39
Aparılan elmi tədqiqatlar göstərir ki, ümumi şəkildə mühərrikin detallarının yeyilmə
dərəcəsi soyutma sistemində suyun və karterdə yağın temperaturu 50°C-dən aşağı düşdükdə
böyük sürətlə artır.
Şəkil . Silindr divarlarının yeyilmə tempinin (J, mm./l000km.)
temperaturdan (t, °C) asılı olaraq dəyişməsi.
Ətraf mühitin temperaturu aşağı düşəndə avtomobilin güc ötürücü mexanizmlərində
müqavimətlər yüksəlir. Bu müqavimətlərin qiymətinə əsasən transmissiyanın aqreqatlarındakı
yağların düzgün seçilməsi detalların yeyilməsini azaltmaqla bərabər yanacaq sərfini aşağı salır.
Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq olur.
Benzin mühərriklərində bu rejim soyutma sistemində suyun temperaturu 80-85°C, dizel
mühərriklərində isə 85-90°C olduqda əldə edilir. Bununla həm də temperatur rejimi saxlanılır.
Termostatın tətbiq edilməsi mühərrikin qızma vaxtını və detalların yeyilmə gərginliyini azaldır.
Avtomobilin idarə edilməsi dedikdə onun yol hərəkətinin qaydaları əsasında optimal hərəkət
rejimlərinin seçilməsi başa düşülməlidir. Bundan başqa yolda profilaktik və təmir xarakterli
texniki təsirləri yerinə yetirmək də (mexanizm və aqreqatlara texniki qulluq, kiçik nasazlıqların
aradan qaldırılması) bu anlayışa daxildir.
İdarə edilmə keyfiyyətindən asılı olaraq avtomobilin aqreqat və mexanizmləri müxtəlif
rejimlərdə işləməli olur. Belə ki, güc ötürücü və hərəkət hissələrinin detallarına düşən dinamiki
yüklərin qiyməti, mühərrikin istilik rejimi və s. dəyişir. Eyni markalı avtomobillər eyni istismar
şəraitində işlədikdə (texniki qulluq və saxlanma üsulu da eynidir), lakin müxtəlif səviyyəli
sürücülər tərəfindən idarə edildikdə təmirlər arası yürüş 1,5-2 dəfə fərqli alınır, texniki sürət 9-
11% dəyişir. Buna görə təcrübəli sürücülər avtomobili idarə etdikdə ona səlis sürətlənmə verir,
ilişmə muftasından, sürətlər qutusundan və tormoz sistemindən imkan daxilində az istifadə edir,
mühərrikin işə düşməsi və qızdırılması qaydalarına riayət edir, həmçinin onun istilik və yağlama
rejimlərini gözləyirlər.
Avtomobilin idarə edilmə keyfıyyəti idarə edilmənin üsulu və ustalığı ilə xarakterizə
olunur. İstismar prosesində avtomobil aşağıdakı üsullarla idarə edilir:
1. İmpulsiv idarə edilmə (sürətlənmə-diyirlənmə) üsulu - avtomobilə düz ötürmədə
sürətlənmə verilir, sonra sürətlər qutusunun dəstəyi neytral vəziyyətə gətirilir, avtomobil
sürətlənmə zamanı aldığı enerjinin hesabına ətalətlə diyirlənir. Bu üsul əsasən enişlərdə və
avtomobili dayandırmaq lazım gəldikdə istifadə edilir. İmpulsiv üsulun müsbət cəhəti odur ki,
yanacağa 5-6% qənaət edilir. Lakin sürətlənmə rejimlərində detalların yeyilmə dərəcəsi 25-40%
artır.
2. Sabit sürətlərdə idarə edilmə üsulu - bu üsulun mahiyyəti ondan ibarətdir ki, yol
şəraitinə və hərəkət qaydalarına müvafiq olaraq avtomobil sabit sürətlərdə sürülür. Bu üsuldan
enişli yollarda istifadə edildikdə mühərrik transmissiyadan ayrılmadığı üçün avtomobilin
40
mühərrik hesabına (xüsusən kiçik ötürmələrdə) tormozlanma zəruriliyi yaranır. Buna görə isə
mühərrik detallarının yeyilmə tempi artır.
3. Qarışıq idarə edilmə üsulu - yolun texniki vəziyyətindən asılı olaraq yuxarıdakı iki
üsulun müsbət cəhətlərini özündə birləşdirir.
İdarə edilmə ustalığı avtomobilin normal yanacaq sərfini və hərəkətin təhlükəsizliyini
gözləmək şərtilə yüksək texniki sürətlərdə sürülməsi ilə qiymətləndirilir. İdarə edilmə ustalığının
əsas göstəriciləri bunlardır: tormozlardan istifadə olunmanın minimum sayı, sürət və yük
rejimlərinin düzgün seçilməsi, sürətlənmənin səlis yerinə yetirilməsi və s. İdarə edilmə ustalığı
yüksək olduqda avtomobilin təmirlər arası yürüşü 60%, yanacaq qənaətliliyi 30%, texniki sürət
20% artır.
Avtomobilin müəssisə ərazisində texniki vəziyyətinin qorunub mühafizə edilməsi
saxlanma üsulundan asılıdır. Aydındır ki, avtomobil günün müəyyən hissəsini avtonəqliyyat
müəssisəsinin ərazisində keçirməli olur. Saxlanma elə təşkil olunmalıdır ki, avtomobilin texniki
vəziyyətinə xələl gəlməsin.
Hərəkət tərkibinin saxlanma üsulunun keyfiyyəti iqlim şəraitindən və hərəkət tərkibinin
tipindən asılı olaraq açıq meydançalarda və binalarda saxlanma üsullarının hansının düzgün
olaraq tətbiq edilməsi ilə xarakterizə edilir. Avtomobilin texniki vəziyyəti soyuq havalarda çox
dəyişir. Aşağı temperaturların avtomobilin texniki vəziyyətinə təsirini azaltmaq üçün hərəkət
tərkibi açıq meydançalarda saxlanıldıqda müxtəlif texniki - iqtisadi tədbirlər həyata keçirilir.
Minik avtomobilləri və avtobuslar üçün əsas aqreqat sayılan banın ömür uzunluğunun
artırılması baxımından onların binalarda saxlanılması məqsədə daha uyğundur. Yük
avtomobilləri isə açıq meydançalarda saxlanılır.
Texniki qulluq və təmirin aparılma keyfiyyətinin təsiri
İstismar prosesində nəqliyyat vasitəsinin işə texniki hazırlığını saxlamaq, etibarlılığını və
ömür uzunluğunu yüksəltmək üçün müəyyən yürüşlərdən sonra hərəkət tərkibinə kompleks
texniki-təşkilati tədbirlər yerinə yetirilir ki, bu da texniki qulluq deməkdir. Texniki qulluq
hərəkət tərkibində baş verə biləcək nasazlıqların qarşısını alır.
Əgər texniki qulluqda nəzərdə tutulan işlər vaxtında və keyfiyyətlə yerinə yetirilməsə
əhəmiyyətsiz sayılan ən kiçik nasazlıq elə imtinaların əmələ gəlməsinə səbəb olar ki, bunların
aradan qaldırılması üçün böyük miqdarda əmək və material xərcləri tələb edilir. Bundan əlavə
nəqliyyatın təmirdə boş dayanma müddəti artdığı üçün onun məhsuldarlığı azalır. Buna görə də
texniki qulluq işləri əvvəlcədən tərtib edilmiş qrafik əsasında yerinə yetirilməlidir. TQ-nin
aparılma keyfiyyətini yüksəltmək üçün avtomobil zonaya gəlməzdən qabaq diaqnostika postunda
(və ya xəttində) yoxlanmalıdır.
Nəqliyyat vasitəsindən maksimum istifadə etmək və onun məhsuldar olmayan vaxtını
azaltmaq üçün TQ-nin rejimi (onun növləri, aparılma periodikliyi, görülən işlər və iş həcmi)
istismar şəraitinə və hərəkət tərkibinin konstruktiv xüsusiyyətlərinə müvafiq olmalıdır. Belə ki,
müxtəlif istismar şəraiti üçün müxtəlif rejimlər tərtib olunmalıdır. Lakin bütün hallarda orta
istismar şəraiti üçün tərtib edilmiş TQ-nin rejimi konkret nəqliyyat növü üçün (onların spesifik
xüsusiyyətləri nəzər alınmaqla) müxtəlif korreksiya əmsalları vasitəsilə düzləndirilməlidir.
Avtomobilin texniki hazırlığının yüksək olması üçün texniki qulluq işləri keyfiyyətlə
yerinə yetirilməlidir. Əks təqdirdə onun aqreqat və mexanizmlərinin resursu azalır. Məsələn,
şinlərdə təzyiqin normadan 20% aşağı olması, onların yürüşünü 25% azaldır, qabaq oxda
çarxların rastlaşmasının normadan 3-4mm fərqli olması, yanacaq sərfini 11-12% artırır, tormoz
mexanizmində araboşluğun 0,5 mm-dən 1 mm-ə qədər artması tormozlama yolunu 20%
yüksəldir.
Amortizasiya yürüşü daxilində avtomobil bir neçə dəfə müxtəlif xarakterli təmirlərə məruz
qalır. Avtomobilin təmiri əsasən ANM-də yerinə yetirilir. ANM-nin təcrübələri göstərir ki, yeni
avtomobillərin əsaslı təmir yürüşü əsaslı təmir keçmiş avtomobillərin normativ yürüşündən 2,5-3
dəfə artıq olur. Bu onunla izah edilir ki, avtomobilin təmiri aşağı keyfiyyətlə yerinə yetirilir.