Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   2   3   4   5   6   7   8   9   ...   56

Akademik Milli Dram Teatrını dünyada təmsil etmək olar. Bu, nə qədər cəsarətli 
fikir olsa da, bir o qədər real gerçəklikdən şirələnən qənaətdir. 
Odessada ali tibb təhsili almış tanınmış ictimai xadim, maarifçi Nəriman 
Nərimanov (1870-1925) milli teatrın inkişafinda (həmçinin Tatarıstanda səhnə 
sənətinin təşəkkülündə) müəyyən səmərəli xidmətlər göstərib. “Nicat” və “Səfa” 
mədəni-maarif cəmiyyətlərinin nəzdindəki teatr dəstələrinin fəaliyyətinə 
qayğıkeşlik edib. Nəcəf bəy (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), 
Qorodniçi (“Müfəttiş”, Nikolay Qoqol) və digər rollarda çıxış edib. Özünün “Dilin 
bəlası” (“Şamdan bəy”) komediyasını Cahangir Zeynalovla birgə tamaşaya 
hazırlayıb. 
XX əsrin birinci qərinəsində ayrı-ayrı truppaların, dəstələrin bir ildə bəzən 
iki-üç dəfə müraciət etdikləri pyeslər arasında Nəriman Nərimanovun “Nadir şah 
Əfşar”, “Nadanlıq”, “Bahadır və Sona” faciələrini, “Dilin bəlası” komediyası 
ayrıca qeyd edilməlidir. “Nadir şah Əfşar” ilk milli tarixi faciəmizdir. 
1930-cu ilədək teatr öz repertuarında maarifləndirmə, didaktika mövzulu 
əsərlərin tamaşasını, onların oynayacağı tərbiyəvi əhəmiyyəti vacib sayırdı. Təbii 
ki, bu istək ilk növbədə cəmiyyətin ictimai, sosial-mənəvi durumundan irəli gəlirdi. 
Ona görə teatr həvəskarları yeri gəldikcə Sultanməcid Qənizadənin, Mehdi bəy 
Hacınskinin, Rəşid bəy Əfəndiyevin, Səməd Mənsurun pyeslərinə, təbdil və 
iqtibaslarına müraciət edirdilər. 
Yazıçı-pedaqoqların arasında teatra rəğbətiylə seçilən Süleyman Sani 
Axundovun (1875-1939) “Tamahkar” komediyası, “Eşq və intiqam”, “Laçın 
yuvası” faciələri daha çox oynanılırdı. 
Bədii yaradıcılığa şer, hekayə, o cümlədən dramaturgiya ilə erkən 
yaşlarından başlayan Cəfər Cabbarlı (1899-1934) otuz beşillik ömründə 
melodrama, vodevil, sentimental dram, tarixi dram, faciə janrlarında yumordan 
böyük ustalıqla istifadə edərək silsilə səhnə əsərləri yazmışdır. “Vəfalı Səriyyə”, 
“Yaylağa gedir”, “Solğun çiçəklər”, “Ulduz, yaxud Ədirnə fəthi müharibəsi”, 
“Bakı müharibəsi”, “Ədirnə fəthi”, “Nəsrəddin şah”, “Aydın”, “Oqtay Eloğlu”, 
“Od gəlini”, “Sevil”, “Yaşar”, “1905-ci ildə”, “Almaz”, “Dönüş”... 
Cəfər Cabbarlının dramaturgiyası teatrı xarakterlər dramaturgiyası kimi daha 
çox maraqlandırıb. Səriyyə, Əbdül kişi, Aydın, Oqtay, Dövlət bəy, Böyükxanım, 
Qurban, İmamyar, Hacı Əhməd, Şərif, Baloğlan, Ocaqqulu, Elxan, Altunbay, 
Aqşin, Oddamdı, Əbdüləli bəy, Balaş, Dilbər, Gültəkin, Almaz, Mirzə Səməndər, 
Sevil, Salamov, General qubernator, Yaşar... obrazlarının ifası Mirzağa Əliyev, 
Sona Hacıyeva, Mərziyə Davudova, Abbasmirzə Şərifzadə, İsmayıl Osmanlı, 
Ələsgər Ələkbərov, Məmmədəli Vəlixanlı, Rza Təhmasib, İsmayıl Hidayətzadə
Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Əliağa Ağayev, Həsənağa 
Salayev, Həsən Turabov kimi aktyorlarımızın yaradıcılığında silinməz izlər qoyub. 
1920-ci il dekabr ayının 21-də Akademik Milli Dram Teatrı tamaşaçılara 
Hüseyn Cavidin (1883-1941) səhnədə ilk pyesini - “İblis” faciəsini nümayiş 
etdirdi. Bununla da, səhnə sənətimizdə yeni janrın - P o e t i k  t e a t r ı n təməl 
daşı qoyuldu. 
Əsasən tarixi hadisələrə poetik-dramatik yöndən yanaşmaqla cəmiyyət və 
insan, şəxsiyyət və zaman problemləri məhvərində güclü konflikt quran Hüseyn 


