. insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanların, ilanların çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlanması;

4.4.2. ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması;

4.4.3. ev heyvanlarının ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi;

4.4.4. baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması;

4.4.5. şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması;

4.4.6. ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi;

4.4.7. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsi;[1]

4.4.8. ev heyvanlarının insanların üzərinə saldırılması;

4.4.9. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi;

4.4.10. ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədi ilə və ya digər qeyrimüalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s.) aparılması.[2]

4.5. Baytar həkiminin rəyinə əsasən qeyri-müalicəvi proses heyvanın faydası üçün və ya baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, habelə axtalama məqsədi ilə bu Qaydaların 4.4.10-cu yarımbəndində nəzərdə tutulan cərrahi əməliyyatlar aparıla bilər. Əməliyyat zamanı heyvan şiddətli ağrılar keçirməli olacaqsa, bu əməliyyatlar yalnız baytar həkimi tərəfindən (onun nəzarəti altında) anesteziya edilməklə həyata keçirilir. Tələb olunan əməliyyatlar müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs tərəfindən edilə bilər.[3]

4.6. Ev heyvanlarının ticarəti, damazlığı, kommersiya, yaxud digər məqsədlə sığınacaqlarda (heyvan mehmanxanasında) saxlanması üzrə məşğul olan hər bir hüquqi və fiziki şəxs bu fəaliyyətini səlahiyyətli icra hakimiyyəti orqanları ilə (Baytarlıq Xidməti, yerli icra hakimiyyəti, sanitar-epidemioloji orqanlar) müvafiq qaydada razılaşdırmalıdır.

 

5. Ev heyvanı saxlayan şəxslərin vəzifələri

 

5.1. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir:



5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli;

5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli;

5.1.3. Dövlət Baytarlıq Nəzarəti Xidmətində qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli;[4]

5.1.4. baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli;[5]

5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli;

5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün baytarlıq müəssisələrinə müraciət etməli;

5.1.7. ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli;

5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı.

5.2. Ev heyvanlarının sahibləri həmin heyvanlarla bir yerdən başqa bir yaşayış yerinə köçərkən, həmin yaşayış məntəqəsinin baytarlıq xidmətinə 5 gün müddətində məlumat verməlidir.

5.3. Ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.

 

6. Heyvanlarla qəddar rəftara görə məsuliyyət

 

6.1. Heyvanlarla rəhmsizcəsinə davranaraq, onları şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.



6.2. Küçələrdə, bazarlarda, bağçalarda, bulvarda, çimərliklərdə, nəqliyyat vasitələrində və digər ictimai yerlərdə sahibsiz itlər, pişiklər, hətta cins itlər (xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan müəssisələr tərəfindən götürülməlidir. "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, ixtisaslı mütəxəssislərin nəzarəti altında xüsusi vasitələrlə sahibsiz ev heyvanlarının ovlanması təşkil olunur.

6.3. Sahibsiz heyvanları qəbul edən təşkilat 5 gün müddətində cins heyvanın kimə məxsus olması təsdiq edildikdə (//çıxarılıb// baytarlıq şəhadətnaməsi və s.), heyvanın sağlamlığına dair baytar həkiminin verdiyi müsbət rəydən sonra onu sahibinə qaytarmalıdır. [6]

6.4. Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.

 

7. Heyvanların saxlanması qaydalarının pozulmasına görə məsuliyyət

 

7.1. Ev heyvanlarını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir şəxs həmin heyvanın sağlamlığına görə məsuliyyət daşıyır.



7.2. Heyvanı damazlıq üçün götürən hər bir şəxs onun nəslinin sağlamlığına zərər vura biləcək anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması baxımından məsuliyyət daşıyır.

7.3. Ev heyvanlarının sahibləri, müəssisə və təşkilatın vəzifəli şəxsləri heyvanların saxlanması şərtlərini pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

8. Heyvanların saxlanması qaydalarına nəzarət

 

8.1. Şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir:



8.1.1. yerli icra hakimiyyəti orqanları yaşayış sahələrində şəxslərin öhdəsində olan heyvanların (it, pişik və s.) baytarlıq uçotunda olmasını nəzarətdə saxlayır; [7]

8.1.2. daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir;

8.1.3. baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanların (it, pişik və s.) uçota alınmasını, onlarda təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir, heyvanların saxlanması qaydalarını pozan şəxslər haqqında müraciət daxil olduqda, qanunvericiliyə əsasən müvafiq tədbirlər görür və sahibsiz heyvanların ovlanmasında dövlət baytarlıq nəzarətini təmin edir;

8.1.4. sanitar-epidemioloji orqanlar nəzarət etdikləri ərazi üzrə ev heyvanlarının saxlanması zamanı sanitariya-gigiyena norma və qaydalarının pozulmasına səbəb olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

 

 9. Heyvan saxlamaq hüququndan məhrum etmə



 

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir.

 

10. Sahibsiz heyvanlarla mübarizə tədbirləri

 

10.1. Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.



10.2. Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.

10.3. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.

10.4. Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır.

10.5. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.

10.6. Müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır.

10.7. Ev heyvanlarının əzab çəkməsinə son qoymaq məqsədi ilə onlar məhv edilə bilərlər.

 

  11. İnformasiya və maarifləndirmə



 

11.1. Yerli icra hakimiyyəti orqanı, Dövlət Baytarlıq Nəzarəti Xidməti ev heyvanlarının saxlanması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan şəxsləri maarifləndirməli və onlarla müvafiq təbliğat işi aparmalıdırlar.

11.2. Maarifləndirmə proqramlarında aşağıdakılara diqqət yetirilməlidir:

11.2.1. ev heyvanlarının kommersiya və ya yarış məqsədi ilə təliminin bu sahədə bilik və bacarığa malik olan şəxslər tərəfindən aparılmasına;

11.2.2. ev heyvanlarının 18 yaşa çatmamış şəxslərə, onların valideynlərinin və ya valideyn öhdəliklərini icra edən şəxslərin razılığı olmadan hədiyyə kimi verilməsinə;

11.2.3. ev heyvanlarının mükafat və ya bonus kimi hədiyyə verilməsinin yolverilməzliyinə;

11.2.4. arzuolunmaz və sahibsiz heyvanların sayının artması riskinə gətirib çıxaran ev heyvanlarına məsuliyyətsiz sahibliyə.

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

1.       19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 972)

2.       13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)

 
: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə