Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə45/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

 
Türkmənçay müqaviləsinin imzalanması
dövləti ilə müharibə təhlükəsi çar hökumətini Qacarlarla sülh müqaviləsi bağlamağa
tələsdirdi. Müqavilə 1828-ci il fevralın 10-da imzalandı.
Türkmənçay müqaviləsinə görə İrəvan və Naxçıvan da daxil olmaqla bütün Şimali
Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildi. Cənubi Azərbaycan isə Qacarlar
dövlətinin tərkibində qaldı. Bununla Azərbaycan torpaqları iki yerə bölündü.
Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə mane oldu. Çünki İngiltərə
dövləti Cənubi Azərbaycanın mühüm hərbi-strateji mövqeyinə böyük əhəmiyyət
verirdi. Cənubi Azərbaycan şah hökumətinin əlində qaldı, Şimali Azərbaycan isə çar
Rusiyasının müstəmləkəsinə çevrildi.
Türkmənçay müqaviləsinin nəticələri. Türkmənçay müqaviləsi 16 maddədən
ibarət idi. Müqaviləyə görə Qacarlar dövləti Xəzər dənizinin Rusiyanın daxili dənizi
olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq
Rusiyaya verilirdi.
Rusiya Qacarlar dövlətində istədiyi şəhərdə özünün diplomatik nümayəndəliyini
açmaq və ticarət etmək hüququna malik


idi. Müqaviləyə əsasən Qacarlar dövləti Rusiyaya hərbi təzminat ödəməli idi.
Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquqlarını
müdafiə edən maddə də var idi. Bu maddə müqaviləyə Qacarlar dövləti ərazisindən
erməniləri Şimali Azərbaycan torpaqlarına köçürmək üçün daxil edilmişdi. Həmin
maddəyə əsasən köçmək arzusunda olan əhalinin, yəni ermənilərin Cənubi
Azərbaycandan Cənubi Qafqaz və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun
nəticəsində ermənilər kütləvi surətdə Naxçıvan, Qarabağ və İrəvan xanlıqlarına
köçürüldülər.
Həm 1804—1813-cü və 1826—1828-ci illər müharibələrinin gedişində, həm də
sonralar ermənilərin böyük kütlələrinin Şimali Azərbaycana, o cümlədən də
Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artırdı. Beləliklə, Şimali
Azərbaycana çoxlu erməni ailəsi köçürüldü. Yararlı torpaqların köçkün ermənilərə
verilməsi nəticəsində yerli Azərbaycan türkləri öz torpaqlarının bir hissəsindən
məhrum olurdular.
Türkmənçay müqaviləsi Rusiya—Qacarlar müharibəsinə son qoydu. Qacarlar
dövləti Cənubi Qafqaza və Dağıstana olan iddialarından imtina etdi. Müqavilə
Rusiyanın Qafqazdakı strateji
 
1828-ci ildə ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, 
o cümlədən Qarabağ və İrəvan xanlıqlarına köçürülməsi. Rəssam V.Maşkov


 
Ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 
qoyduqları abidə. Dağlıq Qarabağ, Ağdərə rayonu. 
Abidə 1988-ci ildə separatçı ermənilər tərəfindən dağıdılmışdır.
Sizcə, ermənilər bu
abidəni nə üçün
dağıtmışlar?
mövqeyini möhkəmləndirdi, onun qonşu ölkələrdə siyasi və iqtisadi təsirinin daha
da genişlənməsinə zəmin yaratdı.
Müharibə nəticəsində Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi
ədalətsizlik baş verdi. Vahid xalq bölündü və onların hər biri bir-birindən fərqli
sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoymağa məcbur edildi.
II Rusiya—Qacarlar müharibəsinin başa çatdığı dövrdə Rusiya ilə Osmanlı arasında
münasibətlər kəskin şəkildə pisləşdi. Çarizm öz müstəmləkələrini genişləndirməyə,
Xəzəri və Qara dənizi tamamilə ələ keçirməyə can atırdı. Qacarlar dövləti üzərində
qələbədən sonra Xəzər, demək olar ki, Rusiyanın daxili dənizi idi.
Bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalının başa çatması. 1828-ci ildə
Rusiya Osmanlı dövlətinə müharibə elan etdi. Rus qoşunları Qars istiqamətində
hücuma başladı. Qarsı tutduqdan sonra rus qoşunları Ahalsıxı ələ keçirdilər.
Yazda 1829-cu ilin hərbi əməliyyatlarına hazırlıq başlandı. Rusiyanın hakim dairələri
öz alayları üçün Azərbaycandan yeni qüvvə topladılar. Həmin il hərbi əməliyyatların
gedişində ruslar Ərzurumu ələ keçirdilər. Rus qoşunu Balkan dağların-