Cavid dramaturgiya ilə əsrin əvvəllərində məşğul olsa da, pyesləri uzun illər 
tamaşaya qoyulmayıb. 
“İblis” qısa müddətdə dəfələrlə oynanılandan sonra sənətkarın “Uçurum”, 
“Şeyda”, “Afət”, “Şeyx Sənan”, “Maral”, “Knyaz”, “Səyavuş”, “Topal Teymur” 
dramları tamaşaçılara göstərilib. 1921-ci ildən 1935-ci ilədək “Şeyx Sənan” faciəsi 
səhnədən düşməyib, repertuarın incilərindən sayılıb. 
Hər yeni pyesinin tamaşasından sonra güclü təzyiqlərə, qərəzli tənqidlərə 
(hətta təhqirlərə) məruz qalan Hüseyn Cavid 1937-ci ildə həbs edilib. O, sürgün 
olunaraq Sibir meşələrində dünyasını dəyişib. 
Onun 1935-ci ildə tamamladığı və müsabiqədə birincilik qazanan “Xəyyam” 
faciəsi yalnız 1970-ci il martın 2-də Mehdi Məmmədovun quruluşunda oynanıldı 
və “Cavid teatrı”nın nailiyyətləri silsiləsində təzə söz kimi səsləndi, teatrın 
həyatında hadisəyə çevrildi. 
“İblis”də İblis (Abbasmirzə Şərifzadə, Rza Təhmasib, Həsən Turabov, 
Hamlet Xanızadə), Arif (Rza Təhmasib, Kazım Ziya), Xavər (Mərziyə Davudova), 
Rəna (Vəfa Fətullayeva), “Şeyx Sənan”da Şeyx Sənan (Ülvi Rəcəb, Abbasmirzə 
Şərifzadə), Xumar (Mərziyə Davudova, Hökümə Qurbanova), Şeyx Kəbir 
(Mirzağa Əliyev), Dərviş (Kazım Ziya), “Knyaz”da Knyaz (Rza Darablı, 
Abbasmirzə Şərifzadə, Rza Təhmasib), Jasmen (Qəmər Topuriya), Lena (Sona 
Hacıyeva, Yeva Olenskaya), Solomon (Mirzağa Əliyev), Şakro (İsmayıl 
Hidayətzadə), Anton (Ülvi Rəcəb), “Səyavuş”da Səyavuş (Ülvi Rəcəb, 
Abbasmirzə Şərifzadə, Ağadadaş Qurbanov), Keykavus (Rza Təhmasib), Kosa 
(Məmmədəli Vəlixanlı), “Xəyyam”da Xəyyam (Mehdi Məmmədov, Həsən 
Turabov), Sevda (Şəfiqə Məmmədova), Müfti (Məmmədrza Şeyxzamanov, 
Bağban (İsmayıl Osmanlı), Xacə Nizam (Səməndər Rzayev), Həsən Sabbah 
(Hamlet Xanızadə) obrazlarının ifası neçə-neçə aktyorun yaradıcılıq tərcümeyi-
halına iri hərflərlə yazılıb. 
Poetik teatrın davamçısı Səməd Vurğunun (1906-1956) “Vaqif” pyesinin ilk 
tamaşası 1938-ci il oktyabrın 5-də göstərilsə də, səksəninci illərin ortalarınadək 
min dəfədən çox oynanılıb. Ələsgər Ələkbərovun Vaqif rolu əbədiyyət yaddaşına 
qovuşub. Dünya şöhrətli şairin “Xanlar”, xüsusilə “Fərhad və Şirin” dramları 
teatrın monumental tamaşalar yaratmaq yolunda müsbət nəticələr verib. 
Otuzuncu illərin sonunda yazdığı və Akademik teatrda uğurla tamaşaya 
qoyulan “Toy” əsəri ilə milli komediyanəvisliyimizin yeni mərhələsinə körpü salan 
Sabit Rəhman (1910-1970) səhnəmizi təzə komik personajlarla zənginləşdirdi. 
Onun “Xoşbəxtlər”, “Aydınlıq”, “Aşnalar”, “Nişanlı qız”, “Yalan”, “Əliqulu 
evlənir”, “Küləklər” komediyaları Ədil İsgəndərov, Məhərrəm Haşımov, Mehdi 
Məmmədov, Şəmsi Bədəlbəyli, Tofıq Kazımov kimi qüdrətli və müxtəlif 
yaradıcılıq dəst-xətli rejissorlarımızın maraq dairəsində olub. 
İdeya-bədii dəyəri, mövzu təzəliyi, konfliktin sosial mahiyyəti ilə Mirzə 
İbrahimovun (1911-1993) “Həyat”, “Madrid”, “Məhəbbət”, “Yaxşı adam”, 
“Közərən ocaqlar” dramlarının, “Bəşərin komediyası, yaxud Don Juan” və 
“Kəndçi qızı” komediyalarının tamaşaları teatrın repertuar tərtibində səmərəli 
nəticələr verib.  


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə