Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə
əlaqədar tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Şahdəniz” perspektiv strukturunda Azərbaycanın müasir neft tarixində ilk dəfə
olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə
Saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan
yaratmışdır.
2006-cı ildə “Şahdəniz” yatağının istismarının birinci mərhələsinin başlanmasından
sonra təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə
bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi
qaz ixracatçısına çevirmişdir.
Hazırda “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi
həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin edəcək müvafiq
infrastrukturun yaradılmasını nəzərdə tutur.
2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası
Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanmış
və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər.
Trans-Anadolu Qaz Kəməri təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı
deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına
çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil
edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə
həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, göstərilən layihələrdə Azərbaycan Respublikasının mənafeyini qorumaq,
Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və
əlverişli şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin
fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı
işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru
Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi
üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Komissiyanın üzvləri:
Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
1
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Hüseynqulu
Bağırov - Azərbaycan Respublikasının ekologiya
və təbii sərvətlər naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı
direktoru.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası:
2.1. aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan
məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini
təmin edir;
2.2. Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair
təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
2.3. işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının
Prezidentinə məlumat verir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2013-cü il
№ 15
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 8, maddə 1384)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
16 avqust 2016-cı il tarixli 1023 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “
və sənaye” sözləri çıxarılmışdır.