dan keçərək Ədirnəni də tutdu və İstanbula yaxınlaşdı. Sultan sülh danışıqlarına
başlamağa məcbur oldu. 1829-cu ildə Ədirnədə bağlanan sülh müqaviləsinə görə
Osmanlı Qara dənizin bütün Şərq sahillərini və Axalsıx paşalığının ərazisinin bir
hissəsini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa
ticarət gəmiləri üçün açıq saxlanılırdı.
Ədirnə sülhü bütün Cənubi Qafqazın Rusiya tərəfindən zəbt olunmasını təsbit etdi.
Rusiyanın mövqeləri möhkəmləndi, Qara dənizdə ticarətin genişlənməsi üçün şərait
yarandı. Osmanlı ermənilərinin Şimali Azərbaycan torpaqlarına köçürülməsi
məsələsi də şərtlər arasında idi.
Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə o demək idi
ki, Azərbaycan yalnız Rusiya sənayesi üçün xammal ixrac edən ölkəyə çevriləcəkdi.
Beləliklə, Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi.
«Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə
verəsiniz. Onlar elə tayfadılar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy
salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır».
A.S.Qriboyedov 
Rusiya imperatoruna məktubundan
Bu fikrə münasibət bildirin.
Sual və tapşırıqlar
1. Türkmənçay müqaviləsi ərəfəsində Azərbaycanda siyasi vəziyyət necə idi?
2. Türkmənçay müqaviləsi Rusiyaya hansı hüquqları verirdi?
3. Türkmənçay müqaviləsinə görə Azərbaycan ərazisinə ermənilərin köçürülməsi
kimlərin mənafeyinə uyğun idi? İzah edin.
4. Türkmənçay müqaviləsi Rusiyanın qonşu ölkələrə siyasi və iqtisadi təsirini necə
gücləndirdi?
5. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


AZƏRBAYCANI PARÇALAYAN VƏ 
MÜSTƏMLƏKƏYƏ ÇEVİRƏN MÜQAVİLƏLƏR
Sənəd
KÜRƏKÇAY MÜQAVİLƏSİ
Birinci maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim
adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər
hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik
imtina edirəm və bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün
Rusiyanın və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən
başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd
edirəm.
...Dördüncü maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya
imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə
hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini
göstərmək üçün Gürcüstan Baş hakimi (rus qoşunlarının baş komandanı) ilə
qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa,
onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca
tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az
olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən
mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla
məsləhətləşməyə söz verirəm.
Beşinci maddə
İ.Ə.-i Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə
hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin
adından söz verir: 1) Həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının
sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan
zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı
üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarəetmə ilə bağlı
hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı, ölkədən
yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və
onun süla-


ləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik
Rusiya qoşunu qərargah və baş zabitləri ilə (habelə), toplarla birlikdə
yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca
görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsini Bütün Rusiya
imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.
Altıncı maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin
əlaməti olaraq söz verirəm: 1) İstər indi, istərsə də sonralar yuxarıda
adıçəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş
hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların
Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-
mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin
bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa
qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların
gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu
qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin
müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
Yeddinci maddə
İ.Ə.-nin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük
ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün
Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında
saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və
hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.
Səkkizinci maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İ.Ə.-nin yüksək razılığı ilə özümün
gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İ.Ə.-nin Tiflisdə
yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki
müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü
də bu traktatın İ.Ə. tərəfindən təsdiqi zamanı birinci hissənin, yəni 4000
çervonun ödənişi ilə başlanır. Bundan başqa, Asiya qayda-qanunu ilə and
içməklə yanaşı, mən böyük oğlum Məmmədhəsən Ağanın ikinci oğlu
Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.
Doqquzuncu maddə
İ.Ə. özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün
saxlanılmalı olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul
vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.


Sənəd
GÜLÜSTAN MÜQAVİLƏSİ
...Üçüncü maddə
Şah Əlahəzrətləri Əlahəzrət Bütün Rusiya İmperatoruna səmimi dostluq
hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran
Taxtının Ali Vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı ilə əyalətə
çevrilmiş Gəncə xanlığı, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və
Lənkəran (bu xanlığın Rusiya imperiyasının hakimiyyəti altında olan
torpaqları) xanlıqlarının, bununla bərabər, Dağıstan, Gürcüstan (Şuragəl
əyaləti ilə birlikdə), İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə,
hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər
dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və
torpaqların Rusiya imperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir...
...Beşinci maddə
Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək
və onlara yan almaq hüququ verilir. Həm də gəmi qəzası zamanı iranlılar
tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu
hüquq əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan
almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə,
iranlılara hər cür yardım göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə
müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər
dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar
indi də yalnız Rusiya dövlətinə verilir ki, ondan başqa heç bir dövlətin hərbi
bayrağı Xəzər dənizində ola bilməz.
Sənəd
TÜRKMƏNÇAY SÜLH MÜQAVİLƏSİ
Birinci maddə
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların
vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə
təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.


İkinci maddə
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul
edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi
xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə
qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını
Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri
qurmalı və təsdiq etməli olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri
hesab etdilər.
Üçüncü maddə
İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o
tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya
imperiyasının tam mülkiyyətinə güzəştə gedir.
...Beşinci maddə
İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi
dostluğuna sübut olaraq, bu maddə ilə həm öz adından, həm də öz vərəsələri
və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti
arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün
torpaqların və bütün adaların, bununla bərabər, həmin məmləkətlərdə
yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya
imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.
Altıncı maddə
İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış müharibə ilə Rusiya
imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar
olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul
təzminatı ilə ödəməyi öhdəsinə götürür.
...Səkkizinci maddə
Rusiya tacir gəmiləri əvvəlki qayda üzrə Xəzər dənizində və onun sahilləri
boyunca azad üzmək və bununla bərabər, onlara yaxınlaşmaq hüququna
malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu
üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və
Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında
onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi
gəmilərə gəldikdə isə qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı
altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər; bu səbəbdən də əvvəlki
müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç
bir dövlətin Xəzər dənizində hərbi gəmiləri ola bilməz.


...On beşinci maddə
Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı
müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş
bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli,
xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün
əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı
dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz
hərəkətinə və ya müharibə ərzində və ya rus ordusunun adıçəkilən vilayəti
müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə
təhqirə məruz qalmamalıdır. Bundan başqa, o məmur və sakinlərə bu
gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst
keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq
malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan
tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz
mülkə gəldikdə isə onun satılması və ya onun haqqında öz xoşuna sərəncam
üçün beşillik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan illik
müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş
adamlara şamil edilmir.
Yaqub Mikayıl oğlu Mahmudlu 
Həcər Kamaləddin qızı Əlişova 
Leyla Əhliman qızı Hüseynova 
Hafiz Əkbər oğlu Cabbarov 
Esmira Hümbət qızı Musayeva 
Sevil Şivəxan qızı Bəhrəmova
AZƏRBAYCAN TARİXİ 
(Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik
Bakı, «Təhsil», 2015.
Nəşriyyat redaktoru GüləƏləkbərqızı 
Bədii və texniki redaktoru Abdulla Ələkbərov 
Kompüter tərtibatçıları Səadət Quluzadə, Təhmasib Mehdiyev 
Rəssamı Gündüz Ağayev 
Korrektoru Natəvan Məmmədova
Çapa imzalanmışdır 06.07.2015. Kağız formatı 70x100 / . 
Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru. Fiziki çap vərəqi 12,5. 
Uçot nəşr vərəqi 12,26. Sifariş 58. Tiraj 112500. Pulsuz.
«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC 
Bakı, AZ 1052, F.Xoyski küç., 121
e-mail: tahsil_az@yahoo.com
l
16

Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə